Məhkəmə qərarları › İş №e-2(010)-79/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-79/2024

26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-79/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehdən onun xeyrinə avtomobilə dəymiş zərərə görə 4360 manat, gecikdirilmiş günə görə 612 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən ona məxsus “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il saat 14:00-dan xx.xx.2023-cü il tarixə saat 14:00-a kimi icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində cavabdeh idarə etdiyi “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu ərazisində qəza törətmiş və hadisə zamanı avtomobil deformasiyaya məruz qalmışdır. Bu barədə Suraxanı rayon X9 Bölməsi tərəfindən nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış tərtib edilmişdir. İcarə müqaviləsinin predmeti olan “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin mütəxəssis tərəfindən tərtib olunmuş akta əsasən 6360 manat təşkil etdiyi müəyyən edilir. Cavabdeh ona dəymiş zərərdən 2000 manat ödəmiş, qalan məbləği ödəməkdən boyun qaçırmışdır. Nəqliyyat vasitəsinin yararsız vəziyyətə düşməsi və dəymiş zərərin cavabdeh tərəfindən ödənilməməsi onu həmin avtomobildən əldə edəcəyi qazancdan məhrum edir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.8-ci bəndinə əsasən, icarəyə götürən qəza törədərsə, icarə haqqının hər təmirdə qalan günü üçün 60 faizini ödəməlidir. Avtomobilin müqavilə üzrə qaytarılma vaxtı xx.xx.2023-cü il saat 14:00-a razılaşdırıldığından və həmin vaxta avtomobil yararlı vəziyyətdə qaytarılmadığından hesab edir ki, avtomobilin işlək vəziyyətə gətirildiyi vaxta kimi 612 manat borc yaranmışdır. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi.

3. İddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəyə əsasən, iş üzrə cavabdeh X5 əsl Cavabdeh ilə əvəz edilmişdir.

İddia tələbinin həcminin azaldılması.

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, gecikdirilmiş vaxta görə 612 manat pul tələbi hissəsində iddia tələbini azaltmışdır.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, ona məxsus “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil anası İddiaçı adına qeydə alınmışdır. O, həmin avtomobili “rent a car”a icarəyə vermişdir. xx.xx.2023-cü il tarixdə həmin avtomobil “rent a car” tərəfindən Cavabdeh icarəyə verilmişdir. Lakin bundan bir gün sonra cavabdeh avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə məlumatı olan kimi hadisə yerinə yaxınlaşmış, cavabdeh dəymiş zərəri ödəyəcəyini bildirmişdir. Növbəti gün Suraxanı rayon Polis İdarəsinə getmişlər və cavabdeh orada ona 2000 manat pul vermişdir. Cavabdeh ona demişdir ki, avtomobili ustaya aparsın və qalan xərci ona desin. Usta ona demişdir ki, qiyməti ekspert müəyyən edə bilər. Bu səbəbdən gedib ekspert rəyi almış, verilmiş rəydə avtomobilə dəymiş zərərin 6360 manat olduğu qeyd edilmişdir. Həmin puldan cavabdehin ödədiyi 2000 manatı çıxıb qalan 4360 manatı cavabdehdən tələb etmişdir. Lakin cavabdeh onu aldatdıqlarını deyərək pulu ödəməmişdir. Həmçinin demişdir ki, işləmir. Hətta cavabdehin törətdiyi inzibati xətaya görə 40 manat cəriməni belə özü (nümayəndə) ödəmişdir və qəbzi özündədir. Cavabdeh avtomobilə vurduğu zərəri könüllü ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, bacısı Aytən Talıbovanın sürücülük vəsiqəsini ondan xəbərsiz götürərək, Əhmədlidə “rent a car”a gedib iki günlük maşın icarəyə götürmüş, götürdükdən sonra Əmircanda icra hakimiyyətinin arxasında qəza törətmişdir. İddiaçı ilə ilkin danışıqdan sonrakı gün ona 2000 manat pul vermişdir. İndi isə iddianı qismən qəbul edir və avtomobilə vurduğu zərərə görə 1000 manat məbləğində pulu hissə-hissə ödəməyə etiraz etmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

İş materialları.

7. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 23:30-da törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir.

8. Müstəqil ekspert X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 621 nömrəli arayışdan görünür ki, yol nəqliyyat qəzasına uğramış “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri üçün 3970 manat, zəhmət haqqı 2390 manat olmaqla, cəmi 6360 manat məbləğində xərc hesablanmışdır.

9. “Hollivood-cars” Məhdud Məsuliyyəti Cəmiyyəti (icarəyə verən) və X5 (icarəyə götürən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 7117/23 saylı icarə müqaviləsindən görünür ki, İcarəyə verən “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürənə icarəyə vermişdir.

10. xx.xx.2023-cü il tarixli, 6621 nömrəli yol vərəqəsinin surətindən görünür ki, “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarəsinə verilmişdir. Yol vərəqəsi xx.xx.2023-cü il tarixə, saat 14:00-dək etibarlıdır.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6944 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli zərər aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3743 manat müəyyən edilir.

İşin faktiki halları.

12. “Kia Optima minik” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

13. "xxxx" MMC və X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil X4 icarəyə verilmişdir. Həmin tarixdə "xxxx" MMC tərəfindən X4 verilmiş yol vərəqəsində sənədin xx.xx.2023-cü il, sat 14:00-dək etibarlı olduğu qeyd edilmişdir.

14. xx.xx.2023-cü il tarixdə “Kia Optima” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr) törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı məxsus avtomobilə zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində X3 təqsiri müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus avtomobil icarə müqaviləsi əsasında Aytən Talıbovanın adına icarəyə verilmiş, hadisə avtomobilin icarədə olduğu müddətdə baş vermiş, müvafiq inzibati tənbeh tədbiri də məhz həmin şəxsə tətbiq edilmişdir. Lakin iş üzrə məhkəmə araşdırması gedişində müəyyən edilmişdir ki, avtomobili icarəyə götürən, sonra da həmin avtomobillə yol nəqliyyat hadisəsi törədən Aytən Talıbova yox, onun bacısı Cavabdeh olmuşdur. Belə ki, məhkəmə iclasında cavabdeh kimi izahatı dinlənilən Aytən Talıbova, bacısı Cavabdeh ona məxsus şəxsiyyət və sürücülük vəsiqələrini götürərək, ondan xəbərsiz icarəyə avtomobil götürdüyünü, sonra da həmin avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. İddiaçının da izahatı əsasında iş üzrə əsl cavabdehin Cavabdeh olduğu müəyyən edildikdən sonra iddiaçının yazılı razılığı ilə Cavabdeh iş üzrə əsl cavabdeh kimi cəlb edilmişdir. Sonuncu, məhkəmə iclasında verdiyi izahatda bacısı Aytən Talıbovaya məxsus sənədlər əsasında iddiaçıya məxsus avtomobili icarəyə götürdüyünü, həmin avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini qəbul etmiş, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 2000 manat pul ödədiyini, 1000 manat məbləğində pulu isə hissə-hissə ödəməyə etiraz etmədiyini bildirmişdir.

18. Belə olan halda məhkəmə, Cavabdeh etiraf etdiyi faktları, yəni iddiaçıya məxsus avtomobili etibarsız icarə müqaviləsi (müqavilə, bu müqavilədə tərəf kimi göstərilən şəxslər arasında bağlanmadığından) əsasında idarə etdiyini, bu zaman avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyini sübut edilmiş hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

19. Bu vəziyyətdə Cavabdeh İddiaçı məxsus avtomobilə vurduğu zərərə görə məsuliyyət daşımalıdır. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 19.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 19.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 19.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 19.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

20. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).

21. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının avtomobilinə zərər vurmuşdur.

22. Məhkəmə cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6944 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı, “Kia Optimum minik” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 3743 manat təşkil etdiyi müəyyən edilmişdir.

23. Məhkəmə müvafiq ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyi əsaslıdır və məhkəmənin rəydə qeyd edilən məbləğlə razılaşmaması üçün heç bir əsas yoxdur. Bununla belə nəzərə alınmalıdır ki, hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, avtomobilə dəymiş zərərə görə cavabdeh tərəfindən iddiaçıya 2000 manat məbləğində pul ödənilmişdir. Odur ki, cavabdehdən avtomobilə vurulmuş zərərə görə iddiaçının xeyrinə tutulacaq pulun məbləği müəyyən edilərkən bu hal nəzərə alınmalı, avtomobilə dəymiş zərərin ekspert rəyi ilə müəyyən edilmiş məbləğindən (3743 manat) iddiaçının ödəmiş olduğu məbləğ (2000 manat) çıxılmalı, yekunda cavabdehdən 1743 manat məbləğində pul tutulmalıdır.

Məhkəmə xərcləri.

24. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

25. Bundan başqa, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, bu rəyin verilməsi üçün ekspertiza xərci 50 manat məbləğində müəyyən edilmişdir.

26. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumunun 37.43 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya, 50 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1743 manat məbləğində pul və 37.43 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1743 (min yeddi yüz qırx üç) manat məbləğində pul və 37.43 manat (otuz yeddi manat qırx üç qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar