Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4744/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 280 saylı Tam Orta məktəbə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi 1.İddiaçı cavabdeh 280 №-li tam orta məktəbi və İddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv olunması, iddiaçının ingilis dili müəlliməsi işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbdə ingilis dili müəlliməsi işləyir. O, işlədiyi müddətdə məktəbdə çoxlu sayda şagirdlərin yüksək naliyyətinə səbəb olmuşdur. İngilis dili fənni üzrə təhsilverən İddiaçı 24 iyun 2024-cü il tarixində ilk dəfə sertifikatlaşdırma prosesinin test imtahanlarına cəlb olunmuş və həmin imtahan mərhələsində iştirak edə bilməmişdir. İddiaçı test imtahanı mərhələsində iştirak edə bilməməsi həmin tarixdə onun əmək qabiliyyətinin olmamasıdır və bununla bağlı cavabdeh 280№li Tam Orta Məktəb müvafiq qaydada məlumatlandırılmışdır. İddiaçı cavabdehə ******* №-li əmək qabiliyyətinin olmaması vərəqini vermişdir. Cavabdeh 280№li Tam Orta Məktəb xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, İddiaçı ilk dəfə sertifikatlaşdırmada iştirak etməməsi səbəbi Bakı şəhəri üzrə Təhsil İdarəsinə bildirmişdir. İddiaçı 10 iyun 2025-ci il tarixində 60 yaşı olmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixində sertifikatlaşdırma prosesində ingilis fəni üzrə ilk dəfə test imtahanına 60 yaşı olmasına baxmayaraq məktəb rəhbərliyinin təsiri altında məcburi 20 bal nəticə əldə etmiş və şəxsi kabinetinin “status” bölməsində qeyd edilmişdir ki, “təkrar imtahan uğursuz”. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzürlü səbəblərdən sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 280 №-li Tam Orta Məktəb xx.xx.2025-ci il tarixində iddiaçını dəvət etmiş və ona müddətsiz bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verildiyini bildirsə də, ona rəsmi olaraq Əmr verilməmişdir. Əmrin surətinin iddiaçıya təqdim edilməsi barədə cavabdehə xx.xx.2025-ci il tarixli vəkil sorğusu göndərilsə də, hazırkı tarixə qədər Əmrin surəti iddiaçıya təqdim edilməmişdir. Bununla da “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2.3-1-ci və 36-2.5-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçının pozulmuş əmək hüquqlarının bərpa edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli vəkil sorğusu ilə X4 Xidmətinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, bundan başqa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müracət edilsə belə, hazırkı tarixə qədər sorğular cavablandırılmamışdır. Göründüyü kimi, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 336-2.3-1-ci və 36-2.5-ci maddəsinin tələbləri gözlənilməmiş, təhsilverən iddiaçının 10 iyun 2025-ci il tarixində 60 yaşı olmaqla imtahanda iştirakı könüllü olsa da, o xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən və onun təsiri altında məcburi sertifikatlaşdırma prosesinə cəlb edilmişdir. Elm və Təhsil Nazirliyinin saytında Dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasına dair 7-ci sırada olan sertifikatlaşdırılmada iştirakla bağlı yaş məhdudiyyəti varmı suallına cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırılma prosesində iştirakı nəzərdə tutulur. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İddiaçı 02 iyul 2025-ci il tarixində cavabdehə Mediasiya prosesinin tətbiqi barədə Təklif göndərmişdir. xx.xx.2025-ci il tarixində cavabdeh Təklifi qəbul etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixə ilkin mediasiya sessiyası təyin edilmiş, cavabdeh mediasiya prosesinə gəlməmiş və Bakı 15 saylı X2 Mediasiya Sessiyasında iştirak edilməmə barədə həmin tarixdə Arayış vermişdir. Cavabdeh 280 №-li tam orta məktəbi İddiaçı əmək hüquqlarını pozmuşdur, onun əmək hüquqları bərpa olunmalıdır. Bununla da İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin ləğvi barədə Əmr ləğv olunmalı, ingilis dili müəlliməsi işinə bərpa olunmalı və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir.
Tərəflərin izahatları
3. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi(vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ilk dəfə sertifikatlaşdırma prosesinin test imtahanlarına cəlb olunmuş və həmin imtahan mərhələsində üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olduğu halda, o məcburi qaydada təkrarən imtahana cəlb edilmişdir. Belə ki, onun adı siyahıda olmayıb, imtaha bir həftə qalmış məlumatları toplanaraq göndərilmişdir. İddiaçının ailəsində əlilliyi olan şəxsin olmasına baxmayaraq, bu hal 280 saylı məktəb tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh Bakı şəhəri 280 nömrəli tam orta məktəbə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.
6. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 20 iyun 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu 280 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırılma imtahanından 20 bal toplamış və bununla da keçid balını toplamadığına görə imtahandan keçməmiş hesab edilmiş və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı 24 iyun 2024-cü ildə keçirilən imtahanda iştirak etməmişdir, onun iştirak etməməsi üzürlü hesab edilmiş və ona təkrar imtahanda iştirak etməsi üçün imkan yaradılmışdır, lakin iddiaçı təkrar imtahandan cəmi 20 bal yığmışdır. İlk imtahan keçirilərkən, İddiaçı 60 yaşa çatmamışdır. Bu səbəbdən onun imtahanda iştirakı məcburi idi. Azərbaycan Respublikası Təhsil Haqqında Qanunun 36-2-ci maddəsinə əsasən hamilə qadınlar;uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin isə sertifikatlaşdırmada iştirakı könüllüdür.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir.
Şahid ifadəsi
8. Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, iddiaçı ilə birlikdə Bakı şəhəri 280 saylı tam orta məktəbdə birlikdə işləmişdir. O, özü artıq 27 ildir ki, həmin məktəbdə işləyir. İddiaçı ilk dəfə imtahan zamanı əməliyyat olunduğu üçün imtahanda iştirak edə bilməmişdir. Bakı şəhəri 280 saylı Tam Orta məktəbin direktoru onlara bildirmişdir ki, onların imtahanda iştirak edib-etməməsi sual altındadır. Lakin imtahana bir həftə qalmış direktor onlara bildirmişdir ki, onlar mütləq imtahanda iştirak etməlidirlər.
İş materialları
9. Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, bu əmək müqaviləsi işəgötürənin səlahiyyətlərini həyata keçirən Suraxanı rayonu M.Mehdiyev adına 280 saylı orta məktəb, işəgötürən-X1 Direktor, işçi İddiaçı arasında xx.xx.1993-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. İşçi 280 saylı orta məktəbə ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir.
10. xx.xx.2025-cı il tarixli 210 №li Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin surətindən müəyyən olunur ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumitəhsil məktəbin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.
11. xx.xx.2025-ci il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi (Vəkil) xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçının etibarnamə üzrə nümayəndəsi (Vəkil) tərəfindən Mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Mediasiyanın tətbiqi barədə ərizə xx.xx.2025-ci il tarixdə verilmişdir.
12. xx.xx.2025-ci il tarixli Arayışın surətindən görünür ki, İddiaçı, həqiqətən xx.xx.2024-cü il tarixdə “Uniklinikada” “ÖDX. kəskin kalkulyoz xolesistit” diaqnozu ilə “Laparoskopik Xolesistektomiya” cərrahi əməliyyatı keçirmişdir. Xəstə xx.xx.2024-cü il tarixində evə buraxılmışdır. 2 həftə ərzində ambulator şəkildə həkim - cərrah nəzarətində olmuşdur.
13. Çıxarışdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixində imtahan keçirilmiş və İddiaçı Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində topladığı bal qaydalarda müəyyən olunmuş keçid balından aşağı olmuşdur. Bildirilir ki, keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sorğu məktublarına cavab olaraq 280 nömrəli tam orta məktəb tərəfindən təqdim edilən sənədlərə baxış keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar, həmin Qərarın 5-ci maddəsinin 3-cü nissəsinə əsasən təkrar sertifikatlaşdırmada, həmin Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar və təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edildiyi, həmçinin sertifikatlaşdırmada iştirakı məcburi olduğundan ərizənin alınmadığı qeyd edilmişdir. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə bağlanılmış xx.xx.1993-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbuledildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Müraciətdə qeyd edilmiş məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
15. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur.
İşin faktiki halları
16. İddiaçı xx.xx.1993-cu il tarixdən Bakı şəhəri 280 nömrəli tam orta məktəbə ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. İddiaçı 24 iyun 2024-cü il tarixində ilk dəfə sertifikatlaşdırma prosesinin test imtahanlarına cəlb olunmuş və həmin imtahan mərhələsində üzlü səbəbdən iştirak edə bilməmişdir. 20 iyun 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri 280 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırılma imtahanından 20 bal toplamış və bununla da keçid balını toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir. xx.xx.2025-cı il tarixli 210 №li əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə əsasən, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumitəhsil məktəbin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Hazırda işçi müddətsiz əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv olunması, iddiaçının ingilis dili müəlliməsi işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması
1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
19. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlərin sertifikatlaşdırılması 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 36-2.4.Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5.Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
20. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı
1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
22. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cu il tarixdən Bakı şəhəri 280 nömrəli tam orta məktəbə ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. İddiaçı 24 iyun 2024-cü il tarixində ilk dəfə sertifikatlaşdırma prosesinin test imtahanlarına cəlb olunmuş və həmin imtahan mərhələsində üzrlü səbəbdən iştirak edə bilməmişdir. 20 iyun 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri 280 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırılma imtahanından 20 bal toplamış və bununla da keçid balını toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir. xx.xx.2025-cı il tarixli 210№li əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə əsasən, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta ümumitəhsil məktəbin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Hazırda işçi müddətsiz əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv olunması, iddiaçının ingilis dili müəlliməsi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.
23. Hazırkı məhkəmə mübahisəsindən müəyyən olunur ki, İddiaçı ilə Bakı şəhəri 280 saylı tam orta məktəb arasında xx.xx.1993-cü il tarixdə müddətsiz müqavilə bağlanmış və sonradan işçi təkrar sertifikatlaşdırılma imtahanından keçid balını toplamadığına görə imtahandan keçməmiş hesab edilmiş və onunla əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı onun imtahanda iştirak etməsinin zəruriliyinin direktor tərəfindən ona bildirilməsini, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bakı şəhəri 280 saylı tam orta məktəb tərəfindən verilmiş əmrin ləğv edilməli olduğunu və onun əvvəlki vəzifəsinə bərpa olunmasını iddia edir.
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilk dəfə sertifikatlaşdırma imtahanında iştirak etməli olarkən onun 59 yaşı olmuşdur və cərrahi əməliyyat keçirməsi səbəbindən sertifikatlaşdırılma imtahanında iştirak edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 5-ci maddəsində də qeyd edildiyi kimi sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər, həmçinin həmin qaydaların birinci, bəndində ümumi müddəa kimi 60 yaşı tamam olmuş şəxslərin sertifikatlaşdırma imtahanında iştirakının könüllü olduğu qeyd edilmişdir.
25. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə qeyd olunan qanunvericilik normaları vətəndaşın vəziyyətini ağırlaşdırıcı formada şərh oluna bilməz. Qaydalardan (cavabdehin nümayəndəsinin mövqeyindən də) görünür ki, sertifikatlaşdırma ümumi (vahid), bir proses olaraq 60 yaşı tamam olmuş şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Qanunvericilikdə ayrıca (mərhələli) olaraq bunun ilkin və ya təkrar sertifikatlaşdırma imtahanında iştirak edən şəxslərə aid edilib-edilməməsi təsnif edilməmiş, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması müəyyən edilmişdir. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçı uzun illər ərzində məktəbdə müəllimə işləməklə, 60 yaşı tamam olduqdan sonra sertifikasiya imtahanında iştirak etməsi onun öz istəyinə bağlı olmasa da, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün də əsas hesab oluna bilməz.
26. Məhkəmə qeyd edir ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı ümumiyyətlə nəzərdə tutulmamış, sertifikatlaşdırmada iştirak etmək onlardan mütləq tələb olunmur və bu hal yalnız onların istəyinə bağlı olmuşdur. Hazırkı halda qanunla iddiaçının sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulmasa da, cavabdehin təkidinə əsasən sertifikatlaşdırma prosesində iştirak etmiş və müəyyən olunmuş keçid balını toplaya bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulmadığından onun keçid balını toplayıbtoplamaması tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas hesab olunmamalı və iddiaçının əmək fəaliyyətinə əngəl törətməməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçını işdən azad etməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil.
Məhkəmə xərcləri.
27. İş materiallarından görünür ki, işə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Məhkəmənin gəldiyi nəticə
28. Təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı barəsində Bakı şəhəri 280 nömrəli tam orta məktəb tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə AR ƏM-nin 70 “c” bəndinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, 210 saylı əmri ləğv edilməli, İddiaçı Bakı şəhəri 280 nömrəli tam orta məktəbə əvvəlki vəzifəsinə işə bərpa olunmalı və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməidir.
29. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin olunsun. İddiaçı “İngilis dili müəllimi” vəzifəsində işləyən İddiaçı barəsində Bakı şəhəri 280 nömrəli tam orta məktəb tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə “AR ƏMnin” 70.“c” bəndinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, 210 №li əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri 280 nömrəli tam orta məktəbə əmək müqaviləsində qeyd olunan “İngilis dili müəllimi” vəzifəsinə işə bərpa olunsun və işçiyə məcburi iş buraxma dövrü nəzərdə tutulmuş əmək haqqı ödənilsin. İş üzrə ödənilmiş – 50 (əlli) manat medasiya xərci Bakı şəhəri 280 nömrəli tam orta məktəbdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova