Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-79/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2024.50 manat borcun tutularaq **********000 saylı abonent koduna və 40.25 manat dövlət rüsumu üzrə xərclərin ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1296/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu:**********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 17034110 nömrəli sayğac xx.xx.2019-cu il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-ci il tarixinə 2024.50 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə quraşdırılmış sayğac işləmədiyinə görə dəyişdirilməli idi, xx.xx.2024cü il tarixdə yeni sayğac quraşdırılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh sayğacın işləmədiyini bildirmişdir. İş materialları. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsi yaradılmışdır. xx.xx.2023-cü il tarixli **********000 kodlu abonent kartından görünür ki, xx.xx.1997-ci il tarixində bağlanmış 21298356 saylı müqavilə üzrə ünvan 1 ünvanında yaşayan **********000 kodlu abonent Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2016-cı il üzrə 273.6 manat, 2021-ci il üzrə 1362,9 manat, 2022-ci il üzrə 237.7 manat, 2023-cü il üzrə 150.3 manat, cəmi 2024.50 manat məbləğində qalıq borcu vardır. 17034110 nömrəli sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, 7 iş günü müddətində borcunun ödənilməsi xahiş olunmuşdur. Əks təqdirə göstərilən xidmətlərin dayanacağı və ondan borc məbləğinin məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə üvanlanmış xx.xx.2024cü il tarixli məlumatdan görünür ki, 2(010)-1296/2024 №-li mülki iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş mühəndis-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: sayğacların pasport göstəricilərinə uyğunluğu, dövlət standartlarının tələblərinə cavab verməsi, sayğacda nasazlıq olub-olmamasının, eləcə də düzgün işləməsinin müəyyən edilməsi Məhkəmə ekspertizası mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Sayğacların düzgün işləməsi, texniki xüsusiyyətləri, xətaların yoxlanılması, qüsurların mövcudluğu və s. müəyyən edilməsi sayğac müvafiq avadanlıqlarla (laboratoriya, stend və s.) təmin olunmuş yerdə yoxlanılmaqla həll edilə bilər. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi X5 İdarəsi “X2 Laboratoriyası” tərəfindən verilmiş 34110/0352726 saylı xx.xx.2024-cü il tarixli rəydən görünür ki, **********000 kodlu abonentin ünvanında yerləşən 17034110 nömrəli sayğaca baxış keçirilmişdir. İlkin nəticə: S.C-in Laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.C-in qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararlı deyil. S.C təmirə və istismara yararsızdır. xx.xx.2025-ci il tarixli **********000 kodlu abonent kartından görünür ki, xx.xx.1997-ci il tarixində bağlanmış 21298356 saylı müqavilə üzrə ünvan 1 ünvanında yaşayan **********000 kodlu abonent Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinə 2003-cü il üzrə 25.20 manat, 2004-cü il üzrə 28.62 manat, 2005-ci il üzrə 57.12 manat, 2006-cı il üzrə 57.12 manat, 2007-ci il üzrə 63.36 manat, 2008-ci il üzrə 63.36 manat, 2009-cu il üzrə 63.36 manat, 2010-cu il üzrə 63.36 manat, 2011-ci il üzrə -512.85 manat, 2012-ci il üzrə 86.40 manat, 2013-cü il üzrə 86.40 manat, 2014-cü il üzrə 21.60 manat, 2016cı il üzrə 273.60 manat məbləğində son qalıq borcu vardır. xx.xx.2025-ci il tarixli **********000 kodlu abonent kartından görünür ki, xx.xx.1997-ci il tarixində bağlanmış 21298356 saylı müqavilə üzrə ünvan 1 ünvanında yaşayan **********000 kodlu abonent Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinə 2016-cı il üzrə 273.60 manat, 2021-ci il üzrə 1362,9 manat, 2022-ci il üzrə 237.7 manat, 2023-cü il üzrə 165.7 manat, 2024-cü ilin 11 iyun tarixinədək 81.9 manat, 2024-cü ilin 11 iyun tarixindən sonra isə 58.1 manat olmaqla, ümumilikdə 2177.90 manat yekun borcu vardır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri
1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.
2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 30. Verilən suyun həcminin hesablanması
1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları. a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər vermək; b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq; ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq. Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri
1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” 2.1. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsinin) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda.
4. İstehlakçıların vəzifələri 4.1.3 İstehlakçıların bu qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək vəzifələri vardır. 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.3. müqavilə öhdəliklərinin icrasını tələb etmək; 5.1.4. müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək; 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; 5.1.8. STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. 7.4. əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.5.suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli qərarı Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.1997-cü il tarixdə “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” 21298356 saylı müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Bu səbəbdən, hazırda iddiaçı qismində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi çıxış edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin ünvanına sayğac iki dəfə - xx.xx.2019-cu il və xx.xx.2024-cü il tarixlərdə quraşdırılmışdır. Belə ki, cavabdehin etirazlarına görə, ünvanda sayğac işləməmişdir və su əvəzinə hava ilə göstəricilər yazılırdı. xx.xx.2019-cu il tarixdə quraşdırılmış sayğacın yoxlanılması üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, lakin rəyin verilməsi mümkün olmamışdır. Daha sonra, sayğac iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə yerindən çıxarılaraq “X2 Laboratoriyası”na göndərilmiş, laboratoriya rəyi əsasında, sayğacın yararlı olmadığı və istismara yararsız olduğu müəyyən edildikdən, xx.xx.2024-cü il tarixdə ünvanda yeni sayğac quraşdırılmışdır. İddiaçı məhkəməyə 2016-cı ildən xx.xx.2023-ci il tarixinədək olan müddət ərzində abonent kartına əsasən cavabdehə hesablanmış borcun tutulması tələbi ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartından aydın olur ki, cavabdehə 2016-cı il üzrə 273.60 manat, 2021-ci il üzrə 1362,9 manat, 2022-ci il üzrə 237.7 manat, 2023-cü il üzrə 150.3 manat olmaqla, cəmi 2024.50 borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2016-cı il üzrə cavabdehə hesablanmış 273.60 manat borc əsaslıdır. Belə ki, həmin müddət ərzində ünvana sayğac quraşdırılmamışdır. Borc qalıq borc kimi görünür və istehlakçı-cavabdeh tərəfindən ödənilməmişdir. Bununla, iddiaçı hesablanmış borcu tələb etməkdə haqlı olmuş, cavabdeh isə hesablanmış borca etiraz etməmiş və onun əsassızlığını sübut etməmişdir. Bu səbəbdən, iddia tələbi bu hissədə təmin edilməlidir. Tələbin ilk dəfə sayğac quraşdırıldıqdan xx.xx.2019-cu il tarixdən sonra hesablanmış borcun tutulması hissəsində məhkəmə qeyd edir ki, laboratoriya rəyindən də göründüyü kimi, ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixdə quraşdırılmış 17034110 saylı sayğac xx.xx.2024cü il tarixində yararsız hesab edilmişdir. İddiaçı isə bu müddət ərzində məhz sayğacın nəticələrinə əsaslanaraq borcu hesablamış və ödənişi tələb etmişdir. Halbuki, nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilmiş qanunvericiliyə əsasən, sayğacın işlək vəziyyətdə olubolmadığının yoxlanılması iddiaçının – su təchizatı müəssisəsinin vəzifəsidir və o, müəssisə tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərinin cavabdeh – istehlakçı tərəfindən ödənilməsini tələb etməkdə haqlı deyildir. Həmçinin, abonent kartından görünür ki, sayğacın göstəriciləri real istehlak səviyyəsini aşır. Belə ki, xx.xx.2023-ci il tarixli abonent kartına nəzər saldıqda, abonent - cavabdehə 2021-ci ilin avqust-sentyabr ayları, cəmi 1 ay ərzində sərfiyyat ani yüksəlməklə 1309.70 manat, 2022-ci ilin mart-aprel ayları ərzində isə 116.20 manat borc hesablandığı görünür. Halbuki, abonentin sahibkar olmadığı nəzərə alındıqda, sayğac üzrə hesablama fiziki şəxslərə uyğun olmayan səviyyədə aparılmış və artıq miqdarda hesablanmışdır. Belə olan halda, iddiaçı həmin dövrdə sayğacın işlək vəziyyətdə olmasını sübut edə bilmədikdən, sayğacın göstəricilərinə əsaslanaraq hesablanmış – 2021-ci il üzrə 1362,9 manat, 2022-ci il üzrə 237.7 manat, 2023-cü il üzrə 150.3 manat olmaqla, cəmi 1750.9 manat borcu əsassız olaraq tələb etmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yeni abonent kartına əsasən, 2024-cü il üçün əlavə borc hesablanmışdır. Lakin, bununla bağlı iddia tələbinə dəqiqləşdirmə verilməmiş, tələbin əsaslandırılması ilkin tələbə uyğun olaraq qalmışdır. Buna görə bu qətnamə ilə sayğacın quraşdırılmasından – xx.xx.2024-cü il tarixdən sonra hesablanmış borca hazırki iş çərçivəsində baxılmır və bu qətnamə ilə həll edilmir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 273.6 manat borc tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 273.6 manat borc və 30 manat dövlət rüsumu tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva