Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4664/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və evin təhvil verilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və evin təhvil verilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ünvanında yerləşən, 80.1 m2 yaşayış sahəsindən ibarət, 4 otaqlı, 161 nömrəli fərdi yaşayış evindən çıxarılması və evin ona təhvil verilməsi, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat xərcin və 50 manat dövlət rüsumunun – cəmi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H. Allahverdiyev küçəsində yerləşən 161 saylı fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, FM seriyalı, 033766 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu X4 ilə xx.xx.2000-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və ailə qurduqdan sonra 2003-cü ildə onun mülkiyətində olan evə köçmüşdür. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-527/2025 saylı qətnaməsi ilə oğlu X4 ilə Cavabdeh arasında olan nikah akt qeydi pozulmuşdur. Lakin bu günədək cavabdeh onun xüsusi mülkiyyətində olan evdə yaşamağa davam edir. 10 ildir ki, mülkiyyətindən məhrum olmuşdur. Cavabdehlə birlikdə eyni evdə, eyni ünvanda yaşamaq söz-söhbətə, münaqişələrə səbəb olur. Artıq onun üçün yad olan bir şəxsin xüsusi mülkiyyətində qalması mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Hətta bir neçə dəfə cavabdeh ilə oğlu arasında münaqişə baş vermiş və cavabdeh oğlunun üzərinə bıçaqla hücum çəkərək, ona xəsarət yetirmək istəmişdir. Cavabdeh ilə arasında mübahisələrin baş verməsi artıq adi hala çevrilmişdir. Cavabdeh, eyni zamanda onu da müxtəlif yollarla mübahisəyə təhrik edir və mülkiyyətində olan evdən normal qaydada istifadəyə imkan vermir. Hər hansı bir hadisə baş verməsin deyə məcbur qalaraq özü arvadı ilə birlikdə həmin həyətdə ayrıca şəraitsiz bir evdə yaşayır. Mübahisənin məhkəmədən kənar həlli qaydasında mediasiyaya müraciət etsə də cavabdeh mediasiya prosesində ona məxsus evdən çıxmayacağını və evdə yaşamağını davam etdirəcəyini bildirmişdir. Hesab edir ki, cavabdehin ona məxsus evdən heç bir istifadə hüququ yoxdur. Qeyd olunan evdə faktiki yaşamış olsa belə bu hallar cavabdehin həmin evdən hansısa subyektiv hüququnun, o cümlədən istifadə hüququnun yaranması demək deyildir. Çünki cavabdeh həmin evdən istifadə hüququna bu şərtlə malik ola bilərdi ki, həmin hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında yaranmış hüquq münasibətləri 2001-ci ildən sonra yaranmışdır. Cavabdehin onun mülkiyyətində olan evdə yaşaması, onun qeyd edilən evə istifadə hüququnu əldə etməsinə dəlalət etmir. Çünki cavabdeh qeyd olunan evin mülkiyyətçisi olan keçmiş qayınatasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi evin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də cavabdehin bu istəyi keçmiş ərinin deyil, keçmiş qayınatasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından və eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərilən əsaslar üzrə o, mübahisəli evdən çıxarılmalıdır.
İddia tələbinə etiraz.
3. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyat vəsiqəsinə istinad edərək iddia qaldırmışdır. Həmin qeydiyyat vəsiqəsinə nəzər yetirdikdə onun verilmə tarixinin 2005-ci il olduğu görünür. Buradan da anlaşılır ki, cavabdeh iddiaçının qeyd etdiyi 2003-cü il tarixdə həmin evə köçərkən evə dair heç bir sənəd mövcud olmamışdır. Buradan da aydın olur ki, evin sənədi olmadığından cavabdeh iddiaçı ilə notarial qaydada razılıq ərizəsi bağlaya bilməzdi. Bu baxımdan da tərəflər arasındaki münasibətlər köhnə mənzil məcəlləsi ilə tənzimlənməlidir. Əsas məsələ isə cavabdehin istifadə hüququnun mövcudluğu məsələsidir. İddia ərizəsində də qeyd edildiyi kimi iddiaçının oğlu ilə cavabdeh xx.xx.2000-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Odur ki, tərəflər arasındakı münasibətlər yeni Mülki Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmışdır. Konstitusiya Məhkəməsinin şərhindən də görünür ki, yeni Mülki Məcəllə qüvvəyə minənədək yaranmış münasibətlər köhnə Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Mənzil Məcəlləsinə əsasən də cavabdehin qayınatasının evinə istifadə hüququ yaranmışdır. Həmin hüquqa kompensasiyasız xitam vermək mümkün deyildir. Həmçinin iddiaçı iddia ərizəsində oğlu ilə cavabdehin arasında nikahın pozulduğunu bildirsə də, bu doğru deyildir. Belə ki, nikahın pozulmasına dair Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən hazırda kassasiya şikayəti verilmişdir. Odur ki, iddiaçının qeyd etdiyi qətnamə qanuni qüvvəsini almamışdır. Həmçinin cavabdehin mülkiyyətində heç bir daşınmaz əmlak mövcud deyildir. Hazırda da qeydiyyatda olduğu ünvanda yaşamaqda davam etməkdədir. Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 033766 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ünvanında yerləşən, ümumi sahəsi 203 m2, yaşayış sahəsi 80.1 m2 olan, 4 otaqlı, 161 nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 04 saylı reyestr kitabının 518-ci səhifəsində 30518 nömrə ilə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 527/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, X4 və Cavabdeh arasında Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində xx.xx.2000-ci il tarixdə 464 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər - ...xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh...
İşin faktiki halları.
10. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
11. Cavabdeh İddiaçı keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu Elnur Bayramov və Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
12. Həm İddiaçı, həm də Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh həmin evdə yaşayır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008ci il tarixli qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarı.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
17. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin yaşadığı fərdi yaşayış evi 2005-ci ildə İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının gəlini kimi həmin evə köçsə də artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının oğlu və cavabdeh arasındakı nikah pozulmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələb etmişdir ki, cavabdeh mübahisəli evdən çıxarılsın. Cavabdeh tərəf isə iddianı qəbul etməmiş, etiraz onunla əsaslandırılmışdır ki, artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən, Cavabdeh mübahisəli ev üzərində istifadə hüququ yaranmışdır və bu hüquqa kompensasiyasız xitam verilməsi mümkün deyil.
18. Göründüyü kimi, iddiaçının mübahisəli evin mülkiyyətçisi olması, cavabdehin iddiaçının gəlini kimi həmin evə köçmüş olması tərəflər arasında mübahisəsiz olsa da cavabdehin ev üzərində istifadə hüququnun yaranıb-yaranmaması məsələsi mübahisəlidir. Mübahisəli məsələ ilə əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının oğlu və cavabdeh arasındakı nikah xx.xx.2000-ci il tarixdə bağlanmışdır. Cavabdeh tərəf məhz bu əsasla tərəflər arasındakı mübahisəli hüquq münasibətinin 2000-ci il sentyabr ayının 1-dən (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvəyə mindiyi tarixdən) əvvəl yaranmasına, dolayısı ilə məsələyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yox, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olmasına, buna görə də cavabdehin evdən istifadə hüququnun yaranmasına istinad etmişdir.
19. Məhkəmə isə qeyd edilən mövqe ilə razılaşmır. İlk növbədə ona görə ki, iddiaçının oğlu və cavabdehin xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olması tərəflər arasındakı mübahisəli hüquq münasibətinin həmin tarixdən yarandığını göstərmir. Nəzərə alınmalıdır ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti cavabdehin evdən istifadə hüququ ilə əlaqədardır ki, bu münasibətin yaranması da cavabdehin mübahisəli evə köçdüyü tarixə bağlıdır. Hazırkı işdən görünür ki, cavabdeh tərəf cavabdehin mübahisəli evə köçməsinin 2003-cü ildə baş tutmasını mübahisələndirməmiş, sadəcə olaraq, nikahın xx.xx.2000-ci ildə bağlanmış olması əsası ilə mübahisəyə artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olduğunu hesab etmişdir. Məhkəmə isə yuxarıda qeyd edilənlərə əsasən, bu qənaətin doğru olmadığı nəticəsinə gəlmişdir.
20. Digər tərəfdən, cavabdehin mübahisəli evə köçməsinin nikahın bağlandığı xx.xx.2000-ci ildə baş tutmuş olması müəyyən edilsə idi belə bu hal hazırkı mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normalarının tətbiqi üçün əsas təşkil etməzdi. Ona görə ki, cavabdeh tərəfin etirazında da istinad etdiyi Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrindən görünür ki, bu maddələrdə söhbət “icarədar”ın və ya “yaşayış evi mülkiyyətçisi”nin evinə köçən şəxsin istifadə hüququndan gedir. Hazırkı işdən isə görünür ki, mübahisəli ev üzərində 2005-ci ildə iddiaçının mülkiyyət hüququ yaranmış, həmin vaxta qədər iddiaçının ev üzərində icarədar və ya mülkiyyətçi kimi hər hansı hüquqa sahib olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
21. Hazırkı mübahisə ilə bənzər elementləri olan “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında qeyd edilmişdir ki: “...Lakin qeyd olunduğu kimi, cavabdeh M.Bəylərov münasibətlərin yarandığı 2001-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli yaşayış evi 2 iyul 2011-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir”.
22. Qərarda, həmçinin qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
23. Göründüyü kimi, hazırkı işdə olduğu kimi mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququnun sonradan qeydiyyata alındığı mübahisələrdə yaşayış sahəsində əvvəlcədən yaşayan şəxslərin istifadə hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, istifadə hüququ mülkiyyət hüququnun qeydiyyata alındığı anda qüvvədə olan qanunvericiliyə uyğun yaranır. Bu isə o deməkdir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ 2005-ci ildə yarandığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin maddənin birinci bəndinin tələbinə görə isə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin maddənin beşinci bəndində isə qeyd edilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında həmin maddədəki “mülkiyyətçinin razılığı” müddəasına şərh verilmiş, bununla həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın nəzərdə tutulduğu müəyyən edilmişdir.
24. Hazırkı işdən görünür ki, cavabdehin mübahisəli ev üzərində yuxarıda qeyd edilmiş qaydada əldə edilmiş istifadə hüququ olmamışdır. Bu isə o deməkdir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə qanunsuz sahiblik və istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, evin mülkiyyətçisi olan iddiaçı cavabdehin evdən çıxarılmasını və evin özünə təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyinə görə çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir.
27. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
28. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, ev İddiaçı Dünyamalı oğluna təhvil verilməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiа təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın və ev İddiaçı Dünyamalı oğluna təhvil verilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Dünyamalı oğluna ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.