Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4958/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “podrat müqaviləsi üzrə ödənilməyən pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 12050 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 127 manat pulun, ümumilikdə isə 12177 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, Abşeron Quşçuluq sovxozu ərazisində Cavabdeh2 məxsus 0.02 ha torpaq sahəsi üzərində 50 kv.m sahəsi olan fərdi yaşayış evinin tikintisi ilə əlaqədar iddiaçı ilə Cavabdeh2 arasında 04 noyabr 2019-cu il tarixli Podrat Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı həmin yaşayış evinin tikintisini başa çatdırıb Cavabdeh2 təhvil verməli idi. Qeyd edilən müqavilə ilə əlaqədar tərəflərin arasında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən Cavabdeh2 ilkin olaraq 3000 manat ödəməklə, sonradan isə 48 ay müddətinə 600 manatdan aşağı olmamaq şərtilə qalan məbləği, yəni ümumilikdə 33750 manat məbləğində pul vəsaitini iddiaçıya ödəyib qurtarmalı idi. İddiaçı öz öhdəliyini vaxtında yerinə yetirərək, yaşayış sahəsini hazır edib, yaşayış üçün yararlı hala gətirmiş və cavabdehə təhvil vermişdir. Buna baxmayaraq Cavabdeh2 yaşayış sahəsini təhvil aldıqdan sonra ödənişləri gecikdirmiş, 15 sentyabr 2021-ci il tarixdən isə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 Cavabdeh2 evin tikintisi üçün ödəməli olduğu məbləği iddiaçıya ödənilməsinə zaminliyi öz öhdəsinə götürmüş, bu barədə ərizə verərək və müqavilə bağlayaraq Cavabdeh2 öhdəliyinə zamin olmasını bildirmişdir. Belə ki, Cavabdeh1 ilə iddiaçının arasında bağlanmış 27 noyabr 2019-cu il tarixlli zaminlik müqaviləsinə əsasən podratçı ilə sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq Sifarişçi Podratçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər Zamin “Sifarişçi “ ilə birlikdə Podratçının qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Cavabdeh 15 sentyabr 2021-ci il tarixdən öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçı bu barədə onlara bildiriş göndərib, onlara qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. Buna baxmayaraq cavabdehlər müqavilə üzrə heç bir məbləğdə pul ödəməmişdir. Yəni iddiaçı tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq 15 sentyabr 2021-ci ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin iddiaçıya 12050 manat məbləğində borcu qalmışdır. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etmədiyinə görə iddiaçı dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi etməsinin müddəti artıq ötmüşdür. İşin hallarından da görünür ki, Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini yazılı surətdə öz üzərinə götürmüş, bu barədə müqavilə də imzalamışdır. İddiaçı podrat müqaviləsi əsasında işə işçilər cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işi tam olaraq bitirmiş və öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında podrat müqaviləsi bağlansa da, iddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, podratçı tərəfindən görüləcək işlər yarımçıq qalmış, otaqların qapıları qoyulmamış, oboyları vurulmamış, döşəmə yonulmamış və qısacası həmin evdə yaşamaq üçün şərait yoxdur. Dəfələrlə iddiaçıya evin təhvil verilməsi ilə bağlı xəbərdarlıq olunsa da, iddiaçı görüləcək işləri gecikdirmiş və nəticədə Cavabdeh2 xx.xx.2022-ci il tarixdə əlyazma ilə yazaraq guya işlərin tam olaraq görüldüyünü və buna görə də təhvil aldığını, həmçinin tərəflərin birbirinə qarşı heç bir iddiasının olmayacağı barədə qeyd vermişdir. Lakin reallıqda isə podratçı tərəfindən görülmüş işlər yarımçıq qalmış və podratçı gecikmələrə yol verdiyindən cavabdeh məcbur olaraq bu formada qeyd vermiş və tərəflərin bir-birinə qarşı gələcəkdə heç bir iddiasının olmayacağı ilə bağlı razılığa gəlmişdir. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.1.8 və 2.1 9-cu maddələrinin tələblərinə də riayət olunmamışdır. Belə ki, sifarişçi evini təhvil aldığı zaman onun keyfiyyətini, standartlara uyğun olması və görülən işlər siyahısındakı işlərin tam qaydasında olduğunu təhvil aldıqdan sonra təhvil təslim aktını zaminlə birlikdə imzamalıdır. Bundan başqa görülən işlər təhvil alındıqdan sonra ödəniş cədvəli üzrə qalan ödənişlər ödəniş cədvəlində göstərilən qaydada ödəməyi zaminlə birlikdə tam öhdəsinə götürür və ödənişlərin ödənilməsi üçün öhdəçilik müqaviləsi bağlanır. Lakin müqavilənin bu şərtlərinə əməl olunmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sifarişçi Cavabdeh2 ilə podratçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin surətindən görünür ki, sifarişçi Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,02 ha torpaq sahəsində ümumi sahəsi 50 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş etmişdir. Həmin müqavilənin 2.1.8 və 2.1 9-cu maddələrinin tələblərinə də riayət olunmamışdır. Belə ki, sifarişçi evini təhvil aldığı zaman onun keyfiyyətini, standartlara uyğun olması və görülən işlər siyahısındakı işlərin tam qaydasında olduğunu təhvil aldıqdan sonra təhvil təslim aktını zaminlə birlikdə imzamalıdır. Bundan başqa görülən işlər təhvil alındıqdan sonra ödəniş cədvəli üzrə qalan ödənişlər ödəniş cədvəlində göstərilən qaydada ödəməyi zaminlə birlikdə tam öhdəsinə götürür və ödənişlərin ödənilməsi üçün öhdəçilik müqaviləsi bağlanır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, podratçı ilə sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq sifarişçi podratçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər zamin (Cavabdeh1) sifarişçi ilə birlikdə podratçının qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 İddiaçı ilkin ödəniş olaraq 04 noyabr 2019-cu ildə 3000 manat, aylıq ödənişlər olaraq 08 dekabr 2019cu ildə 700 manat, 12 yanvar 2020-ci ildə 1000 manat, 07 fevral 2020-ci ildə 1000 manat, 11 mart 2020-ci ildə 900 manat, 16 may 2020-ci ildə 900 manat, 05 iyun 2020-ci ildə 900 manat, 10 iyul 2020-ci ildə 900 manat, 05 avqust 2020-ci ildə 900 manat və 600 manat, 09 sentyabr 2020-ci ildə 300 manat, 15 oktyabr 2020-ci ildə 900 manat və 700 manat, 11 dekabr 2020-ci ildə 900 manat, 12 yanvar 2021-ci ildə 900 manat, 08 fevral 2021-ci ildə 1000 manat, 09 mart 2021-ci ildə 1000 manat, 15 aprel 2021-ci ildə 1000 manat, 07 may 2021-ci ildə 600 manat, 12 iyun 2021-ci ildə 800 manat, 03 iyul 2021-ci ildə 800 manat, 09 avqust 2021-ci ildə 500 manat və 1500 manat, 15 sentyabr 2021-ci ildə 2900 manat, cəmi 21700 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 09 may 2022-ci il tarixli qeyddə qeyd edilir: “xx.xx.2019-cu il tarixində İddiaçı Cavabdeh2 arasında Podrat müqavilə bağlanmışdır. Podrat müqaviləyə əlavə olunan görülən işlər siyahısında işlər tam görülmüş, Sifarişçi Cavabdeh2 təhvil verilmişdir. Tərəflərin bir-birinə qarşı heç bir iddiası yoxdur, gələcəkdə də olmayacaq. Cavabdeh2 evini görülən işlər siyahısında göstərilən işləri tam təhvil aldı və imzası ilə təsdiqləyir, heç bir iddiası da yoxdur”. İş materiallarına olan Cavabdeh2 tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli qeyddə qeyd edilir: “Mən, Cavabdeh2 xx.xx.2019-cu il Podrat müqaviləsinə əsasən yazıb sizə bildirirəm ki, mən avqust ayının 15-nə qədər 2 min manat ödəyəcəyimi öhdəliyimə götürürəm. Avqustun 20-si evi təhvil aldıqdan sonra Avqustun 30-na qədər daha 2 min manat ödəyəcəyimi öhdəliyimə götürürəm və imzamla təsdiq edirəm”. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli razılaşmada qeyd edilir: “Podratçı” İddiaçı və sifarişçi Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixinə podrat müqavilə bağlanmışdır. Sifarişçi Cavabdeh2 xx.xx.2019-cu il tarixində bağlanmış podrat müqaviləyə əlavə olunan ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixində 2.000 azn məbləğ odədi. Sizi yazılı müraciətinizi nəzərə alaraq yazıb sizə bildiririk ki, sizin yazılı müraciətinizlə tanış olduq və evi sizə xx.xx.2021-ci il tarixində təhvil veriləcək və evin təhvil aldıqdan sonra xx.xx.2021-ci il tarixinə qədər 2.000 azn məbləğ ödəməlisiniz. “Sifarişçi” Cavabdeh2 podrat müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişi ödəməyinizi bildiririk”. İş materiallarına əlavə edilmiş Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış bildiriş məktubdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanılmış və müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində ümumi sahəsi 50m2 müqaviləyə əlavə olunan lahiyəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini aparmağı öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi icraçıya xx.xx.2019-cu il tarixdə 3000 manat məbləğində ilkin ödəniş etmiş, qalan ödəmələr sifarişçi tərəfindən xx.xx.2019-cu il tarixdən başlayaraq 48 ay müddətində hər ay 600 manat olmaqla podratçıya ödənilməlidir. Ümumilikdə cavabdeh tərəfindən cəmi 21700 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində evin sifarişçinin sifariş etdiyi layihəyə uyğun tikiləcəyi göstərilsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, belə bir layihə hazırlanmamış, sifarişçiyə təqdim edilməmiş, ümumiyyətlə podratçı və sifarişçi arasında evin layihəsi ilə bağlı hər hansı razılığa gəlinməmişdir. Eləcə də məhkəmə iclasında məhkəməyə hər hansı layihə təqdim edilməmişdir. Belə olan halda podratçı müqavilə üzrə öhdəliklərini pozmuş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə tikiləcək evin layihəsi, evin məhz hansı koordinatlarda, hansı ölçülərdə tikiləcəyi sifarişçi ilə razılaşdırılmayıbsa gələcəkdə sifarişçinin tikiləcək evin yerləşəcəyi ərazinin konkret ünvanının koordinatları ilə bağlı istənilən etirazına görə məsuliyyəti bu cür layihəni hazırlayaraq sifarişçi ilə razılaşdırmağa borclu olan podratçı daşımalıdır. Göründüyü kimi İddiaçı Cavabdeh2 ilə aralarında bağlanılmış podrat müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bundan başqa Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Bundan başqa, cavabdeh tərəfin izahatından müəyyən olunur ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinin şərtləri iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və tikinti işləri görülən işlərin siyahısına uyğun aparılmamışdır. Belə ki, müqavilənin şərtinə əsasən iddiaçı tərəfindən görülən işlərin tam qaydasında olması barədə təhvil-təslim aktı tərtib olunmalı olduğundan, lakin həmin təhvil-təslim aktı tərtib olunmamış və həmin aktı nə cavabdeh, nə də ki, zamin imzalamamışdır. Bu səbəbdən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan iddaçı olduğundan cavabdeh bununla bağlı yazılı qeyd verərək işi təhvil aldığını və gələcəkdə tərəflərin bir-birinə qarşı hər hansı iddia tələbinin olmacayağı barədə qeyd vermişdir. Məhkəmə hesab edir ki, podrat müqaviləsinin şərtləri podratçı tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və iddiaçı tərəf görülən işlərin tam qaydasında olması və təhvil verilməsi barədə sübut təqdim etmədiyindən onun podrat müqaviləsi üzrə ödənilməyən pul vəsaitinin tutulması barədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “podrat müqaviləsi üzrə ödənilməyən pul vəsaitinin tutulması” tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “podrat müqaviləsi üzrə ödənilməyən pul vəsaitinin tutulması” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-4958/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4958/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver