Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5353/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat Ofisinə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində vəfat etmiş X1 miras qalmış Bakı şəhəri Suraxanı rayonu Kooperativ küçəsində yerləşən 1950ci ildən inşa edilmiş fərdi yaşayış evinin və "xxxx" MMC-də olan 1.15 payının miras kimi qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki prosessual qanunvericiliyin tələbinə görə hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığı halda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6.-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarın 1.7.-ci bəndində qeyd olunur ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Hazırda ərizəçi miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etmiş, bu tələbi onunla əsaslandırmışdır ki, notariat orqanı ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və imtinanın səbəbini X2 adına hüquqmüəyyənedici sənədin(çıxarış) olmaması və ölüm haqqında şəhadətnamədə Abdullayeva-Abdulova kimi qeyd edilməsi kimi əsaslandırmışdır. Hesab edirəm ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər (cıxarış) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilməli olduğundan və ərizəçi tərəfindən bununla bağlı olaraq reyestr xidmətinə müraciət olunmadığından, o cümlədən ölüm haqqında şəhadətnamədə düzəlişin edilməsi müvafiq icra hakimiyyəti orqanı (VVAQ Şöbələri) tərəfindən edilməli olduğundan və bununla bağlı olaraq sübut təqdim olunmadığından ərizə geri qaytarılmalıdır. Yəni lazımi sənədlərin ərizəçi tərəfindən əldə edilə bilməməsi barədə sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ərizənin forma və məzmununa riayət olunmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə hazırkı ərizə ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-5353/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5353/2023
17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver