Məhkəmə qərarları › İş №e-2(010)-4960/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4960/2025

16.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4960/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzilindən 9.000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh – övladları X7 və X12 ilə birlikdə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 21 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. X1 Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və qeyd olunan ünvanda yaşamağa başlamışlar. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 adlı iki övladları vardır. Həmin mənzildə onlarla birlikdə atası X14 və digər qardaşı X4 həyat yoldaşı ilə birlikdə yaşayırlar. X19 Cavabdeh ilə ailə həyatı qurandan aralarında müəyyən ailə münaqişələri baş verməyə başlamış və bunun nəticəsində X13 və Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onların və azyaşlı övladlarının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış sahəsində yerləşən 21 saylı evin 33 nömrəli mənzilinə (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzil) köçürülməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-2511/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək X13 və Cavabdeh -övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış sahəsində yerləşən 21 saylı evin 33 nömrəli mənzilə (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzil) köçürülməsi qət edilmişdir. Daha sonra, 22 avqust 2024-cü il tarixdə X19 fəhlə işlədiyi Pirşağı qəsəbəsi ərazisində 6-cı mərtəbədən yıxılaraq vəfat etmişdir. Babəkin vəfatından sonra gəlinləri Cavabdeh ilə münasibətlər daha da pisləşmişdir. Baxmayaraq ki, onun və azyaşlı uşaqlarının ona məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququ mövcuddur, lakin atası, anası və digər qardaşının ailəsi ilə birgə həmin mənzildə yaşamaqları artıq qeyri-mümkündür. Cavabdeh xx.xx.2020-ci il tarixdə 6.600 (altı min altı yüz) manat məbləğində Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazində yerləşən 0.03 ha torpaq sahəsini almış və xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi onun tərəfindən 15.000 (on beş min) manata satılmışdır. Torpaq sahəsini alıb və daha sonra onu satmaq, şəxsin maddi imkanlarının kifayət qədər yaxşı və sabit olduğunu göstərir, çünki torpaq kimi uzunmüddətli və dəyəri zamanla artan bir sərmayəyə yönəltmək, cavabdehin ilkin kapitala malik olmağı deməkdir. Babək Məmmədovun vəfatı ilə bağlı cinayət işi açılmış və məhrumun hüquqi varisi Cavabdehdır. Həmin cinayət işi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəyə əsasən təqsirləndirilən şəxs X8 tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini bildirmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə Cavabdeh dəymiş maddi ziyan 30.000 manat göstərilmişdir. Yuxarıda qeyd olunan hallar, xüsusilə cavabdehin 2020-ci ildə torpaq sahəsi alması və onu 2023-cü ildə əhəmiyyətli dəyər artımı ilə satması, onun mülkiyyətə investisiya etmək üçün ilkin maliyyə vəsaitlərinə malik olduğunu və maddi imkanlarının sabitliyini nümayiş etdirir. Bununla yanaşı, cavabdeh cinayət işi üzrə 30.000 (otuz min) manat məbləğində maddi ziyanın ödənilməsindən faydalanmış və bu da onun hazırda əhəmiyyətli maliyyə imkanlarına sahib olduğunu sübut edir. Göstərilənlər cavabdehin maddi vəziyyətinin yetərli və təminatlı olduğunu təsdiqləyir. Hazırki vəziyyətdə isə hesab edir ki, artıq cavabdehlə münasibətlərin pozulduğunda ona məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun saxlanması məqsədə uyğun deyildir. Digər tərəfdən mənzil üzrə cavabdehin istifadə hüququnun saxlanması həmin əmlakına dair mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Tərəflərin izahatları İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh iddiaçının qardaşının arvadıdır. Hazırda həmin mənzilin 1 otağı yaşamaq üçün cavabdehə verilmişdir. İstifadə hüququ məhkəmə qətnaməsi əsasında tanınmışdır. Odur ki, cavabdehə kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 noyabr 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2013-cü ilin avqust ayında Babək Məmmədovla nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladı olmuşdur. Həyat yoldaşı vəfat etmişdir. Mübahisəli mənzilə qətnamə əsasında köçürülmüşdür. Qətnamə ilə də müəyyən edilmişdir ki, 33 kv.m, yəni bir otaq onun istifadəsindədir və həmin bir otağa giriş-çıxış ayrıdır. İş materialları Azərbaycan Respublikasl DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X7, X11, X12, X9, X5, X14 Bakı şəhəri, Suraxanı rayonu, Q.Yaşayış sahəsi, ev 21, mənzil 33, yeni qaydalarla Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixli 2(010)-2511/2019 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçılar X13 və Cavabdeh övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və 16 dekabr 2016-cı il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış sahəsində yerləşən 21 saylı evin 33 saylı mənzilinə köçürülməsi qət edilmişdir. 4 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Q.Yaşayış sahəsi, ev 21, 33 nömrəli mənzil, (yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi giriş 75, M8, 21 nömrəli mənzil İddiaçınun adına rəsmiləşdirilmişdir. "xxxx" MMC keçirtdiyi qiymətləndirilməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 75 saylı ərazidə 1 otaqlı, orta təmirli mənzillərin aylıq kirayə haqqı 250 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 75 saylı ərazidə 100 kv.m ibarət, orta təmirli mənzillərin aylıq kirayə haqqı 300-350 manat civarında müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh adına rəsmiləşdirilmişdir. İşin faktiki halları Bakı şəhəri, Suraxanı rayonu, Q.Yaşayış sahəsi, ev 21, mənzil 33, yeni qaydalarla Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh İddiaçı qardaşının arvadıdır. Cavabdeh əri Babək Məmmədov və övladları ilə birgə qətnamə əsasında həmin mənzilə köçürülmüşlər. Cavabdehin əri Babək Məmmədov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı Cavabdeh övladları ilə birlikdə həmin mənzildən 9000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Q.Yaşayış sahəsi, ev 21, mənzil 33, yeni qaydalarla Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh İddiaçı qardaşının arvadıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2511/2019 saylı qətnaməsi ilə Cavabdeh həmin mənzil üzərində istifadə hüququ tanınmış və onun övladları ilə birgə sözügedən mənzilə köçürülməsi qət edilmişdir. Cavabdehin əri Babək Məmmədov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı cavabdehin kompensasiya müqabilində həmin mənzildən istifadə hüququna xitam verilməsini və onun övladları ilə birlikdə həmin mənzildən çıxarılmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. O, kompensasiya məbləğini mübahisələndirmir, ümumilikdə həmin mənzildən çıxarılmalı olmamaqda israrlıdır. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzil üzərində istifadə hüququnun olması işin mübahisəsiz halıdır. İddiaçı ona məxsus həmin mənzildə cavabdehlə birlikdə yaşaması mümkün olmadığı üçün tərəfindən 9000 manat məbləğində kompensasiya ödənilməklə həmin mənzilindəki istifadə hüququna xitam verilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləği ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin Plenum qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: • mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; • sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; • qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; • mənəvi zərərin ödənilməsi; • habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bundan əlavə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin üz əmlakı üzərində hüquqlarının istifadəsi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Mülki Məcəllənin qeyd olunan normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə vurğulayır ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddia üzrə cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni, sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxslər həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Bununla belə, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Hazırkı iş üzrə ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirmə keçirilmiş və yuxarıda qeyd edilmiş ekspert rəyi ("xxxx" MMC-nin qiymətləndirmə rəyi) mötəbər sübut kimi qəbul edilərək iş materiallarına əlavə edilmişdir. Qiymətləndirilmə rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 75 saylı ərazidə 1 otaqlı, orta təmirli mənzillərin aylıq kirayə haqqı 250 manat, digər rəyə əsasən isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 75 saylı ərazidə 100 kv.m ibarət, orta təmirli mənzillərin aylıq kirayə haqqı 300-350 manat civarında müəyyən edilmişdir. Həmçinin məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh mübahisəli mənzilin giriş-çıxışı ayrı olan 1 otağında məskunlaşmışdır. Məhkəmə ekspert rəyində göstərilmiş oxşar şəraitli evə görə kirayə qiymətini hazırkı işin halları baxımından ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, 9000 manat (36 ay x 250 manat) məbləğində kompensasiya ilə cavabdeh tərəf təqribən 3 (üç) il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Bu isə ağlabatan müddət kimi qəbul edilə bilər. Bu baxımdan məhkəmə qanunvericiliyin qeyd olunun tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırda təklif olunan üç illik müddət üçün analoji mənzilə görə kirayə ödənişi kimi nəzərdə tutulan aylıq 250 manatdan hesablanan 9000 manat kompensasiya məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Məhkəmə xatırladır ki, cavabdeh kompensasiya məbləğini mübahisələndirmir, ümumilikdə həmin mənzildən çıxarılmalı olmamaqda israrlıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə də iddiaçı evin mülkiyyətçisi olduğu, həmin ev cavabdehlə birlikdə birgə mülkiyyətdə olmadığı, cavabdehin mənzildən yalnız istifadə hüququ olduğundan iddia tələbi yuxarıda sərgilənən hüquqi mövqeyə müvafiq olaraq kompensasiya məbləği itiriləcək istifadə hüququnun ədalətli əvəzinə bərabər olduğu üçün təmin edilməlidir. Məhkəmə vurğulayır ki, iddiaçının 9000 manat məbləğində kompensasiya verilməklə cavabdehin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə xərcləri İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 110 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsi ilə qiymətləndirilən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh, övladları X2 və X6 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzilinə dair istifadə hüququna İddiaçı tərəfindən 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməli, Cavabdeh kompensasiya ödənilməsi və onun ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunsa da, iddia tələbinin əsasını kompensasiya ödənilməsi təşkil etdiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, övladları X7 və X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzilə dair istifadə hüququna İddiaçı tərəfindən 9.000 (doqquz min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilsin. Cavabdeh övladları X7 və X10 birlikdə kompensasiya ödənilməsi və onların İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Cavabdeh – övladları X7 və X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 21 nömrəli mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar