Məhkəmə qərarları › İş №e-2(010)-4234/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4234/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4234/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə haqqı olaraq ödənilməyən 57276 (əlli yeddi min iki yüz yetmiş altı) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 237 manat dövlət rüsumunun cavabdehdən tutulması. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC-nin adından X1 arasında xx.xx.2022- ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə xx.xx.2027ci il tarixədək icarəyə vermiş və "xxxx" MMC xx.xx.2023-cü il tarixdən başlayaraq 3.500 manat icarə haqqı ödəməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixinədək müəyyən edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-742/2025 saylı qətnaməsinə əsasən: İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqının (2024-cü ilin fevral, mart, aprel ayları üçün) əvəzi olaraq 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m. olan qeyri- yaşayış sahəsinin boşaldılmaqla İddiaçı təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki: “Eyni tərəflər arasında eyni tələb üzrə bundan əvvəl məhkəmənin icraatında olmuş və pretenziya qaydasına riayət edilməməsi əsası ilə baxılmamış saxlanılmış 2(006)- 3370/2024 nömrəli iş üzrə məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 izahatında tələb olunan 3 aylıq icarə haqqının ödənilmədiyini etiraf etmişdir (müvafiq iclasın audio-video yazısını əks etdirən disk işə əlavə edilmişdir). Göründüyü kimi, cavabdehin hazırda ödənilməsi tələb olunan 3 aylıq icarə haqqını ödəməməsi öz təsdiqini tapmışdır.” Lakin 2(006)-742/2025 saylı qətnamə məlum olmayan subyektiv səbəblərdən hal-hazıradək icra olunmamışdır. Bununla yanaşı icarəyə götürən 2024-cü may ayından xx.xx.2025-ci il tarixinədək, yəni son 16 ay 11 gün üçün (16 ay x 3500 manat =56000 manat =11 günx 116 manat =1276 manat=57276 manat ) olan dövr üçün 57276 manat icarə haqqını ödəməmişdir. Bununla da icarəyə götürən edilən xəbərdarlıqlara məhəl qoymamış və icarəyə verənin mülkiyyətində olan sahədən qazanc əldə etməklə sonuncunu əlverişsiz vəziyyətə salmışdır. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdır. İddiaçı ilə Cavabdeh MMC-nin adından X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə xx.xx.2027-ci il tarixədək icarəyə vermiş və Cavabdeh MMC xx.xx.2023-cü il tarixdən başlayaraq 3500 manat icarə haqqı ödəməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən Cavabdeh MMC icarəyə verən İddiaçı xx.xx.2023-cü ildən başlayaraq aylıq 3500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-742/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş icarə haqqının (2024-cü ilin fevral, mart, aprel ayları üçün) əvəzi olaraq 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m. olan qeyri- yaşayış sahəsinin boşaldılmaqla İddiaçı təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı pretenziya məktubundan görünür ki, ona 2024-cü ilin may ayından 2025-ci ilin iyun ayınadək, yəni son 14 ay üçün aylığı 3500 manat olmaqla ümumilikdə 49000 manatın ödənilməsi təklif edilmişdir, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhər Nəsimi rayon icra məmuru Babayev Pərviz və digərləri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-742/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m olan qeyri-yaşayış sahəsi tələbkara təhvil verilmişdir. İşin faktiki halları ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2027-ci il tarixədək Cavabdeh MMC-yə icarəyə verilmişdir. Cavabdeh icarə haqlarını ödəməmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin e- 2(006)-742/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilmiş, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş icarə haqqının (2024-cü ilin fevral, mart, aprel ayları üçün) əvəzi olaraq 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılmaqla İddiaçı təhvil verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 675.Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmiş və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2027-ci il tarixədək Cavabdeh MMC-yə icarəyə verilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-742/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilmiş, Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqının (2024-cü ilin fevral, mart, aprel ayları üçün) əvəzi olaraq 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılmaqla İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş təhvil-təslim aktına əsasən müəyyən edir ki, iddiaçıya məxsus sözügedən qeyri-yaşayış sahəsi ona xx.xx.2025-ci il tarixində təhvil verilmişdir. Hazırda iddiaçı 2024-cü ilin may ayından mübahisəli obyekt ona təhvil verilənədək olan dövr üçün hər aya görə 3500 olmaqla, ümumilikdə 57276 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini istəyir. O, iddiasını onunla əsaslandırır ki, sözügedən qeyri-yaşayış sahəsi ona təhvil verilsəydi, o, həmin obyekti icarəyə verər və fayda əldə edərdi. Göründüyü kimi, iddiaçı iddia edir ki, Cavabdeh MMC onu əmlakından məhrum etməklə ona zərər vurmuşdur, belə ki, o, həmin əmlakdan məhrum olmaqla sözügedən əmlakdan istifadədən gəlir növündə fayda götürə bilməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-742/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixində qanuni qüvvəsini almışdır, belə olan halda tərəflər arasında bağlanmış müqavilə həmin tarixdən ləğv edilmiş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı 2024-cü ilin may ayından tərəflər arasında bağlanmış olan müqavilə ləğv edilənədək ödənilməmiş icarə haqlarını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının bundan əvvəl də icarə obyekti kimi istifadə edilən qeyri-yaşayış sahəsini yenidən icarəyə vermək niyyətinin və imkanın olması, bu imkanının iddiaçının əlindən alınması nəticəsində onun həmin obyektdən gəlir növündə fayda əldə etmək imkanından məhrum olması məhkəmədə şübhə doğurmur. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış olan müqavilə ləğv edildikdən sonra icarə obyektini iddiaçıya qaytarmamaqla sonuncuya zərər vurması sübuta yetirilmiş hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən ödənilməmiş icarə haqları və əldən çıxmış icarə faydasına görə ümumilikdə 57276 manat məbləğində pul vəsaiti tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 237 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumuna görə 237 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş icarə haqları və əldən çıxmış icarə faydasına görə ümumilikdə 57276 (əlli yeddi min iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ödənilməmiş icarə haqları və əldən çıxmış icarə faydasına görə ümumilikdə 57276 (əlli yeddi min iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 237 (iki yüz otuz yeddi) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar