Məhkəmə qərarları › İş №e-2(010)-478/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-478/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-478/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə üçün yaranan meneənin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə üçün yaranan meneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və himayəsində olan birinci qrup əlil oğlu X1, hazırda Cavabdeh yaşadığı ünvan 1 ünvanda, bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməklərinə və evdən istifadə üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının ailə üzvüdür. Cavabdeh onun övladıdır. Lakin, indiki məqamda çarəsiz qalaraq bu iddianın təqdim etmişdir. Belə ki, övladlarından X3 1-ci qrup əlildir. O, daimi olaraq onun himayəsindədir. Ondan başqa ona heç kim baxmır. Əqli və psixi cəhətdən xəstədir. Məhkəmə qaydasında təsdiq olunmasa da, faktiki olaraq qəyyumluq edir. Qeyd edir ki, təxminən 1990-cı ildən ünvan 2 ünvanında istifadəsinə 0.20 hektar torpaq sahəsi verilmişdir. Həyat yoldaşı fəhləliklə və o, uzun illər bazarlarda paltar satışı, ticarətlə məşğul olmuşdur. Həmçinin, küçələrdə xlor satışı da etmişdir. Çox çətinliklə ailələrini maddi cəhətdən təmin ediblər. Həyat yoldaşı 2007-ci ildə vəfat edib. Məhkəmənin diqqətinə çatdırır ki, ünvan 2 ünvanında istifadəsinə 0.20 hektar torpaq sahəsi, hazırda faktiki olaraq 0.16 hektar təşkil edir. Həmin torpaq sahəsinin içində bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi mövcuddur. Bu evi həyat yoldaşı və onun zəhmətilə tikib başa çatdırıb. Bundan başqa həmin torpaq sahəsində gələcəkdə fərdi yaşayış evi tikintisi üçün bir yarımtikili də mövcuddur. Bundan başqa yola çıxan hissədə mağaza kimi nəzərdə tutulan bir tikinti də inşa ediblər. Bütün bu tikililəri onun və mərhum həyat yoldaşının zəhməti ilə başa gətiriblər. Hazırkı iş üzrə Cavabdeh ilə həyatı qurduqdan sonra sözügedən fərdi yaşayış evindən onlar üçün bir otaq ayrılmışdı. İllər keçdikcə oğlu və onun həyat yoldaşı ona və xəstə oğluna qarşı hörmətsizlik etməyə başlayıblar. Onlar onun yaşlı olmağına və xəstə qardaşına qarşı çox amansız davranıblar. Onlara qarşı ən nəlayiq sözlər işlədərək, dəfələrlə onu döyüblər. Sonuncu dəfə Cavabdeh onu və xəstə qardaşını həyətdən çıxararaq çölə atmışdır. Bir ana olaraq onun üçün ondan böyük dərd ola bilməzdi. O, xəstə və yaşlı insandır. Düşünür ki, ömrünün son günlərini yaşayır. O, bu dünyadan köçəndən sonra himayəsində olan xəstə oğluna kim baxacaq. Hazırda bütün əşyaları sözügedən fərdi yaşayış evində qalmaqdadır. Bu evə görə bütün kommunal müqavilələr onun adına rəasimləşib.Torpaq və evə görə hər il vergi ödənişləri də o ödəyir. Bütün bu sübutlar məhkəməyə təqdim olunub. Cavabdeh bu gün də onun öz zəhmətilə tikdiyi evə girməyinə icazə vermir. Bu isə onların hüquqlarını pozur. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bütün sübutları təqdim etdiklərini, fərdi yaşayış evinə məhkəmə tərəfindən baxış keçirildiyini, tərəflərin həmin evdə bərabər yaşadığını bildirmişdir. Tərəflər arasında barışıq olmamışdır, iddiaçı özü və mərhum həyat yoldaşı tərəfindən tikilən evdən məcbur çıxarılmışdır. Əlavə olaraq qeyd etmişdir ki iddiaçının bütün əşyaları sözügedən mənzildə qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının onun ailəsi ilə yola getmədiyini və onları təhqir etdiyini bildirmişdir. Getməmişdən öncə iddiaçı cavabdehin evin aşağı hissəsindəki evdə yaşadığını və oradan da çıxıb getdiyini bildirmişdir. Əlavə olaraq anasını ordan qovmadığını, iddiaçı ilə barışığa gəlməyin mümkün olmadığını qeyd etmişdir. Digər mənzildə heç kəs yaşamır, ora kirayə verilir. Kirayədən gələn vəsait iddiaçının 1-ci qrup əlil övladının xərclərinə gedir. İş materialları. İş materiallarına mübahisəli fərdi yaşayış evinin foto şəkilləri əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, 01/89 saylı Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən iddiaçının vəkilinin sorğusuna cavab olaraq bildirilmişdir ki, O.Şabanov küçəsi ünvanında yaşayan X4 80 m2 əmlak, 1600 m2 torpaq sahəsinin vergi ödəyicisi kimi Hövsan bələdiyyəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 5, mənzil 14-də X2 xx.xx.2007-ci il tarixindən qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli, 5-20/2-64/2023 saylı Bakı şəhəri Suraxanı rayonu, İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iddiaçının vəkilinin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı və X1 ünvan 3iyyatsız olaraq yaşadığı müəyyən olunmuşdur. 06 oktyabr 2023-cü il tarixli Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X5 02 may 2007-ci ildə Bakı şəhərində ölmüşdür. Bununla bağlı 15 may 2007-ci ildə 506 № li akt qeydi Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmənin təsəbüsü ilə yerli müayinə təyin edilərək, sözügedən evə baxış zamanı torpaq sahəsində cavabdehin yaşadığı mübahisəli evin yerləşdiyi, həmin evdən aralıqda darvazadan girişdə yerində 2 otaqlı tikili yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh həmin tikilidə iddiaçının 3 il ərzində yaşadığı bildirmişdir.Cavabdehin yaşadığı evə baxış zamanı müəyyən edilmişdir ki, ev 3 otaqdan ibarətdir, sanitar qovşağı evin içində yerləşir.Cavabdeh iddiaçının həmin evdə onlarla birgə yaşadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh, onun arvadı və uşaqları tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçın köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin, iddiaçı qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçı üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişlər. Cavabdeh iddiaçının və xəstə oğlunun orda yaşamalarına razılıq verməsinə məcbur edilə bilməz. Məhkəmə tərəfindən yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir həyətdə 2 ev vardır. Cavabdeh ailəsi ilə birlikdə 3 otaqlı evdə, iddiaçının isə girişdə 2 otaqlı evdə yaşadığını bildirmişdir. Həmçinin, özbaşına tikilinin iddiaçıya hər hansi bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair heç bir mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından məlum olur ki, iddiaçının başqa qeydiyyat yeri mövcuddur. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ərarvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehin anası olsa da, köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə də ehtiyacları yoxdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 oktyabr 2023-cü il tarixli iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı məktubda, iddiaçın ünvan 3iyyatsız olaraq yaşadığı qeyd edilsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 5, mənzil 14-də X2 xx.xx.2007-ci il tarixindən qeydiyyatdadır. Deməli, iddiaçının başqa rəsmi qeydiyyat və yaşayış yeri mövcuddur. Cavabdehin ifadələrinə görə, iddiaçı həmin mənzili kirayə verir və oradan gəlir əldə edir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər ana və övlad olsalar da, onlar arasında xoş olmayan, gərgin münasibətlər mövcuddur. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli özbaşına tikili hal-hazırda cavabdehin, onun arvadının və uşaqlarının sahibliyində və istifadəsindədir. Bununla da, iddiaçının həmin evə (özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları inandırcı və ağlabatan görünmür. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə üçün yaranan meneənin aradan qaldırılması”na dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı və himəyəsində olan birinci qrup əlil oğlu X1, hazırda cavadeh Cavabdeh yaşadığı ünvan 1 ünvanda, bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsinə və evdən istifadə üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar