Məhkəmə qərarları › İş №e-2(010)-446/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-446/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-446/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Əsədov Emı̇ l Ası̇ f oğlunun Cavabdeh İdrı̇ s qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) payın naturada ayrılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Əsədov Emı̇ l Ası̇ f oğlu Cavabdeh İdrı̇ s qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla) payın naturada ayrılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evində olan 1/2 (ikidə bir) hissə payının naturada ayrılması, həmin fərdi yaşayış evinə onun məcburi köçürülməsi və evdən istifadə qaydasının müəyyən edilməsi, hüquqi xidmət üçün ödədiyi 320 manat xərcin və ödədiyi 100 manat dövlət rüsumunun (cəmi 420 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, Əsədova (nikah pozulduqdan sonra Şabanova) Elnurə İdris qızı ilə 18 mart 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyat qurmuş, birgə nikahdan 31 avqust 2013-cü il tarixdə Məryəm, 23 iyun 2016-cı il tarixdə Günəş adlı qız övladları dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(009)-316/2018 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra onun “əmlak bölgüsü” tələbinə dair iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(103)- 5865/2020 saylı qətnaməsi ilə birgə nikah dövründə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin 2018-ci il tarixə bazar dəyəri olan 130.000 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə onun, ½ hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icraya yönəldilməsinə baxmayaraq, cavabdeh razı olmadığından o, payı olan həmin evdən isitifadə edə bilmirəm və qətnamədə 1/2 payın alınıb ona verilməsi qət edilmədiyindən icraçılar payın dəyərinin də alınıb ona verilməsini icra edə bilməmişlər. Ona görə belə hesab edir ki, həmin paylı mülkiyyətdə olan əmlakdakı payın naturada ayrılmalı, evdən istifadə qaydası müəyyən edilməklə onun məcburi qaydada həmin evə köçürülməyi məhkəmə qaydasında həyata keçirilməlidir. Tərəflərin izahatları.

3. Cavabdeh İdrı̇ s qızına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

İş materialları.

6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Çıxarışından görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X1 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

7. AZ-İ seriyalı, 435730 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Əsədova Elnurə İdrı̇ s qızı arasında olan nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5865/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000 manat xərcinin 2/5 (40 faiz) hissəsinə İddiaçı, 3/5 (60 faiz) hissəsinə isə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququnun tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-41/2020 saylı mülki iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000,00 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin birgə nikah dövründə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində 2 mərtəbəli yaşayış evi tikilmişdir. Həmin ev onların birgə nikah dövründə birgə əldə etdikləri vəsaitlər hesabına tikildiyindən bu evin hazırkı bazar dəyərində, yəni evin tikintisinə çəkilmiş xərcə onların payı müəyyən olunmalıdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5865/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli 2(103)-5865/2020 saylı qətnaməsinə izah verilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

10. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5865/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000,00 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüququ müəyyən edilmişdir. Həmin icra vərəqəsi ilə 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5865/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi aidiyyatı üzrə icra edilməsi üçün geri qaytarılmışdır.

İşin faktiki halları.

11. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə obyekti olan fərdi yaşayış evi sənədsiz tikilidir. Əvvəlki məhkəmə qətnaməsi ilə evin tikintisinə sərf edilmiş vəsaitə tərəflərin 1\2 hissədə payları müəyyən olunub, lakin, məhkəmə qətnaməsi hər hansı şəkildə icra olunmayıb, eyni zamanda qətnaməyə izah da verilməmişdir. Hazırki tələbində iddiaçı ona məxsus payın naturada ayrılmasını və həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir. Tələbində iddiaçı ona istinad edir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə həmin fərdi yaşayış evinin dəyərinə münasibətdə onun ½ hissə payı müəyyən edilmiş, lakin qətnamənin icrası mümkün olmamışdır. Nə qədər ki, qətnamənin icrası mümkün deyil, hesab edir ki, həmin mübahisəli əmlaka onun payı müəyyən edilməli və o həmin əmlaka köçürülməlidir. Cavabdeh tərəf məhkəmə iclasları barədə məlumatlandırılsa da, cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə ilk öncə iddia tələbinin iddiaçının Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evində olan 1/2 (ikidə bir) hissə payının naturada ayrılması hissəsinə münasibətdə bildirir ki, hazırkı iş üzrə mübahisə obyektini təşkil edən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə dair tərəflərin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur və mübahisəli ev qanunsuz tikilidir. İddiaçı tələbinin bu hissəsində mülki qanunvericiliyin paylı mülkiyyətdən payın naturada ayrılmasını tənzimləyən normalarına istinad edir. Həmin normaların tələblərinə görə yalnız mülkiyyət hüququ tanınmış əmlakın paylı mülkiyyətçisinin payı naturada bölünə bilər. Mübahisə obyekti özbaşına tikili olduğuna görə, mülkiyyət və mülkiyyətin müdafiəsi hüququnu tənzimləyən maddi hüquq normaları həmin tikiliyə tətbiq edilə bilməz. Hazırki işdə isə tərəflərin qeyd olunan mübahisəli fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqlarının olması müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.

17. Məhkəmə iddia tələbinin iddiaçının Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi hissəsinə münasibətdə isə bildirir ki, tələb iddiaçının evə köçürülməsi hissəsində əsaslıdır. Ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnaməsi ilə fərdi yaşayış evinin həmin dövr üçün bazar dəyəri olan 130.000,00 (yüz otuz min) manat xərcin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Əsədova (Şabanova) Elnurə İdris qızının pay hüquqları müəyyən edilməklə, artıq həmin fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə əldə edildiyi müəyyən edilmişdir. Həmin qətnamə hər iki tərəf üçün preyudisialdır və həmin qətnamə ilə təsdiq edilmiş halın hazırkı işdə yenidən araşdırılmasına zərurət yoxdur. Deməli, nə qədər ki, həmin ev tərəflərin birgə nikahı dövründə və birgə gəlirləri hesabına əldə edilib və cavabdeh hazırda həin evdə yaşayır, eyni zamanda iddiaçı həmin evə çəkilən xərcin öz payına düşən hissəsini məhkəmə qətnaməsi icra edilə bilmədiyinə görə ala bilməmişdir, deməli iddiaçının həmin evə köçüb yaşamaq hüququ vardır. Ona görə ki, iddiaçının həmin evin dəyərinin yarısına payı tanınmışdır və onun həmin evdə payına münasibətdə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözləntisi vardır. Tələbin evdən istifadə qaydasının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, bu hissədə tələb əsaslı deyildir. Ona görə ki, iddiaçı tələbin bu hissəsini hər hansı bir formada əsaslandırmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı da tələbin bu hissəsi ilə bağlı qiymət verilməli faktiki hal müəyyən edilməmişdir.

18. Tələb edilən hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 320 manata münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan pul vəsaitini tələb etsə də, lakin iddia ərizəsinə hüquqi yardım göstərilməsi ilə əlaqədar pul vəsaitinin ödənilməsi barədə sübut əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İdrı̇ s qızından tutularaq iddiaçı Əsədov Emı̇ l Ası̇ f oğluna ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Əsədov Emı̇ l Ası̇ f oğlu Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İdrı̇ s qızından tutularaq iddiaçı Əsədov Emı̇ l Ası̇ f oğluna ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :

İddia qismən təmin edilsin. İddiaçı Əsədov Emı̇ l Ası̇ f oğlu Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İdrı̇ s qızından tutularaq iddiaçı Əsədov Emı̇ l Ası̇ f oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar