Məhkəmə qərarları › İş №e-2(010)-4741/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4741/2025

23.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4741/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbə qarşı “əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa və işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbə qarşı “əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa və işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 280 №-li tam orta məktəb və İddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv olunması, iddiaçının ingilis dili müəlliməsi işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir ki, Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbdə ingilis dili müəlliməsi işləyir. İddiaçı işlədiyi müddətdə məktəbdə çoxlu sayda şagirdlərin yüksək naliyyətinə səbəb olmuşdur. İngilis dili fəni üzrə təhsilverən İddiaçı 24 iyun 2024-cü il tarixində ilk dəfə sertifikatlaşdırma prosesinin Test imtahanlarına cəlb olunmuş və həmin imtahan mərhələsində iştirak edə bilməmişdir. İddiaçı test imtahanı mərhələsində iştirak edə bilməməsi həmin tarixdə onun əmək qabiliyyətinin olmamasıdır və bununla bağlı cavabdeh 280 №li Tam Orta Məktəb müvafiq qaydada məlumatlandırılmışdır. İddiaçı cavabdehə ******* №-li əmək qabiliyyətinin olmaması vərəqini vermişdir. Cavabdeh 280 №li Tam Orta Məktəb xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, İddiaçı ilk dəfə sertifikatlaşdırmada iştirak etməməsi səbəbi Bakı şəhəri üzrə Təhsil İdarəsinə bildirmişdir. Xəstəliyinə görə ikinci dərəcəli əlilliyi olan İddiaçı xx.xx.2025-ci il tarixində sertifikatlaşdırma prosesində ingilis fəni üzrə ilk dəfə test imtahanına cərrahiyə əməliyyatından yeni çıxmasına baxmayaraq, məktəb rəhbərliyinin təsiri altında cəlb olunmuş və xəstə olması səbəbindən tam fəaliyyət qabiliyyəti olmadığından və xəstəliyi səbəbindən 19 bal nəticə əldə etmiş və şəxsi kabinetinin “status” bölməsində qeyd edilmişdir ki, “təkrar imtahan uğursuz”. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36.2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qanundan görünür ki, sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qanun sertifikatlaşdırmada iştirak etmək üçün təhsilverənə 2-ci şansı versə də, 280 №-li Tam Orta Məktəb ci il tarixində iddiaçını dəvət etmiş və ona müddətsiz bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verildiyini bildirsə də, ona rəsmi olaraq Əmr verilməmişdir. Əmrin surətinin iddiaçıya təqdim edilməsi barədə cavabdehə xx.xx.2025-ci il tarixli vəkil sorğusu göndərilsə də hazırki tarixə qədər Əmrin surəti iddiaçıya təqdim edilməmişdir. İddiaçının pozulmuş əmək hüquqlarının bərpa edilməsi ilə bağlı xx.xx.2025ci il tarixli vəkil sorğusu ilə X6 Xidmətinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, bundan başqa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müracət edilsə belə hazırki tarixə qədər sorğular cavablandırılmamışdır.

Tərəflərin izahatları

3. Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 bildirdi ki, hazırki iddia tələbi əsassızdır və bu səbəbdən də təmin edilməməlidir.

Şahid ifadəsi

6. Məhkəmənin 21 oktyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, iddiaçınıın iş yoldaşıdır. İddiaçı və o, ağır xəstə idi. Ona görə də onlar birinci imtahanda iştirak edə bilmədilər. İddiaçı ilə ona məktəbdən bildirilmişdir ki, ola bilsin ki, növbəti imtahana çağrılmadılar. Portalda da bununla bağlı adları çıxmadı.

İş materialları

7. AR Elm və Təhsil Nazirliyi Şəxsi X1 görünür ki, xx.xx.1997-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında işə başlamış İddiaçı 2025-ci il tarixdə keçirilmiş sertifikasiya imtahanında 19.0000 bal toplamış və imtahanın nəticəsi uğursuz olmuşdur.

8. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə uyğun olaraq “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” əsası ilə xitam verilmişdir.

9. AR Səhiyyə Nazirliyi Ambulator Kartdan Arayışdan görünür ki, İddiaçı C54.1- Endometrin (uşaqlığın selikli qışasının) bədxassəli yenitörəməsi Pt1bN1M0 mərhələ İİİ G2 diaqnozu qoyulmuşdur.

İşin faktiki halları

10. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı keçirilmiş sertifikasiya imtahanı zamanı uğursuz (keçid balı toplaya bilmədiyi üçün) nəticə əldə etmiş və onunla bağlanan müddətsiz əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə uyğun olaraq “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” xitam verilmişdir. Hazırki iddia tələbini iddiaçı onunla əsaslandırır ki, səhhətilə əlaqədar olaraq təyin edilmiş birinci imtahanda üzrlü səbəbdən iştirak edə bilməmiş və bu barədə səlahiyyətli orqana məlumat vermişdir. Növbəti imtahan barədə isə onun şəxsi kabinet portalına ən azı 1 ay əvvəlcədən məlumat verilməli olduğu halda bu qaydaya əməl edilməmiş və dərhal ondan imtahana girməsi tələb olunmuş və buna görə də uğursuz nəticə əldə etmişdir. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir və bildirir ki, imtahanın keçirilməsi proseduru barəsində iddiaçı lazımi qaydada məlumatlandırılmışdır.

Tətbiq edilən hüquq`

11. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

13. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də işçinin müvafiq attestasiyadan keçməməsi əsasıdır. İddiaçı tələbində ona əsaslanır ki onun əlilliyi var, işəgötürən isə ona sağlamlıq vəziyyətinə uyğun imtahan şəraiti yaratmamış, eləcə də ona imtahanın keçirilməsi barədə əvvəlcədən məlumat verməmişdir. Attestasiyanın keçirilmə qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin qaydalarda attestasiyaya cəlb olunmayan işçilərin siyahısı müəyyən edilmişdir, hansı ki, iddiaçı o sıralamaya daxil deyildir. İşin hallarından o da müəyyən edilir ki, iddiaçı daha əvvəl də atestasiyaya cəlb edilmiş, lakin sağlamlıq vəziyyəti ilə bağlı imtahanda iştirak edə bilməmişdir. Əmək fəaliyyətinə xitam verilməsi əsaslarından biri də attestasiyadan uğursuz nəticə əldə ədilməsi əsasıdır. İşdən göründüyü kimi, iddiaçı təkrar attestasiyadan uğursuz nəticə əldə etmişdir. Bu hal işəgötürənə əsas verir ki onunla bağlanan əmək müqaviləsinə xitam versin. Məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün hüquqi əsas yoxdur.

Məhkəmənin gəldiyi nəticə

14. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 cavabdeh Bakı şəhərı̇ 154 saylı tam orta məktəbı̇ nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbə qarşı “əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa və işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar