Məhkəmə qərarları › İş №e-2(010)-499/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-499/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-499/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə borcun, faiz borcunun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməli olan 50 000 (əlli min) manat pulun, gecikdirilmiş vaxt üçün 4000 (dörd min) manat faiz borcunun, mənəvi zərər kimi 5000 (beş min) manat pulun və məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı ilə rəhbəri Aysel Məmmədova olan Cavabdeh MMC ilə xx.xx.2021-ci il tarixində birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilə ölkə üzrə ilk ümumi orta təhsil bazasını özündə ehtiva edən imtahan platformasının və müəllim axtarış panelinin onlayn verisyası olduğundan bütün fəaliyyətlər onlayn şəkildə rəsmi saytla həyata keçirilmişdir. Əvvəl bu sayt www.tesbit.az adı altında olsa da, hazırda www.kimi.az adı altında fəaliyyət göstərir. Cavabdeh MMC 2022-ci ilin sentyabr ayının ortalarınadək iddiaçının profilindən və onlayn xidmətlərindən istifadə etmiş, lakin sonradan iddiaçıya aid olan video və səs yazılarını saytdan silmişdir. Bəhs etdiyi müqavilənin “Ödəmə Qaydaları’ na əsasən cavabdeh tərəfindən ona onlayn şəkildə bu xidmətlərdən istifadə edən hər bir şagird üçün 1 AZN və əlavə mükafatlandırma ödənməlidir. Lakin, cavabdeh tərəfindən buna əməl olunmamış və bu günə qədər iddiaçının göstərdiyi xidmətlər müqabilində ona heç bir haqq ödənməmişdir. Bununla bağlı rəsmi müraciətə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. İddiaçı yenə də rəhbəri Aysel Məmmədova olan "xxxx" MMC-də rəsmi olaraq menecer vəzifəsində xx.xx.2022-cü il tarixindən əmək fəaliyyəti göstərsə də işlədiyi müddət ərzində iddiaçıya əmək müqaviləsi üzrə əmək haqqını ödəməmişdir. Aysel Məmmədova tərəfindən hər ay növbəti ay ödəmə edəcəyinə söz verilsə də buna əməl edilməmişdir və xx.xx.2022-ci il tarixində əmək münasibətlərinə düzgün olmayan bir şəkildə xitam verilmişdir. İddiaçı tərəfindən bundan sonra lazımı orqanlara müraciət olunmuş və bu barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, MMC tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a" bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi və heç bir haqq ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də müəssisənin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulduğuna görə Aysel Məmmədova barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında 22.09. 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh hüquqi şəxsin rəhbərinin iddiaçıya əmək müqaviləsi ilə ödəməli olduğu məbləğin də ödənilmədiyi mübahisəsiz şəkildə sübut olunmuşdur. Göründüyü kimi, hazırkı iddia üzrə də cavabdeh hüquqi şəxs ad olaraq fərqli olsa da rəhbəri Aysel Məmmədovadır və məhz onun tərəfindən hazırkı müqavilə üzrə də iddiaçıya heç bir ödəniş olunmayaraq müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Hazırki iddia üzrə ödənilməli olan məbləği dəqiqləşdirmək üçün cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixindən hal-hazıradək onlayn sınaq imtahanlarında iştirak etmiş, həm də tələblərinə uyğun müəllim axtarışı üçün müraciət etmiş şagirdlərin dəqiq sayı barədə məlumat verilməsi barədə sorğuya belə cavab verilməmişdir. Amma, iddiaçı işlədiyi müddət ərzində yadında qalan qədəriylə hər ay üzrə təqribi 5000 (beş min) şagirdin onlayn xidmət üçün müraciət etdiyini düşünür və hesab edir ki, sözügedən müqavilənin şərtinə əsasən onlayn iştirakçı olan hər bir şagird üzrə cavabdeh ödəməli olduğu 1 AZN məbləği hesablayaraq cəmi məbləği ona ödəməlidir. hal-hazırda Cavabdeh MMC-nin iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 ay üçün hər aya 5000 (beş min) şagirddən hesablanmaqla hər ay üzrə 5000 (beş min) manat, cəmi 50000 (əlli min) manat məbləğində borcu vardır. İddiaçıya ödənilməli olan bu məbləğlərin vaxtında, eyni zamanda ümumiyyətlə ödənilməməsi onun cox ciddi maddi və mənəvi sıxıntılarına səbəb olmuşdur. O qədər əziyyətlə çalışaraq gecə-gündüz zəhmət verdiyi işinin müqabilində hər bir şagird üzrə almalı olduğu 1 manat haqqdan bu günə qədər 1 manat da olsun ala bilməməsi və üstəlik Aysel Məmmədovanın ona əvvəllər söz versə də, sonradan ödəmirəm, get əlindən gələni et deməsi, bu qədər vaxtda apardığı mübarizə iddiaçının mənəvi iztirabına səbəb olmuş və olmaqdadır. Bu barədə tərəflərindən ‘TESBİT.AZ” MMC-yə dəfələrlə şifahi və eyni zamanda yazılı şəkildə müraciət olunsa da, heç bir nəticə olmamışdır. İddiaçı müqavilə üzrə əldə etməli olduğu pul sayəsində həyatı üçün kifayət qədər şərait və yaşayış qura biləcəyi halda Aysel Məmmədovanın qanunsuz hərəkətləri nəticəsində tam əksinə cox ciddi maddi sıxıntılara məruz qalmışdır. Hal-hazırda cavabdehin davam edən bu qərəzli hərəkətləri nəticəsində iddiaçı bu cür maddi və həm də mənəvi sıxıntılara məruz qalmaqdadır. Artıq cavabdehlə mövcud münasibətin qarşılıqlı razılıqla həll üsülu mümkünsüz olduğu üçün, hazırkı vəziyyətin ədalətli və alternativsiz həlli yolu yalnız məhkəmədir və hesab edirik ki, həm faktiki hallara, həm də hüquqi əsaslara görə iddi tələbi tam təmin olunmalıdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Məmmədova Aisel iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilə ölkə üzrə ilk ümumi orta təhsil bazasını özündə ehtiva edən imtahan platformasının və müəllim axtarış panelinin onlayn verisyası olduğundan bütün fəaliyyətlər onlayn şəkildə rəsmi saytla həyata keçirilmişdir. Cavabdeh MMC-ni X1 ilə birlikdə hər birinin 50 faiz pay olmaqla xx.xx.2021-ci il tarixdə yaratmışdır. Yuxarıda sözügüdən layihə pilot layihə olduğundan və uğursuz olduğundan sınaq imtahanlarında heç bir nəfər də şagird iştirak etməmiş, buna görə də iddiaçıya ödəniş edilməmişdir. Uğursuz olduğu üçün xx.xx.2022-ci ildən o, şirkətin fəaliyyətini dayandırmışdır. Şirkətin rəsmi saytı əvvəllər tesbit.az saytı olsa da, layihənin uğursuzluğundan sonra X1 öz layihəsini də götürüb işdən ayrılmışdır. Bir proyektin içində iki ideya olmuş, digər payçı öz ideyası ilə öz fəaliyyətini kimi.az saytı altnda davam etdirmişdir. İddiaçının iddia ərizəsində kimi.az kimi qeyd etdiyi həmin saytın onunla heç bir əlaqəsi yoxdur, həmin layihə tamamilə C.Hüseynova məxsusdur. Layihə pilot layihə olduğundan uğur qazanacağı halda bəhs etdiyi müqavilənin “Ödəmə Qaydaları”na əsasən tərəfindən iddiaçıya onlayn şəkildə bu xidmətlərdən istifadə edərək imtahanda iştirak edən hər bir şagird üçün 1 AZN və əlavə mükafatlandırma ödənilməli idi. İddiaçı tərəfindən bir neçə qeydiyyat olsa da, faktiki olaraq qeydiyyatdan keçən şagirdlər imtahanda iştirak etmədiyindən, firmaya onlar tərəfindən ödəniş edilmədiyindən iddiaçıya da hər hansı ödəniş edilməmişdir. Əslində isə iddiaçı birgə fəaliyyət qaydalarına əsasən üzərinə düşən öhdəliyin icra etmədiyinə görə imtahanlar vaxtında təşkil edilə bilməmiş, buna görə də 10000 manatadək onlara maddi ziyan dəymişdir. Bununla belə iddiaçı onun rəhbərlik etdiyi digər firmada isə əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, faktiki olaraq 2 ay əmək fəaliyyəti olduğu halda, həmin müddətin əmək haqqısı və son haqq hesabı ödənilmişdir və iddiaçı tərəfindən şikayət edildiyi üçün lazımı sənədlər Əmək Müfəttişliyinə təqdim edilmişdir. İddiaçının digər firmada olan əmək müqaviləsinin xitamı ilə bağlı ondan asılı olmayan səbəblərdən problem yaranmış olsa da, həmin işin və həmin firma ilə bağlı mübahisənin bu işə aidiyyatı olmadığından etirazda təmin məsələ ilə bağlı məlumat verməyi artıq hesab edir. Belə ki, iddiaçı həmin nəşələ ilə bağlı da mediasiya təşkilatına müraciət etmiş, həmin məsələ ilə bağlı da iddia qaldıracağı üçün hesab edir ki, həmin iş hazırki iddianın predmeti deyil. İddiaçının əmək haqqını "xxxx" MMC-dən almamış olması, "xxxx" MMC iş üzrə cavabdeh ola bilməsi üçün əsas ola bilməz. İddiaçı isə işlədiyi kimi qeyd etdiyi, faktiki olaraq isə onunla partnyorluq etdiyi layihə üzrə fəaliyyət müddəti ərzində guya yadında qalan qədəri ilə hər ay üzrə təqribi 5000 (beş min) şagirdin onlayn xidmət üçün müraciət etdiyini düşünmüş və həmin fantastik “düşüncəsi”nə əsaslanaraq onlayn iştirakçı olan hər bir şagird izrə 1 manat məbləği hesablayaraq, cəmi 50 000 manat vəsait onlardan tələb etmişdir. Qanunvericiliyin tələbinə əsasən hər bir proses iştirakçısı məhkəmədə iddia etdiyi halları sübut etməlidir, düşüncəsinə əsasən iddia qaldırıb onun təmin edilməsini xahiş etməli deyil. Odur ki, qarşı tərəfdən ilk növbədə hər ay üzrə ona 5000 manat olmaqla, 10 ay üzrə 50 000 manat borcunun olmasını, ondan sonra isə faiz və mənəvi ziyanı əsaslandırmasını tələb edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh MMC-nin təsisçisi və direktoru X2, digər təsisçi X3 və İddiaçı arasında müqavilə bağlamış, həmin müqaviləyə əsasən, müqavilə ölkə üzrə ilk ümumi orta təhsil bazasını özündə ehtiva edən imtahan platformasının və müəllim axtarış panelinin onlayn verisyasıdır. Müqavvilə orta tədris proqramını əsas götürərək ölkə üzrə təhsil alan şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı özlərini yoxlamaq məqsədilə onlayn sınaq imtahanlardan istifadə edə bilmələri üçün onların bu platformaya cəlb edilməsi, eyni zamanda tələblərinə uyğun müəllimlərin axtarışı zamanı Tərəflər arasında yaranan münasibətləri tənzimləyir. Bununla yanaşı xaricdə təhsil ilə bağlı abituriyent və tələbələrin cəlb edilməsi, onların lazımi şəkildə məlumatlandırılması, bununla bağllı konsultasiyanın da keçirilməsi məqsələləri bu müqavilə ilə öz əksini tapacaqdır. Müqaviləyə əsasən ödəniş qaydalarının təyin olunan hər bir inzibati ərazi vahidi üzrə hər şagird üçün 1 AZN olaraq razılaşdırılması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin «uçota dair» Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2021 -ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə “birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən iddiaçı orta tədris proqramı əsas götürülərək ölkə üzrə təhsil alan şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı özlərini yoxlamaq məqsədilə onlayn sınaq imtahanlarından istifadə edə bilmələri üçün onların onlayn platformaya cəlb edilmələri və tələblərinə uyğun müəllim axtarışının onlayn həyata keçirilməsini təmin etməli, müqabilində cavabdeh tərəfindən online platformaya cəlb edilən hər şagird üçün iddiaçıya 1 manat xidmət haqqı ödənilməlidir. İddiaçı hazırda iddia edir ki, onun tərəfindən Cavabdeh kimi fəaliyyət göstərmiş və hazırda “kimi.az” adı altında fəaliyyət göstərən online platformaya onun tərəfindən hər ay 5000 şagird cəlb edilmişdir ki, bu da 10 ay ərzində 50 000 şagird edir və bunun dəyəri 50 000 manat təşkil edir. Cavabdeh həmin məbləği iddiaçıya ödəməmişdir. Buna mütənasib olaraq gecikdirilmiş vaxt üçün 5000 manat faiz borcunun və çəkdiyi mənəvi sarsıntıya görə 5000 manat pulun cavabdehdən tutulmalı olmasını iddia edir. Cavabdeh iddia tələbini qəbul etmir və bildirir ki, iddiaçı iddia etdiyi kimi lazımi qaydada xidmət göstərməmiş, 50 000 şagirdin platformaya cəlb edilməsini təmin etməmiş, qeyd edilən layihə pilot layihə olmuş və sayt öz fəaliyyətini xx.xx.2022-ci il tarixdə dayandırmışdır ki, buna da səbəb şirkətin lazimi qaydada fəaliyyət göstərə bilməməsi olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, sadalanan prosessual hüquq normalarından göründüyü kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırda iddiaçı cavabdehə məxsus Cavabdeh MMC ilə bağladağı müqavilə əsasında Cəmiyyətə online platforma vasitəsilə hər ay 5000 şagird olmaqla, 10 ay ərzində cəmi 50 000 şagird qazandırdığını qeyd etsə də, məhkəməyə bunu təsdiq edəcək hər hansı bir sübut təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırdığı halları məhkəmə iclasında sübut edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 10 ay ərzində cavabdehə online qaydada şagird qazandırdığını qeyd etsə də, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Cavabdeh MMC-nin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək davam etmişdir ki, bu müddət də 10 aydan azdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə 50 000 manat pulun tutulması hissəsində sübut olunmadığından təmin edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən müqavilə üzrə pulun tutulması hissəsi təmin edilmədiyindən həmin məbləğə hesablanmış 5000 manat məbləğində borcu və mənəvi zərərin əvəzi olaraq 5000 manatın da tutulması hissəsində əlavə araşdırma aparılmadan iddia tələbi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.

Məhkəmənin gəldiyi nəticə: Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun, faiz borcunun və mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun, faiz borcunun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar