Məhkəmə qərarları › İş №e-2(010)-4456/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4456/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4456/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 77.09 ABŞ dolları vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CO0138153 müqaviləyə əsasən tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən “tam digicard debet” kart verilmişdir. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər), habelə Standart Şərtlərin 27-ci bəndində əks olunan Tam Kart bölməsinin Tam Kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. xx.xx.2023-cü il tarixli Standart Şərtlərin 1.11-ci bəndinə əsasən Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsi. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. Cavabdeh xx.xx.2024-cü il tarixdə kart hesabının qalığından 75.05 ABŞ dolları məbləğdə əməliyyat aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Daha sonra cavabdeh müxtəlif tarixlərdə ümumilikdə 3.47 ABŞ dolları olmaqla ödəniş etmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsait 71.58 ABŞ dolları və ona hesablanmış (30 faizlə) 4.47 ABŞ dollar, (5 faizlə) 1.04 ABŞ dolları olmaqla cəmi 5.51 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 77.09 ABŞ dolları borcu mövcuddur. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır.

İş materialları

3. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CO0138153 nömrəli tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən “tam digicard debet” kart verilmişdir. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər), habelə Standart Şərtlərin 27-ci bəndində əks olunan Tam Kart bölməsinin Tam Kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanış olduğunu təsdiq etmişdir.

4. xx.xx.2024-cü il tarixli Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh müxtəlif vaxtlarda istifadə olunmaqla ümumilikdə Banka məxsus 71.58 ABŞ dolları pul vəsaitindən istifadə etmişdir.

5. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh əsassız varlanmaya səbəb olmuş borc məbləğinin 3 gün müddətində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsassız varlanma ilə əlaqədar Banka qaytarılmalı olan məbləğ - 71.58 ABŞ dolları qalıq məbləğ və 30 %-lə hesablanmış 4.47 ABŞ dolları və 5 %-lə hesablanmış 1.04 ABŞ dolları olmaqla cəmi 77.09 ABŞ dolları əsassız varlanmaya səbəb olan məbləğ təşkil edir.

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu 0.40 bank xidmət haqqı ödənilmişdir.

İşin faktiki halları

8. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçı banka məxsus plastik kart istifadəçisidir. İddiaçı tələbində ona əsaslanır ki, cavabdeh kart hesabının qalığından əməliyyat aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Hesaba daxil olma və çıxış məbləğlərinə nəzər saldıqda müəyyən olunur ki, daxil olan məbləğdən 71.58 ABŞ dolları pul vəsaiti artıq istifadə olunmuşdur.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı

Həmin Qərarda qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarı. Həmin Qərarda göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

Məhkəmənin mövqeyi

13. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

14. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CO0138153 müqaviləyə əsasən tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən Cavabdeh “tam digicard debet” kart verilmişdir. İş materiallarında olan Hesabdan Çıxarışdan da göründüyü kimi, Cavabdeh müxtəlif vaxtlarda istifadə olunmaqla ümumilikdə Banka məxsus 71.58 ABŞ dolları pul vəsaitindən istifadə etmişdir. Müəyyən edilir ki, cavabdeh ona təqdim edilmiş kart hesabının qalığından əməliyyat aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməli və cavabdeh Banka məxsus olan 71.58 ABŞ dolları vəsaitindən hüquqi əsassız olmadan istifadə etdiyindən qətnamənin icra oldunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 71.58 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən hüquqi əsas olmadan istifadə edilmiş 71.58 ABŞ dolları pul vəsaitinə münasibətdə 5 %-lə hesablanmış 1.04 ABŞ dolları hissəsində də təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə tələbi bu hissədə əsaslı hesab edir və bu səbəbdən cavabdehdən qeyd olunan pul vəsaitinə münasibətdə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən hüquqi əsas olmadan istifadə edilmiş 71.58 ABŞ dolları pul vəsaitinə münasibətdə 30 %-lə hesablanmış 4.47 ABŞ dolları münasibətdə əsaslı deyildir. Belə ki, iddiaçı hazırki tələbində cavabdeh tərəfindən hüquqi əsas olmadan istifadə edilmiş 71.58 ABŞ dolları pul vəsaitinə münasibətdə faiz olaraq hesablanmış yuxarıda qeyd olunan məbləğin - 30 %-lə hesablanmış 4.47 ABŞ dolları pul vəsaitinin xx.xx.2023cü il tarixli Standart Şərtlərə uyğun olaraq hesablandığını qeyd etsə də, lakin iş materiallarına həmin “Standartlar Şərtlər”ə dair material əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tələb qeyd olunan hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 0.40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən qətnamənin icra oldunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 71.58 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh qətnamənin icra oldunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 71.58 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 0.40 manat bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar