Məhkəmə qərarları › İş №e-2(010)-433/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-433/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-433/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı tərəfindən avans qismində ödənilən cəmi 1750 (bir min yeddi yüz əlli) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri xx.xx.2022-ci il tarixində İddiaçı ilə Cavabdeh Baş direktor təsisçi X1 (VÖEN **********) arasında müqavilə imzalanmış və bağlanmış müqavinin şərtlərinə əsasən, Cavabdeh MMC iddiaçıya məxsus fərdi yaşayış evində tavanın 1-ci növ düyünsüz şam ağacı mənşəli taxta üzlüklər ilə üzlənməsi işinin yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən Əlavə Razılaşma sənədinə əsasən malın ümumi dəyərinin 50% təşkil edən 1750 (bir min yeddi yüz əlli) manat vəsait iddiaçı tərəfindən 03 may tarixində avans olaraq ödənilmişdir. Müqavilənin 4.1-ci yarımbəndinə əsasən “Satıcı” müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 25 (iyirmi beş) iş günü ərzində Malı “Alıcı” ya təhvil verilməsini və quraşdırılmasını öz üzərinə götürmüşdür. Qeyd olunan müddətin bitməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən öhdəliklər bu günə qədər yerinə yetirilməmişdir. Dəfələrlə cavabdehlə şifahi qaydada sözügedənlər barəsində müzakirələr aparılmasına və öhdəliyin tam olaraq yerinə yetirilməsinin tələb edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən avans qismində ödənilən 1750 (bir min yeddi yüz əlli) manat vəsaitin geri ödənilməsi məqsədəmüvafiq hesab edilərək, arasında mübahisə yaranmışdır. İddiaçı tərəfindən "xxxx" MMC-yə qarşı pul tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, № e-2-2(113)- 4911/2022 nömrəli qəbul etdiyi Qərardadın təsviri hissəsində “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə istinad edilərək qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Nəticədə Bakı Kommersiya Məhkəməsi tərəfindən bildirilmişdir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs olmadığına görə hazırki tələbə Bakı Kommersiya Məhkəməsində deyil, hüquqi şəxsin ünvanının olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 790 saylı xx.xx.2022-ci il tarixli “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC 1-ci növ düyünsüz şam ağacını İddiaçı satmağı, İddiaçı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. STF01 saylı X2 görünür ki, İddiaçı Cavabdeh MMC-nin xeyrinə alınan malın dəyərinin 50%-i, yəni 1750 (bir min yeddi yüz əlli) manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 790 saylı, xx.xx.2022-ci il tarixli “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh MMC 1-ci növ düyünsüz şam ağacını İddiaçı tərəfindən 1750 manat məbləğində ilkin ödəniş həyata keçirildikdən sonra 25 iş günü ərzində sonuncunun mülkiyyətinə verməyi, İddiaçı isə mal tam təhvil verildikdən sonra iki iş günü ərzində malı qəbul edib dəyərinin qalan əlli faizi həcmində ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni müqavilə bağlandıqdan sonra – 02 may 2022-ci il tarixində 1750 manat məbləğində avans məbləğini ödəmiş, lakin cavabdeh ilkin ödəniş həyata keçirildikdən sonra 25 iş günü ərzində iddiaçıya malı təhvil verməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və cavabdeh iddiaçıya avans qismində ödənilmiş 1750 manat məbləğində pul vəsaitini ödəməyə borcludur.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 790 saylı, xx.xx.2022-ci il tarixli “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” müqaviləyə əsasən avans qismində ödənilmiş 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 790 saylı, xx.xx.2022-ci il tarixli “texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” müqaviləyə əsasən avans qismində ödənilmiş 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar