Məhkəmə qərarları › İş №e-2(010)-5186/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5186/2024

09.12.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5186/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş “şəxsin ölmüş elan edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə “şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə müraciət edərək, məhkəmədən həyat yoldaşı X8 ölmüş elan edilməsi, ölüm tarixinin xx.xx.2015-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X10 xx.xx.2015-ci il tarixdə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 60 saylı evin qarşısında naməlum şəraitdə yoxa çıxmışdır. Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, lakin istintaq-əməliyyat tədbirləri illər ərzində heç bir nəticə verməmişdir. Nəhayət, müvafiq ərizə əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-1320/2019 saylı qətnaməsi ilə X10 xəbərsiz itkin düşmüş hesab edilmişdi. Bundan sonra keçən 5 il ərzində X10 barəsində hər hansı yeni məlumat, xəbər olmamışdır. Beləliklə, çox təəssüfedici hadisə olsa da, artıq Emilin ölməsinə heç bir şübhə qalmamışdır. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, yoxa çıxdığı 2015-ci ildən etibarən Emil Bədəlovdan heç bir xəbər alınmamışdır. Hadisə günü onun avtomobili içindəki bütün əşyalarla, eləcə də açarla birlikdə yerində olmuş, lakin yerdə tormoz izləri müşahidə edilmişdir. Hətta hadisədən sonra bir neçə gün onun telefonuna zəng də çatmışdır. Emil Bədəlovun ailəsindən gizlənməsi üçün heç bir səbəb olmamışdır. Bu vəziyyətdə onun ölməsi barədə nəticəyə gəlməkdən başqa yol qalmır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 260-Ş-18 nömrəli məktubdan görünür ki, X8 xx.xx.2015-ci il tarixdə sahibi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 60 saylı evin yanında naməlum şəraitdə itkin düşməsi faktı ilə bağlı xx.xx.2015-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, hazırda rayon prokurorluğunda həmin iş üzrə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 1320/2019 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, X10 xəbərsiz itkin düşmüş hesab edilmişdir.

Şahid ifadələri.

7. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X6 bildirmişdir ki, Ərizəçi onun əmisinin gəlinidir. Əmisinin adı isə Bədəlov Əlidir. İtkin düşmüş Emil Bədəlov əmisinin oğludur. Elmlər Akademiyası tərəfdə Emilin kirayə verdiyi evi olmuşdur. İtkin düşdüyü gün o, həmin tərəfə kirayə haqqını almaq üçün getmiş, ondan sonra yoxa çıxmışdır. Emil itəndə onun oğlu Alim hələ bələkdə körpə olmuşdur, hazırda isə həmin uşaq 4-cü sinifə gedir. Emilin itkin düşməsi ilə bağlı o, dəfələrlə Emilin anasını hüquq-mühafizə orqanlarına, Yasamal rayon prokurorluğuna aparıb-gətirmişdir. Onlar bu barədə “Xəzər TV”yə də müraciət etmişlər.

8. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X3 bildirmişdir ki, Ərizəçi onun qaynı Əli Bədəlovun gəlinidir. Təxminən 2015-ci ildə axşam saatlarında qaynının yoldaşı ona zəng vuraraq oğlu Emilin kirayə pulunu almaq üçün evdən çıxdığını, sonra geri qayıtmadığını demişdir. Həmçinin bildirmişdir ki, o, bu barədə yoldaşına sonrakı gün demiş, bundan sonra birlikdə gedib həmin evin ətrafına baxmışlar. Orada Emilin maşınını qapıları açıq, bütün əşyalar yerində olduğu vəziyyətdə tapmışlar. Bundan sonra o özü dəfələrlə Emilin anası ilə birlikdə aidiyyəti orqanlara müraciət etmişdir. Emil itəndə balaca oğlu hələ altı aylıq olmuşdur. Hazırda həmin uşaq 4-cü sinifə gedir.

İşin faktiki halları.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X10 xəbərsiz itkin düşmüş hesab edilmişdir. O, Ərizəçi həyat yoldaşıdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi. 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Maddə 312. Ərizənin verilməsi. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizənin məzmunu. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 314. Ərizə verildikdən sonra hakimin hərəkətləri. 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi. 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.

Məhkəmənin mövqeyi.

12. Ərizəçinin ölmüş elan edilməsini xahiş etdiyi X8 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən az qala altı ilə yaxın bir vaxt keçsə də, bu müddət ərzində Emil Bədəlov haqqında heç bir xəbər çıxmamışdır.

13. Belə olan halda məhkəmə hesab edir ki, X8 ölmüş elan edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcuddur. Belə ki, yuxarıda (§ 10) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa ... o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

14. Bundan əlavə, Emil Bədəlovun məhz Bakı şəhəri, Yasamal rayonu ərazisində xəbərsiz itkin düşməsi ilə bağlı cinayət işinin Bakı şəhəri Yasamal rayon prokurorluğunda açılmış olması, eləcə də məhkəmə iclasında dinlənilmiş şahid ifadələri əsasında Emil Bədəlovun ölüm yerinin Bakı şəhəri olması nəticəsinə gəlmək mümkündür.

15. Belə olan halda məhkəmə hesab edir ki, X8 Bakı şəhərində ölmüş elan edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcuddur. Bununla belə, məhkəmə hesab edir ki, Emil Bədəlovun ölümünün güman edildiyi günlə bağlı ərizədə qeyd edilənləri təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə qismən təmin edilməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, bu məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün X8 ölüm günü hesab edilməlidir. Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X10 Bakı şəhərində ölmüş elan edilməli, ərizə qalan hissədə təmin edilməməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X10 Bakı şəhərində ölmüş elan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi gün X8 ölüm günü hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar