Məhkəmə qərarları › İş №e-2(010)-493/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-493/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-493/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Səftər qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Karaaslan (Musayeva) Aygün Səftər qızına və Özgüven (Musayeva) Könül Səftər qızına qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi ) Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Səftər qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Karaaslan (Musayeva) Aygün Səftər qızına və Özgüven (Musayeva) Könül Səftər qızına qarşı “yaşayış sahəsinə hüquqların itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları FM seriyalı 018102 saylı xx.xx.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh2 Səftər qızı, Karaaslan (Musayeva) Aygün Səftər qızı və Özgüven (Musayeva) Könül Səftər qızı iddiaçının qızları, Cavabdeh1 iddiaçının qızı Cavabdeh2 Səftər qızının əri, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə iddiaçının qızı Cavabdeh2 Səftər qızının övladlarıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Səftər qızı, Cavabdeh3, Cavabdeh4, Karaaslan (Musayeva) Aygün Səftər qızı, Özgüven (Musayeva) Könül Səftər qızı və cavabdehlərdən Cavabdeh1 ilə Cavabdeh2 Səftər qızının övladı Cavabdeh5 Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Cavabdehlərdən Cavabdeh2 Səftər qızı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli fərdi yaşayış evində heç vaxt yaşamamışlar. Məhkəmə icraatının başlanmasına əsas yaradan iddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Karaaslan (Musayeva) Aygün Səftər qızına və Özgüvən (Musayeva) Könül Səftər qızına qarşı “yaşayış sahəsinə hüquqların itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Allahyarova (Musayeva) Sevinc Səftər qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Özgüvən (Musayeva) Könül Səftər qızının və Karaaslan (Musayeva) Aygün Səftər qızının ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 53.06 kv.metr olan, üç otaqlı yaşayış sahəsinə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırır ki, o, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 53.06 kv.metr olan, üç otaqlı yaşayış sahəsində oğlu Əşrəf və onun ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1, Allahyarova (Musayeva) Sevinc Səftər qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmalarına baxmayaraq orada heç vaxt yaşamamışlar, 2017 ildən iddiaçı tərəfindən onlara verilmiş və həmin ünvanda yerləşən torpaq sahəsində ev tikmiş və həmin vaxtdan orada yaşayırlar, ona qədər Zabratda yaşamışlar. Cavabdeh Karaaslan (Musayeva) Aygün Səftər qızı 2007 ildə türk vətəndaşı olan X3 ilə nikaha girmiş və həmin vaxtdan onunla birlikdə yaşayır. Cavabdeh Özgüvən (Musayeva) Könül Səftər qızı 2012 ildə türk vətəndaşı Özgüvən İsmayıl oğlu ilə nikaha girmiş və həmin vaxtdan onunla birlikdə yaşayır. Cavabdehlərin ərizədə göstərilən vaxtdan hazıra kimi mübahisəli mənzildə yaşamamalarını və ondan istifadə etməmələrini X4 və X7 təsdiq edə bilər. İzahatlar İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 27 dekabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evində yaşamamışdır. Qaynatası o evi alanda o, artıq iddiaçının qızı ilə evlənmişdi. Onlar evlənəndən sonra Zabratda yaşamışlar. 2017 ildən qaynatası tərəfindən onlara verilmiş və həmin ünvanda yerləşən torpaq sahəsində ev tikmiş və həmin vaxtdan orada yaşayırlar. Tikdikləri evə qeydiyyata düşmək üçün hazırda tədbirlər görürlər. Cavabdeh2 27 dekabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında bildirdi ki, atasının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evində yaşamamışdır. Atası o evi alanda o, artıq İsmayıl ilə evlənmişdi. Onlar evlənəndən sonra Zabratda yaşamışlar. 2017 ildən atası tərəfindən onlara verilmiş və həmin ünvanda yerləşən torpaq sahəsində ev tikmiş və həmin vaxtdan orada yaşayırlar. Tikdikləri evə qeydiyyata düşmək üçün hazırda tədbirlər görürlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli ərizə ilə bildiriblər ki, onların hər biri iddia tələbini qəbul edir. Cavabdeh6 xx.xx.2023-cü il tarixli ərizə ilə bildirib ki, o, iddianı qəbul etmir. Ona görə ki, onun həyat yoldaşı xarici vətəndaş olduğu üçün oturma izni ilə əlaqədar problem yarana bilər. Bəzi şəxsi sənəd işləri üçün qeydiyyat vacibdir, bacısı Cavabdeh2 şəxsi evinə qeydiyyata düşməyənə qədər onlar qeydiyyatdan çıxmaq istəmirlər. Cavabdeh7 xx.xx.2023-cü il tarixli ərizə ilə bildirib ki, o, iddianı qəbul etmir. Ona görə ki, onun həyat yoldaşı xarici vətəndaş olduğu üçün oturma izni ilə əlaqədar problem yarana bilər. bəzi şəxsi sənəd işləri üçü qeydiyyat vacibdir, bacısı Cavabdeh2 şəxsi evinə qeydiyyata düşməyənə qədər onlar qeydiyyatdan çıxmaq istəmirlər. Məhkəmə baxışı zamanı verilən şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, İddiaçı ilə qonşudur və onun oğlu ilə dostdur. İddiaçının bir oğlu və üç qızı var. Sevinc, Aygün və Könül. İddiaçını 2007-ci ildən tanıyır. Evi çoxdan olub, orada 2007-ci ildən yaşayır. İddiaçı isə nə vaxt köçüb bilmir. Səftər müəllim o evə köçəndə qızı Sevinc artıq ərdə idi, amma digər qızları sonra ərə getdilər. Səhv yadında deyilsə, Aygün 2007-ci ildə, Könül isə bir qədər sonra, təxminən 2012-ci ildə toyları olub. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, iddiaçı ilə 2002-ci ildən qonşudur. 1997-ci ildən özü orada yaşayır. Əvvəl başqa adam qalırdı, sonra həmin adam evi satdı, iddiaçı aldı. İddiaçının üç qızı və bir oğlu var. Yoldaşı rəhmətə gedib. Oğlunun adı Əşrəfdir. Mənzilə köçəndə böyük qızı ailəli idi, Könül isə “Azərsun”da işləyirdi. Dəqiq yadında olmasa da, təxminən bilir ki, Könülün toyu 2012-ci olub. Hər iki qızı evlənəndən sonra iddiaçı ilə birgə yaşamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İlk növbədə cavabdehlər Özgüven (Musayeva) Könül Səftər qızı və Karaaslan (Musayeva) Aygün Səftər qızına münasibətdə məhkəmə qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evi 2002-ci ildən İddiaçı mülkiyyətində olduğundan, onun birlikdə yaşayan və iddiaçı tərəfindən sözügedən evə köçürülən qızları olan cavabdehlərin həmin evə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; bu hüquq, ev İddiaçı mülkiyyətinə keçirildikdən sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə əlavə edilmiş 228.5-ci maddəyə (§ 19) əsasən yaranmışdır (bu normanın “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır” müddəasına, habelə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqelərə uyğun olaraq). Qeyd olunmalıdır ki, daşınmaz əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınması onun əmlaka məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir...”. Beləliklə hazırkı mübahisənin düzgün həlli, cavabdehlər Özgüven (Musayeva) Könül Səftər qızı və Karaaslan (Musayeva) Aygün Səftər qızının ev üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüququnun hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmamasının müəyyən edilməsindən asılıdır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz” İşin müəyyən olunan hallarına görə, Karaaslan (Musayeva) Aygün 2007-ci ildə, Özgüven (Musayeva) Könül isə 2012-ci ildə nikaha daxil olaraq mübahisəli mənzili tərk etmişlər. Qeyd olunmalıdır ki, istifadə hüququ olan şəxsin yaşayış sahəsinə ehtiyacının qalıb-qalmadığı məsələsi ilə bağlı dəyərləndirilməli olan məqam, onun yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olubolmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Bu mənada məhkəmə qeyd edir ki, cavabdehlər Özgüven (Musayeva) Könül və Karaaslan (Musayeva) Aygün məhkəmə təqdim etdiyi ərizədə onların iddianı qəbul etməmələrinin səbəbi olaraq yaşamağa başqa yaşayış yerlərinin olmamasını deyil, qeydiyyata düşməyə yerlərinin olmamasını göstərmişlər. Məhkəmə hesab edir ki, bu hal Özgüven (Musayeva) Könül və Karaaslan (Musayeva) Aygünün sözügedən yaşayış sahəsinə qayıtmaq niyyətinin olmamalarına, həmin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Göründüyü kimi, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun saxlanılmış olması cavabdehin öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olardı. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Özgüven (Musayeva) Könül və Karaaslan (Musayeva) Aygün Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslıdır. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, eləcə də Cavabdeh1 və Cavabdeh2in yetkinlik yaşına çatmayan övladı Cavabdeh5 münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər iddianı qəbul etmələri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı mübahisəli evi əldə edərkən qızı Cavabdeh2 onunla birgə yaşamamış və həmin evə iddiaçı ilə birlikdə köçməmişdir. Çünki, sözügedən ev üzərində iddiaçı mülkiyyət hüququ əldə edənə kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə həyatı qurmuş, övladları ilə birlikdə başqa yaşayış yerində yaşamışlar. Demək ki, Cavabdeh3, Cavabdeh4, eləcə də Cavabdeh1 və Cavabdeh2in yetkinlik yaşına çatmayan övladı Cavabdeh5 ümumiyyətlə sözügedən evdə yaşamamışlar. Bu o deməkdir ki, həmin şəxslərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-də yerləşən 18 saylı fərdi yaşayış evinə istifadə hüquqları yaranmamışdır. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2in, Cavabdeh3, Cavabdeh4, eləcə də Cavabdeh1 və Cavabdeh2in yetkinlik yaşına çatmayan övladı Cavabdeh5 mübahisəli evə istifadə hüquqları heç vaxt yaranmadığından iddiaçının həmin şəxslərin sözügedən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbini cavabdehlərin qəbul etməsi məhkəmə tərəfindən təsdiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında vurğulanır ki...“Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.” Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında vurğulanır ki...“Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlər Karaaslan (Musayeva) Aygün Səftər qızının və Özgüvən (Musayeva) Könül Səftər Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasını müəyyən edən hazırki qətnamə onların sözügedən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Cavabdehlər Karaaslan (Musayeva) Aygün Səftər qızının və Özgüvən (Musayeva) Könül Səftər qızının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsini müəyyən edən hazırki qətnamə onların sözügedən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Karaaslan (Musayeva) Aygün Səftər qızının və Özgüvən (Musayeva) Könül Səftər qızının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-də yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasını müəyyən edən hazırki qətnamə onların sözügedən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Cavabdehlər Karaaslan (Musayeva) Aygün Səftər qızının və Özgüvən (Musayeva) Könül Səftər qızının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 10-da yerləşən 18 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsini müəyyən edən hazırki qətnamə onların sözügedən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar