Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4551/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi X5 qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində onun, Ərizəçi mülkiyyət hüququnun, yəni sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Laçın rayonunun işğalından sonra Bakı şəhərinə gələrək Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsi, 7 saylı ev, 20 №-li mənzildə məskunlaşaraq həmin vaxtdan bu günədək qeyd olunan ünvanda bu mənzildə yaşayır. Qeyd olunan mənzil həmin vaxtdan bu günədək onun sahiblik və istifadəsində olmuş, mənzillə bağlı bu günədək hər-hansı mübahisə yaranmamış və hər hansı şəxsin tələbi olmamışdır. Artıq 1992-ci ildən bu günədək, yəni 33 ildir ki, o, həmin mənzilə fasiləsiz olaraq sahiblik edir və mənzildən istifadə edir. Mənzildə yaşadığı müddət ərzində ailə həyatı qurmuş və ailə üzvləri, X1, X3, X4 ilə birlikdə həmin mənzildə yaşayır. Ailəsi ilə birlikdə yeganə yaşayış yeri həmin mənzildir. Mənzilin kommunal ödənişləri də artıq 33 ildir ki, tərəfindən ödənilir. Mənzilin 33 ildir onun istifadə və sahibliyimdə olması işin mübahisəsiz haldır. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə və Mənzil Məcəlləsinin 146.1-ci ləsinə əsasən, o, həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüququna sahibdir. Müvafiq mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi və bu barədə Çıxarışın alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdı. Həmin mənzilə dair ona Çıxarışın verilməsi yalnız məhkəmə tərəfindən həmin mənzil üzərində onun mülkiyyət hüququnun, yəni sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması barədə qərar qəbul edildiyi təqdirdə mümkündür. Bu səbəbdən xususi icraat qaydasında ərizə ilə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət etmədən müvafiq mənzil üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə Çıxarışı əldə etməyi mümkün olmamışdır. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 105 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 237№-li və 238№-li arayışlardan da görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsi, 7 saylı ev, 20 N№-li mənzildə Ərizəçi öz ailə üzvləri - X1, X3, X4 ilə birlikdə həmin mənizildə yaşayır. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək bildirmişdir ki, ərizənin tam təmin edilməsini xahiş edir. Maraqlı şəxslər Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçi uşaqları ilə qalır. Özü 1992-ci ildən orada yaşayır, 5-ci mərtəbədə qalır, ərizəçi isə 1-ci mərtəbədə qalır. 9 mərtəbəli binadır. Heç vaxt münaqişə olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, ərizəçini 33 ildir tanıyır, 1-ci mərtəbədə olurlar. Laçından gəliblər. Həmin mənzildə onlardan əvvəl heç kəs yaşamırdı. Anbar kimi olub. Özü onlardan sonra binada ev alıb, köçmüşdür. Heç vaxt münaqişə olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, özü sözügedən binanın 9-cu mərtəbədə olur, ərizəçi onlardan sonra köçüb, ondan öncə həmin mənzildə heç kəs qalmırdı. Anbar kimi idi. ərizəçi ailəsi ilə 1-ci mərtəbədə yaşayırlar, Ağasəmət 7-ci mərtəbədə qalır. Münaqişəli vəziyyət olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ərizəçinin qonşusudur, bir blokda qalırlar, özü 1990-cı ildə köçmüşd, ərizəçi isə onlardan sonra köçüb. Həmin mənzildə heç kəs yaşamırdı, lakin binada yaşayış var idi. Heç vaxt münaqişə olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçinin qonşusudur, bir blokda qalırlar. Özü 2000-ci ildən orada qalır, lakin ondan öncə də orada mağaza işlədirdi, Azər gəlib gedirdi. Hazırda eyni blokda qalırlar. Azər həmin blokda öncədən yaşayırdı. Mübahisəli hal olmayıb. İş materialları. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 105 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 237№-li və 238№-li arayışlardan da görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsi, 7 saylı ev, 20 №-li mənzildə Ərizəçi öz ailə üzvləri - X1, X3, X4 ilə birlikdə həmin mənizildə yaşayır. Ərizəçi həmin mənzildə Laçın rayonundan məcburi köçkün kimi məskunlaşıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məlumatların verilməsi barədə cavab məktubundan görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 7, 20 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Ərizəçi Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 7, 20 saylı mənzildə qeydiyyatdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində onun, Ərizəçi mülkiyyət hüququnun, yəni sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab etsə də, həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin itirilməsini və ya bu sənədlərin məhkəmədən kənar qaydada bərpa edə bilməməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli məlumatların verilməsi barədə cavab məktubundan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 7, 20 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Lakin, şahidlərin ifadələrindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün olmuş və 1992-ci ildən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 7, 20 saylı mənzildə məskunlaşmış, həmin mənzilə bütün bu müddət ərzində fasiləsiz sahiblik etmiş və ondan istifadə etmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, maraqlı şəxslər Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmiş və ərizəçinin tələbi ilə bağlı məhkəməyə heç bir etiraz təqdim etməmişdirlər. Məhkəmə hesab edir ki, belə olan halda, əmlaka sahiblik və ondan istifadə etmək faktının digər yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun əmlaka sahiblik və ondan istifadə etmək faktlar müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və ondan istifadə etmək faktlar müəyyən edilməlidir. Məhkəmə xərcləri. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və ondan istifadə etmək faktlar müəyyən edilsin Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva