Məhkəmə qərarları › İş №e-2(010)-4337/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4337/2022

02.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4337/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, ev 135A, 30 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh (bundan sonra cavabdeh) mənim doğma oğlumdur. Qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1993-cü il tarixdən mən Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “AB” Y/S, ev 135 A, mənzil 30-un istifadəçisiyəm. Mənzil alınan gündən orada mən oğlum və qızımla birlikdə yaşayıram. Həyat yoldaşım 1991-ci ildə vəfat etmişdir. Qızım da ailə qurmuş, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Cavabdeh 2009-cu il tarixdə ailə həyatı qurmuş və həmin tarixdən bizlə əlaqələrini demək olar ki, kəsmişdir. Buna baxmayaraq, mənə məxsus mənzildə qeydiyyatda qalmağa davam edir. 13 il müddətində cavabdeh bir dəfə belə olsun mənə zəng etməmiş, maraqlanmamışdır. Təəssüflər olsun ki, oğlumla ailə bağlarımız demək olar ki, yoxdur. Mən isə yaşlı qadınam, tək yaşayıram. Buna görə də mənzili satıb qızımın yaşadığı evə yaxın yerdə ev almaq istəyirəm ki, ehtiyac olduqda qızım mənə vaxtında çata bilsin. Bu hal məni bir ana kimi məyus və ən əsası tənha balamın taleyindən narahat edir. Məhkəmənin nəzərinə onu da çatdırım ki, cavabdeh 2009-cu ildə ailə həyatı qurduqdan sonra mənə məxsus mənzildən köçmüş, daimi yaşamaq üçün başqa ünvana getmişdir. Bu müddət ərzində oğlum bir dəfə belə olsun mənimlə maraqlanmamış, ölməyim və ya yaşamağım haqqında məlumatı olmamışdır. Üstəlik, bütün qonşular şahiddir ki, birlikdə yaşadığımız dövrdə oğlum mütəmadi olaraq məni döymüş, təhqir etmişdir. Bütün bu hallar bir ana kimi məni çox məyus edir. Bir daha vurğulamaq istəyirəm ki, cavabdeh mənə məxsus mənzildə 13 ildir ki, yaşamır və bu müddət ərzində bir dəfə belə olsun mənimlə əlaqə saxlamamışdır. Həmçinin o, sözügüdən mənzilin alınmasında və onun təmir edilməsində, mənzilin saxlanmasında iştirak etməmişdir. Odur ki, cavabdehin formal belə olsa mənə məxsus mənzildə qeydiyyatda qalmasını istəmirəm. Cavabdehin mənə məxsus mənzildə formal olaraq qeydiyyatda qalması bir mülkiyyətçi kimi mənim hüquqlarımı pozur və mənim sərbəst şəkildə əmlakımdan istifadə etməyimə maneələr yaradır”.

Qarşılıqlı iddia tələbi.

3. Daha sonra ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ilk iddianın bütünlükdə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və onun həmin mənzildən istifadə hüququna, yaşamasına edilən bütün maneələrin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki: “İlkin iddia üzrə iddiaçı, halhazırkı qarşılıqlı iddia üzrə cavabdeh tərəf İddiaçı mənim doğma anamdır. Onun iddia ərizəsində qeyd etdiyi hallar tamamilə cəfəngiyyatdır, anam həmin ərizəni imzalamamışdır və o, əsla bu fikirləri (yəni mənim ona şiddət göstərmək, qayğısına qalmamaq və digər ittihamları) dəstəkləyə bilməz. Bütün bu olanlar anamı mənə qarşı yönəltməyə çalışan mərhum X1 miras əmlak olaraq qalmış ünvan 1 ünvanında yerləşən mənzili ələ keçirtmək məqsədi güdür. Məlumat üçün bildirim ki, atam X4 1991-ci ildə vəfat etmiş və həmin zaman onun adına notariat ofisində “vərəsəlik işi” açılmışdır. Vərəsəlik işinin gedişatında həmin vaxt mən yetkinlik yaşına çatmadığımdan birinci dərəcəli vərəsə olmağıma və həmin mənzildə pay sahibi olmağıma baxmayaraq, mənzil bütünlükdə azyaşlı olmağım səbəbilə anam – İddiaçı mülkiyyətinə keçmişdir. Mən həmin mənzildə doğulmuş, boyabaşa çatmış, ailə qurmuş və son 3 ilə kimi ailəmlə birgə o mənzildə yaşamışam. Əsla anamla aramızda iddia ərizəsində vəkilin öz imzasıyla qeyd etdiyi neqativ, ittihamlarla dolu hallar olmamışdır. Sadəcə rəsmi nikahla ailə qurduğum (anamın istəyinə uyğun olaraq) həyat yoldaşımın 15 illik evli olmasına baxmayaraq, övlad dünyaya gətirə bilməməsi səbəbilə evdən çıxıb getməsini və anamın mənim həyat yoldaşımla nikahımızın pozulması istəyini qəbul etməmişəm. Bu səbəbdən 3 ildir ki, anamın həyat yoldaşımla bağlı sözsöhbətlərindən uzaq qaçmaq məqsədi ilə məcburən kirayə köçmüşəm. Lakin dəfələrlə anama evə geri dönmək və yaşamaq istədiyimi, kirayə pulunu ödəməyə maddi imkanımın olmamasını demiş, xahişlərim onun tərəfindən maneə ilə qarşılanmış və evə yalnız həyat yoldaşımla boşandığım təqdirdə qayıda biləcəyimi bildirmişdir. Bu 3 ildə dəfələrlə istifadə hüququm olan və atamdam miras qalan, mübahisə predmeti olan evə köçmək istəklərim anama yaxın qohumların (bacım və xalam) təsiri nəticəsində anamın maneələri ilə cavablandırılmışdır. Məlumat üçün bildirim ki, çox az məvacib alıram və kirayə haqqı ödəməyə maddi imkanım yoxdur. Bu səbəbdən atamdan miras qalmış və qeydiyyatda olduğum ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyim mütləq və zəruridir. Mərhum atamdan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə mənim də bir vərəsə və övlad kimi mənəvi, qanuni haqlarım var. Onun mənə qarşı qaldırdığı iddia əsassız və cəfəngiyyatla dolu, (vəkili və nümayəndəsinin şər-böhtan dolu cümlələrindən ibarət) məhkəməni aldatmaq məqsədi güdən söz yığınıdır. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi və onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və onun mənzildən istifadəsinə edilmiş maneələrin cavabdeh İddiaçı qadağan edilməsi mütləq və zəruridir”. Tərəflərin izahatları.

5. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh onun doğma oğludur. O, 13 il bundan əvvələ qədər oğlu ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanında yaşamışdır. Lakin oğlu 2006-cı ildə ailə qurduqdan sonra münasibətləri korlanmışdır. Belə ki, o, arvadının təsiri ilə ona kobud münasibət göstərmiş, onu təhqir etmiş, hətta bir dəfə hamamdan su götürdüyü zaman suyu vannaya özünün doldurmasını bəhanə edərək üzərinə hücum çəkmiş, onu divardan-divara çırpmışdır. Onun əlindən xilas olduqdan sonra qonşuya sığınmış, daha sonra polisə müraciət etməyə məcbur qalmışdır. Bu hadisədən sonra halı pisləşmiş, bacı-qardaşı onu öz evlərinə aparmışlar. Hadisədən 3 gün sonra evə qayıtmışdır. Həmin vaxtlar cavabdeh ancaq gecələr evə gəlmiş, gündüzlər evdə olmamışdır. Bu hadisələrə səbəb isə onun gəlininə uşaqlarının olması üçün onu həkimə aparmağı təklif etməsi olmuşdur. Ailə qurmalarının üzərindən xeyli vaxt keçsə də uşaqları olmadığından o, gəlinini həkimə aparmaq istəmişdir. Lakin gəlininə bu barədə dedikdən sonrakı gün onun ana-atası, dayısı onun üzərinə gəlmiş, gəlinin xətrinə dəydiyini bildirmiş, “Sənə uşaq lazımdır?” deyə ondan soruşmuşlar. O da cavabında özünə yox, amma oğluna uşaq lazım olduğunu bildirmişdir. Bu hadisədən sonra evdə söz-söhbətlər yaranmış, oğlu onu gəlinin yanında təhqir etməyə, onun hərəkətləri ilə, qocalığı ilə lağ etməyə başlamışdır. Sonuncu dəfə oğlu onu divara çırpdığı günün gecəsi gəlin evdən çıxıb getmişdir. Oğlu isə gəlini gedib gətirəcəyini güman etmişdir. Çünki bundan əvvəl də gəlin evdən çıxıb getmiş və qaynanası kimi gəlinin dalınca gedərək onu geri qaytarmışdır. Lakin bu dəfə bunu etmək istəməmişdir. Oğlu da buna görə onu ailəsini dağıtmaqda günahlandırmışdır. Son vaxtlar isə eyni evin içində onunla danışmamış, bişirdiyi yeməyi belə yeməkdən imtina etmişdir. 2009-cu ilin sentyabr ayının axırlarında isə açarları qabağına qoymuş, ona evi tərk etdiyini demişdir. O gündən sonra bir daha geri qayıtmamış, onunla maraqlanmamışdır. O özü isə 2018-ci ilə qədər oğluna zəng etmiş, lakin oğlu ancaq onu təhqir etmişdir. Lakin faktiki olaraq 2009-cu ildən münasibətləri kəsilmişdir. Bütün bunlara, oğlunun onu təhqir etməsinə baxmayaraq, o, oğlunun evə qayıtmasına heç vaxt qarşı çıxmamış, onun qarşısında “boşan sonra gəl” kimi bir şərt qoymamışdır. Əksinə, onun bütün təhqirlərinə baxmayaraq, oğlunu həmişə axtarmışdır. Lakin artıq ondan küsüb-incimişdir və evinə buraxmaq istəmir. Eləcə də ona istifadə hüququna xitam üçün hansısa kompensasiya ödəməyə də razı deyil. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh 2009-cu ildə mübahisəli mənzili könüllü şəkildə tərk etmiş, bir daha geri qayıtmamışdır. Qarşı tərəf cavabdehin mənzildə 2018-ci ilə qədər yaşadığını iddia etsə də bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, bir ana belə bir mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdirsə, bu onun qəlbinin necə qırıldığını göstərir. Halbuki, iddiaçı əri öldükdən sonra iki övladını təkbaşına böyütmüş, boya-başa çatdırmış, əziyyət çəkmiş, bir neçə yerdə işləmiş, lakin oğlu onu 13 ildir ki, itiribaxtarmamışdır. Hazırda ananın övladının harada yaşadığından belə xəbəri yoxdur. Cavabdeh 2009-cu ilin sentyabr ayında həmin mənzili tərk etdikdən sonra bir daha geri qayıtmamışdır. Həmin vaxt Mahirə xanım oğlunun qarşısına heç bir şərt qoymamış, oğlu özü könüllü evdən çıxıb getmişdir. Tutaq ki, xanım belə bir şərt qoymuşdusa belə, bu, bir övladın anasını 13 il axtarmamasına əsas ola bilməzdi. Şahidlərin ifadəsi onun istinad etdiyi halları sübut etmişdir. Ana evlənənə kimi oğlunun tərbiyəli, mədəni olduğunu, lakin evləndikdən sonra tamamilə dəyişdiyini bildirmişdir. Oğlu getdikdən sonra Mahirə xanımın tələbatları qonşularının köməyi ilə təmin edilmişdir. İddiaçı oğlu tərəfindən döyüldükdən sonra şiddətli ağrılar səbəbi ilə xəstəxanaya müraciət etmiş və rentgen filmindən də göründüyü kimi qabırğalarında oynama müşahidə olunmuşdur. Bu vəziyyətdə hesab edir ki, tərəflər arasında etibarlı ailə əlaqələrinin mövcudluğundan söhbət gedə bilməz. Hesab edir ki, cavabdehin mənzilə olan formal qeydiyyatına son verilməsi üçün mənzildən istifadə hüququna xitam verilməlidir. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, ilk İddiaçı oğlu Cavabdeh ya arvadını boşayıb onunla yaşamaq, ya da evi tərk etmək barədə iki seçim qarşısında qoymuşdur. Əgər Zaur qeyd edildiyi kimi anasına şiddət göstərən, onu incidən biri olsa idi, sırf anası ilə daha çox problem yaşamamaq üçün evdən çıxıb getməzdi. Zaur ona bildirmişdir ki, ola bilər ki, uşaqları olmur amma o, bu səbəbə görə yoldaşını boşamağa razı deyil. Anası isə ondan arvadından boşanmağı tələb etdiyindən 2018-ci ildə anası ilə aralarında mübahisə yaratmamaq üçün doğulub boya-başa çatdığı, atasından ona miras qalan evdən məcburi çıxıb getmişdir. Məhkəmə iclasında ifadə verən şahidlərin heç biri ana-oğul arasında baş verən mübahisələrin canlı şahidi olmamışdır. Cavabdeh heç vaxt anasını məhkəməyə verən övlad olmaq istəmədiyindən mənzillə bağlı bu günə qədər hansısa iddiası olmamışdır. O, istəməmişdir ki, anası ilə münasibətləri daha da gərginləşsin. Həmişə ümid etmişdir ki, nə vaxtsa anası onu arvadı ilə birlikdə qəbul edəcək və birlikdə yaşayacaqlar. Lakin anasının ona qarşı məhkəmədə iddia qaldırması ona pis təsir etmişdir. Halbuki, öz doğulub-böyüdüyü evdən anası onu göndərmişdir. Zaur dəfələrlə anasının qapısına getmiş, lakin anası onu qəbul etməmişdir. Hətta keçən iclasda Mahirə xanıma verilən “Zaurun gəlib o evdə yaşamasına icazə verərsiniz?” sualına Mahirə xanım “Xeyr, vermərəm” cavabını vermişdir. 15 il uşaq dünyaya gətirə bilməyən arvadını yarı yolda qoymaq istəməyən insan anasına qarşı qeyd edilən şiddət göstərmək, qayğısına qalmamaq kimi hərəkətləri edə bilməz. Zaur evi 2018-ci ildə tərk etmişdir. Məhkəmə iclasına gətirilmiş şahidlər işin mahiyyətindən xəbəri olmayan şəxslərdir. Danışdıqları hadisələrin şahidi olmamış, yalnız qulaqdan-qulağa yayılan hadisələrdən bəhs etmişlər. Bu səbəbdən də şahid ifadələrinin sübut kimi qiymətləndirilməsinin tərəfdarı deyil. Hesab edir ki, qarşılıqlı iddiaçının həmin mənzildə istifadə hüququ var və onun mənzilə köçürülməsi təmin edilməlidir. Odur ki, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

İş materialları.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır.

9. xx.xx.1993-cü il tarixli, H 1/1-36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə ölmüş X2 əmlakından vərəsəsi olan həyat yoldaşı İddiaçı irs almalıdır. Şəhadətnamənin verildiyi vərəsəlik əmlakı ünvan 4 ünvanında yerləşən 30 nömrəli, 3 otaqlı, yaşayış sahəsi 38.60 m2 olan kooperativ mənzildən ibarətdir.

Şahid ifadələri.

10. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, İddiaçı ilə 1987-ci ildən eyni blokda qonşudurlar. Cavabdeh isə onun oğludur və 2009-cu ildən həmin mənzildə yaşamır. Hətta onun 2010-cu ildə toyu olmuş, Zaur orada yaşamadığından toyda iştirak etməmişdir. O, özü hansısa davaya şahid olmasa da anasından eşitdiyinə görə anaoğul arasında mübahisə olmuş, Zaur da buna görə evdən çıxıb getmişdir. O vaxtdan sonra Zaur heç vaxt anasının yanına gəlməmişdir. Hesab edir ki, o, əgər gəlmiş olsa idi, bunu bilərdi. Mahirə xanımın iki uşağı – bir qızı, bir oğlu var. Qızı anasının yanına gəlsə də Zauru heç görməmişdir. Hətta Mahirə xanıma bəzi hallarda özü və ya qardaşı kömək etmiş, bəzən özü ilə bazara aparmışdır. Maşın ilə onu aparanda ondan oğlu ilə danışıbdanışmaması barədə soruşmuş, o da danışmadığını demişdir. Binadakı digər qonşular da təsdiq edə bilərlər ki, Zaur artıq 10 ildir ki, həmin ünvanda yaşamır.

11. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Əliyeva-X3 bildirmişdir ki, İddiaçı onun qapı qonşusu, Cavabdeh isə Mahirə xanımın oğludur. O özü ailəsi ilə birlikdə 1988-ci ildə bu mənzilə köçəndə Mahirə xanım orada yaşayırdı. Mahirə xanımın oğlu Zaur ailə qurduqdan sonra onlar bir müddət bir yerdə yaşamışlar. Lakin bir gün Mahirə xanım onların qapısını döymüş, anasından xahiş etmişdir ki, ona kömək etsin, polis çağırsın. Səbəbini soruşduqda demişdir ki, oğlu Zaur onu hədələyir, öldürmək istəyir. Bundan sonra anası polis çağırmış, polis gələnə qədər Mahirə xanım onların evində qalmışdır. Daha sonra Mahirə xanımın bacısı və qardaşı gəlib onu aparmışdır. Bu hadisədən bir neçə gün sonra Zaur çıxıb getmiş, artıq 13 il olar ki, onu görməmişdir.

12. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, İddiaçı onun bacısı, Cavabdeh isə bacısının oğludur. Zaurun arvadı Mahirə ilə yola getmədiyinə görə münasibətləri pisləşmiş, 2009-cu ilin sentyabrında Zaur arvadını da götürüb evdən çıxıb getmişdir. Həmin vaxtdan Zaurdan heç bir xəbər yoxdur. Hətta onun harada yaşadığını belə bilmirlər. Bildiyinə görə onu görən qohumlardan da qaçıb-gizlənir. Zaur evdən özü çıxıb getmişdir. Buna səbəb anası ilə arvadının yola getməməsi olmuşdur.

13. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, İddiaçı ilə 30 ildir ki, qonşudur və mənzilləri üzbəüz yerləşir. Cavabdeh isə Mahirə xanımın oğludur. Zaurun ailə qurmasından sonra Mahirə xanımla hər dəfə hal-əhval tutanda Mahirə xanım ona demişdir ki, oğlu üçün hər şeyin yaxşı olmasını istəyir. Bir dəfə Mahirə xanım onun qapısını döyərək, polis çağırmasını istəmişdir. O, səbəbini soruşduqda Mahirə xanım ona demişdir ki, hamamdan su götürməyin üstündə oğlu onunla dalaşmış, onu silkələməyə başlamışdır. O, dərhal polis çağırmış, polis Mahirə xanımın evinə getmişdir. Bundan sonrakı söhbətlərdə o özü iştirak etməmiş, lakin bu hadisədən sonra Zauru bir daha orada görməmişdir. O özü Mahirə xanımla oğlu arasında hansısa mübahisəyə birbaşa şahid olmasa da bu hadisədən sonra Mahirə xanımla danışdıqda həmişə ona demişdir ki, oğlu Zaur ona heç zəng etmir, köməklik göstərmir. Bu hadisənin nə vaxt baş verməsinə münasibətdə qeyd edə bilər ki, 2010-cu ildə qızı hamilə olmuş, bu hadisə də ondan 1 il sonra baş vermişdir.

İşin faktiki halları.

14. Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bu mənzil İddiaçı mülkiyyətinə 1993-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum ərindən miras əmlak kimi keçmişdir. Cavabdeh isə İddiaçı oğludur və mənzil onun mülkiyyətinə keçdiyi vaxtdan onunla birlikdə bu mənzildə yaşamışdır. İşin bu hallarını hər iki tərəf mübahisələndirmədən qəbul edir.

15. Tərəflər arasındakı əsas mübahisəli məsələlər Cavabdeh bu mənzildən hansı tarixdən çıxması və bunun könüllü baş verib-verməməsi ilə bağlıdır. Belə ki, ilk İddiaçı iddia edir ki, oğlu Cavabdeh 2006-cı ildə ailə qurduqdan sonra oğlunun arvadının təsiri ilə onunla münasibətləri gərginləşmiş, 2009-cu ilin sentyabr ayında bu gərginlik pik həddə qalxaraq oğlunun onun üzərinə hücum çəkməsi, onu vurması ilə nəticələnmiş, bu hadisədən sonra əvvəlcə gəlini, daha sonra oğlu mənzili tərk etmiş, bir daha geri qayıtmamış, oğlu nə onunla, nə də mənzillə bir daha maraqlanmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh iddiasına görə isə o, bu mənzildə 2018-ci ilə qədər yaşamış, lakin anası İddiaçı arvadı ilə yola getmədiyinə, uşağı olmadığına görə gəlinlə davamlı mübahisə etdiyinə görə aralarında daha böyük mübahisələr olmasının qarşısını almaq üçün mənzildən çıxıb kirayədə yaşamağa məcbur olmuş, anası mənzilə geri qayıtmaq üçün onun qarşısında arvadından boşanmağı şərt qoyduğuna görə bir daha geri qayıda bilməmişdir.

Tətbiq edilən hüquq.

16. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı.

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

17. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq olunmuş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür).

Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

18. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı.

Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2000-ci ildən əvvəl yaranmışdır. Belə olan halda mübahisəyə bu münasibətlər yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

21. Yuxarıda qeyd edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq normalarından görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığını müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Göründüyü kimi burada həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin müəyyən edilməsidir.

22. Hazırkı işdən görünən odur ki, ilk iddia üzrə Cavabdeh ailə qurduqdan sonra anası olan ilk iddia üzrə İddiaçı ilə münasibətləri korlanmışdır. Hər iki tərəf bu vəziyyətə görə qarşı tərəfi günahlandırsa da onların hər ikisi Cavabdeh ailə qurduqdan sonra aralarındakı münasibətlərin gərginləşməsi barədə ortaq mövqe sərgiləmişlər. Məhkəmə iclasında dinlənilən şahidlər də öz növbəsində tərəflər arasındakı hansısa mübahisəyə birbaşa şahid olmasalar da bu mübahisələrdən sonrakı vəziyyətlə bağlı, eləcə də məhz belə bir mübahisədən sonra Cavabdeh mənzili tərk etməsi ilə bağlı bənzər məzmunda ifadələr vermişlər.

23. Belə olan halda məhkəmə ilk iddia üzrə Cavabdeh mənzili tərk etməsi ilə onun anası İddiaçı ilə olan mübahisələri arasında birbaşa səbəbli əlaqə olduğu nəticəsinə gəlir. Hansı ki, ilk iddiaçı özü də bunu inkar etməmiş, oğlunun uşağı olmadığına görə gəlinini həkimə aparmağı təklif etdiyini, bundan sonra gəlinin ailə üzvlərinin onun üzərinə gəldiyini, bununla münasibətlərin daha da pisləşdiyini, oğlunun üzərinə hücum çəkdiyini, gəlinin evi tərk etdiyini, daha sonra oğlunun onu ailəsini dağıtmaqda ittiham edərək evdən çıxıb getdiyini, bir daha da geri qayıtmadığını bildirmişdir. Bu deyilənlər əsasında ilk İddiaçı oğlu Cavabdeh yaşadığı mənzildən məcburi çıxardığı, mənzilə daxil olmağa qoymadığı nəticəsinə gəlmək mümkün deyil, bununla belə qarşılıqlı iddiaçı Cavabdeh tamamilə könüllü şəkildə, başqa yerdə daimi yaşamaq üçün mənzili tərk etdiyi nəticəsinə gəlmək də mümkün deyil.

24. Qarşılıqlı iddiaçının mənzildən hansı tarixdə çıxmış olması ilə bağlı məsələ də tərəflər arasında mübahisə doğuran əsas məsələlərdən biridir. Belə ki, ilk iddiaçı oğlunun mənzili 2009-cu ildə tərk etdiyini iddia etmiş, qarşılıqlı iddiaçı isə 2018-ci ilə qədər mənzildə yaşadığını, 2018-ci ildə mənzildən çıxdığını bildirmişdir. Bununla belə qarşılıqlı iddiaçı mübahisəli mənzildə 2018-ci ilə qədər yaşadığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun əksinə, ilk iddiaçı tərəfindən məhkəməyə şahid ifadələri təqdim edilmişdir ki, bu ifadələr əsasında konkret tarix müəyyən etmək mümkün olmasa da qarşılıqlı iddiaçının mənzildən 10 ildən çoxdur ki, çıxıb getdiyi nəticəsinə gəlmək mümkündür.

25. Bu vəziyyətdə yaşayış sahəsindən 10 ildən uzun müddətə istifadə edilməməsinin öz-özlüyündə yaşayış sahəsinə ehtiyacın aradan qalxması kimi qiymətləndirilməsinin mümkünlüyü araşdırılmalıdır. Məhkəmə hesab edir ki, bu məsələ hər bir halda işin konkret hallarından asılı olaraq həll edilməlidir.

26. Hazırkı işin konkret hallarından belə görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh həmin mənzilə ehtiyacı aradan qalxmamışdır. Belə ki, o, mənzildən çıxdıqdan sonra arvadı ilə birlikdə kirayədə yaşadığını bildirmiş, qarşı tərəf öz növbəsində bunu mübahisələndirməmiş, qarşılıqlı iddiaçının mənzili olduğunu iddia etməmişdir. Buna uyğun olaraq, mənzildən çıxmasından xeyli müddət keçsə də qarşılıqlı iddiaçı başqa ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmamış, hələ də həmin mənzildə qeydiyyatda qalmağa davam etmişdir. Belə olan halda məhkəmə qarşılıqlı iddiaçının nə mənzili tərk edərkən, nə də aradan keçən müddət ərzində bu mənzilə ehtiyacı olmadığı nəticəsinə gələ bilməz.

27. Qarşılıqlı iddiaçının indiyə qədər mənzilə köçürülmək üçün məhkəməyə müraciət etməməsi isə özlüyündə onun bu mənzilə ehtiyacı olmaması kimi qiymətləndirilə bilməz. İlk növbədə ona görə ki, eyni məntiqlə yanaşılsa, ilk iddiaçının da hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün bu qədər müddət gözləməsi onun bu vaxta qədər oğlunun mənzilə istifadə hüququnu tanıması, onun mənzilə köçməsinə razı olması kimi qiymətləndirilməlidir. Halbuki, tərəflər ana-oğuldur və aralarında yaxın ailə münasibətləri var. Qarşılıqlı iddiaçının anası ilə münasibətləri daha da gərginləşməsin deyə mənzili tərk etməsi, kirayə olsa belə başqa yerdə yaşamağa başlaması, bu günə qədər heç vaxt mənzilə köçürülməyi tələb etməməsi heç də onun mübahisəli mənzilə ehtiyacının aradan qalxmasının mütləq göstəricisi kimi deyil, daha çox anası ilə arvadı arasında yaranmış mübahisəyə son qoymaq, anası ilə münasibətlərin bərpaolunmaz dərəcədə pisləşməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirilməlidir.

28. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi, hazırda bu mənzilə ehtiyacı qalmadığı nəticəsinə gəlmir. Bu vəziyyətdə heç bir kompensasiya verilmədən onun istifadə hüququna xitam verilməsi mümkün deyil. Lakin məhkəmə tərəfindən ilk iddiaçının qarşı tərəfə kompensasiya ödəməklə bağlı mövqeyi öyrənilmiş, ilk iddiaçı buna qəti şəkildə qarşı olduğunu bildirmişdir. Belə olan halda cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə dair ilk iddia təmin edilə bilməz.

29. Qarşılıqlı iddiaya gəldikdə isə məhkəmə qarşılıqlı iddianı qismən əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi qarşılıqlı iddiaçının mübahisəli mənzildən istifadə hüququ var. Bu hüququ o, yuxarıda istinad edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvü kimi əldə etmiş və bu hüququnu hələ itirməmişdir. Belə olan halda o, mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

30. Bununla belə məhkəmə qarşılıqlı iddia tələbinin “həmin mənzildən istifadə hüququna, yaşamasına edilən bütün maneələrin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qadağan edilməsi” hissəsini əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçının həmin mənzilə köçürülməsi hələ hazırkı məhkəmə qətnaməsi ilə qət edilir və yalnız qətnamə bu hissədə qanuni qüvvəsini aldıqdan sonra icra ediləcəkdir. Hazırkı halda qarşılıqlı iddiaçı bu mənzildə faktiki olaraq yaşamadığından onun mənzildə yaşamasına edilən hansısa maneədən söhbət gedə bilməz. Əgər söhbət qarşılıqlı iddiaçının mənzilə daxil olmasına maneədən gedirsə, onun mənzilə köçürülməsinin təmin edilməsi ilə bu mübahisə artıq həll edilmiş hesab edilməlidir. Odur ki, məhkəmə qarşılıqlı iddianın qismən – yalnız mənzilə köçürülmə ilə bağlı hissədə təmin edilməsi nəticəsinə gəlir.

Məhkəmə xərcləri.

31. İş materiallarından görünür ki, ilk iddia ərizəsi üzrə iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməlidir.

32. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı da qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia mənzilə köçürülmə hissəsində təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə köçürülməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk iddia təmin edilməsin. İlk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilə köçürülsün. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ilk İddiaçı tutularaq ilk iddia üzrə Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar