Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-711/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə ödənilməyən 9942 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən cavabdehə məxsus 0.02 ha torpaq sahəsi üzərində 74 m2 sahəsi olan fərdi yaşayış evinin tam tikilməsi barədə xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ilkin olaraq 5000 manat olmaqla, sonradan 48 ay müddətinə ümumilikdə 29500 manat məbləğində pul vəsaiti ödəməli, o isə pulun 70 faizi ödənildikdən sonra evi təhvil verməli idi. Bununla bağlı aralarında ödəniş cədvəli tərtib olunmuşdur. Cavabdeh ödənişlərdə əvvəlcədən gecikmələr etmiş, cədvələ uyğun ödəniş etməmiş, buna baxmayaraq o, öz öhdəliyini vaxtında yerinə yetirib, yaşayış sahəsini yaşayış üçün yararlı hala salmış və cavabdehə təhvil vermişdir. Buna baxmayaq Cavabdeh xx.xx.2021-ci il tarixədək ödəməli olduğu pul vəsaitini müəyyən gecikmələrlə ödəsə də, həmin dövrdən sonra heç bir məbləğdə pul vəsaiti ödəməmiş, öz öhdəliyini yerinə yetirməmiş, bununla da cavabdehin podrat müqaviləsi üzrə ödənilməyən 9942 manat məbləğində borcu qalmışdır. Cavabdeh öhdəliyi yerinə yetirmədiyindən ona bu barədə bildiriş göndərmiş, ona qarşı məhkəmədə iddia qaldıracağını bildirmiş, buna baxmayaraq Cavabdeh müqavilə üzrə heç bir məbləğdə pul ödəməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin iddianı qismən – tələb olunan məbləğin 6600 manat hissəsində etiraf etməsini bu şərtlə qəbul edir ki, cavabdeh etiraf etdiyi pulu tam ödəsin, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməsin.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, aralarında bağlanmış podrat müqaviləsi üzrə iddiaçıya 6600 manat məbləğində borcu var. İddianı bu barədə etiraf etməsi ilə bağlı məhkəməyə ərizə də vermişdir. Pulu ona görə tam ödəməmişdir ki, iddiaçı evi vaxtında tikib təhvil verməmişdir. Həmçinin evin pəncərəsi çox bərbad vəziyyətdə olduğu üçün söküb yenisi ilə əvəz etməli olmuşdur. Bundan başqa evin döşəməsi üçün taxtanı özü almış, onun daşınma, vurulma və digər xərclərini özü çəkmişdir. Evin tikintisi üçün bir sıra tikinti materiallarını - armatur, taxta və s. özü almışdır, halbuki bütün bunlar hamısı podratçının (iddiaçının) öhdəliyi olmuşdur. Bu səbəbdən hazırda borcun yalnız 6600 manat hissəsini qəbul edir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
5. İddiaçı (podratçı) və Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, Podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini öhdəsinə götürür. Tikintidə görülən işlər müqaviləyə əlavə olunan “Görüləcək işlər” siyahısında göstəriləcək. Podratçı qarşılıqlı razılaşmaya əsasən Sifarişçinin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetiriləcək işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra Podratçı bu müqavilədə müəyyən olunmuş müddətə işləri keyfiyyətli yerinə yetirib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə müqavilədə göstərilən məbləği Podratçıya ödəməyi öz öhdəsinə götürür. Görüləcək işlər müəyyən edilmiş tikinti qaydalarına uyğun olmalıdır. Sifarişçi əlavə işlər gördürərsə, görülən işlərin siyahısı və məbləği təyin olunub Sifarişçiyə təqdim olunur və Sifarişçi pulu nağd ödəməlidir.
6. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, tikintinin ümumi qiyməti 29500 manat müəyyən edilməklə, xx.xx.2019-cu il tarixdə 5000 manat məbləğində ilkin ödəniş etməklə 48 ay müddətinə (xx.xx.2019 - xx.xx.2023-cü il tarixləri arasında) ödənilməsi müəyyən edilmişdir.
7. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tikintisi başa çatmamış və təmirsiz fərdi yaşayış evi görünür.
İşin faktiki halları.
8. İddiaçı (podratçı) və Cavabdeh (sifarişçi) arasında xx.xx.2019-cu tarixli podrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində müqaviləyə əlavə olunan layihəyə əsasən təmirsiz fərdi yaşayış evi tikməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, Sifarişçi Podratçı tərəfindən ona 74 m2 ölçüsü olan fərdi yaşayış evinin təmirsiz şəkildə tikilməsi üçün 5000 manat məbləğində ilkin ödəniş etmiş, qalan 29000 manat pulu isə 48 ay - xx.xx.2019 - xx.xx.2023-cü il tarixləri arasında hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
9. Hazırda İddiaçı müqavilə üzrə ödənilmədiyini iddia etdiyi 9942 manat məbləğində pulu cavabdehdən tələb edir, Cavabdeh isə iddiaçının götürdüyü öhdəliyi tam yerinə yetirmədiyini, tikilini qüsurlu inşa etdiyini, tamamlama işlərini öz vəsaiti hesabına həyata keçirdiyini əsas gətirərək çəkdiyi xərclərin tələb olunan puldan çıxılmasını, beləliklə iddianın qismən – ondan 6600 manat məbləğində pul tutulması hissəsində təmin edilməsini xahiş edir. Öz növbəsində iddiaçı cavabdehin etirafını bu şərtlə qəbul etdiyini bildirir ki, cavabdeh etiraf etdiyi pulu könüllü şəkildə ödəsin, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməsin.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi.
12. İşin faktiki hallarından göründüyü kimi İddiaçı (podratçı) və Cavabdeh (sifarişçi) arasında bağlanmış podrat müqaviləsinə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində təmirsiz fərdi yaşayış evi tikməyi öhdəsinə götürmüşdür. İş materiallarından və tərəflərin izahatlarından belə görünür ki, evin tikintisi üçün ödənilməli pul Sifarişçi tərəfindən Podratçıya tam ödənilməmişdir.
13. Belə ki, cavabdeh iddiaçı tərəfindən evin pəncərələrinin, döşəmə və tavan işlərinin keyfiyyətsiz icra edildiyini, bu işlərin yenidən öz vəsaiti hesabına həyata keçirildiyini iddia etmiş, bu səbəbdən iddianı qismən – 6600 manat hissədə etiraf etmiş, məhkəməyə iddianın qismən etirafı barədə ərizə təqdim etmişdir.
14. Məhkəmə ilk növbədə bu ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
15. Məhkəmə iddiaçı və cavabdeh arasında podrat müqaviləsi bağlandığını, bu müqavilənin yalnız tərəflər üçün hüquq və vəzifələr yaratdığını, tərəflər arasındakı mübahisənin həmin müqavilədən qaynaqlandığını, dolayısı ilə hazırda edilmiş etirafın yalnız bu iş üzrə tərəflərlə əlaqəli olduğunu, üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını, eləcə də qanuna zidd olmadığını nəzərə alaraq etirafı qəbul edir.
16. İddianın etiraf edilməyən hissəsinə (3342 manat məbləğində pul tələbi) münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi qaimələrdən cavabdeh tərəfindən müəyyən tikinti materialları alındığı və 2000 manata yaxın məbləğdə pul xərcləndiyi görünür. Öz növbəsində iddiaçı tərəf də bu qaimələri mübahisələndirməmişdir.
17. Bundan əlavə, iş materialları əsasında evin tikintisi üçün cavabdeh tərəfindən iddiaçıya nə qədər pul ödənildiyi və nə qədər pulun ödənilməmiş qaldığı müəyyən olunmur. İddiaçı evi cavabdehə təhvil verdiyini və cavabdehin müqavilə üzrə 9942 manat məbləğində borcu qaldığını iddia etsə də, tərəflər arasında bağlanmış müqavilədə tikintinin ödənişin 70 %-i edildikdən sonra təhvil veriləcəyi qeyd edilmişdir. Evin tikintisi üçün ödənilməsi müəyyən edilmiş məbləğ 29500 manat olduğundan iddiaçı evi 20650 manat məbləğində ödəniş edildikdən sonra təhvil verməli idi. Bu halda isə borc 8850 manat təşkil edərdi. Məhkəmə hesab edir ki, müqavilənin şərtləri baxımından əgər iddiaçı evi ümumi ödənişin 70 %-nin ödənilməsindən əvvəl təhvil vermişdirsə, bunu sübut etməlidir. Hazırkı işdə isə belə bir hal sübuta yetirilməmişdir.
18. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) də iddiaçının iddianın etiraf edilən hissədə təmin edilməsinə etiraz etmədiyini bildirərək qeyd etmişdir ki, iddiaçı etirafın təmin edilməsini bu şərtlə qəbul edir ki, cavabdeh etiraf etdiyi həmin məbləği ödəsin və vaxtı uzatmaq məqsədi ilə apellyasiya şikayəti verməsin. Bu halda iddiaçının iddianın qismən – etiraf olunan hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
19. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən – cavabdeh tərəfindən etiraf olunan hissədə təmin edilməlidir.
Məhkəmə xərcləri.
20. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə mütənasib olmuşdur.
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olan 86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 86 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 6600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva