Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5320/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiаçı İddiaçı cavabdeh X6 qarşı əmək müqaviləsinin ləğv edilməsi əsasının dəyişdirilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiаçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X6 (bundan sonra – cavabdeh) qarşı əmək müqaviləsinin ləğv edilməsi əsasının dəyişdirilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsasının dəyişdirilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi, son haqq-hesabın edilməsi, şəxsin ləyaqəti və işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 3000 manat kompensasiya, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, 60 manat məbləğində mediasiya xərci və 325 manat məbləğində hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə aralarında əmək müqaviləsi imzalanmış və o, pilates müəllimi vəzifəsinə işə götürülmüşdür. O gündən sonra o, "xxxx" MMC-də fəaliyyətə başlamışdır və çalışdığı müddət ərzində yalnız müsbət rəylər almışdır. Rəhbərliyin də onun işinə heç bir iradı olmamışdır. Əksinə, onun məşqlərində çox sayda “klientlər” iştirak etmiş və onun sayəsində mərkəz yaxşı pul qazanmışdır. Müqavilənin 2.3-cü bəndinə görə müqavilənin müddəti 3 (üç) il 1 (bir) ay müəyyən edilmiş və xx.xx.2025-ci il tarixədək qüvvədə olmalı idir. Müqavilənin 2.5-ci maddəsinə görə isə, “Tərəflərdən hər hansı biri müqavilənin bitmə tarixinədək son 10 gün ərzində müqaviləyə xitam vermək barədə tələb etmədikdə, bu əmək müqaviləsi daha 1 (bir) il müddətinə eyni şərtlərlə uzadılır”. Sonradan maaşın artırılması adı altında müqavilə dəyişdirildi. Lakin, yuxarı maaş göstərilsə də, yenə də əvvəlki maaşı almaqda davam etdi. "xxxx" MMC-də işlədiyi zaman oranın rəhbərliyi tərəfindən işçilər mütəmadi olaraq təhqir edilir, alçaldılır, normal əmək şəraiti olmadığından o, işdən çıxmaq qərarına gəlmiş və bu barədə rəhbərliyi xəbərdar etmişdir. Belə ki, müqavilənin 8.3-cü maddəsində qeyd olunmuşdur ki, işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. Eyni müqavilənin 8.4-cü maddəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsinin ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. Onun halında isə bunun tam əksi olmuş, yəni o, hədə-qorxu, təhqir ilə işinə davam etməyə məcbur edilmişdir. Onu da qeyd etmək istəyir ki, "xxxx" mərkəzlərini şəhər üzrə Elnur Novruzov adlı şəxs idarə edir. Son əmək müqaviləsini və xitam əmrini imzalayan X1 o bilmir və onun hansı vəzifədə olduğu barədə son zamanadək xəbəri olmamışdır. İşdən çıxmaq fikrində qəti olduğunu bildikdə, müəssisənin faktiki sahibkarı Elnur Novruzov ona son dərəcə kobud şəkildə narazılığını bildirmiş, onu alçaltmağa, təhqir etməyə başlamış və bir də mərkəzə ayağının dəyməməsini tələb etmişdir. O, danışıqdan sonra zala qayıtdıqda, artıq onun iş saatlarının digər qızlar arasında bölündüyünün şahidi olmuşdur. O, əşyalarını götürüb işdən çıxmışdır. O başa düşmüşdür ki, artıq müdiriyyələ danışmağın mənası yoxdur və dərhal, yəni xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə MMC-nin qanuni təmsilçisi X10 işdən çıxmağı barədə yazılı ərizə ilə müraciət etmişdir. O bilməmişdir ki, işəgötürən artıq cavabdehlə əvəz olunmuşdur. Ona yeni əmək müqaviləsi verilmədiyindən, o, köhnə müqavilənin qüvvədə olduğunu düşünmüşdür. X16 adına da ərizə göndərmişdir. Onun bu müddət ərzində işə getməməsinin səbəbi faktiki işəgötürəni təmsil edən şəxs olmuş, belə ki, ona qəti şəkildə bildirilmişdir ki, işə gəlməsin. Onun guya qərəzli şəkildə işə gəlməməsi görünüşü yaradılması üçün xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, məlumat verməsi tələb olunmuş və o, xəbərdarlıq məktubunu xx.xx.2025-ci il tarixdə almışdır. Halbuki, onun ərizəsi artıq xx.xx.2025-ci il tarixdə mərkəz tərəfindən alınmışdır. Ona xəbər çatdırılmışdır ki, işə gəlsə, yenidən təhqir olunaraq qovulacaqdır. xx.xx.2025-ci il tarixdə X13 tərəfindən əmək müqaviləsinə xitam verilmiş və əmrdə qeyd olunmuşdur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulduğuna görə müqaviləyə xitam verilmişdir. Hesab edir ki, əmək müqaviləsinə xitamın əsasları dəyişdirilməli, əmək müqaviləsi ləğv edilməli və onun öz xahişi ilə işdən çıxmağı səbəbi qeyd olunmalıdır. Hesab edir ki, Ş.Əliyev faktiki isə "xxxx" MMC o işdən çıxmaq istədiyinə görə ondan qisas məqsədi ilə əmək müqaviləsinə bu şəkildə xitam vermişdir. Onunla əmək müqaviləsi pozulan zaman ödəniş də düzgün aparılmamış, ona cəmi 148 manat ödənilmişdir. Son hadisələrlə bağlı o, ciddi mənəvi və fiziki sarınstılar keçirmişdir. Onun hansı vəziyyətdə olduğunu, necə əsəb keçirdiyini həm işçilər, həm də “klientlər” görmüşdür. Hadisədən sonra o, üç gün xəstə qalmış, səhhəti pisləşmişdir. O, uzun müddətdir ki, bütün var-gücü ilə çalışmış, çox sayda “klient” cəlb etmiş, son zamana kimi işində heç bir nöqsan olmamışdır. Daima üzərində çalışan bir məşqçi kimi tanınmışdır. Ona qarşı son dərəcə ədalətsiz və qanunsuz davranılmışdır. O, öz ləyaqətini və işgüzar nüfuzunu müdafiə etməkdə israrlıdır. Tərəflərin izahatları Məhkəmənin iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, iddiaçı əvvəllər onun iş yoldaşı olmuşdur. O, "xxxx" mərkəzində sosial media meneceri işləmişdir. O, 2024-cü ildən 2025-ci ilədək orada işləmişdir. Təxminən bir il müddətində işləmişdir. İddiaçı həmin mərkəzdə ondan əvvəl işləmişdir. İddiaçı işdən çıxandan bir həftə sonra online iclas edildi. Həmin iclas axşam saat 11:00-da başladı. Bütün işçilər həmin iclasa qoşuldu. Elnur müəllim özü danışırdı. Onlar isə yalnız qulaq asırdılar. Onların ixtiyarları olmamışdır ki, nəsə desinlər. Elnur müəllim deyirdi ki, “Nəzrin işdən özü çıxıb. O, bizi atıb getdi. O, kim olub ki, biz ona çörək vermişik. Barmen olub”. İlhamə xanım ona demişdir ki, Elnur müəllim tapşırıb ki, Nəzrinin ayağı sabahdan ora dəyməsin. O, birinci mərtəbədə “resepşında” işləyir. İddiaçının getdiyini görmüş, özündən bu barədə soruşmuş, lakin ona heçnə deməmişdir. Bu məsələni ona İlhamə xanım demişdir. Elnur müəllimin Nəzrin xanımı təhqir etdiyini görməmişdir. O, Şahları tanımır, bilmir ki, həmin şəxs ümumiyyətlə kimdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, iddiaçı onun məşqçisi olmuşdur. O, 2023-cü ildə "xxxx" mərkəzində iddiaçının məşqinə yazılmışdır. Orda şərt qoymuşdur ki, onun məşqçisi Nəzrin olmalıdır. Amma ona demişlər ki, Nəzrin artıq orada işləmir. Səbibini soruşanda isə deyilmişdir ki, Elnur məllim, yəni rəhbərlik onun barəsində belə deyib, o da gərək bu sözləri iddiaçıya deməzdi. O, Nəzrin ilə əlaqə saxlamış, lakin Nəzrin ona demişdir ki, artıq orada işləmir və işdən çıxıb. Nəzrin barmağı sınmış vəziyyətdə belə ona dərs keçmişdir. Nəzrin o, həmin mərkəzə getməzdən bir gün əvvəl qrupa səs atıb ki, sabahdan işdən çıxmışdır. Yazmışdır ki, işdən çıxmışdır və onu işə qoymurlar. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirdi ki, Nəzrin onun məşqçisi olmuşdur. Qış aylarında Nəzrinin maaş artımı olmuşdur. Həmin vaxt iddiaçının maaşı yenə də 6 manat 50 qəpik yox, 6 manat hesablanmışdır. Onlar "xxxx" kafesində oturan zaman Elnur müəllim Nəzrinə zəng etmiş və qışqırmağa başlamışdır. O isə Nəzrindən belə şeylərə niyə dözdüyünü soruşmuşdur. Nəzrin də ona demişdir ki, ona hədə-qorxu gəlirlər. Orada tez-tez kadr dəyişikliyi olurdu. Demişdir ki, işdən çıxmaq istədiyini Elnur müəllimə deyəndə zəng edərək onu təhqir etmişdir. Elnur müəllim onu qovub ki, bir daha ayağı oraya dəyməsin.. Onlar mərkəzə yaxınlaşmışlar ki, “siz niyə Nəzrin xanımı təhqir etmisiniz?” Bunda sonra, ona axşam tanımadığı şəxs zəng etmişdir ki, Elnur müəllimə qarşı sizin hərəkətiniz təhdid hesab olunur. Sonra isə dedi ki, “Nəzrin xanım heç kim olub. Onu mən adam etmişəm. Mən işimi-gücümü atıb onu süründürəcəyəm”. Şahmar müəllimi tanımır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirdi ki, Azərbaycanda ilk pilates mərkəzini məhz o açmışdır. İddiaçını isə "xxxx" MMC-dən tanıyır. Belə ki, pandemiyadan əvvəl "xxxx" MMC-nin daxilində “detoks” içkiləri satacaq kiçik bir kafe açmaq qərarına gəlmiş, iddiaçını isə həmin kafedə işə götürmüşdür. İddiaçının işə daxil olduğu ilk vaxtlardan ailəvi problemləri olmuş, bəzən işə günlərlə gəlməmişdir. Administratorlara və menecerlərə iddiaçı ilə daim əlaqə saxlamağı, ona köməklik göstərməyi və dəstək olmağı tapşırmışdır. Baxmayaraq ki, mərkəzin daxilində açılmış kafenin gündəlik dövriyyəsi 20 manatın üzərinə keçməmişdir, bununla belə iddiaçı hər ay maaşını tam həcmdə almış və onun ixtisara düşməsinə icazə verməmişdir. Pandemiya dövrü onların fəaliyyətinə ciddi zərər vurmuş və müəssisə 15 ay bağlı qalmışdır. Bununla əlaqədar olaraq, fəaliyyət formatı bir qədər dəyişmiş və mərkəzin daxilində açılmış kafe bağlanmışdır. İddiaçının ixtisara düşməməsi üçün pilates müəllimi təlimlərinə cəlb edilməsi qərara alınmış və bu təlimləri uğurla başa vurduğu təqdirdə həmin vəziyə təyin edilməsi barədə göstəriş vermişdir. Ardınca iddiaçı təlimi uğurla başa vurmuş və həmin mərkəzdə pilates müəllimi vəzifəsinə təyin edilmişdir. Hətta, iddiaçının təlim müddətində də əmək haqqı stabil saxlanılmışdır. Daha sonra, Azərbaycan, Qazaxıstan və Gürcüstan kimi ölkələrdə rəhbər vəzifələrdə çalışması səbəbi ilə pilates sektorundan müəyyən müddət ayrılmağa qərar vermiş və "xxxx" MMC-ni subicarə əsasında hazırkı iş üzrə cavabdehə vermişdir. Cavabdehi peşəkar təlimçilərlə təmin etmiş, bu təlimçilərdən biri də hazırkı iş üzrə iddiaçı olmuşdur. Hətta, mərkəzin əsas fəaliyyəti məhz iddiaçının üzərində qurulmuş və müştərilər əsasən iddiaçıya görə mərkəzə gəlmişlər. Daha sonra eşitmişdir ki, iddiaçı bir gün işə çıxmamışdır. Təbii ki, iddiaçının işə çıxmaması əvvəlcədən ödəniş etmiş müştərilərin haqlı narazılığına səbəb olmuş, müəssisənin reputasiyasına və imicinə xələl gətirmişdir. Bu səbəbdən iddiaçı ilə telefon əlaqəsi saxlamış və lazım olduğu təqdirdə onun üçün məzuniyyətə getmə məsələsini həll edə biləcəyini bildirmişdir. Çünki, danışıq zamanı iddiaçı ona bildirmişdir ki, özünə gəlməsi üçün ona vaxt lazımdır. Həmçinin, iddiaçı ondan 40 günlük məzuniyyət məsələsi barədə soruşduqda, halbuki fəaliyyət göstərdiyi xidmət sahəsi buna yol vermir, bu məsələni də rəhbərlə danışacağını söyləmişdir. Bir gün sonra iddiaçının yenə də işə çıxmaması barədə ona məlumat verilmiş, o da işçilərlə iddiaçı ilə danışıq aparmaq barədə göstəriş vermişdir. Lakin, iddiaçı öz fikrindən dönməmişdir. Bundan sonra, o, yoldaşına iddiaçı iə danışmasını söyləmiş və aralarında telefon danışığı baş tutmuşdur. Hətta, iddiaçı danışıqdan sonra özünü yaxşı hiss etdiyini, onun yoldaşının zəng etməsindən məmnunluq duyduğunu bildirmişdir. Ertəsi gün iddiaçı ilə bir daha danışmış, iddiaçı ona fikrinin qəti olduğunu və işdən ayrılmaq istədiyini bildirmişdir. O isə iddiaçı bildirmişdir ki, son qərar ona aid olsa da, qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti gözləsin və daha sonra işdən öz ərizəsi ilə ayrılsın. İddiaçı da ondan vaxt istəmiş və ona geri dönüş edəcəyini bildirmişdir. Lakin, axşam vaxtı iddiaçı sosial şəbəkə üzərindən açılmış qrupa mesaj göndərmiş, mesajda ona və həyat yoldaşına hər şeyə görə təşəkkür etmiş və işçilərdən biri ilə bağlı da müəyyən konflikt ehtiva edən cümlələr qeyd etmişdir. Ümumiyyətlə, o, həmişə iddiaçıya qarşı humanist yanaşmış, onun əmək müqaviləsinin sözügedən əsasla ləğv edilməsini arzu etməmişdir. Hətta, işçilərdən biri ilə əlaqə saxlamış və iddiaçı ilə söhbət etməsini, onu başa salmasını xahiş etmişdir. Lakin, aldığı cavab yalnız o olmuşdur ki, “məni həmin əsasla işdən çıxara bilməzsiniz, əgər çıxarsanız sizi vergiyə şikayət edəcəm”. Bundan əlavə, müəssisənin subicarə əsasında rəhbəri olan cavabdehlə əlaqə saxlamış, onu dözümlü olmağa dəvət etmişdir. Lakin, bu cəhdlərin heç biri nəticə verməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının işə gəlməməsi ilk növbədə onun özü, həmçinin cavabdeh və müştərilər üçün narahatlıq doğuran bir məsələdir. Mümkün deyil ki, o, iddiaçının hədələsin və işə çıxmağına mane olsun. Çünki, nə hazırda yaşadığımız dövlət, nə işçinin hüquqları buna imkan vermir. O, həmçinin ölkə xaricində işlədiyi üçün bu məsələlər baş verən zaman heç Azərbaycanda olmamışdır. Yəni, fiziki olaraq onun iddiaçının iş yerinə daxil olmasına mane olması qeyri-mümkündür. Çox maraqlıdır, iddiaçı bunu necə izah edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" MMC (İşəgötürən) və İddiaçı (İşçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsindən müəyyən olunur ki, işçi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək "xxxx" MMC-də “pilates müəllimi” vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru olan cavabdehə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizədən müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdən "xxxx" MMC-də tutduğu “pilates müəllimi” vəzifəsindən azad edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru olan X10 xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizədən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin 2.3-cü bəndi əsas gətirilərək xx.xx.2025-ci il tarixdən "xxxx" MMC-də tutduğu “pilates müəllimi” vəzifəsindən azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubdan müəyyən olunur ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən müəssisəyə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat vermədən işə çıxmaması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir səbəb olmadan işə çıxmadığına və bu barədə rəsmi məlumat vermədiyinə görə müdiriyyətin təşəbbüsü ilə işdən azad olunacağı barədə bildirilmiş və məktubu aldıqdan sonra 3 (üç) gün müddətində məlumat verməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli, 25/07-14 nömrəli aktdan müəyyən olunur ki, pilates mərkəzində pilates müəllimi işləyən İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək heç bir icazə almadan, heç bir səbəb göstərmədən işə gəlməməsi, bununla bağlı qeydiyyatda olduğu ünvana məktub göndərilərək xəbərdarlıq edilməsi, lakin bu vaxta qədər heç bir açıqlama vermədən iş buraxaraq, müəssisənin iş nizamını pozması və bu səbəbdən onun işdən azad olunacağı qeyd olunmuşdur (müvafiq akt “pilates müəllimi” X8, “menecer” X11 və “qeydiyyatçı” X4 əl imzaları ilə təsdiq edilmişdir). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçıya əmək kitabçasını ünvan 1 ünvanından şəxsən götürə biləcəyi barədə bildirilmişdir. xx.xx.2025-ci il tarixli, 25/7-8 nömrəli əmrdən müəyyən olunur ki, “pilates müəllimi” vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 9 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. xx.xx.2025-ci il tarixli, 704404 nömrəli köçürmə sənədindən görünür ki, iddiaçıya məxsus ******************** nömrəli bank hesabına “son haqq-hesab” təyinatı ilə 148 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/6-01284 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" mərkəzinin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Aysel İsmayılova xx.xx.2025-ci il tarixdə "xxxx" mərkəzinə 8 pilates dərs paketi almaq üçün müraciət etdiyini və 135 manat ödəniş etdiyini bildirmiş, lakin xx.xx.2025-ci il tarixində ilk dərsdə iştirak etdikdən sonra müəllimin müəssisədə fəaliyyətini dayandırdığını qeyd etmişdir. Bu səbəbdən xx.xx.2025ci il tarixində müraciət edərək dərslərə davam etməyəcəyini və ödənişin geri qaytarılmasını xahiş etsə də, vəsaitin bu günə qədər qaytarılmadığını bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini agentlikdən xahiş etmişdir. Bununla əlaqədar olaraq istehlakçının şikayətinin əsasları nəzərə alınmış, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən, qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın 5 (beş) iş günündən gec olmayaraq, agentliyə təqdim edilməsi xahiş edilmişdir. Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/6-01849 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı və onun nümayəndəsi xx.xx.2025-ci il tarixdə işdən azad olma əmrinin əsasının dəyişdirilməsi və mənəvi ziyan tələbinə dair keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçtkargüzarlıq xərci (10 manat) iddiaçının nümayəndəsi tərəfindən ödənilmişdir. İşin faktiki halları "xxxx" MMC (İşəgötürən) və İddiaçı (İşçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsaəsn, işçi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək "xxxx" MMC-də “pilates müəllimi” vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, 25/7-8 nömrəli əmrə əsasən, “pilates müəllimi” vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 9 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
İşin faktiki hallarından görünür ki, İddiaçı (iddiaçı) xx.xx.2022-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “pilates müəllimi” vəzifəsinə (peşəsinə) işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 03 (üç) il, 01 (bir) ay müəyyən edilməklə, müvafiq müqavilənin xx.xx.2025-ci il tarixdə qüvvədən düşəcəyi birbaşa müqavilə ilə müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, 25/7-8 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000500 nömrəli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla ləğv edilməsi əmr edilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 09 (doqquz) məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə (departamentinə) həvalə edilmişdir. İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsini qanunsuz və əsassız hesab etmiş, əmək müqaviləsinin ləğvi əsasının dəyişdirilməsi məqsədilə məhkəmədən kənar (mediasiya) cəhdlər etsə də, bu cəhdlər heç bir nəticə verməmişdir. İddiaçı çalışdığı, fəaliyyət göstərdiyi pilates mərkəzinin sahibi tərəfindən ona qarşı hədə-qorxu və məcburetmədə ifadə olunan hərəkətlər edilməsi nəticəsində işə çıxa bilmədiyini, iş yerinə daxil olmağa icazə verilməməsi ona məlum olduğu andan artıq əmək müqaviləsinin ləğv edildiyini zənn etdiyini və hüquqlarının təmin və bərpa olunması məqsədilə aidiyyəti orqanlara (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9, ərazi üzrə mediasiya təşkilatına və s.) müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Sözügedən maddi hüquq normasının mühafizəsi şərtlərindən görünür ki, işəgötürən tərəfindən işçinin iradəsi əleyhinə istənilən hüquqazidd hərəkətlər edilməklə əmək müqaviləsinin ləğvi qanunla qadağan olunur. Son nəticədə işəgötürən tərəfindən hədəqorxu, zor və ya digər hüquqazidd hərəkətlərdə ifadə olunan əməllər əmək müqaviləsinin ləğvi məqsədi daşıdıqda qanunun sözügedən norması “işə düşür”. Lakin, işin faktiki hallarından görünür ki, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsi hüquqazidd hərəkətlər törədilməklə ləğv edilməmiş, işçinin özü tərəfindən də əmək müqaviləsinin ləğvi üçün şəxsi təşəbbüsü mövcud olmuşdur. Bu məqsədlə, işçi tərəfindən əvvəlcə xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdehə, xx.xx.2025-ci il tarixdə isə onunla əmək müqaviləsi bağlayan şəxsə - X10 yazılı ərizə ilə müraciət edilmiş və işdən çıxma barədə iradə ifadəsi çatdırılmışdır. xx.xx.2025-ci il tarixli yazılı ərizədə növbəti iş günü, yəni xx.xx.2025-ci il tarixdə işdən çıxma barədə istək (arzu) ifadə olunmuş, 1 (bir) təqvim ayı qabaqcadan xəbərdar etmə ilə bağlı nəzərdə tutulmuş prosedur qaydaya riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinin məzmunundan aydın olur ki, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. İşçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə görə, 1 (bir) təqvim ayı qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Əmək müqaviləsini bağlamaq və onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən asılı deyildir. Əmək müqaviləsinin ləğvi barədə işəgötürənə müraciət etməkdə ehtiva olunan işçinin hüququnun mövcudluğu isə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş məcburi göstərişlərin gözardı edilməsinə və həmin göstərişlərdən kənara çıxmağa əsas vermir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin, iddiaçı tərəfindən birbaşa cavabdehə ünvanlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı yazılı ərizədə göstərilən gün əmək müqaviləsinin ləğvinə əsas verən müstəsna hallar barədə hər hansı məlumat qeyd olunmamış, habelə nə işəgötürənə, nə də məhkəmə icraatı gedişində bu barədə mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı hazırkı iş üzrə cavabdehi heç vaxt tanımadığını və görmədiyini qeyd etsə də, əmək müqaviləsinə xitam verilməsi barədə xahişi əks etdirən yazılı ərizəni ilk növbədə həmin şəxsə, yəni hazırkı iş üzrə cavabdehə ünvanlamışdır. Daha sonra, iddiaçı onunla əmək müqaviləsi bağlayan şəxsə, yəni X10 xx.xx.2025ci il tarixdə yazılı ərizə ilə müraciət etmiş və 1 (bir) təqvim ayı sonra “pilates müəllimi” vəzifəsindən azad olunmasını xahiş etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli, 25/7-8 nömrəli əmrdən görünür ki, müvafiq əmri işəgötürən qismində hazırkı iş üzrə cavabdeh imzalamış və elektron informasiya sisteminə daxil etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hər bir halda qeyd edilən əsasla əmək müqaviləsinin ləğv edilməsi məsələsinin həlli işəgötürənin mütəsna səlahiyyətinə aiddir, yəni istinad edilən maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğu artıq işəgötürənə müvafiq əsasla əmək müqaviləsini ləğv etmək hüququ verir (bu hüququ tanıyır). İşin mübahisə edilməyən hallarından biri odur ki, işçi, yəni hazırkı iş üzrə iddiaçı xx.xx.2025-ci il tarixdən (əmək münasibətlərinin qüvvədə olduğu dövrdə) etibarən işə çıxmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvinə əsas verir. Yəni, iddiaçının bir iş günü üzrlü səbəblər olmadan işdə olmaması səbəbindən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi tam əsaslı və qanunidir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubdan müəyyən olunur ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən müəssisəyə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat vermədən işə çıxmaması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir səbəb olmadan işə çıxmadığına və bu barədə rəsmi məlumat vermədiyinə görə müdiriyyətin təşəbbüsü ilə işdən azad olunacağı barədə bildirilmiş və məktubu aldıqdan sonra 3 (üç) gün müddətində məlumat verməsi xahiş olunmuşdur. İddiaçının özü də bu faktı iddia ərizəsində təsdiq etmiş və xəbərdarlıq məktubunu 3 (üç) gün müddətində aldığını qeyd etmişdir. İşəgötürən tərəfindən işçinin xəbərdar edilməsi ilə bağlı məcburi göstərişlər əmək qanunvericiliyində təsbit edilməsə də, etibarlı və sağlam əmək şəraitinin təmin edilməsi, işçinin bu barədə məlumatlandırılması üçün işçi xəbərdar edilmiş və işə çıxmamasının səbəbləri barədə yazılı münasibət bildirilməsi xahiş edilmişdir. Hər bir halda, əmək müqaviləsinin ləğvi barədə əmrin xx.xx.2025-ci il tarixdə qəbul edilməsi də bir daha təsdiq edir ki, qarşılıqlı razılaşma, işəgötürənin əmək müqaviləsinin ləğvi ilə bağlı hüququndan istifadə edibetməməsi və digər bu kimi məsələlərin aydınlaşdırılması üçün işçiyə kifayət qədər müddət tanınmış (verilmiş), lakin işçi tərəfindən hər hansı cəhd edilməmişdir. O da nəzərə alınmalıdır ki, iddiaçının çalışdığı müəssisə vətəndaşlara (müştərilərə) davamlı xidmət göstərilməsi ilə məşğul olan və bu istiqamətdə fəaliyyət göstərən müəssisə olduğundan, həmin müəssəsidə müəyyən edilmiş iş rejiminə riayət edilməməsi, iş yerində müştərilərə birbaşa xidmət göstərən şəxslərin, eləcə də hazırkı iş üzrə iddiaçının nəinki uzun müddət, 1 (bir) təqvim günü işə çıxmaması həm müəssisənin, həm də əvvəlcədən ödəniş etməklə göstəriləcək xidməti tələb etməyə hüququ olan müştərilərin qanuni mənafeləri ilə uyğunluq təşkil etmir. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqindən aydın olur ki, əvvəlcədən ödəniş etməklə birbaşa iddiaçı tərəfindən göstəriləcək xidməti tələb etmək hüququnu əldə edən şəxs hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti orqana müraciət etmiş və aparılmış danışıqlar nəticəsində ödəniş həmin şəxsə geri qaytarılmışdır. Nəzərə alınmalıdır ki, hər iki tərəfin artıq mübahisələndirmədən qəbul etdikləri işin faktiki halı ondan ibarətdir ki, müəssisənin imicinin və reputasiyasının artmasında iddiaçının əvəzsiz rolu olmuş, müştərilərin əksəriyyətinin müəssisəyə müraciət etməsinin başlıca səbəblərindən biri iddiaçının qüsursuz və peşəkar fəaliyyəti olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının uzun müddət işdə olmaması müəssisənin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi qazancın itirilməsinə, həmçinin müştərilərin haqlı narazılığına səbəb olmuşdur. Qeyd edilənlərdən əlavə, iddiaçı işə buraxılmaması barədə göstərişin çalışdığı müəssisənin sahibi olan X15 tərəfindən verilməsini bildirmiş və həmin şəxs məhkəmə baxış iclasında şahid qismində dindirilmişdir. Şahid qismində dindirilən Elnur Novruzov ifadəsində iddiaçının iş yerinə buraxılmaması, bununla bağlı hər hansı göstəriş verilməsi ilə bağlı hərəkətlər etmədiyini, əksinə işdən çıxmaq barədə fikri olduğu üçün onunla söhbətlər apardığını, bir gün sonra iddiaçıya zəng edərək işə qayıtması üçün onunla yenidən danışdığını bildirmişdir. İddiaçı da qeyd edilən faktı təkzib etməmiş, Elnur Novruzov tərəfindən işə qayıtması üçün cəhdlər edildiyini, lakin onun ləyaqəti alçaldığı üçün və artıq fikrinin qəti olduğu üçün işə qayıtmaq istəməməsi barədə qənaətə gəldiyini bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, işçinin işə çıxması onun əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifəsidir və bu vəzifənin kobud şəkildə pozulması heç bir halda (iddiaçının iş yerinə buraxılmaması, ona hədə-qorxu, zor tətbiq edilməsi faktı işin halları ilə təkzib edilir) işçiyə haqq qazandırmır. İddiaçının şəxsi qeyri-əmlak (şəxsiyyət) hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbi üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün iddiaçının hər hansı qeyri-əmlak hüququnun pozulub-pozulmaması, əgər bu cür pozuntu mövcuddursa, pozuntunun birbaşa və ya dolayısı ilə cavabdeh tərəfindən edilib-edilməməsi kimi mühüm elementlər aydınlaşdırılmalıdır. İşçinin əmək şəraitinin psixoloji təzyiqlər altında davamlı təşkili, işəgötürən və ya faktiki əmək münasibətlərində olduğu şəxslər tərəfindən onun şərəf və ləyaqətinin alçaldılması nəticəsində işgüzar nüfuzuna və ləyaqətinə vurulmuş zərərin əvəzinin tutulması ilə bağlı hissədə məhkəmə nəzərə çatdırır ki, iddiaçı tərəfindən iddia tələbinin qeyd edilən hissədə əsasını təşkil edən fakt və halların təsdiqinə dair mötəbər və kifayəetici sübutlar məhkəməyə təqdim olunmamış, iddiaçının bu hissədə də mövqeyi formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli qərarına əsasən, ləyaqət dedikdə fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyər, işgüzar nüfuz dedikdə isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəy başa düşülür. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir. Bu baxımdan şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırmalıdır: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. Qərarın 2.3.4-cü bəndində həmçinin qeyd olunur ki, işgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır. Belə ki, hər hansı subyektin müəyyən müddət ərzində müxtəlif sahələrdə biznes və ya digər peşəkar fəaliyyətlə məşğul olması, yerli və xarici bazarlarda tanınması, ticarət dövriyyəsinə malik olması, müvafiq əmtəə nişanları adı altında məhsullar istehsal etməsi, işlər görməsi, xidmətlər göstərməsi, biznes reytinqlərində yer tutması, həmin subyekt barədə çoxsaylı müsbət xarakterli tərəfdaş və müştəri rəylərinin, nəşrlərin mövcudluğu onun işgüzar nüfuzunu formalaşdırmış olur. Hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar, habelə vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşə sahibləri də işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, təkcə hüquqi şəxslərin deyil, müxtəlif peşə sahiblərinin də işgüzar nüfuzunun məhkəmə müdafiəsi mümkündür, lakin həmin şəxslərin məhkəmə müdafiəsi hüququ birbaşa olaraq yuxarıda qeyd edilən plenum qərarının 2.3.4-cü bəndində qeyd olunan şərtlərin mövcudluğu ilə əlaqədardır. Baxılan iş üzrə iddiaçı tərəfindən birinci şərtin - işgüzar nüfuzunun mövcudluğunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, iddia tələbinin ikinci şərtlər daxilində - iddiaçının işgüzar nüfuzunu və ya ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan hər hansı məlumatın, ifadənin və ya hərəkətin edilməsi, habelə bu və ya digər məlumatın, ifadənin və hərəkətin işgüzar nüfuzu alçaldan hərəkətlər qismində yayılmış olması hissəsində araşdırılmasını istina edir. Qeyd edilənlərdən əlavə, iddia tələbinin əmək müqaviləsinin ləğvi ilə əlaqədar son haqq-hesabın aparılması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş köçürmə sənədindən görünür ki, iddiaçıya məxsus ******************** nömrəli bank hesabına “son haqq-hesab” təyinatı ilə 148 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir ki, bu da Əmək Məcəlləsinin 140.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, işin hallarından iddiaçının əmək müqaviləsinə xitam verildiyi vaxtadək əmək qanunvericiliyi ilə birbaşa tənzimlənən müvafiq hesablama qaydası ilə işçiyə, yəni hazırkı iş üzrə iddiaçıya son haqq-hesabın tam həcmdə ödənilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmamaqla təmin edilməməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddiаçının cavabdehə qarşı əmək müqaviləsinin ləğv edilməsi əsasının dəyişdirilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dаir iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiаçı İddiaçı cavabdeh X6 qarşı əmək müqaviləsinin ləğv edilməsi əsasının dəyişdirilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dаir iddiası təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.