Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-6472/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. Həmin qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsindən görünür ki, qanunvericiliyin qeyd olunan tələbləri pozulmuş və 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etmiş və mediasiya xərci olaraq 50 manat ödəniş etmişdir. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman mediasiya xərclərini ödəmiş tərəf olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğundan yalnız 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin qanunun 26.1.-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Göründüyü kimi tərəflər arasındakı hazırki mübahisə mediasiya vasitəsilə həll oluna biləcək mübahisələr kateqoriyasına aid olmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 100 manat məbləğində dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-6472/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-6472/2021
16.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver