Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-652/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Abonent kartının surətindən görünür ki, abonent kodu **********191 olan Cavabdeh İddiaçı ASC-yə 306,60 manat borcu vardır.
2. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 7 iş günü müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
3. xx.xx.2021 və xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
4. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında çıxarışdan görünür ki, 2022-ci ilin fevral ayından 2024-cü ilin yanvar ayınadək ümumilikdə 382 manat məbləğində pul ödənilmişdir.
İşin faktiki halları
5. İddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh su təchizatı sistemi üzrə xidmətlərin göstərilməsi, cavabdehin isə istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməyərək iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
6. İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 306,60 manat borcun tutularaq **********191 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5662/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi 13 dekabr 2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehdən tələb etdikləri məbləğin 168 manat hissəsi onun müqavilə bağlanılıb sudan qanuni şəkildə istifadə etməsi üçün verilmiş kodun açılması üçün nəzərdə tutulmuş rüsum məbləğidir. Ödənişlər kod əsasında ödənilir və bu kod Sudan istifadə qaydalarına dair təlimatda göstərilib, 168 manat da bu rüsum məbləğidir. Burada çirkab suyu olmadığı üçün yalnız 168 manat rüsum məbləği hesablanıb. Ümumi borcdan qalan 138,6 manat isə istifadəyə görə yaranmış borcdur. Ümumiyyətlə, bu kod 2022-ci ildə açılıb və həmin vaxtdan sonra cəmi 1 dəfə 2023-cü ilin iyul ayında 21 manat məbləğində ödəniş edilib, daha sonra ödəniş edilmədiyi üçün məbləğ yığılıb. Cavabdehin təqdim etdiyi sənədlərə baxdıqda da görünür ki, 2023-cü ilin hər ayına aid işıq sərfiyyatı var. Hər ay 10 manatdan çox məbləğdə sərfiyyatdan istifadə edilib, bu da həmin evdə yaşayış olduğunu sübut edir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, ümumi borcun 168 manat hissəsi aydındır, ancaq qalan hissəni qəbul etmir. O, sadəcə orada 2020-ci ildən sonra 1 nəfər yaşadığını nəzərə almalarını və hesabatı buna uyğun aparmalarını istəyir. Burada əsas məsələ onların yazdığı borc məbləği yox, evdə yaşayan adam sayının artıq olmasıdır. O, evdə daimi olaraq yaşamır, orada oğurluq hadisəsi olduğu üçün arada gedib-gəlir. Buna görə də qeyd olunanların nəzərə alınaraq 1 nəfərə görə hesablanmasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. “Su təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
5. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən digər prinsiplərlə yanaşı, su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması prinsipinə əsaslanır. 59.1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək, qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüququna malikdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
13. Məhkəmə tərəfllərərin izahatını dinləyərək, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
14. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, İddiaçı ASC 2022-ci ildən cavabdehə su təchizatı ilə bağlı xidmət göstərir və bu məqsədlə cavabdehin adına kod açılıb. Cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında iddia tələbini həmin hissədə qəbul edərək 168 manat rüsum kimi hesablanmış kodun açılmasına görə sərf olunmuş məbləğin ödənilməsinə razı olduğunu bildirmişdir. Buna görə də iddiaçının cavabdehi içməli su (və ya məişətdə istifadə olunan) ilə təmin etməklə bağlı xidməti qarşı tərəfin bu xidmətin əvəzini ödəmək vəzifəsinə uyğundur.
15. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan abonent kartından görünür ki, iddiaçının ünvanına yazılmış digər məbləğlər məhz “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavə ilə müəyyən edilmiş Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəlinə əsasən hesablanmışdır. Həmin cədvələ əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən 4 nəfər ailə tərkibi (nəfərlə), 1 nəfərə düşən aylıq norma 5 m3, aylıq sərfiyyat isə 20 m3 olmaqla cədvələ əsasən hesablanır. Abonent kartından görünür ki, cavabdeh tərəfindən ötən müddət ərzində yalnız xx.xx.2023-cü il tarixdə 21 manat ödəniş edilmiş və 1 il ərzində başqa ödəniş edilməmişdir. Cavabdeh həmin ünvanda yalnız yay aylarında yaşayış olduğunu və yalnız özünün yaşadığını bildirsə də, bunu sübut edə bilməmiş və təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında çıxarışdan da bu müəyyən edilə bilməmişdir. Çıxarışdan görünür ki, cavabdehin dediyinin əksinə, 2022-ci ilin fevral ayından 2024-cü ilin yanvar ayınadək ümumilikdə 382 manat məbləğində pul ödənilmişdir. Həmçinin, cavabdeh həmin ünvanda yaşayış olmamasına və ya 1 nəfərin yaşamasına dair arayışı İddiaçı ASC-yə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh istehlak etdiyi suya görə müəyyən edilmiş ödənişləri vaxtında həyata keçirmədiyi üçün iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən su təchizatı xidmətlərinə görə yaranmış 306,60 manat məbləğində pul alınaraq **********191 saylı abonent koduna ödənilməlidir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh su təchizatı xidmətlərinə görə yaranmış 306,60 (üç yüz altı manat altmış qəpik) manat məbləğində pul alınaraq **********191 saylı abonent koduna ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.