Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4463/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, azyaşlı uşaqları - 30 sentyabr 2006-cı il təvəllüdlü X10 və 15 aprel 2010-cu il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə həcmini azaldaraq, onun və azyaşlı uşağı – 15 aprel 2010-cu il təvəllüdlü Cavabdeh2 Ceyhun qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2006-cı ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, həmin zamanlar onun anasının yaşadığı evə gəlin köçmüş, 07 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Onlar rəsmi nikaha daxil olan zamanda artıq bir övladları – 30 sentyabr 2006-cı il təvəllüdlü X10 var idi. Rəsmi nikaha daxil olduqdan sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evini alıb, ora köçmüş, 15 aprel 2010-cu ildə isə balaca qızları X11 həmin evdə anadan olmuşdur. Bildirmək istəyir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evini alan zaman həmin ev 2 otaqlı ev idi. Onlar evi aldıqdan sonra evdə əlavə tikili tikərək, evi 3 otaqlı etdilər. Evi tam təmir edib, evdə hər şəraiti yaratdılar. Həmin evdə özləri, yəni Cavabdeh1, onun anası Cavabdeh2, iddiaçı və uşaqlar qalırdılar. Onlar həmin evdə 2024-cü ilin mart ayınadək yaşadılar, sonra isə cavabdehlə aralarında olan nikah münasibətləri korlandı. 2024-cü ilin mart ayında qaynanası onu evdən qovdu, o uşaqlarını da götürüb evdən getməyə məcbur oldu, lakin o, evdən gedərkən bütün əmlakı həmin evdə qaldı. Evdən gedəndən sonra uşaqlarla kirayədə yaşamağa başladılar. Bildirmək istəyir ki, onkoloji xəstədir, daimi müalicəyə ehtiyacı var, İİ qrup əlildir. Artıq iki uşaqla kirayədə yaşamaq onun üçün xüsusi çətinlik yaradır. Kirayə haqqı vermək, uşaqlara baxmaq, işləmək, müalicə olmaq həyatını dözülməz həddə çatdırıb. 2024-cü ilin mart ayından cavabdehlər onları öz evinə buraxmır, onun bütün əmlakları da həmin evdə qalıb. Məhkəmədə iddia qaldırmazdan əvvəl onun qızı həmin evə gedərkən evdən onun əmlaklarımın qablaşdırılmasını görüb, bunu videoya çəkmişdir. Bundan sonra o bildi ki, cavabdeh onun öz evinə köçüb yaşamağının qarşısını almaq üçün onun əmlaklarını həmin evdən çıxarıb, evi satmaq istəyir. Sonradan bildi ki, hətta cavabdehlər evi 60000 manata satılması üçün elan da veriblər. Belə ki, məhkəmənin nəzərinə çatdırılır ki, həmin ev qanunsuz tikilidir, heç bir müəyyənedici sənədi yoxdur, sadəcə evi boşaldıb başqa şəxsə verməklə evi satacaq, bununla da onu bütün əmlakından məhrum edəcəkdir. O, hal hazırda onun azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evinə köçürülmək istəyir. Bunun üçün isə o, onlara mediasiya təklifi göndərmiş, lakin onlar mediasiyada iştirak etməmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, onun bütün cehiz əmlakları hal-hazırda da həmin evdədir. Bərabərlik prinsipinə uyğun olaraq onun da azyaşlı uşaqları ilə birlikdə cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni onun tikiliyə köçürülməyindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmənin nəzərinə çatdırılır ki, onlara məxsus həmin yaşayış evi qanunla müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən, yaşamaq üçün hər cür şəraiti olan yaşayış evidir və həmin evə köçüb yaşamağı üçün heç bir texniki maneə yoxdur. O həmin evdən çıxsa da bütün əmlakı həmin evdə qalmış, daimi yaşayış yeri hesab edilən həmin mənzildən məhrum edilmişdir. Hal-hazırda həmin mənzil onun daimi yaşayış yeri hesab edilsə də, cavabdeh onu azyaşlı uşaqları ilə daimi yaşayış yerindən məhrum etdiyindən o, başqa yerdə yaşamağa məcbur olmuşdur. Onun yaşamağa başqa yeri olmadığına görə cavabdehə qarşı məhkəmədə iddia qaldırmalı, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, onların 07 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaqları və birgə nikahda olduqları dövrdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evini alıb və həmin evdə yaşamaları rəsmi sənədlərlə sübuta yetir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddianı müdafiə edirlər. Cavabdeh tərəf iddianın əsaslarının bəzi hissələrini qəbul etmişdir. İddiaçı 2007-ci ildən həmin evdə yaşamışdır. Cavabdehlər onu qovmadıqlarını desələr də, işin hallarında görünür ki, iddiaçını orada yaşamağa qoymurlar. Özləri bunu etiraf etmişdir. Sadəcə mediasiya təklifi göndərilən ərəfədə mübahisəli evi satmışdılar. Onun satılıb-satılmaması əhəmiyyət kəsb etmir, çünki belə bir əqd bağlana bilməz. Satılmasına da inanmırlar. Görüntü üçün yaradılmış ssenaridir. Satılsa belə o əhəmiyyətsiz bir əqddir. İddiaçı öz iddiasında israrlıdır. İddia tələbini dəyişərək, satışdan əldə olunmuş vəsaitin yarısını tələb etmək istəmişdirlər. Cavabdehlər özü etiraf edirlər ki, 2007-ci ildən orada birgə yaşamışlar. Bu səbəbdən mənzilə iddiaçının hüququ yaranmışdır. Əlizadə Mədinənin artıq 18 yaşı tamam olmuşdur. Bu səbəbdən iddiaçının onun həmin mənzilə köçurülməsini tələb etmək hüququ yoxdur. Bu hissədə iddianı azaldırlar. Uşaqlar həmin mənzildə qeydiyyatdadırlar. Həmin mənzilə rəsmi nömrə verilmişdir. İddia predmeti olan mənzilin alınması üçün cavabdehə aid mənzilin satılması sübuta yetirilmir. İddiaçının qaynanası ilə münasibətləri gərgin olduğuna görə kirayə çıxıblar. Cavabdeh evin ona məxsus olması barədə bir sübut təqdim etməmişdir. Kommunal xəttlər də Ceyhunun adına olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, 2007-ci ildə evi satmış, 1 ay içində mübahisəli evi almışdır. Ev yiyəsindən 2 ay vaxt istəmişdir ki, evi təmir etsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, Məhəmməd adlı şəxsi tanıyır. Qəbz Xəyalə xanımın özündədir. Anası da, o da imzalamışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X12 izahat verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. 2007-ci ildə alqı-satqı vasitəsi ilə alınmışdır və iddiaçı ora köçmüşdür. Həmin mənzil heç vaxt Ceyhuna və ya iddiaçıya məxsus olmamışdır. Şəfiqə xanım özünə məxsus evi sataraq bu mənzili almışdır. Sadəcə iddiaçı gəlin kimi həmin mənzildə yaşamışdır. Davamlı mübahisələr olduğuna görə hətta Ceyhun yoldaşı ilə bir müddət kirayələrdə yaşamışdır. İlk öncə qarşı tərəf əşyalar ilə bağlı mübahisə qaldırmışdır. Həmin əşyaların çox hissəsini Ceyhun almışdır. Həmin evin alqısatqısını səsləndirmək belə düzgün olmaz. Qanunla belə evlərin alqı-satqısı mümkün deyil. Bu da hər bir halda Ceyhuna aid bir məsələ deyil, onun anası tərəfindən təmzimlənən bir məsələdir. Məhkəmə tərəfindən yerli baxış həyata keçirilmişdir, orada yaşayan şəxs 3-cü şəxs qismində cəlb olunmuş, məhkəmədə izahat vermişdir. Mübahisəli ev Ceyhun tərəfindən alınmış olsaydı, birgə təsərrüfat nəticəsində əldə olunmuş olsaydı, qarşı tərəf onun satışından əldə olunmuş vəsaitin bölünməsini tələb edə bilərdi. Lakin qarşı tərəf də bu evin birgə təsərrüfat nəticəsində alınmadığını bildiyinə görə belə bir iddia qaldırmamışdır. Birgə nikah dövründə əldə olunmuş əmlakdan söz gedə bilməz. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 bildirmişdir ki, evi Şəfiqə xanımdan almışdır. 59000 manata almışdır. Çıxarışsız olduğunu bilirdi. Notariusda sənədləşmə aparmışdırlar. Qeyd edir ki, o elanı Tap.az-dan görmüşdür. Maklerlə əlaqə saxladı, Şəfiqə xanımla danışdılar, beh verdi. Sonra da notariusa getdilər. Gəlini barədə heç nə soruşmamışdır. Gəlinin orada yaşadığını ona deməyiblər. İş materialları. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Mediasiya Sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında MŞB/8/2024-01769 nömrəli mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh1 iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən mediasiyaya dair 50 manat və kargüzarlıq xərci olaraq 10 manat məbləğində xərc ödənilmişdir. Bakı şəhəri Suraxanı Rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 329630 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Vİddiaçı arasında 07 iyul 2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 775 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 961493 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh1, anası İddiaçı) 30 sentyabr 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1518 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 576012 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası Cavabdeh1, anası İddiaçı) 15 aprel 2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 203 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2962 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük (O.Şabanov) küçəsində yerləşən 20/15 saylı evdə qeydiyyatsız yaşayır. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X11 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı evdə 16 aprel 2016-cı il tarixindən qeydiyyatdadır. Onunla birlikdə Cavabdeh1, X10, X13 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi (xəstəlik tarixindən) xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı “sol süd vəzin xərçəngi pT2N2M0 İİİ a mərhələ” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, yaşayış evinin şəkilləri çəkilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC qəbzindən görüür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şaban, Çöllük küçəsi, Ev: 0610, mənzil: 0486 –də quraşdırılmış sayğac (abunə kodu: **********0486) X3 adına qeydiyyatdadır. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli AR-İİİ № 394665 nömrəli etibarnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov (keçmiş Çöllük küçəsi) ünvanı ərazisində yerləşən yaşayış evi ilə bağlı hərəkətləri həyata keçirmək üçün Cavabdeh2 tərəfindən xx.xx.2114-cü il tarixədək X5 etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə baxış zamanı müəyyən edilir ki, ev 3 otaqdan ibarətdir. Həmin evdə hal-hazırda 3-cü şəxs qismində işə cəlb olunmuş X8 ailəsi ilə birlikdə qalır. Evin qapısını da X3 yoldaşı açmışdır. İş materiallarında olan 2013-cü il tarixli Dövlət Neft Şirkəti “Azəriqaz” İB X15 Sahəsinin abonent kitabçasından görünür ki, Hövsan qəsəbəsi, O. Şabanov küçəsi ünvanında Cavabdeh1 qaz istehlakçısı olaraq qeyd edilmişdir. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 3/1021 saylı, 21 iyun 2013-cü il tarixli Müqavilədən görünür ki, Paylayıcı – Suraxanı QİS bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçı – Cavabdeh1 keyfiyyətli qazla təmin edir. İstehlakçı – Cavabdeh1 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı – Suraxanı QİS tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan "xxxx" MMC qəbzlərindən görünür ki, Cavabdeh1 O.Şabanov ünvanında qaz sərfiyyatı ilə bağlı xərclərin ödənişini həyata keçirmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2012-ci il tarixli, 009780 nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh1 yaşadığı Hövsan qəsəbəsi, O. Şabanov küçəsi ünvanında G4 “mexaniki” tipli ******* nömrəli qaz sayğacı çıxarılmış və G4 “itron” tipli 1202AQ**********8 nömrəli digər sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş 2007-ci və 2018-ci il tarixli foto-şəkillərdən görünür ki, yaşayış evində ailə daxili şəkillər çəkilmişdir. xx.xx.2007-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13-cü Sahil küçəsi, ev 10, mənzil 155-də yerləşən 2 otaqlı, yaşayış sahəsi 28.88 kv.m. olan mənzili alıcının, yəni X9 mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 16557 manata satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 11-ci bəndinə əsasən, Satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 2007-ci ilin mart ayının axırınadək onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 13-cü bəndinə əsasən, Satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən üç ay müddətinə ailəsi ilə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı 134054 nömrəli xx.xx.1997-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, 13-cü Sahil küçəsi, 10 №-li yaşayış evinin 155-ci mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 LG XBOOM, SAMSUNG GALAXY A32, Samsung Led, Paltaryuyan LG məhsulları üzrə hal-hazırda qalıq borcu yoxdur. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 20 iyun 2024-cü il tarixli Müqavilədən görünür ki, Paylayıcı – “Azəriqaz” İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçı – X1 qazla təmin edir. İstehlakçı – X8 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı – “Azəriqaz” İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2024-cü il tarixli Qaz paylacısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qazın Satışı Departamenti ilə istehlakçı X8 arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılmışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “İri şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi ilə X8 arasında su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə Dövlət Standartlarının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edən Müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, o, onun faktiki istifadəsində və ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 100 kv/m torpaq sahəsi və 3 otaqlı mənzillə əlaqədar X8 tərəfindən ona 59000 manat tam şəkildə verilmişdir və o, həmin pulu tam almışdır. Həmin torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə qarşı gələcəkdə X5 qarşı heç bir maddi və mənəvi iddiası olmayacaq və heç bir şəxsin bu torpaq sahəsinə və evə qarşı iddiası olmayacağına zərurət verir. Bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan fleş-kartında olan yazılardan görünür ki, Cavabdeh2 mənzili X2, mənzilin video görüntüləri çəkilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı. 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 07 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, mübahisəli hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə digər Cavabdeh2 ilə bir yerdə köçmüşdürlər. Cavabdeh2 Cavabdeh1 anası, iddiaçının qayınanasıdır. Tərəflərin birgə nikahdan iki övladı – 30 sentyabr 2006-cı il təvəllüdlü X10 və 15 aprel 2010-cu il təvəllüdlü X11 doğulmuş, bu uşaqlardan biri – X11 yetkinlik yaşına çatmamışdır. Məhkəmə tərəfindən onların nikahlarının pozulmadığı müəyyən edilmişdir. İddiaçı köçürülmək istədiyi mübahisəli hesab edilən ev - özbaşına tikilidir. O, həmin evdə yaşamış, sonra isə uşaqları ilə birlikdə həmin mənzildən çıxmışdır, hazırda azyaşlı uşaqla – 15 aprel 2010-cu il təvəllüdlü X11 ilə birlikdə həmin mənzilə köçürülmək tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 onun mülkiyyətində olan dövlət qeydiyyatına alınmış 2 otaqlı mənzili xx.xx.2007-ci il tarixində 16577 manata satmışdır. Həmin daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, o, evdən 2007-ci ilin mart ayının axırınadək sahiblik və istifadə edə bilərdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, o, mülkiyyətində olan qeyd edilən mənzili satdıqdan 1 ay sonra həmin vəsait hesabına qanunsuz tikili hesab edilən mübahisəli evi almışdır. İddiaçı Cavabdeh1 ilə xx.xx.2027-ci il tarixində rəsmi nikah bağlamışdırlar. Həmin vaxt üçün özbaşına tikili artıq alınmış və cavabdehlərlə iddiaçı ora köçmüşdürlər. Bu halın müəyyənləşdirilməsi onun üçün zəruridir ki, mübahisəli hesab edilən ev özbaşına tikili olduğu üçün onunla bağlı Mülki və/və ya Mənzil Məcəlləsinin istifadə hüququnun yaranması ilə bağlı müddəaları tətbiq edilə bilməz. Ev özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, evin kimin vəsaiti hesabına alınmasının müəyyən edilməsindən birbaşa asılıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) həmin evdən istifadə və evə köçürülmək hüququ yoxdur. Mübahisəli ev özbaşına tikili olduğu üçün, o, müstəqil daşınmaz əmlak statusuna malik olub ər-arvad arasında bölgünün predmeti ola bilməzdi. O, yalnız fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər olub, ərarvadın ümumi birgə əmlakı hesab edilə bilər. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onun əmlakdan istifadəsinin mümkünlüyünə baxa bilərdi. Lakin hazırki mübahisədə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə etmir, onların ümumi birgə əmlakı hesab olunmur. Belə ki, mübahisəli mənzil Cavabdeh2 vəsaitləri hesabına əldə edilmişdir. Belə olan halda, bu müddəalar hazırki mübahisəli ev ilə bağlı tətbiq edilmir. İddiaçı ilə Cavabdeh1 birgə nikahdan olan azyaşlı övladı – 15 aprel 2010-cu il təvəllüdlü X7 mübahisəli evə köçürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, ev qanunsuz tikili olduğundan, onunla bağlı Mənzil Məcəlləsinin müddəaları tətbiq edilə bilməz, çünki belə olan halda özbaşına tikiliyə daşınmaz əmlakın statusu verilmiş olardı. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının və onun azyaşlı uşağı – 15 aprel 2010-cu il təvəllüdlü Cavabdeh2 Ceyhun qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməyinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı və onun azyaşlı uşağı – 15 aprel 2010-cu il təvəllüdlü Cavabdeh2 Ceyhun qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməyinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4463/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4463/2024
09.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver