Məhkəmə qərarları › İş №e-2(010)-5211/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5211/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5211/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının təzminatının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının təzminatının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və qeyrilərinin ünvan 1 ünvanını dərhal boşaltmaları, mənzili iddiaçıya təhvil vermələri, 28 ay x 350 manat=9800 manat məbləğində kirayə haqqının və ödənilmiş 118 manat məhkəmə dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, - İddiaçı, ünvan 1 ünvanlı yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququ var. Belə ki, iddia ərzəsinə əlavə edilmiş 030628 nömrəli xx.xx.1994-cü il tarixli orderdən görünür ki, İddiaçı adına ünvan 1 ünvanlı yaşayış sahəsi verilmiş və həmn evdə onunla birgə Seyidov M.M. (əri), və Seyidov M.M. (oğlu) adlar da qeyd olunmuşdur. Cavabdeh2 1994-cü il tarixindən ona məxsus, gözlənilən mülkiyyət hüququ olan ünvan 1 ünvanlı mənzildə qaçqın statusu ilə yaşamışdır. Dəfələrlə şifahi və yazılı müraciəti olmasına baxmayaraq, cavabdeh onun evini tərk etməmiş, hər dəfəsində də evi tərk etməmək üçün müxtəlif bəhanələr gətirmişdir. Artıq məhkəmədən qabaq bütün qanuni təsirləri heç bir nəticə verməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36-3/2-M-4197/8-44/2025/6497 saylı rəsmi məktubuna əsasən, cavabdehlər Cavabdeh2 və atası Cavabdeh1 ailə tərkibində xx.xx.2023-cü il tarixində Laçın şəhərində daimi olaraq 453 nömrəli fərdi yaşayış sahəsi ilə təmn edildiyi qeyd olunmuşdur. Həmçinin məktubda mənzilin boşaldılaraq qaytarılması ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İşin tədqiq duran faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Nəzərə alnımalıdır ki, 1992-93cü ilərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmşdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmn hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbrlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola blər. Həmçinin, ikinci Qarabağ müharibəsi zamanı, 01 dekabr 2020-ci ildə Laçın rayonu işğaldan azad edmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin Sərəncamına əsasən 2022- 2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubad, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayş evinin inşası nəzərdə tutulmuşdur. Buna baxmayaraq, cavabdehlər mənzili boşaltmayaraq, onun qanuni hüquqlarını pozmuş və xx.xx.2023-cü il tarixindən bu günədək (29 ay) icarə haqqı (350 AZN/ay) ödəməmişlər. Cavabdeh2 iddia ərizəsinə etirazı. Cavabdeh2 məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni order hesab etdiyi, ona hüquq yaratdığı həmin sənəddən belə çıxır ki, 1993-cü ildə Dövlət tərəfindən iddiaçı və ailəsi mübahisəli mənzilə məskunlaşmışlar və guya ki, bundan sonra 1994-cü ildə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olan həmin mənzil başqa bir dövlət orqanının sərəncamı ilə iddiaçıya order verilmişdir. Hesab edir ki, bu hal qeyri-mümkündür. Bundan əlavə, məhkəməyə təqdim edilən orderdən görünür ki, guya sözügedən sənəd Bakı şəhəri, Yasamal rayonu Başçısının xx.xx.1994-cü il tarixli 131/81 nömrəli Sərəncamına əsasən möhürdə yazılan Bakı şəhəri Yasamal rayonu İcra hakimiyyətinin mənzil sahəsinin uçotu və bölüşdürülməsi şöbəsi ( belə şöbə mövcud deyildir, SSRİ vaxtında olmuşdur) vermişdir. Orderdə mövcud olan möhürdə həmin şöbənin adı yazılıb. Bu baxımdan hesab edir ki, xx.xx.1994-cü il tarixli 030628 saylı mənzil orderi, üzərindəki möhür və imzalar, xx.xx.1994-cü il tarixli 131/81 nömrəli sərəncamın mövcudluğu hərtərəfli tədqiq olunmalı, order saxta çıxdığı təqdirdə məhkəmə tərəfindən xüsusi qərar qəbul edilməklə Azərbaycan Respublikasının Baş Prokuroruna araşdırma üçün göndərilməlidir. Bundan başqa, hesab edir ki, Laçın rayonunda 1 otaqlı mənzillə təmin edilməsi ilə bağlı dövlət orqanının qərarı qəbul edilərkən Cavabdeh2 ailəli olmağı, həyat yoldaşı və iki övladı ilə birgə yaşamağı nəzərə alınmalı idi. Qeyd edir ki, o, xx.xx.2006-cı ildə ailə qurduqdan sonra da öz ailəsi ilə və ata-anası ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, qarşı tərəf fikrini orderin saxta olması ilə əsaslandırsa da, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bildirir ki, əvvəlki məhkəmə iclaslarında qarşı tərəf cavabdehlər üçün ayrılmış evin sahəsinin adam saylarına nəzərən balaca olduğundan orada yaşamaqlarının mümkünsüz olduğunu qeyd etmişdir. Hesab edir ki, cavabdehlər bununla bağlı yeni iddia ilə müraciət edə bilərlər. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, orderin saxta olub-olmamasını qarşı tərəf özü sübut etməlidir. Həmçinin, evin onlara məxsus olmasını qarşı tərəf özü sübut etməlidir. Order özəlləşmə sənədi deyil. Orderin verildiyi tarix cavabdehlərin həmin ünvanda yaşadığı vaxta düşür. O, sənədə baxmış, sənədin düzgün olmadığını, savadsız yazı formasında tərtib olunduğunu görmüşdür. Bundan əlavə sərəncama görə qaçqınlara ev verilmədiyi müddətcə onlar yaşadığı ünvandan çıxarıla bilməz. Hazırda da həmin ünvanda qaçqın tələbə yaşayır. Bundan başqa mübahisəli ünvanın çıxarışı yoxdur. İddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin vətəndaş X3 müraciətinə xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 atası Cavabdeh1 ailə tərkibində xx.xx.2023-cü il tarixində Laçın şəhərində daimi olaraq 453 nömrəli fərdi yaşayış sahəsi ilə təmin edilmişdir. Vətəndaşa məxsus olan mənzilin boşaldılaraq qaytarılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayonu İcra hakimiyyətinin mənzil sahəsinin uçotu və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 030628 saylı xx.xx.1994-cü il tarixli orderin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki xx.xx.1994-cü il tarixli 131/84 nömrəli sərəncama əsasən, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı və onun ailə üzvlərinə (Seyidov M.M. (əri), və Seyidov M.M. (oğlu)) istifadəyə verilmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 118 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən AA seriyalı 503973 №-li xx.xx.2024-cü il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən X1 rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmış, hazırda ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş) Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Laçın rayonundan məcburi köçkün kimi, 1993-cü ildən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15B ünvanında yerləşən 105 saylı mənzildə məskunlaşmışdır. xx.xx.1994-cü il tarixli orderə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15B ünvanında yerləşən 105 saylı mənzil İddiaçı istifadəyə verilmişdir. Həmçinin, İddiaçı qeyd olunan mənzildə xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Hazırda iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15B ünvanında yerləşən 105 saylı mənzili dərhal boşaltmaları, mənzili iddiaçıya təhvil vermələri, 28 ay x 350 manat=9800 manat məbləğində kirayə haqqının və ödənilmiş 118 manat məhkəmə dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Cavabdehlərin həmin mənzildən çıxarılması tələbi tam əsassız görünür, çünki iddiaçının bununla bağlı subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi deyil. Həmin mənzil 1994-cü ildə müvafiq order əsasında iddiaçıya verilmiş, iddiaçı isə həmin mənzil üzərində faktiki sahiblik və istifadə hüququnu həyata keçirməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən mənzil iddiaçıya dövlət tərəfindən verilmiş, hal-hazıradək dövlətin mülkiyyətindədir. İddiaçıya xx.xx.1994-cü il tarixli orderə əsasən həmin mənzildə yaşamaq hüququ verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Lakin, işin hallarından görünür ki, dövlət mülkiyyətində olan mənzil özəlləşdirilməmişdir. Belə ki, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyətinə aid olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Tələbin 9800 manat məbləğində kirayə haqqının cavabdehlərdən tutulması hissəsi münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzil üzərində subyektiv hüququ mövcud olmadığından tələb qeyd olunan hissələrdə də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinin ünvan 1 ünvanını dərhal boşaltmaları, mənzili iddiaçıya təhvil vermələri, 28 ay x 350 manat=9800 manat məbləğində kirayə haqqının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər (118 manat) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinin ünvan 1 ünvanını dərhal boşaltmaları, mənzili iddiaçıya təhvil vermələri, 28 ay x 350 manat=9800 manat məbləğində kirayə haqqının və ödənilmiş 118 manat məhkəmə dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar