Məhkəmə qərarları › İş №e-2(010)-626/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-626/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-626/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 9000,06 manat, 745,88 EUR, 5540,82 USD, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin, xarici valyuta ilə ödənilməli olan məbləğin ödənildiyi günə olan məzənnəsi ilə hesablanaraq ödənilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,33 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus 3 ədəd plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kartlar (Manat, EUR, USD kartları) cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesablarının № ********************, ********************, ********************) bir neçə dəfə istifadə etmiş, cavabdehin hər üç hesabı mənfiyə düşmüşdür. Cavabdeh ******************** saylı manat kartı üzrə əməliyatlar aparmış, 9651,72 manat məxaric etmiş, 638,44 manat isə mədaxil olmuşdur. Həmin məbləğləri istifadə etdiyi vaxta qədər onun kartda 13,22 manat öz vəsaiti olmuşdur. Cavabdeh ******************** saylı EUR kartı üzrə əməliyatlar aparmış, xx.xx.2020-ci il tarixdə həmin kartdan 2 dəfə əməliyyat aparılmış 745,88 EUR məxaric edilmişdir. Həmin məbləğləri istifadə etdiyi vaxta qədər onun kartda öz vəsaiti olmamışdır. Cavabdeh ******************** saylı USD kartı üzrə əməliyatlar aparmış, 8542,87 USD məxaric etmiş, 3002 USD isə mədaxil olmuşdur. Həmin məbləğləri istifadə etdiyi vaxta qədər onun kartda 0.05 USD öz vəsaiti olmuşdur. Nəticədə Cavabdeh banka cəmi 9000,06 manat, 745,88 EUR, 5540,82 USD ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bir neçə dəfə bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları.

3. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclasına iştirakları olmadan baxılması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, pul məbləği bankda texniki səhv nəticəsində rusların mərc saytına köçürülüb. Pul onun kartından çıxdığı üçün bank həmin pulun ödənilməli olduğunu bildirmişdir. Mərc saytlarına pul hansı kartdan köçürülübsə, həmin karta geri qaytarıla bilər, kartlar isə blokdadır, oraya pul köçürülməsi mümkün deyil. O, məhkəmə iclaslarından sonra banka yaxınlaşmış və razılığa gəlmək istədiyini bildirmiş, bank isə pulun hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir. O, yalnız 100 manat məbləğində hər ay ödəniş edə bilər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları.

5. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASCyə 9000,06 manat, 745,88 EUR, 5540,82 USD manat borcu vardır.

6. xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli bildiriş məktublarından görünür ki, cavabdehə 5 təqvim günü müddətində banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.

7. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 149,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

8. Cavabdeh İddiaçı ASC-yə məxsus 3 ədəd plastik kart üzrə əməliyatlar apardığı və nəticədə banka 9000,06 manat, 745,88 EUR, 5540,82 USD ziyan vurduğu işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 19. Pul vahidi İ. Azərbaycan Respublikasının pul vahidi manatdır. İİİ. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı.

MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.

12. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”.

1.98. Texniki (icazə verilməmiş) overdraft – Tərəflər arasında Overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, Kart İstifadəçisi tərəfindən Kart vasitəsilə Kart Hesabında olan vəsaitdən artıq məbləğdə Əməliyyat(lar)ın aparılmasıdır. 5.10. Overdraft və ya Chargeback nəticəsində borc yarandıqda Bank Müştəriyə bu barədə məlumat verir və Müştəri həmin borcun 3 (üç) İş Günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. 5.13. Overdraft və ya Chargeback nəticəsində yaranmış borc məbləği və faizlər ödənilənə qədər Bank Kartı bloklaşdıra bilər və bununla əlaqədar Bankın çəkdiyi və ya çəkməli olduğu bütün xərclər beynəlxalq ödəniş sistemlərində tətbiq olunan Tariflərə uyğun olaraq Müştəri tərəfindən Banka ödənilməlidir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı.

10. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh İddiaçı ASC-yə məxsus 3 ədəd plastik kart üzrə əməliyatlar aparmış və nəticədə banka 9000,06 manat, 745,88 EUR, 5540,82 USD ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh təqsirini etiraf etmiş və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir.

16. Məhkəmə iddianın bank uçot faiz dərəcəsinə görə pul tələbinə dair hissəsinə qiymət verərkən hesab edir ki, həmin hissədə də iddia təmin olunmalıdır. Belə ki, cavabdeh bankın pul vəsaiti hesabına həmin pulları əsassız əldə etməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı isə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 9000,06 manat, 745,88 EUR, 5540,82 USD və müvafiq olaraq həmin pul vəsaitlərinin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,33 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 9000,06 manat, 745,88 EUR, 5540,82 USD və müvafiq olaraq həmin pul vəsaitlərinin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlər İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 9000,06 (doqquz min manat altı qəpik) manat, 745,88 (yeddi yüz qırx beş euro səksən səkkiz sent) EUR (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 5540,82 (beş min beş yüz qırx dollar səksən iki sent) USD (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və müvafiq olaraq həmin pul vəsaitlərinin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,33 (bir yüz qırx doqquz manat otuz üç qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar