Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5067/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X21 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət mərkəzində notariat ofisi və xüsusi notarius X16) “miras əmlaka pay hüququnun tanınması, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət mərkəzində notariat ofisi və xüsusi notarius X16) “miras əmlaka pay hüququnun tanınması, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən mənzilə dair onun 1/2 hissədə pay hüququnun tanınması, sözügedən mənzilə dair 4 saylı Bakı “ASAN xidmət daxilində yerləşən notariat kontorunun üzərinə 1/2 pay hüququnun tanınmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququnu özündə əks etdirən çıxarışın verilməsi öhdəliyinin qoyulmasını nəzərdə tutan qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “X9 MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Atam 22.07.2020-ci ildə dünyasını dəyişmiş və heç bir vəsiyyətnamə qoymamışdır. 08.08.2020ci il tarixində 4 saylı Bakı Maraqlı şəxs daxilində yerləşən notariat ofisinə mirasın qəbulu barəsində yazılı ərizə ilə müraciət etmişəm. 4 saylı Bakı Maraqlı şəxs notariusu sözügedən mənzildə valideynlərimin birgə nikah dövründə alındığı üçün X1nın 1/2 hissədə əmlaka dair xüsusi mülkiyyət hüququnun olduğunu, bundan əlavə vərəsəlik hüququ üzrə X1nın, bacım X4, qardaşım Cavabdeh və mənim müvafiq olaraq hər birimizin ayrıayrılıqda miras əmlakdan 1/8 pay hüququmuzun olduğunu bildirmişdir. X1 və bacım X10 miras əmlakdan özlərinə düşən paylardan mənim xeyrimə imtina edərək yazılı ərizə təqdim etmişdirlər. Qardaşım Cavabdeh mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddəti keçirdikdən sonra, yəni 22.02.2021-ci il tarixdə notariat ofisinə gələrək miras əmlakdan payın qəbulu barədə ərizə yazmışdır. Bildirirəm ki, sonuncu 2017ci ilin yanvar ayından etibarən özünün səbəb olduğu ailə münaqişələri səbəbindən miras əmlakda yaşamayıb, əmlakın qorunub saxlanılmasında, kommunal-təsərrüfat xərclərinin ödənilməsində iştirak etməyib. Həmçinin, qardaşım Cavabdeh 2017-ci ilin yanvar ayından bu günə qədər ünvan 1 ünvanına gəlməməsi ilə birlikdə atamın dəfn mərasiminə də gəlməmiş, yalnızca sonuncunun üç və qırx mərasimlərində kənardan gələn digər şəxslər kimi iştirak etmişdir. Məlumat üçün bildirirəm ki, hələ atamın sağlığında qardaşım sözügedən əmlakdan öz payını tələb etdiyindən və bunun üçün ailə daxili münaqişələr yaratdığından, atam Suraxanı Rayon Məhkəməsinə müraciət edərək miras əmlakdan qardaşıma düşən pay müqabilində Əmlak Ekspert Mərkəzi tərəfindən təyin edilmiş 9000 (doqquz min) manat kompensasiya məbləğini ödəyərək mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddia təmin edilərək, 01.04.2019-cu il tarixində 2(010)- 1134/2019 nömrəli qətanmə qəbul edilmişdir. Təyin olunmuş kompensasiya məbləğinin yarı hissəsi atamın sağlığında ikən özü tərəfindən, digər yarı hissəsi isə atamın vəfatından sonra tərəfimdən ödənilərək qətnamə tam şəkildə icra edilmişdir. Yəni, Cavabdeh mirasın qəbuluna dair ərizə verdiyi tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.04.2019cu il tarixli, 2(010)-1134/2019 nömrəli qətnaməsi hələ tərəfimizdən tam olaraq icra edilməmişdi. Cavabdeh miras əmlakda yaşamamasına, əmlaka faktiki sahiblik və ondan istifadə etməməsinə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hər hansı hərəkəti icra etməməsinə, mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə baxmayaraq, notariat kontoru tərəfindən cavabdehin 1/8, mənim 3/8 (1/8+1/8+1/8) pay hüququmuz tanınmışdır. Notarius müddətin keçməsinə baxmayaraq, cavabdehin 1/8 pay hüququnu tanımasını sırf sonuncunun mirasın qəbuluna dair ərizə verdiyi vaxt mübahisəli ünvanda qeydiyyatda olması ilə əlaqələndirmişdir. Halbuki, cavabdeh mübahisəli ünvanda qeydiyyatda olmasına baxmayaraq, orada uzun müddətdir ki, yaşamamış, əmlaka faktiki olaraq sahiblik etməmişdir. Sonuncunun 1/8 pay hüququnun tanınması mənim etirazıma səbəb olmuş, bu səbəbdən notarius X16 17.08.2021-ci il tarixli, 1418 nömrəli məktubla notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Qardaşım Cavabdeh başqa ünvanda yaşamaqla, nə vərəsəlik açılan vaxt, nə də miras əmlakın qəbuluna dair ərizə verdikdə ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamadığına görə miras əmlakı faktiki olaraq qəbul etməmiş və vərəsəliyin qəbul edilməsi üçün vərəsəliyin açıldığı andan yalnızca 6 ay müddət keçdikdən sonra notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Hesab edirəm ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair mənim 1/2 (1/8+1/8+1/8+1/8) pay hüququm tanınmalı, bunun əsasında mənə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və müvafiq olaraq çıxarış verilməlidir”. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh 2017-ci ildən etibarən ailənin bütün üzvləri ilə əlaqəsi kəsilmişdir. Həmin tarixdən etibarən mübahisəli mənzildə heç vaxt yaşamamış, miras əmlakı da faktiki olaraq heç vaxt qəbul etməmişdir. Hətta ataları hələ sağlığında hazırkı iş üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququna 9000 manat kompensasiya qarşılığında xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmişdir. Sadəcə olaraq, atasının vəfatına qədər bu kompensasiya məbləği tam ödənilə bilmədiyindən qətnaməni tam icra etmək və cavabdehi mənzildən qeydiyyatdan çıxarmaq mümkün olmamışdır. Halbuki, atası hələ sağlığında cavabdehi mənzildən qeydiyyatdan çıxarmaq və mənzili onun (iddiaçının) adına keçirtmək istəmişdir. Lakin yalnız onun ölümündən sonra cavabdehə ödənilməli olan kompensasiya məbləğini tam ödəyərək onun mənzildən qeydiyyatdan çıxarılmasını təmin etmişdir. Cavabdeh miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş altı aylıq müddəti ötürmüş, miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Bu səbəbdən onun miras əmlak üzərində payının tanınması qəbul edilməzdir. Nəzərə alınmalıdır ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Cavabdehin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti bilməməsi onun bu müddəti buraxmasının üzrlü səbəbi deyil. Bu baxımdan hesab edir ki, iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 17.10.2021-ci il tarixindən Albaniya Respublikasına işlə əlaqədar ezam olunduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Əlavə etmişdir ki, geri dönəcəyi tarix qeyri-müəyyən olsa da 22.11.2021-ci il tarixində məhkəmə iclasında iştirak etmək ehtimalı çox olduğundan növbəti iclasın həmin tarixə təyin edilməsini xahiş etmişdir. Lakin ərizəyə əlavə edilmiş ezamiyyət əmrindən və ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı 17.10.2021-ci il tarixdən 30.11.2021-ci il tarixədək 44 gün müddətində Albaniya Respublikasına ezam edilmişdir. Bu baxımdan məhkəmə iclasının ərizədə göstərildiyi kimi 22.11.2021-ci il tarixə təxir edildiyi halda da iddiaçının məhkəmə iclasında iştirak etməyəcəyi gözləniləndir. Məhkəmə iclasının daha uzun müddətə təxir edilməsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş (işin məhkəmənin icraatına daxil olduğu tarixə uyğun olaraq 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərdən əvvəlki redaksiyada) işlərə baxılması müddətinin pozulması ilə nəticələnə bilər. Bu baxımdan məhkəmə iddiaçının əvvəlki məhkəmə iclasında da iştirak etməsini və əlavə sübutların təqdim edilməsi ilə bağlı heç bir vəsatətinin olmamasını nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, atasından miras qalmış mənzildə onun da pay hüququ var. Miras əmlakı qəbul etmək üçün müddəti ötürməsinin səbəbi vərəsəlik işinin açılmasından vaxtında məlumatı olmaması olmuşdur. Özünün də hüquqi savadı olmadığından bu barədə vaxtında notariusa müraciət etməmişdir. Bu səbəbdən hesab edir ki, ötürdüyü bir ay müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Çünki atası onu vərəsəlikdən məhrum etməmişdir. Yalnız mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə qət edilmiş 9000 manat məbləğində kompensasiya hazırda ona ödənilmişdir. Lakin onun bu mənzil üzərində pay hüququ hələ də var. Onun hazırda özünün üç otaqlı, təmirsiz mənzili var. Atasından qalan mənzildən payını ona görə tələb edir ki, bu mənzili özü təmir etdirib, xərc çəkmişdir. 2017-ci ildən etibarən bu mənzildən və ailə üzvlərindən ayrıldığı isə doğrudur. Həmin vaxtdan mənzildə anası və qardaşı öz ailəsi ilə birlikdə qalır. Bununla belə həmin mənzil üzərində onun da vərəsə kimi pay hüququ var. Onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi isə tamamilə üzrlü səbəbdən – qanunu bilməməsindən baş vermişdir. Bu baxımdan hesab edir ki, buraxdığı müddət bərpa edilməli, mənzil üzərində pay hüququ tanınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət mərkəzində notariat ofisi və xüsusi notarius X6 lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, yaxud nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17.08.2021-ciil tarixli, 1418 nömrəli məktubdan görünür ki, İddiaçı 08.08.2020-ci il tarixində daxil olmuş mirasın qəbuluna dair ərizəsinə əsasən 22.07.2020-ci il tarixdə vəfat etmiş atası X17 adına vərəsəlik işi açılmış, hazırda vərəsələr arasında mübahisə olduğu üçün müvafiq məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli, 2(010)-1134/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və X11 ümumilikdə, 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh, X7 və onların yetkinlik yaşına çatmayan X12 və X13 ünvan 3 ünvanında yerləşən 201 nömrəli mənzildə olan istifadə hüququna xitam verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən 30.07.2020-ci il tarixdə verilmiş AZ-İİ 098344 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 22.07.2020-ci ildə dəqiqləşdirilməmiş ürək çatışmazlığından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.07.2020-ci il tarixdə 564 nömrəsi ilə qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzili X17 xüsusi mülkiyyəti kimi 27.07.2010-cu il tarixində qeydiyyata alınmışdır. X5 tərəfindən notariat ofisinə ünvanlanmış 08.08.2020-ci il tarixli ərizənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 22.07.2020-ci il tarixdə vəfat etmiş mərhum əri X17 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından oğlu İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. X18 tərəfindən notariat ofisinə ünvanlanmış 08.08.2020-ci il tarixli ərizənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X18 22.07.2020-ci il tarixdə vəfat etmiş mərhum atası X17 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından qardaşı İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. X5 tərəfindən notariat ofisinə ünvanlanmış 01.06.2021-ci il tarixli ərizənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 22.07.2020-ci il tarixdə vəfat etmiş mərhum əri X22 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə dair ona ərarvadın birgə mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən Bakı şəhər 4 saylı Maraqlı şəxsndə notariat ofisinin xüsusi notariusuna ünvanlanmış 22.02.2021-ci il tarixli miras qəbulu ərizəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 22.07.2020-ci il tarixdə ölmüş atası X14 miras qalmış Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzili qəbul etdiyini bildirib mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı 17.08.2021-ci il tarixdə verilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında X8, X19, X23, X15, X5 qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Cavabdeh 10.09.2021-ci il tarixdə verilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında X24, X26, X27, X25 qeydiyyatdadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh doğma qardaşdır. Onların atası X29 ölümündən bir neçə ilə əvvəl oğlu olan hazırkı iş üzrə Cavabdeh və onun arvadı X11 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 9000 manat məbləğində kompensasiya ödənilməsi ilə Cavabdeh və X7 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, Məhkəmənin 01.04.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək 9000 manat məbləğində kompensasiya müqabilində Cavabdeh və X7 yetkinlik yaşına çatmayan iki uşaqları ilə birlikdə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə tam icra edilmiş, müvafiq kompensasiya məbləği iş üzrə cavabdehə tam ödənilmiş, o və digər ailə üzvləri mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışdır. Tərəflərin atası X29 22.07.2020-ci il tarixdə ölmüş, ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyatnamə tərtib etməmişdir. 08.08.2020-ci il tarixdə hazırkı iş üzrə İddiaçı atası X14 miras qalmış əmlakın - Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin qəbuluna dair ərizə ilə notariusa müraciət etmiş, vərəsəlik işi açılmış, elə həmin tarixdə iddiaçının anası X5 və bacısı X18 notariusa ərizə ilə müraciət edərək miras əmlakda olan paylarından İddiaçı xeyrinə imtina etmişlər. Cavabdeh isə 22.02.2021-ci il tarixdə mərhum atası X14 miras qalmış mənzilə olan payını qəbul etdiyini bildirib, miras əmlakdan ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bundan sonra, vərəsələr arasında miras əmlakın qəbulu ilə bağlı mübahisə yarandığından 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisində açılmış vərəsəlik işi üzrə notariat hərəkətləri davam etdirilməmiş, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə mərhum X29 ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir. X29 22.07.2020-ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakın açıldığı tarix həmin tarixdir. Hazırkı iş üzrə tərəf olan iddiaçı və cavabdeh hər ikisi miras qoyanın uşaqları olmaqla onun birinci növbədə, bərabər pay hüquqlu vərəsələri olmuşdur. İş üzrə İddiaçı atasının ölümündən qısa bir müddət sonra – 08.08.2020-ci il tarixdə atasından qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə ilə notariusa müraciət etmiş, onun ərizəsi əsasında atasından qalmış miras əmlakla bağlı vərəsəlik işi açılmışdır. İddiaçı eyni zamanda, atasının ölümündən sonra ondan miras qalmış mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa davam etməklə atasından miras qalmış mənzil üzərində payını faktiki olaraq da qəbul etmişdir. Hazırk iş üzrə cavabdeh olan digər vərəsə Cavabdeh isə atasının vəfatından tam 7 ay sonra – 22.02.2021-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət edərək atasından miras qalmış mənzil üzərində miras payını qəbul etdiyini bildirib ona payına uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Cavabdeh özünün izahatında da qəbul etdiyi kimi 2017-ci ildən etibarən bu mənzildə heç vaxt yaşamamışdır. Hətta atası X2 oğlu Cavabdeh və ailə üzvlərinin bu mənzildən istifadə hüquqlarına 9000 manat məbləğində kompensasiya verilməsi ilə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək həmin mənzildə üç ildir ki yaşamadığını bildirib 9000 manat kompensasiya müqabilində mənzildən istifadə hüququna xitam verilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Həmin qətnamə hazırda tam icra edilmiş, müvafiq kompensasiya məbləği tam ödənilmiş, Cavabdeh və ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması təmin edilmişdir. Göründüyü kimi, Cavabdeh mənzil üzərində olanda olan miras payını mənzildə faktiki yaşayaraq da qəbul etməmişdir. Belə olan halda Cavabdeh qanunla müəyyən edilmiş mirasın qəbulu müddətini ötürdüyü aşkardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə olan halda Cavabdeh qanun üzrə vərəsə kimi mirası vaxtında qəbul edə bilməmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh özü də qanunla müəyyən edilmiş müddəti bir ay ötürdüyünü etiraf etmiş, lakin bu gecikmənin üzrlü səbəblərdən – vərəsəlik işinin açılması barədə məlumatlı olmaması və mirasın qəbulu müddətləri ilə bağlı qanunvericiliyin tələblərini bilməməsi ilə izah etmişdir. Qeyd edilməlidir ki, qanunvericiliklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin məhkəmə tərəfindən uzadılması nəzərdə tutulsa da bu uzatma yalnız məhkəmənin üzrlü saydığı hallarla məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hazırkı iş üzrə Cavabdeh mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürməsinin səbəbi isə məhkəmə tərəfindən üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, ilk növbədə, vərəsəlik işinin açılması tarixindən asılı olmayaraq, miras şəxsin ölümü ilə açılır. Bu baxımdan Cavabdeh bilməli idi ki, atası X17 ölümü ilə ondan qalmış miras açılmışdır. O, atasının vərəsələrindən kiminsə vərəsəlik işinin açılması ilə bağlı notariusa müraciət etməsini və ona da məlumat verilməsini gözləməməli, özü vaxtında miras əmlakın qəbulu ilə bağlı konkret hərəkətlər etməli idi. Cavabdeh miras əmlakın qəbulu ilə bağlı qanunvericiliyin tələblərindən məlumatlı olmaması bu müddətin ötürülməsinin üzrlü səbəbi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin üçüncü bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Qanunla bəzi hüquqların əmələ gəlməsi üçün bu cür müddətlərin müəyyən edilməsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Məhkəmə yalnız o halda bu müddətin buraxılması səbəbini üzrlü hesab edə bilər ki, müddəti buraxan tərəf məhkəməyə elə sübutlar təqdim etsin ki, məhkəmə bu sübutlar əsasında müddəti buraxan şəxsin iradəsindən asılı olmayan, onun özü tərəfindən dəf edilməsi mümkün olmayan, onun müvafiq hərəkətləri yerinə yetirməsinə maneə törədən və ya məhdudiyyət yaradan halların olduğunu müəyyən etsin. Yəni, məhkəmə əmin olsun ki, həmin hallar baş verməsə idi, şəxs qanunla müəyyən edilmiş müddətlər daxilində konkret hərəkətlər edəcəkdi. Yalnız bu cür halları məhkəmə müddətin buraxılmasının üzrlü səbəbi hesab edə bilər. Hazırkı işdə isə Cavabdeh atasından miras qalmış əmlakın qəbulu üçün müddəti buraxmasını müddətlərlə bağlı qanunun tələblərini bilməməklə izah etmişdir ki, artıq yuxarıda qeyd edildiyi bu müddətin ötürülməsinin üzrlü səbəbi deyil. Cavabdehin əksinə, İddiaçı isə atasından miras qalmış mənzildə ailə üzvləri ilə birlikdə yaşamaqla, miras əmlakı həm faktiki qəbul etmiş, həm də vaxtında mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Belə olan halda onun miras əmlak üzərində olan payı 1/2 hissədə müəyyən edilməlidir. Çünki iş materiallarından görünür ki, mərhumun digər iki qanun üzrə vərəsəsi olan qızı və arvadı miras əmlakdakı paylarından iddiaçının xeyrinə imtina etmişdir. Eyni zamanda, artıq yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh öz payını vaxtında qəbul etmədiyi müəyyən edildiyindən onun payı digər qanun üzrə vərəsələr arasında bölünməlidir. Qalan bütün qanun üzrə vərəsələr miras əmlakdakı paylarından iddiaçının xeyrinə imtina etdiyindən onun da payı İddiaçı keçir və iddiaçının miras əmlak üzərindəki ümumi payı anasının birgə nikah dövründə əldə edilmiş əmlak kimi mənzil üzərindəki payı (1/2) istisna olmaqla, qalan hissəni bütövlükdə əhatə edir. Belə olan halda onun miras əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir. Lakin iddia tələbinin qalan hissələrinə - mənzilə dair 4 saylı Bakı “ASAN xidmət daxilində yerləşən notariat ofisinin üzərinə 1/2 pay hüququnun tanınmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə mənzilə dair xüsusi mülkiyyət hüququnu özündə əks etdirən çıxarışın verilməsi öhdəliyinin qoyulması – münasibətdə məhkəmə qeyd edir ki, çıxarışın verilməsi öhdəliyinin qoyulması hissəsində işə ümumiyyətlə ümumi məhkəmələrdə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Bu səbəbdən həmin hissədə iş üzrə icraata Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(010)-5067/2021 saylı qərardadı ilə xitam verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsinə gəldikdə isə qeyd edilməlidir ki, hazırkı qətnamə ilə onsuz da iddiaçının mübahisəli mənzil üzərində 1/2 hissədə pay hüququ tanındığından bu qətnamə iddiaçıya müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Bu baxımdan qətnamənin icra edilməsi üçün notariat orqanının üzərinə ayrıca vəzifə qoyulmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində 1/2 hissədə miras payını qəbul etmiş hesab edilməli və mənzil üzərində onun 1/2 hissədə pay hüququ tanınmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən təyinatı üzrə 10 manat məbləğində dövlət rüsumu ödəmək əvəzinə, yanlış təyinatla (iddia qiyməti 500 manatdan çox olduqda) 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun yalnız 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində 1/2 hissədə miras payını qəbul etmiş hesab edilsin və mənzil üzərində onun 1/2 hissədə pay hüququ tanınsın. İddia qalan hissədə təmin edilməməsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin və ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-5067/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5067/2021
04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver