Məhkəmə qərarları › İş №e-2(010)-5578/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5578/2025

16.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5578/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Bakı şəhəri 318 X4 Məktəbin direktoru Cavabdeh2, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 318 X4 məktəbə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 318 X4 məktəbin xx.xx.2025-ci il tarixli, 512 saylı əmrinin ləğv olunmasını, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdeh 318 X4 məktəbində günuzadılmış qrup müəllimi vəzifəsinə işə bərpa olunması və iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-5578/2025 saylı mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri Təhsil İdarəsinə əvəzinə iddiaya cavab verməli olan şəxs kimi 318 X4 Məktəb cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəyişdirilməsi(dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, cavabdeh 318 X4 məktəbinin xx.xx.2025-ci il tarixli, 512 saylı əmrinin ləğv olunmasını, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdeh 318 X4 Məktəbində X2 Qrup peşəsinə işə bərpa olunması və iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu ildən cavabdeh Bakı şəhəri Təhsil İdarəsinin 318 X4 məktəbinə işə qəbul olmuş və əmək müqaviləsi ləğv edilən xx.xx.2025-ci il tarixinədək (~15 il) həmin məktəbdə günuzadılmış qrup müəllimi vəzifəsində işləmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi təxminən ~15 il müddətində əmək funksiyalarını layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh 318 X4 Məktəbinin xx.xx.2025-ci il tarixli, 512 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” hissəsinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” 16 sentyabr 2025-ci il tarixdən xitam verilmişdir. Bununla əlaqədar cavabdeh Məktəb tərəfindən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsasları ilə əmək müqaviləsinə xitam verilsə belə, ixtisar prosedurunun qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə aparılmışdır. Belə ki, cavabdeh Məktəb Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində müəyyən olunmuş işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməsi vəzifəsini yerinə yetirməmişdir. Eləcə də, hazırki iddia ərizəsinə əlavə edilən əmək kitabçasının surətindən göründüyü kimi İddiaçı xx.xx.2010-cu il tarixindən əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə xitam verilənədək~15 il cavabdeh 318 saylı tam ota məktəbində günuzadılmış qrup müəllimi peşəsində işləyir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, İddiaçı həmin işəgötürənlə bağlanmış əmək müqaviləsi ilə müəyyən olunan 15 il əmək stajına uyğun olaraq ştatının ixtisar olunması barədə – azı doqquz təqvim həftə qabaq rəsmi xəbərdar edilməli idi. Eyni zamanda, İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndilə, yəni ştatının ixtisar edilməsi əsasları ilə xitam verilməsinə baxmayaraq, cavabdeh 318 X4 məktəbin ştat cədvəlində həmin ştat vahidi qalmaqdadır. Yəni cavabdeh Məktəbin ştat cədvəlində İddiaçı işlədiyi vəzifənin ştat vahidi nə əmək müqaviləsinə xitam verilməsindən əvvəl, nə də ki, əmək müqaviləsinə xitam verilməsindən sonra ixtisar edilməmişdir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə İddiaçı işlədiyi ştatının ixtisar olunmasına dair rəsmi xəbərdarlığın ona təqdim edilməsinə, eyni zamanda, ixtisarın aparılması üçün əsas olmuş qərara (sərəncama, əmrə) istinad olunmur, son haqq-hesabın, ixtisarla bağlı ödənilməsi nəzərdə tutulan işdənçıxma müavinətinin ödənilməsi və digər zəruri məlumatlar qeyd olunmamışdır. AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmçinin Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi zaman sonuncu iş günü aparılmalı olan hesablaşmalar aparılmamış, yəni bu halda son haqq-hesab ödənilməmişdir. Əmək müqaviləsinə ştatların ixtisarı əsasları ilə xitam verildiyini nəzərə alaraq, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuş, əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti də ödənilməmişdir. Bundan başqa, İddiaçı əmək müqaviləsinin ləğv olunduğu xx.xx.2025-ci il tarixinədək işlədiyi müddətə görə əmək haqqı da sonuncu iş günü ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İddiaçı əmək haqqı kartına xx.xx.2025-ci il tarixində cavabdeh məktəb tərəfindən pul vəsaiti köçürülmüşdür. Lakin bu pulların təyinatı məlum deyildir. Göstərilənlərlə yanaşı cavabdeh Məktəb tərəfindən İddiaçı əmək kitabçası və işdənçıxma əmri sonuncu iş günü xx.xx.2025ci il tarixində deyil, xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülmüş maddi hüquq normasını nəzərə alınarsa, işəgötürən olaraq əsaslandırılmış əmri ilə işçinin tanış etməmiş, əmrin surətini və əmək kitaçasının sonuncu iş günü müvafiq qaydada ona təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsinə əsasən,Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmçinin cavabdeh Məktəb tərəfindən İddiaçı əmək kitabçasında əmək müqaviləsinin ləğv ediləsi haqqında əmrin nömrəsini belə səhv qeyd olunub. Həmçinin İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə göstərilən əsaslarla ləğv edildiyindən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin ikinci hissəsinə əsasən, ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında, Məktəbin xx.xx.2025-ci il tarixli 512 nömrəli əmri əsassız hesab edilməli və ləğv olunaraq İddiaçı işə bərpa olunmalıdır.

Tərəflərin izahatları

5. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında, işə qəbul əmrində onun vəzifəsi kimi fərqli-fərqli vəzifə, peşələr göstərilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sisteminə əlavə edilmiş ştat cədvəlindən görünür ki, ixtisar olunmuş peşələrin adı tərbiyəçi- günüuzadılmış qrup peşəsi kimi qeyd olunmuşdur. Baxmayaraq ki, əmək müqaviləsi bağlanması haqqında əmrdə, əmək kitabçasında onun peşəsi fərqli yazılmışdır, lakin ştat cədvəlində qeyd edilən peşə əsas götürülməlidir. Bundan əlavə hesab edir ki, iddiaçının əmək hüquqları pozulmuşdur belə ki, AR Əmək Məcəlləsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) 70-ci maddəsinin “b” bəndi və həmin məcəllənin 77-ci maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçıya xəbərdarlıq bildirişi verilməmiş, imtiyazlar tətbiq edilməmişdir. Həmkarlar İttifaqının rəyi xx.xx.2025-ci il tarixdə əmrin verildiyi gün verilmişdir. İşə götürən tərəfindən işçini ən azı 4 həftə qabaqcadan xəbərdar edilməsi halı yoxlanılmamışdır. Beləliklə o, hesab edir ki, Həmkarlar İttifaqının yanaşması formal olmuş, işçi əsassız olaraq işdən çıxarılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edilmişdir.

7. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 318 X4 Məktəbin direktoru Cavabdeh2 bildirmişdir ki, iddiaçının peşəsinin adı əvvəllki rəhbərlik tərəfindən günüuzadılmış qrup müəlliməsi kimi qeyd edildiyindən, onun tərəfindən verilmiş əmrdə də günüuzadılmış qrup müəlliməsi kimi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş ştat cədvəlinə əsasən iddiaçının vəzifəsi X2 Qrup kimi qeyd olunmuşdur. Bundan əlavə 2025-ci tədris ili üzrə 318 X4 məktəbdə X3 yaranması mümkün olmadığından o, Həmkarlar ittifaqına müraciət edərək, məktəbdə günüuzadılmış qrupların açılmasının mümkün olmadığını və bu məsələyə münasibət bildirilməsini xahiş etmişdir. Onlar isə təklif vermişlər ki, müəllimə iki aylıq birdəfəlik yardım göstərilsin. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçının hazırki tələbi, işə bərpa ilə bağlıdır. Lakin, məktəbdə günü uzadılmış qruplar yaradılmadığından, işçinin əmək müqaviləsinə xitam verilmişdir. Məktəb müəyyən edilmiş müddəti gözləməsə də, iddiaçıya iki aylıq əmək haqqı məbləğində ödəniş etmişdir. Bu halda isə məktəbin heç bir qərəzi olmamışdır belə ki, ştat cədvəlindəki ixtisar edilən ştat üzrə müəllimənin işdə saxlanması mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları

9. xx.xx.2014-cü il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə günüuzadılmış qrup müəlliməsi böyük tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir.

10. 318 nömrəli tam orta məktəbin HİK-nin xx.xx.2025-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, həmkarlar ittifaqı təşkilatının günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etmədiyi qərara alınmışdır.

11. xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyi üçün 2025/2026cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir.

12. xx.xx.2025-ci il tarixli, 512 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən müəyyən olunur ki, "Yeni ad/Bakı şəhəri 318 nömrəli tam orta məktəb "bölməsində "günü uzadılmış qrup müəllimi" vəzifəsində işləyən İddiaçı Qələndər qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilməsi və işçinin xx.xx.2012 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir.

13. xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, məsələyə məktəb həmkarları təşkilatının xx.xx.2025-ci il tarixli iclasında baxılmış, İclasda Əmək Məcəlləsinin 70 “b” maddəsinə uyğun olaraq ... 4.İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunauyğun hesab edilmişdir. Qəbul edilmiş qərara uyğun olaraq adları yuxarıda qeyd olunan qrup rəhbərləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiklərini və əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq 2 aylıq əmək haqqı miqdarında birdəfəlik müavinət verilməsi xahiş etmişlər.

14. xx.xx.2025-ci il tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla xx.xx.2025-ci il tarixli, 512 nömrəli əmrlə xitam verilmişdir.

15. Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025-02072 nömrəli protokoldan müəyyən olunur ki, tərəflər tam mediasiya sessiyasına keçsələr də, tam mediasiya sessiyasının haqqının ödənilməsi və qarşılıqlı razılıq əldə olunaraq barışıq sazişi bağlanılmasından imtina edilmişdir. İlkin mediasiya sessiyası (50 manat) və poçt-kargüzarlıq (10 manat) xərci iddiaçı tərəfindən ödənilmişdir.

16. Bakı şəhəri 318 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə xx.xx.2012-ci il tarixli 169 № Daimi əmək müqaviləsinin bağlanması barədə əmrdən Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı-məktəbin analıq məzuniyyəti yerinə işləyən günüuzadılmış qrup müəllimi xx.xx.2012-ci il tarixdən onunla daimi əmək müqaviləsi bağlanılması əmr edilmişdir.

17. İddiaçıya məxsus bank hesabından çıxarış məlumatlarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus bank hesabına “1710.13” manat məbləğində pul vəsaiti “əmək haqqı” təyinatı ilə mədaxil edilmişdir.

İşin faktiki halları

18. İddiaçı xx.xx.2012-ci il tarixdən Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə günü uzadılmış qrup müəllimi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 512 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə Bakı şəhəri 318 nömrəli tam orta məktəbin günü uzadılmış qrup müəllimi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla – işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə xx.xx.2025ci il tarixdən xitam verilməsi və işçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Müvafiq əmrin qəbul edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının xx.xx.2025-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışa əsasən, həmkarlar ittifaqı təşkilatı günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etmədikləri ilə bağlı iradə ifadəsini bildirmişdir. Digər tərəfdən, işəgötürən tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilir ki, Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyinə görə 2025/2026-cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş ştat cədvəlinə əsasən iddiaçının vəzifəsi X2 Qrup kimi qeyd olunmuşdur.

Tətbiq edilən hüquq

19.Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər.

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası.

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr;

Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin və onların nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

24. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.2012 -ci il tarixdən Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə X2 Qrup vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 512 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə Bakı şəhəri 318 nömrəli tam orta məktəbin X2 Qrup vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla – işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə xx.xx.2025-ci il tarixdən xitam verilməsi və işçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Müvafiq əmrin qəbul edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının xx.xx.2025-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışa əsasən, həmkarlar ittifaqı təşkilatı günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etmədikləri ilə bağlı iradə ifadəsini bildirmişdir. Digər tərəfdən, işəgötürən tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilir ki, Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyinə görə 2025/2026-cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir.

25. Məhkəmə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf işəgötürən tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində müəyyən edilmiş əsasla xitam verilməsi zamanı qanunvericiliyin imperativ qaydada müəyyən etdiyi tələblərə riayət edilmədiyi üçün işə bərpanın mümkünlüyünü məhkəmənin diqqətinə çatdırmış, cavabdeh isə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul etdiyi əmri müdafiə etmişdir.

26. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi prosesinin qanunauyğun şəkildə aparılıb-aparılmamasının müəyyənləşdirilməsi üçün ilk növbədə bu sahəni tənzimləyən hüquq normaları nəzərdən keçirilməli və məhkəmə araşdırması iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri ətrafında aparılmalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əsasları dəqiq şəkildə müəyyən etmişdir. Baxılan iş üzrə işçinin əmək müqaviləsi həmin maddənin “b” bəndində nəzərdə tutulmuş əsasla, yəni işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün işəgötürən tərəfindən ləğv edilmişdir. Həmin məcəllənin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmçinin, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyi birmənalı şəkildə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvinin mümkün olduğu hallarda müvafiq ləğvin qanuna uyğun şəkildə aparılmasını və bu prosesin şəffaflığını təmin etmək üçün işəgötürən üzərinə müəyyən vəzifələr qoymuşdur. Nəzərə alınmalıdır ki, müvafiq qaydada tənzimetmənin həyata keçirilməsi son nəticədə işçilərin əmək hüquq və vəzifələrinin müdafiəsi məqsədini güdür.

28. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinin mümkün olduğu hallarda görülməli olan tədbirlərə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: ..., on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

29. Baxılan iş üzrə işçinin əmək stajının on ildən çox olması nəzərə alındıqda, işəgötürən şəxsi təşəbbüsü ilə əmək müqaviləsini ləğv etməzdən azı doqquz təqvim həftəsi əvvəl işçini bu barədə, yəni ştatların ixtisarı ilə bağlı xəbərdar etməlidir, həmçinin, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Bu tənzimetmə bir tərəfdən işçinin əməyə olan qabiliyyəti əsasında özünə sərbəst surətdə başqa iş yeri tapmaq imkanını təmin edir, digər tərəfdən müəssisə daxili iş rejimini qorumaqla əmək vəzifələrinin davamlı və müntəzəm icrasına şərait yaradır. Bundan əlavə, əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: ... on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Lakin, baxılan iş üzrə işəgötürən işçini ən azı doqquz təqvim həftəsi əvvəldən rəsmi şəkildə xəbərdar etməmiş, doqquz həftəni iki aya bərabər tutmaqla, işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxma müavinəti ödəmişdir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli həddində işdənçıxarma müavinəti ödənilməsi, yəni xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı alternativ həll qaydası birbaşa əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş olsa da, bu qayda işçinin razılığının alınması kimi mühüm şərtlə məhdudlaşdırılmışdır. Lakin, baxılan iş üzrə işçinin belə bir razılığı olmamış, cavabdeh tərəfindən bu razılığın olmasına dair mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir.

30. Bundan əlavə, əmək qanunvericiliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsaslar üzrə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi zamanı görülməli olan tədbirlərdən biri kimi həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması kimi vacib qayda nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

31. İstinad edilən maddi hüquq normalarının məcburi göstərişlərinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi üçün bir sıra şərtlərin – işçinin müəssisədaxili yaradılmış həmkarlar ittifaqı təşkilatına üzv olması, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və ya “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla xitam verilməsi, bu barədə işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına yazılı və əsaslandırılmış təqdimatla müraciət edilməsi və həmkarlar ittifaqı təşkilatı tərəfindən təqdimatın daxili olduğu gündən ən geci 10 gün müddətində əsaslandırılmış yazılı qərarın təqdim edilməsi vəhdəti təmin edilməlidir. Lakin, işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdə həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına yazılı şəkildə müraciət edilmiş, müraciətin məzmununda yalnız işçinin əmək funksiyasını yerinə yetirdiyi ştat vahidi üzrə qruplara qəbul kvotasının müəyyən edilmiş müddət ərzində tam şəkildə icrasının mümkün olmadığına istinad edilməklə, işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsinin məqsədəuyğun olubolmaması barədə münasibət bildirilməsi xahiş edilmişdir. Həmkarlar ittifaqı təşkilatı tərəfindən elə həmin tarixdə növbədənkənar qaydada iclas keçirilmiş, iclasda həmin məktəbin “günü uzadılmış” qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsi məsələsi müzakirə edilməklə səsə qoyulmuş, müzakirəyə çıxarılan məsələnin lehinə olaraq həmkarlar ittifaqı təşkilatının üzvləri tərəfindən yekdilliklə qərar qəbul edilmiş, yəni işçilərin (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi qanunauyğun hesab edilmiş və işçilərə birdəfəlik orta aylıq əmək haqqının iki misli həddində işdənçıxarılma müavinəti verilməsi qərara alınmışdır. Həmkarlar ittifaqı təşkilatının “günü uzadılmış” qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsinin qanunauyğun olması barədə yazılı qərarını əldə etdikdən dərhal sonra işəgötürən tərəfindən həmin məktəbin “günü uzadılmış” qrup rəhbərləri ilə (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) bağlanmış əmək müqavilələri müvafiq əsasla ləğv edilmişdir. Əmək qanunvericiliyində müvafiq ləğv qaydasının dəqiq şəkildə müəyyən edilməsi son nəticədə bu prosesin şəffaflığını təmin etməyə yönəldiyi üçün işçini əvvəlcədən rəsmi xəbərdar etmədən, eyni təqvim günü çərçivəsində işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılması üçün həmkarlar ittifaqı təşkilatına yazılı təqdimatla müraciət edilməsi, həmkarlar ittifaqı təşkilatının həmin gün növbədənkənar iclas keçirməklə işəgötürənin qərarını təsdiq etməsi və elə həmin gün işçinin əmək müqaviləsinin ləğvi hər hansı obyektivlikdən danışmağa əsas vermir və işçinin əmək hüquqlarının kobud pozuntusu ilə nəticələnir.

32. AR Əmək Məcəlləsini 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş ləğv qaydasının müəyyən müddətlər daxilində həyata keçirilməli olması bir tərəfdən bu qaydanın işçinin əmək hüquqlarını pozmadan, qüvvədə olan qanunvericiliyə uyğun keyfiyyətli əsaslandırma aparılmaqla icrasını, digər tərəfdən işəgötürən tərəfindən əmək müqaviləsinin formal və qərəzli şəkildə birtərəfli ləğvinin qarşısının alınmasını təmin etməyə yönəlmişdir. İşəgötürən tərəfindən müvafiq əsasla əmək müqaviləsinin ləğvi zamanı görülməli olan hərəkətlər – işçiyə rəsmi xəbərdarlıq edilməsi, bu müddət ərzində işçilərin sayının və ya ştatların ixtisarının işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvini hansı səbəbə görə mümkün etməsi barədə mövqe formalaşdırılması, bu mövqenin təqdimat şəklində həmkarlar ittifaqı təşkilatına təqdim edilməsi, həmkarlar ittifaqı təşkilatı tərəfindən işəgötürənin yazılı təqdimatının hərtərəfli şəkildə araşdırılması, bu araşdırmanın ən gec 10 gün müddətində aparılması və yekun qərarın işəgötürənə təqdim edilməsi işçinin əmək hüquqlarının qorunması və etibarlı əmək şəraitinin təmin edilməsi məqsədini güdür.

33. Bundan əlavə, AR Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin məcəllənin 83.3-cü maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Lakin, iş materiallarına əlavə edilmiş və iddiaçıya məxsus bank hesabından çıxarış məlumatlarının tədqiqindən aşkar olunur ki, xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus bank hesabına “1710.13” manat məbləğində pul vəsaiti “əmək haqqı” təyinatı ilə mədaxil edilmişdir. Halbuki, işçiyə işdənçıxarılma müavinəti qismində orta aylıq əmək haqqının iki misli həddində pul vəsaiti sonuncu iş günü ödənilməlidir. İşçinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmrin xx.xx.2025-ci il tarixdə qəbul edilməsi nəzərə alınmaqla, sonuncu iş günündə işdənçıxarılma müavinətinin işçiyə ödənilməməsi aşkar görünür.

34. Məhkəmə hesab edir ki,qanunvericiliyin tələbinə əsasən əmək müqavilələri sərbəst surətdə bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslanır və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Lakin hazırkı halda işəgötürən tərəfindən qeyd olunan pozuntulara yol verilərək işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

35. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 318 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş 512 nömrəli əmr ləğv edilməli, işçinin əmək hüquqlarının müdafiəsi təmin edilməklə işçi “X2 Qrup” vəzifəsinə işə bərpa edilməli və işçiyə xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 318 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən hesablanaraq ödənilməlidir.

Məhkəmə xərcləri.

36. İş materiallarından görünür ki, işə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmənin gəldiyi nəticə

37. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, İddiaçı barəsində Bakı şəhəri 318 nömrəli tam orta məktəb tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə AR ƏM-nin 70 “b” bəndinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, 512 saylı əmri ləğv edilməli, İddiaçı Bakı şəhəri 318 nömrəli tam orta məktəbə “X2 Qrup” vəzifəsinə işə bərpa olunmalı və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməli, iş üzrə ödənilmiş - 60 manat medasiya xərci 318 nömrəli tam orta məktəbdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddia təmin olunsun. İddiaçı “günüuzadılmış qrup müəlliməsi” vəzifəsində işləyən İddiaçı barəsində Bakı şəhəri 318 nömrəli tam orta məktəb tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə “AR ƏM-nin” 70.“b” bəndi-“işçilərin sayı və ya ştatları ixtisar edildikdə” maddəsinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, 512 №li əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri 318 nömrəli tam orta məktəbə ştat cədvəlində qeyd olunan “X2 Qrup” vəzifəsinə işə bərpa olunsun və işçiyə məcburi iş buraxma dövrü nəzərdə tutulmuş əmək haqqı ödənilsin. İş üzrə ödənilmiş – 60 (altmış) manat medasiya xərci Bakı şəhəri 318 nömrəli tam orta məktəbdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar