Məhkəmə qərarları › İş №e-2(010)-799/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-799/2024

20.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-799/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh3, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 24 saylı Notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 24 saylı Notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 2000-ci ildə ölmüş X4 miras qalmış Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 52, 31 saylı mənzilin 1/3 hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüququnun tanınmasına və bunun dövlət reyestrində qeydiyyata alınmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı doğulduğu gündən mübahisəli Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilində yaşayır. Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 179466 nömrəli orderi əsasında Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzili 2000-ci ildə vəfat etmiş iddiaçının babası X5 adına onunla birlikdə yaşayan 06 nəfər ailə üzvü (Zəkiyeva Pərixan, X22, X24, Cavabdeh3, X19, X49) ilə birlikdə yaşamaq üçün verilmişdir. Adları orderdə qeyd edilmişlərdən yalnız Cavabdeh3 yaşayır. Digərləri isə bəziləri köçüb, bəziləri isə ölüblər. O cümlədən, iddiaçının atası X24 1997-ci ildə Bakı şəhərində ölmüşdür. Hazırda mənzildə iddiaçı, onun anası, bacısı və digər cavabdehlər qeydiyyatdadır. Cavabdehlər iddiaçını və anasını mübahisəli mənzilə buraxmadıqları səbəbindən onlar mənzilə köçürülmələri üçün məhkəməyə müracaiət etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3091/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, X23 və İddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülmələri, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh1 cavabdehlər X23 və İddiaçı qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh3 həmin mənzilin icarədarı hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin isə təmin edilməməsi qət edilmişdir. İddiaçı miras qalmış əmlakı qanun üzrə birinci növbəlik vərəsəlik qaydasında qəbul etmək üçün cavabdeh Bakı şəhəri, 24 saylı Notariat ofisinə müraciət etmişdi. Cavab olaraq 12 oktyabr 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli arayışında göstərilir ki, Qaradağ rayonu İcra Hakimiyyətinin 1978-ci ilə dair arxiv sənədləri dövlət arxivində mövcuddur, lakin xx.xx.1978-ci il tarixli, 24 saylı qərarı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir, hüququmüəyyənedici sənəd təqdim edə bilmədiyi üçün və digər vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz, məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Hesab edir ki, cavabdeh Bakı şəhəri, 24 saylı Notariat ofisinin həmin imtinası əsassızdır, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Beləliklə müəyyən edilir ki, iddiaçının atası X24 1997-ci ildə, miras qoyan X13 isə 2000-ci ildə ölmüşdür. Miras qalmış Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı mənzilində faktiki olaraq iddiaçı və digər cavabdehlər yaşadıqlarından miras onlar tərəfindən qəbul edilmişdir. İddiaçı ilə digər cavabdehlər arasında mübahisə olması və miras əmlaka dair xx.xx.1978-ci il tarixli, 24 saylı qərarın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas ola bilməz. Odur ki, iddiaçı babasından miras qalmış mənzilin 1/3 hissəsinə vərəsəlik hüququnun tanınmasını istəyir. Cavabdehin etiraz ərizəsi xx.xx.2024-cü il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 52, 31 saylı mənzil və ya onun 1/3 hissəsi üzərində X5 və digər şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçının tələbi o zaman təmin edilə bilərdi ki, ardıcıllıqla: 1) mənzil daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyətdə olan əmlak kimi qeydə alınmış olardı. 2) Bundan sonra həmin əmlak üzərində paylar müəyyən edilmiş olardı. Yalnız bundan sonra 1/3 pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ ilə bağlı tələb irəli sürülə bilərdi. İddiaçının istinad etdiyi mənzilə dair orderlə bağlı bildirmişdir ki, orderin verildiyi zaman qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən yaşayış sahəsi orderi yalnız mənzilə köçmək üçün əsas olmuşdur. Qeyd edilən normanın mənasına əsasən yaşayış sahəsi orderi mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir, o ancaq mənzilə köçmək hüququ verir. Hətta həmin orderin verilməsi üçün əsas olmuş Qaradağ rayon İcra Hakimiyyətinin 24 nömrəli, xx.xx.1978-ci il tarixli qərarı arxivdə aşkar edilməmişdir. Həmçinin qeyd etdiyi kimi mənzillə bağlı iddiaçı ilə kirayə müqaviləsi bağlanmamışdır. Onun adı kirayə müqaviləsində göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının anasının mübahisəli mənzilin 5 və 6 saylı otaqlarının icarədarı hesab edilməsi, ayrıca icarə müqaviləsinin bağlanması tələblərinə dair iddiası rədd edilmişdir. Hal-hazırda həmin qərar qüvvəyə minmişdir. Onu da bildirirlər ki, heç bir şəxs tərəfindən maneçilik törədilməməsinə baxmayaraq iddiaçı 5 ildir ki, həmin mənzildə faktiki yaşamır. Göstərilənlərə əsasən, xüsusən də mübahisəli mənzilin miras əmlak toplusuna daxil edilən əmlak olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, iddia tələbi əsassızdır və mübahisəli mənzilin miras əmlak toplusuna daxil edilən əmlak olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, iddia tələbi əsassızdır və mübahisəli mənzilin miras əmlak toplusuna daxil edilən əmlak olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, təcrübədə belədir ki, mənzil Dövlət Mənzil Fonduna aiddirsə və order ilə yiyəsi həyatını dəyişibsə, mənzil özəlləşməmiş vəziyyətdə qalıbsa, onun vərəsələri notariat kontoruna müraciət edir, o isə, məktub vasitəsilə DƏDRX-a müraciət edir və ölmüş adamın adına çıxarış verilir. Bu çıxarış əsasında da vərəsəlik işi açılır və vərəsəlik haqqında şəhadətnamə verilir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, notarius hərəkətləri o halda qanunsuz olardı ki, vərəsələr hamısı razılıq versinlər. Lakin, cavabdehlər etiraz edirlər. Bu da onların hüququdur. Dövlət mülkiyyəti də xüsusi mülkiyyət kimi qorunur. Özəlləşdirmə bir hüquqdur. Cavabdehlər isə bu hüquqdan istifadə etmək istəmirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinində göstərilir ki, özəlləşdirmə prinsiplərinin birinə də tam könüllülük prinsipi aiddir. Bu səbəbdən iddianın rədd olunmasını xahiş edirlər. Cavabdeh Bakı şəhəri 24 saylı Notariat kontorunun nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə digər cavabdehin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli, 375 nömrəli cavab məktubundan görünür ki, araşdırma zamanı məlum edilmişdir ki, sizin xx.xx.1997-ci il tarixində vəfat etmiş atanız X17 çatacaq payı tələb edirsiniz və siz həmin mənzildə qeydiyyatdasınız, faktiki mirası qəbul etmiş sayılırsınız. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli № BA-01538-2021 arayışında göstərilir ki, Qaradağ rayonu, İcra Hakimiyyətinin 1978-ci ilə dair arxiv sənədləri dövlət arxivində mövcuddur. Lakin, xx.xx.1978-ci il tarixli, 24 saylı qərarı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmalıdır.Vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Sizin hüquqmüəyyən edici sənəd təqdim edə bilmədiyiniz üçün və digər vərəsələr arasında mübahisəniz olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X14 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 7-ci mərtəbəsində sahəsi 75.99 kv.metr olan 5 otaqlı 31 nömrəli mənzildə yaşayır. X14 xx.xx.1978-ci ildən, Cavabdeh1 xx.xx.1979-cu ildən, X23 xx.xx.1987-ci ildən, X43 xx.xx.2001-ci ildən, İddiaçı xx.xx.1988-ci ildən, X33 xx.xx.1981-ci ildən həmin evdə daimi qeydiyyatdadır. Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən V-JQ № 261170 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X24 26 iyul 1997-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 811 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin X12 etibarnamə üzrə nümayəndəsi Vəkil1 ünvanlandığı 20 aprel 2021-ci il tarixli BA-01538-2021 nömrəli məktubundan görünür ki, onun xx.xx.2021-ci il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) 1978-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin xx.xx.1978-ci il tarixli, 24 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 179466 nömrəli yaşayış sahəsinin uçotu və bölgüsünə nəzarət orderindən görünür ki, X10 və onunla birlikdə yaşayan Zəkiyeva Pərixan, X22, X24, Cavabdeh3, X25, X45 Bakı şəhəri, Əhmədli qəsəbəsi, keçid 829, ev 1-2, mənzil 31, blok 2, mərtəbə 7, sahəsi 77.99 kv.metr olan 5 mərtəbəli evdə yaşamaq hüququ verilmişdir. Bakı şəhəri Şaumyan (Xətai) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 mart 1988-ci il tarixli, Xİİİ-ЖГ seriyalı, 335388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası X24, anası X23) xx xxxx 1988-ci il tarixdə Bakı şəhəri Şaumyan rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 1086 nömrə ilə qeyd edilmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsinin 14 iyul 2023-cü il tarixli, 3-16-5/7-M-70-998/2023 nömrəli arayışışndan görünür ki, X26 23 iyul 1956-cı ildə anadan olmuşdur. Bu barədə 14 avqust 1956-cı il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 553 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Qeyd edilən şəxs Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixli 811 nömrəli akt qeydinə əsasən vəfat etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3091/2020 nömrəli Qətnaməsi ilə, ilkin iddia qismən təmin edilmiş, X23 və İddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülməsi qət edilmişdir. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli sənədindən görünür ki, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilində Cavabdeh3 və Cavabdeh1 faktiki olaraq yaşayış və qeydiyyatdadır. X20, İddiaçı, X43 , X38 qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamırlar. Həmçinin göstərilən mənzil mərhum X6 adına olub, bu günə qədər sərəncam ilə heç kimin adına keçməmişdir. Kirayə müqaviləsi bu günə qədər mərhum X6 adınadır. Dövlət yaşayış sahəsi üzrə pasportun surətindən görünür ki, Bakı şəhəri, Şaumyan (Xətai) rayonu, 52 saylı evin 31 saylı mənzilində X15, Zəkiyeva Pərixan, X22, X24, Cavabdeh3, X19, X49 birlikdə yaşayırlar. Mənzil 5 otaqdan ibarətdir, ümumi sahəsi 75.99 kv.metrdir. 1-ci otaq 16.6 kv.metr, 2-ci otaq 16.6 kv.metr, mətbəx 6.5 kv.metr, dəhliz 11.2 kv.metr təşkil edir. Azərbaycan SSR Kommunal Nazirliyi tərəfindən təsdiq edilmiş 25 yanvar 1979-cu il tarixli 31 saylı müqavilədən görünür ki, X18 179466 saylı xx.xx.1978-ci il tarixlki orderə əsasən, 5 otaqdan ibarət olan mənzilin kirayəçisidir. Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Az № 050063 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X15 22 yanvar 2000-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 120 nömrə ilə qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli “akt” adlı sənədin surətindən görünür ki, X21,X28, X47 imzaları ilə təsdiq etmişdir ki, Şıxlinski küçəsi 52, mənzil 31-də qeydiyyatda olan X23, İddiaçı 2019-cu ilin iyun ayından etibarən göstərilən ünvanda yaşamırlar. Amma Zəkiyeva (Rizayeva) Zarina Nadir qızı 2004-cü ildən ailə qurduğu üçün bu mənzildə yaşamır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 111 nömrəli arayışın surətindən görünür ki, Zəkiyev X7 52 nömrəli evin 31 saylı mənzilində daimi qeydiyyatdadır, faktiki olaraq 2019-cu il tarixdən bu günə kimi yaşamır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1169/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və iddiaçı X12 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Cavabdeh3, Cavabdeh1 və X43) “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi tələbinə dair” mülki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ünvanladığı ərizədə bildirmişdir ki, mübahisəli mənzilə dair verilmiş orderdə və habelə dövlət yaşayış mənzilini tutma haqqında pasportda X8 övladları kimi X24, X27, Cavabdeh3 göstərilmişdir, eyni zamanda X8 bir övladı da X11r ki, iddiaçı bu halı inkar etmir. Habelə 91 saylı MKİS-in 167 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı da X8 X25 adlı övladının olmasını təsdiq edir. Belə olan halda X8 üç deyil dörd övladının olması sübuta yetirilir. Bunun nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 167 nömrəli arayışından görünür ki, X1 52 nömrəli evin 31 saylı mənzilində xx.xx.1978-ci il tarixdən qeydiyyata düşüb, xx.xx.1980-ci ildə daimi qeydiyyatdan çıxıb. 03909213 nömrəli komsomol biletdən görünür ki, X25 1953-cü ilin dekabr ayında doğulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7- 13-561/24 saylı cavab məktubundan görünür ki, sorğuya əsasən X9 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və vətəndaş Zəkiyev Nazir (Nəzir) Qədimulla oğlunun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-17492/2024 saylı cavab məktubundan görünür ki, müraciətə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini də əlavə etməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (qüvvədən düşmüş) Maddə 90. Dövlət mülkiyyəti hüququnun obyektləri — 1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada Torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətindədir və ancaq istifadəyə verilir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, banklar, dövlətin təşkil etdiyi ticarət, kommunal və digər müəssisələrin əmlakı, şəhərlərin əsas mənzil fondu, habelə dövlət vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan sair əmlak dövlətə məxsusdur. Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün...hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 530. Vərəsə ola bilən vətəndaşlar Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar;... Maddə 532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 561. Vərəsəlik hüququ haqqında şəhadətnamə Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər... Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).... 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;… yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. ...Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Maddə 9. ... Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Maddə 59. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Məhkəməyə iddia ərizəsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 24 saylı Notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbi ilə müraciət etmişdir. O, xahiş etmişdir ki, 2000-ci ildə ölmüş X4 miras qalmış Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 52, 31 saylı mənzilin 1/3 hissəsinə özünün qanun üzrə vərəsəlik hüququnun tanınsın və bu dövlət reyestrində qeydiyyata alınsın. İşin hallarından görünür ki, Azərbaycan SSR Kommunal Nazirliyi tərəfindən təsdiq edilmiş 25 yanvar 1979-cu il tarixli 31 saylı müqaviləyə və Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 179466 nömrəli yaşayış sahəsinin uçotu və bölgüsünə nəzarət orderinə əsasən, müqavilə üzrə kirayəçi olan X10 və onunla birlikdə yaşayan Zəkiyeva Pərixan, X22, X24, Cavabdeh3, X25, X45 Bakı şəhəri, Əhmədli qəsəbəsi, keçid 829, ev 1-2, mənzil 31, blok 2, mərtəbə 7, sahəsi 77.99 kv.metr olan 5 mərtəbəli evdə yaşamaq hüququ verilmişdir. Məhkəmə araşdırması zamanı məyyən edilmişdir ki, mübahisələndirilən mənzil iddiaçının babasına kirayə müqaviləsi üzrə dövlət tərəfindən verilmiş, hal-hazırdək dövlətin mülkiyyətindədir və indiyə kimi sərəncam ilə heç kimin adına keçməmişdir. İddiaçı və onun anası məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(011)-3091/2020 nömrəli qətnaməsi ilə həmin mənzilə köçürülmüş, cavabdehlərin həmin mənzildə yaşamaq hüququ isə xx.xx.1978-ci il tarixli 179466 nömrəli order ilə müəyyən edilir. Həmin orderdə həmçinin iddiaçının mərhum atasının adı (X24) da qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehlər mənzilin özəlləşdirilməsinə etiraz edirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, mənzillərin özəlləşdirilməsi tam könüllülüyə əsaslanır və mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Lakin, tərəflər arasında razılıq əldə edilmədiyinə görə dövlət mülkiyyətində olan mənzil özəlləşdirilməmişdir. Belə ki, mübahisələndirilən mənzil mərhum X6 xüsusi mülkiyyətinə aid olmadığından, miras əmlakı hesab edilə bilməz və buna əsasən mənzilə payların müəyyən edilməsi də əsassızdır. Eyni zamanda, mərhum X6 məhz 3 vərəsənin olması iş materialları ilə müəyyən edilmir, yəni iddiaçının 1/3 hissədə vərəsəlik payının tələb edilməsi araşdırma zamanı öz təsdiqini tapmadı. Belə ki, Bakı şəhəri 24 saylı Notariat kontoru haqlı olaraq bildirmişdir ki, vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bildiyinə və hüquqmüəyyən edici sənəd təqdim edə bilmədiyi üçün və digər vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Eyni zamanda, belə olan halda, mülkiyyət hüququn dövlət reyestrində qeydiyyata alınması da mümkün deyil, çünki hal-hazırda mübahisələndirilən mənzilə xüsusi mülkiyyət hüququ yaranmayıbdır. İddiaçı mübahisələndirilən mənzilə vərəsəlik hüququnun tanınması tələbi əsassız olduğundan, bunun dövlət reyestrində qeydiyyata alınması tələbinin də əsası yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 24 saylı Notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: 2000-ci ildə ölmüş X4 miras qalmış Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 52, 31 saylı mənzilin 1/3 hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüququnun tanınmasına və bunun dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar