Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-474/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 57 №-li müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı) tikinti-təmir materiallarını alıcıya (Cavabdeh) satmağı öz üzərinə götürür və müqavilə 1 il müddətinə qədər qüvvədədir. Müqavilənin 2.1-ci maddəsinə əsasən «Alıcı» sifariş etdiyi malın dəyərini qabaqcadan «Satıcı» nın hesablaşma hesabına köçürməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə əsasən hesab edilən 11400 manat malın dəyərinin 60% (6850 manat) olaraq ödənildikdən sonra hazırlanmış mal qaimə-faktura ilə birlikdə «Alıcı»ya təhvil-təslim edilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən «Satıcı» tərəfindən «Alıcı» ya mal tam şəkildə təhvil verildikdən sonra, yerdə qalan 40% (4550 manat) qalıq ödənişi tam şəkildə ödəniləcək. Müqavilənin 3.1-ci maddəsinə görə «Satıcı» sifariş edilən mal-materialın, xidmət və işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır.
2. xx.xx.2023-cü il tarixli 000303 №-li satış qaiməsinə əsasən qaimənin məbləği 11.400 manat müəyyənləşdirilmiş, 6850 manat avans ödənildikdən sonra 4550 manat borc qalmışdır.
3. xx.xx.2023-cü il tarixli 000304 №-li satış qaiməsinə əsasən 2500 manat avans ödənildikdən sonra 2050 manat borc qalmışdır.
4. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh bağ evinin pəncərələrinin yığılmasını təmin etdiyi üçün qalıq qalan 2750 manat pulun ödənilməsini, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq etmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş “whatsapp yazışmaları”ndan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “dəyişiklik edilib düzəltmək şüşələrin dəyişilməsi 1600 manat edir. Onun 800 manatını siz verin yarısı da bizim. Ancaq bu cür köməklik edə bilərəm. Mən əvvəlcədən sizin razılığınızı alıb iş görmüşəm. Şüşələri yenidən istehsalata verəcəm, yeni profil alınacaq. Siz nə demisiz mən onu etmişəm. Ancaq framuqa yuxarı qalxsa da yenə də aşağı pəncərə dar uzun gösənəcək yenədə uyğun gəlməyəcək üzdə fasad”, xx.xx.2023-cü il tarixdə “müqavilədə toplam 11400 razılaşmışdıq, 6850 ilk avans verdiz, və sonra avqustun 26 da 2500 manat da verdiz, aramızda 2050 manat ödəniş qalıb. 150 manat bəli fərq edəcək dedim düzdür, 2050 man -150 manat = 1900 manat. Bizə heç olmasa 1500 ödəniş etsəz yaxşı olardı”, xx.xx.2023-cü il tarixdə “Bazar günü bizə 1500 manat ödəniş edin ay sonudu ödənişlər var. Ustaya demişəm pəncərəni ölçüsün düzəldək, qalan 400 də şüşələr vurulduqdan sonra verərsiz” bildirmişdir.
6. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli “pəncərələrinin dəyişiklik edilib düzəldilməsi və şüşələrin dəyişilməsi, dəyişiklik üçün ödənilməli olan 1600 manat pulun 800 manatının yarısını onun, yarısının isə İddiaçı tərəfindən qarşılanması” təklifinə cavab olaraq vaxtının və pulunun olmadığını bildirmişdir.
7. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “pəncərələrinin dəyişiklik edilib düzəldilməsi və şüşələrin dəyişilməsi, dəyişiklik üçün ödənilməli olan 1600 manat pulun 800 manatının yarısını onun, yarısının isə İddiaçı tərəfindən qarşılanması” təklifinə cavab olaraq vaxtının və pulunun olmadığını, başqa yerdə 1.60x1.90 ölçüsündə pəncərə yeri açıldığını və həmin 800 manatın əvəzinə qeyd olunan pəncərənin quraşdırılmasını bildirmişdir.
İşin faktiki halları
8. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
9. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 47 (qırx yeddi) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
11. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh onunla müqavilə bağlayaraq qapı-pəncərə sifariş vermiş və onunla 1 ay müddətində sifarişi təhvil verməyinə dair razılaşmışlar. Sifariş tamamlandıqdan sonra pəncərənin ölçülərində narazılıq yaranmışdır. 1-ci mərtəbə ilə 2-ci mərtəbənin pəncərə hündürlüyündə 32 sm fərq var idi və təbii ki, 32 sm fərqlə görünüş düzgün olmayacaqdı. Pəncərələrin fasadının uyğunlaşmamasına görə dəyişiklik olacaqsa, əlavə 1600 manat ödəniş edilməli olduğu barədə cavabdehə xəbərdarlıq etmiş və hətta həmin məbləğin heç olmasa 800 manatını verməsini bildirmişdir. Lakin sonradan ona məlum oldu ki, cavabdeh əlavə pəncərə yeri açdıraraq orada heç bir ödəniş etmədən pəncərə quraşdırmaq üçün çalışır. Cavabdeh tərəfindən qalıq qalan borc 1900 manat məbləğində idi, cavabdeh bu məbləğdən əlavə ona 850 manat məbləğində pəncərə hazırlatdırıb, lakin borcunu tam ödəmək istəmir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 1900 manat borcu olduğunu qəbul edir, lakin 850 manat hissəsində qəbul etmir. Belə ki, həmin məbləğ barədə heç bir razılaşma olmayıb, həmin məbləğ ona kompensasiya əvəzi olaraq təklif edilib. O, həmin pəncərənin ödənişli olduğunu bilsə, ümumiyyətlə sifariş verməzdi, çünki dəfələrlə iddiaçının səhvlərini görmüş və inamı azalmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 572. Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.5. alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
17. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
Məhkəmənin mövqeyi
19. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
20. Belə ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
21. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı plastik qapı-pəncərə materiallarını müqavilədə müəyyən olunmuş qaydada alıcı Cavabdeh satmağı, alıcı isə müqavilə ilə müəyyən olunmuş malların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüş və ilkin olaraq İddiaçı 6850 manat, sonra isə 2500 manat avans verdikdən sonra 2050 manat qalıq borc qalmışdır. “Whatsapp” yazışmalarından görünür ki, iddiaçı tərəfindən 150 manat endirim edilmiş və ümumilikdə 1900 manat qalıq borc qalmışdır. Göründüyü kimi iddiaçı alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və plastik qapı-pəncərənin yığılıb montaj olunmasından ibarət hərəkəti icra etsə də, cavabdeh öhdəliyini icra etməyərək geri qalan borcu ödəməkdən yayınır və beləliklə alğı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “satmaq”dan ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “ödəmək”dən ibarət iradə ifadəsini bildirsə də, öz vəzifəsini icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu səbəbdən iddiaçı pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır.
22. İddiaçı tərəf qalıq borcun ödənilməsini tələb etdikdə cavabdehin ödəniş etməkdən imtina etməsinin səbəbi kimi evin ön hissəsinə düşən pəncərələrin görünüşünü bəyənmədiyini, halbuki, eskizlerin cavabdehin özünün istəyi və iştirakı ilə razılaşdırıldığını bildirmişdir. İddiaçı həmçinin müqavilə üzrə razılaşdırılmış pəncərələr montaj olunan zaman cavabdehin əlavə olaraq 850 manat dəyərində yeni pəncərənin yığılmasını istədiyini, həmin pəncərənin ödənişini müqaviləyə əlavə etmədən quraşdırılmasına başlanıldığını və yeni sifariş verilmiş pəncərənin ödənişinin iş təhvil verildikdən sonra ediləcəyini, lakin cavabdehin müqavilənin şərtlərini pozduğunu və qalıq borcu ödəmədiyini bildirmişdir.
23. Məhkəmə iddiaçının qeyd etdiklərinə münasibətdə hesab edir ki, müqavilənin 2.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən cavabdehə mal tam şəkildə təhvil verildikdən sonra yerdə qalan qalıq ödəniş tam şəkildə ödənilməli idi. Məhkəmə iclasında cavabdeh izahat verərkən də 1900 manat borcu qaldığını etiraf etmiş və borcunu hər an ödəməyə hazır olduğunu bildirmişdir. Cavabdeh, həmçinin, izahatında iddiaçının onunla əlaqə saxlamadığını və ödənişi götürmədiyini, bu səbəbdən ödəniş etməyinin mümkün olmadığını və həmin qalıq borcu qaytara bilmədiyini qeyd etmişdir. Belə ki, 1900 manat borcunun qalmasını inkar etmir və məhkəmə iclas zalında belə həmin pulu qaytarmağa razıdır.
24. Məhkəmə geri qalan 850 manat qalıq borcla bağlı iddiaçının izahatına münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı 850 manat məbləğində pulun müqavilədə qeyd olunmamasına baxmayaraq, yeni pəncərələrin qarşılığında cavabdeh tərəfindən ödənilməli olduğunu bildirsə də, iş materiallarında olan sənədlərdən, həmçinin təqdim edilmiş yazışmalardan və disklərdən görünür ki, satılmış pəncərə cavabdehin razılaşdığı formada olmamış, iddiaçının 850 manat pul əvəzində yeni pəncərənin sifrişinə cavabdeh vaxtının və əlavə ödəniş üçün pulunun olmadığını bildirmiş və əvəz olaraq əlavə bir pəncərənin quraşdırılmasını tələb etmişdir. İddiaçı tərəfin təqdim etdiyi sənədlər isə 850 manat pulun cavabdeh tərəfndən ödənilməli olduğunu təsdiq etmir. Tərəfin izahatı isə təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı tərəfin izahatını təsdiq edəcək digər sübutlar olmadığı üçün başqa sübutlarla birgə yoxlanıla və qiymətləndirilə bilmir. Bu səbəbdən də tərəfin izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən mötəbər olmayan sübuta əsasla bilməz. Belə ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Bir sözlə, iddiaçı tərəf öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Faktı təsdiq edəcək sübutlar olmadığı üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Odur ki, iddia tələbi yalnız 1900 manat pulun tutulması hissəsində əsaslıdır.
Məhkəmə xərcləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 14,70 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1900 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,80 (otuz iki manat səksən qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 14,70 (on dörd manat yetmiş qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.