Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4398/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı İddiaçı ilə Cavabdeh Bəhmən oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsinə, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qanuni sahibi olan iddiaçının əmlakdan istifadə etmək, ona sahiblik etmək kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına, cavabdehin torpaq sahəsindən və evdən çıxarılmasına, torpaq sahəsinin və evin iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və AZEMİS vasitəsilə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Bəhmən oğlunun qeydiyyat ünvanı “Şərur rayonu, Xanlıqlar kəndi”dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki mübahisənin predmetini (hüquq haqqında mübahisə olduğunu) nəzərə alaraq məhkəmə hesab edir ki, işə Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin ləğv edilməsini, fərdi yaşayış evinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsini, onun əmlakdan istifadə etmək, ona sahiblik etmək kimi hüquqlarının pozulmasının aradan qaldırılmasını, cavabdehin torpaq sahəsindən və evdən çıxarılmasını, torpaq sahəsinin və evin ona təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əssən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddənin məzmunundan görünür ki, iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün üç şərtin olması məcburidir: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olması. Məhkəmə qeyd edir ki, hazırki mübahisə məhz tərəflər arasında bağlanmış müqavilədən yarandığı üçün iddia predmetinin əsasını “müqavilənin ləğv edilməsi” tələbi təşkil edir. Müqavilənin ləğvi barədə tələb isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-4398/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4398/2023
15.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver