Məhkəmə qərarları › İş №e-2(010)-4367/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4367/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4367/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia Tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 əsassız varlanması nəticəsində İddiaçı ASC-yə vurduğu real zərər kimi 587.43 (beş yüz səksən yeddi ABŞ dolları qırx üç sent) ABŞ dolları və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbin dəlilləri.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh X3 (bundan sonra - Cavabdeh) xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin (bundan sonra - Bank) Bakıxanov filialına yaxınlaşaraq, 2234 manat təqdim edib, həmin pul vəsaitinin USD-yə mübadilə edilməsini xahiş etmişdir. Bu ərizəyə əlavə edilmiş CD-də qeyd edilən videoyazılarda həmin əməliyyat bütövlüklə əks etdirilmişdir. Kassa otağında quraşdırılmış kameralarının qeydə aldığı videoyazıdan görünür ki, cavabdeh kassaya yaxınlaşaraq 2234 AZN pul məbləğini kassirə təqdim edir. Kassir həmin vəsaitləri həm əl ilə, həm də pulsayan aparat vasitəsilə sayır. Bu zaman həmin vəsaitin məbləğinin 2234 AZN olduğu aşkar şəkildə müəyyən edilir. Bundan sonra kassir tərəfindən səhvliklə cavabdehə 1900 USD məbləğində vəsaitin verildiyi müəyyən edilir. Qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi 2234 manat xx.xx.2023-cü il tarixinə olan daxili məzənnə kursu (1 USD - 1.720 azn) ilə 1312.57 USD edirdi. Belə olduğu təqdirdə Bank tərəfindən cavabdehə 587.43 USD vəsaitin artıq verildiyi müəyyən olunur. Cavabdehə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, artıq ödənilmiş 587.43 USD məbləği qaytarmaqdan imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırda həmin vəsait cavabdeh tərəfindən Banka qaytarılmalıdır.

Tərəflərin izahatları. 3.Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixinə olan daxili məzənnə kursu (1 USD - 1.720 azn) olmuşdur. Cavabdehin təqdim etdiyi 2234 manat pul vəsaiti həmin məzənnə kursuna uyğun olaraq 1312.57 ABŞ dolları edirdi. Lakin səhvlik nəticəsində ona artıq pul vəsaiti qaytarılmışdır.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, övladının toy məclisinin səhəri günü müəyyən borclarını bağlamaq üçün manatla olan pul vəsaitlərini USD-yə mübadiləsi ilə bağlı banka müraciət etmişdir. Kassada olarkən 3234 manat məbləğində pulu sayaraq kassirə təqdim etmişdir. O isə ona 0,20 manat xırda qaytardı daha sonra 1900 USD vəsaiti təqdim etdi. O evə gəlib həmin pulla borclarının qaytarmışdır. Sonra ona bankdan zəng edib artıq ödənilən pul vəsaitinin gerti qaytarılmasını xahiş etmişdirlər. O isə onlara hesablama aparıb geri dönüş edəcəyini bildirmişdir. Lakin özündə hesablamalar apararkən hər hansı əlavə pul vəsaitinin olmasını aşkar etməmişdir. CD diskdə təqdim olunan videogörüntüyə əsasən qeyd edir ki, əgər bu hal baş versə belə bu onun təqsirinə görə olmayıb. Burada vəsaiti düzgün hesablamadığına görə bankın əməkdaşı təqsirlidir.

İş materialları.

5. xx.xx.2023-cü il tarixli İddiaçı ASC-nin Bakıxanov filialının kassa qəbzindən görünür ki, müştəri Cavabdeh 3233.80 manat ekvivalentində 1900 ABŞ dolları təqdim edilmişdir.

6. İş materiallarında olan CD diskdən görünür ki, cavabdeh (müştəri) Cavabdeh tərəfindən kassaya 2234 manat pul vəsaiti təqdim edilmiş və əvəzində ona 1900 ABŞ dolları təqdim edilmişdir.

İşin faktiki halları.

7. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh pul mübadiləsi məqsədilə iddiaçı bankın Bakıxanov Filialına 2234 manat pul vəsaiti təqdim etmiş və əvəzində ona 1900 ABŞ dolları təqdim edilmişdir. Tələbin faktiki əsaslandırması ondan ibarətdir ki, həmin vaxtı bankın kassiri səhvən cavabdehə artıq pul vermişdir. Hazırda iddiaçı cavabdehə 587.43 (beş yüz səksən yeddi ABŞ dolları qırx üç sent) ABŞ dolları pul vəsaitinin artıq verildiyini qeyd edərək, həmin pul vəsaitinin cavabdehdən alınıb banka qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, ona artıq pul vəsaitinin qaytarılmadığını bildirir.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı

Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Belə ki, iş materiallarının araşdırması və tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, cavabdeh pul mübadiləsi məqsədilə xx.xx.2023-cü il tarixdə iddiaçı bankın Bakıxanov Filialına 2234 manat pul vəsaiti təqdim etmişdir. Həmin zaman bankdaxili mövcud məzənnə kursu isə 1 USD - 1.720 azn olmuş və bunun əsasında cavabdehə 1312.57 ABŞ dolları əvəzinə 1900 ABŞ dolları təqdim edilmişdir. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı aşkar şəkildə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdehə onun təqdim etdiyi pul vəsaitinin ABŞ dollarına məzənnəsinə münasibətdə 587.43 ABŞ dolları (xx.xx.2023-cü il tarixdə olan daxili məzənnə kursuna əsasən) artıq pul vəsaiti qaytarılmışdır.

12. AR MPM-nin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan, tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi CD diski mötəbər sübut kimi qəbul edir və eyni zamanda cavabdehin etirazına münasibətdə isə qeyd edir ki, cavabdeh ona artıq pul vəsaitinin qaytarılmadığını bildirsə də, lakin öz etirazını formal şəkildə əsaslandırmış və CD diskdə əks olunan görüntülərin əksini sübuta yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş 587.43 ABŞ dollarının cavabdehdə qalmasını şərtləndirən hər hansı hüquqi əsas mövcud deyildir.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “AR Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur və hazırda qeyd edilən məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Qurbanov Əlı̇ ovsəd Fı̇ ruddı̇ n oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 587.43 ABŞ dolları pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh Qurbanov Əlı̇ ovsəd Fı̇ ruddı̇ n oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 587.43 ABŞ dolları pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar