Məhkəmə qərarları › İş №e-2(010)-601/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-601/2023

31.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-601/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23 avqust 2021ci il tarixdə verilmiş AZ-İİ seriyalı 457707 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında 23 avqust 2021-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 avqust 2021-ci ildə 3637 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Pəncəliyev, arvada Pəncəliyeva soyadı verilmişdir.

2. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22 may 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 744671 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 27 aprel 2022-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 may 2022-ci il tarixdə 2327 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

3. Bülbülə bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 9 c/3 ünvanı üzrə vergi ödəyicisidir.

4. Bülbülə bələdiyyəsi tərəfindən verilmiş texniki inventarizasiyanın hazırlanması zamanı ailə tərkibinin kartoçkasının surətindən görünür ki, İddiaçı Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 9 c/3 ünvanında yaşayır.

5. "xxxx" MMC ilə abunəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ***-**-** №-li müqavilədən görünür ki, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 9 c/3 ünvanına dair telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.

6. "xxxx" ASC ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 9 c/3 ünvanına dair su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.

7. “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 9 c/3 ünvanına dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

8. X3 tərəfindən xx.xx.2022-ci il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, o, qonşusu İddiaçı övladı X5 ilə birlikdə ünvan 2 ünvanında yaşadığını bildirmişdir.

9. X8 tərəfindən xx.xx.2022-ci il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, o, qonşusu İddiaçı övladı X5 ilə birlikdə ünvan 2 ünvanında yaşadığını bildirmişdir.

10. Fotoşəkillərdən görünür ki, İddiaçı övladı X5 ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır.

11. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Elnur Mənsimov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Cavabdeh əməlində Azərbaycan Respublike İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olduğu barəsində göstərilən maddənin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyəti əməkdaşa verilməsi qərara alınmışdır.

12. Aparılmış araşdırma zamanı vətəndaş İddiaçı izahat verərək ərizəsində göstərdiyi xüsusatları bütünlükdə təsdiq edərək bildirmişdir ki, həyat yoldaşı Cavabdeh ilə 2 ilə yaxın olar ailə həyatı qurmuşlar. Birgə nigah dövründə 1 övladları dünyaya gəlmişdir. Son zamanlar Fərid spirtli içkilərə meyil salaraq ailəsinə baxmır. Bu səbəbdən aralarında mütamadi olaraq sözlə mübahisələr yaranır. xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində yaşadığı evdə olarkən Fərid evi sataraq onu və övladını evdən çıxaracağını bildirdiyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Fərid onun sol qolundan tutaraq evin qapısına və divarlara tərəf onu vurmuşdur. Bu barədə valideyinlərinə və DİNin «102 xidməti-zəng sistemi mərkəzi»nə məlumat vermişdir. Hadisə nəticəsində sol qol nahiyəsindən xəsarət almışdır. Hadisə yaşadığı evdə baş vermiş və həmin vaxt evdə onlardan başqa heç kim olmamışdır.

13. «MTE və PAB X11» Suraxanı rayon Şöbəsininin 11.11.022-ci il tarixli, 1285 saylı rəyində vətəndaş İddiaçı sol bazu nahiyəsinin qançırı bərk küt əşyanın (əşyalann) təsirindən törənmişdir, qərarada göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edimir.

14. Aparılmış təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, həyat yoldaşı İddiaçı ilə 2 ilə yaxın olar ki, ailə həyatı qurmuşdur. Birgə nigah dövründə 1 övladları dünyaya gəlmişdir. Son zamanlar Zenfiranm onun valideyinlərini təhqir etdiyi üçün aralarında sözlə mübahisələr yaranmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən Zenfira onun mobil telefonun əlindən alaraq anasına yazdığı mesajları icazəsiz oxumuşdur və bu zaman onun valideyinlərini təhqir etmişdir. Zenfiraya sözlə izah etmişdir ki, valideyinlərini təhqir etməklə düzgün hərəkət etmir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən Zenfira ona sol qolunda göy izlərini göstərərək ona xəsarət yetirdiyini bildirmişdir. Cavabdeh verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə yaşadıqları evdə baş vermiş və həmin vaxt evdə onlardan başqa heç kim olmamışdır. Həyat yoldaşı İddiaçı dedikləri şər və böhtandır. Ümumiyətlə İddiaçı toxunmamışdır, onu döyməmişdir.

15. 24 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə X-257 saylı məktubdan görünür ki, X5 xx.xx.2022-ci il tarixindən 24 nömrəli şəhər poliklinikasına qeydiyyata götürülmüşdür.

16. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

17. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nikahın bağlanması, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X2 doğulması, iddiaçının uşağı ilə birlikdə yaşadıqları hazırki mübahisəli evdən cavabdeh tərəfindən zorla çıxarılmaları və evə buraxılmamaları işin mübahisəsiz hallarıdır.

İddia tələbi

18. İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı ilə birlikdə ünvan 4 ünvanına köçürülməyi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

20. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikahlarını dövlət qeydiyyatına aldırmaqla ailə qurmuşlar və iddiaçı bütün cehiz əşyalarını birlikdə yaşayacaqları ünvana yerləşdirmişdir. Onların birgə nikahlarından 2022-ci ilin aprel ayında bir övladları dünyaya gəlmişdir. Ailə qurulan vaxt mənzilə dair heç bir sənəd olmayıb, sonradan isə sənədləşdiriblər. 2021-ci ildə iddiaçı onların Binə qəsəbəsində olan mənzilinə gəlin köçüb, qısa müddət ərzində cavabdeh və onun ailə üzvləri həmin mənzili satıblar, hazırki evi alıblar, bütün əşyalarını oraya yerləşdirərək yaşamağa başlayıblar. Hazırda da iddiaçının bütün əşyaları həmin evdədir. İddiaçının dediyinə görə ilk vaxtlardan aralarında fikir ayrılıqları özünü göstərib. İddiaçı uşaqları dünyaya gələrsə aralarındakı münasibətin düzələcəyini düşünmüşdür, lakin bugünədək heçnə düzəlməyib. Cavabdeh təxminən 2022-ci ilin oktyabr ayında iddiaçını evdən döyərək çıxardıb və qapını da bağlayıb iddiaçını evə buraxmır. Cavabdehin onu döyməsi barədə polisə müraciət edilib, döyülməsi sübut edilib, iddiaçıda xəsarətlər müəyyən edilib, cavabdeh barədə inzibati iş açılıb və cəzalandırılıb. Ev dövlət qeydiyyatından keçirilməmiş özbaşına tikilidir, lakin qanunvericilik belə olan hallarda da evə köçürülməyə icazə verir. Mülki Məcəllənin 11-ci maddəsində qanunun və hüququn analogiyası terminindən istifadə olunub. Əgər iddiaçı mülkiyyət hüququ olmayan yaşayış sahəsində yaşayırsa və onun oradan çıxarılması qanunsuzdursa, bu kimi hallarda qanunverici bu məzmunlu iddiaların təmin olunmasına icazə verir. İddiaçının dediyinə görə cavabdeh həyət qapısını çöldən bağlayıb oraya getmir, iddiaçının da getməsinə icazə vermir. Cavabdehin bu yaşayış sahəsinə heç bir hüququ yoxdur, belə ki, iş materiallarına əlavə edilmiş su-qaz kommunal ödənişləri, telefon ödənişləri, Aztelekom ilə müqavilə, evə dair sənədlər iddiaçının adınadır, heç birinin cavabdehə aidiyyəti yoxdur. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq olunan hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməs Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur.

26. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərar

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.

27. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 8. Hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Maddə 20. Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.

Məhkəmənin mövqeyi

28. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi? Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Qeyd olunan hallar iş materiallarında olan kommunal xidmətlərin göstərilməsini nəzərdə tutan müqavilələr, iddiaçının mübahisəli mənzilə dair vergi ödəyicisi olması barədə bələdiyyə sənədləri, o cümlədən “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”la öz təsdiqini tapmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.

30. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.

31. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

32. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflərdən heç biri hazırki yaşayış evinin mülkiyyətçisi olmasa da, evlə bağlı demək olar ki, hər bir sənədlərdə iddiaçının adı keçir. Belə ki, mübahisəli ünvanla bağlı vergi ödəyicisi kimi, eləcə də qaz, su və telekommunikasiya xidmətləri ilə bağlı müqavilələrdə tərəf kimi iddiaçı iştirak etmiş və onun adına sənədləşmə işləri aparılmışdır. Bu səbəbdən iddiaçı hazırki evin mülkiyyətçisi olmasa da, qeyd olunan evə faktiki olaraq sahiblik etdiyi üçün (vergiləri, kommunal xidmətləri və s. ödəməklə) mülkiyyətçi ilə əlaqəli hüquqları ona aid etmək olar və bu zaman əmlak sahibi kimi onun hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğur.

33. Bundan əlavə, işin faktiki hallarından görünür ki, iddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə (yoldaşı və uşağı) təsərrüfat aparmışdır. Məhkəmə iddiaçının və onun övladının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayıldığı üçün məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2022-ci il təvəllüdlü X2 yaşayış yeri anasının yaşayış yeri ilə müəyyən edilir.

Məhkəmə xərcləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Odur ki, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır..

Məhkəmənin gəldiyi nəticə

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı uşağı X5 ilə birlikdə ünvan 4 ünvanına köçürülməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı uşağı X5 ilə birlikdə ünvan 4 ünvanına köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar