Məhkəmə qərarları › İş №e-2(010)-774/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-774/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-774/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 263 manat borcun tutularaq **********000 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 22083743 nömrəli sayğac xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 263 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İş materialları. Suraxanı rayon Sukanal idarəsinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, 7 iş günü müddətində borcunun ödənilməsi xahiş olunmuşdur. Əks təqdirə göstərilən xidmətlərin dayanacağı və ondan borc məbləğinin məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli **********000 kodlu abonent kartından görünür ki, xx.xx.2022-ci il tarixində bağlanmış 46018030 saylı müqavilə üzrə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq küçəsində yerləşən 6 nömrəli evdə yaşayan **********000 kodlu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə cəmi 263 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları. a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər vermək; b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq; ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq.61.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”

4. İstehlakçıların vəzifələri 4.1.3 İstehlakçıların bu qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək vəzifələri vardır. 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.5.-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Tarif Şurasının ”Azərsu” Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli qərarı

4. Sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” 46018030 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdehin İddiaçı ASC -nə 263 manat məbləğində borcu yaranmışdır. Cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bununla da, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə borcunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 263 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 263 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar