Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-812/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla köçürülməsi və 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh mərhum X2ndan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət, atamla yaşadığım fərdi yaşayış evində yaşamağa imkan verməyərək həmin evə məni buraxmır. Cavabdeh mərhum X2nun ikinci həyat yoldaşı olmuşdur. X2 xx.xx.2021-ci il tarixdə bronxların və ağciyərin xərçəngi xəstəliyindən öldüyü gündən sonra atamın 40 mərasimində cavabdeh məni atamla birgə yaşadığım evdən çıxararaq həmin tarixdən etibarən evə buraxmamışdır. Mən mərhum atamın qırx mərasiminədək mübahisəli fərdi yaşayış evində yaşamışam və atam ağır xərçəng xəstəliyindən əziyyət çəkdiyindən ona ölən günədək mən qulluq etmişəm. Sanki cavabdeh atamın ölməyini gözləyirmiş kimi atam rəhmətə gedən kimi qırx mərasimindən sonra məni və qardaşım Babazadə Natiqi yaşadığımız evə buraxmadı və nəticə etibarilə mən və qardaşım Babazadə Natiq hazırda kirayədə yaşamaq məcburiyyətində qalmışıq. Hesab edirəm ki, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və mənim atamdan miras qalmış fərdi yaşayış evinə köçürülməyim təmin edilməlidir. Belə ki, mərhum X2nun qanun üzrə birinci növbədə vərəsəsi hesab olunuram, həmin əmlakdan pay almaq hüququna malikəm, lakin qeyd olunan daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınmadığından həmin əmlaka münasibətdə miras payımı əldə edə bilmirəm”. İddia tələbinin həcminin azaldılması.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli ev özbaşına tikili olduğundan istifadə hüququnun tanınması hissəsində iddia tələbinin həcmini azaltdığını bildirmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli ev 2012ci ildə alınmışdır. Belə ki, onun ünvan 1 ünvanında yerləşən özünə məxsus mənzili olmuş, 2012-ci ildə həmin mənzil plana düşmüş və ona mənzilin müqabilində 54000 manat pul ödənilmişdir. Ona məxsus mənzilə görə ödənilmiş 54000 manatdan 27000 manatına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət mübahisəli evi almışdır. Evin böyüyü atası olduğuna görə qərara gəlmişdir ki, evi atasının adına sənədləşdirsin. Həmin vaxt atası və o vaxt faktiki nikahda olduğu arvadı olan cavabdeh kirayədə qaldığından qardaşı ona demişdir ki, kirayədə qalan atasıgilin həmin evdə yaşamağına icazə versin. O da buna razılıq vermiş, atası və cavabdeh həmin evə yerləşmişdir. Bir müddət sonra onun ailə münasibətləri pozulmuş, o da atasının yanına, öz aldığı evə qayıtmışdır. Xətaidəki mənzilə görə ödənilmiş pulun qalan hissəsini də elə həmin vaxt, ağır xəstəliyə tutulmuş atasının xərcləmişdir. Atası ölənədək həmin evdə yaşamış, oğlunu hərbi xidmətə oradan yola salmış və həyətdə bununla bağı qonaqlıq təşkil etmişdir. Bununla belə atası və özü heç bir qonşunu tanımamışdır. Çünki atası heç kimlə ünsiyyətdə olmağı sevməmişdir. Atasının qırx mərasimindən sonra cavabdeh onu evə buraxmamış, buna görə də o, polisə müraciət etmiş, orada bunun mülki mübahisə olduğu deyilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Lakin cavabdeh onu döydüyü üçün onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və o, həmin maddə ilə məhkum olunmuşdur. Hazırda həmin evə köçürülmək istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının atası Baba-zadə Namiq Ələsgər oğlu ilə 2012-ci ildən faktiki nikaha daxil olmuş, 2017-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Xətaidəki mənzil plana düşmüş, həmin mənzilə görə dövlət tərəfindən 54000 manat pul verilmiş, bu pulun 27000 manatını iddiaçının qardaşı Natiq Babayev, qalan 27000 manatını isə mərhum əri götürüb ev almışdır. Yəni həmin evi onun mərhum əri almışdır. İddiaçı isə həmin evdə atasının ölümünə qədər son altı ay yaşamışdır. Belə ki, onun əri xərçəng xəstəliyindən evdə yatarkən iddiaçı ona baxmışdır. Yəni iddiaçı davamlı olaraq həmin evdə yaşamamış, atasının ölümündən sonra yola getmədiklərindən evdən çıxmışdır. Hazırda da onların birlikdə yaşamaları mümkün deyil. Belə ki, aralarında münaqişə var, iddiaçı nə vaxt gəlsə evdə dava salır. Buna görə o, (cavabdeh) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmuşdur. Bu səbəbdən də iddiaçını həmin buraxmır. Lakin evin satılıb pulunun onlar arasında bölünməsinə etiraz etmir. Belə ki, onun yaşamağa başqa yeri yoxdur. Heç olmasa mübahisəli ev satılandan sonra ona çatacaq puldan özünə ev ala bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
7. X7 və İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 ünvan 2 ünvanında yerləşən mənzili 34300000 (otuz dörd milyon üç yüz min) manata İddiaçı satmışdır.
8. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 241416 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Baba-zadə Namiq Ələsgər oğlu xx.xx.2021-ci il tarixdə bronxların və ya ağciyərin yuxarı payının xərçəngindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1337 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174636 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Baba-zadə Namiq Ələsgər oğlu və X6 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə nikah haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Baba-zadə soyadı verilmişdir.
Şahid ifadələri.
10. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 bildirdi ki, İddiaçı onun qardaşı qızı, Cavabdeh isə onun mərhum qardaşının ikinci arvadıdır. Mübahisəli ev Fidana məxsus olan və “Qara şəhər” deyilən ərazidə yerləşən mənzilin satışından əldə olunmuş pulun hesabına alınmışdır. Belə ki, Fidana məxsus mənzil plana düşdükdən sonra həmin mənzilə görə ona 54000 manat məbləğində pul ödənilmişdir. Fidan da həmin puldan 27000 manat qardaşına vermişdir ki, həmin evi alsın. Ev alınandan sonra isə atası və cavabdeh kirayədə qalmasın deyə onların həmin evə köçməsinə razılıq vermişdir. Fidan özü də atası ölənədək orada yaşamışdır. Lakin atasının qırx mərasimindən sonra cavabdeh onu və qardaşını evə buraxmamışdır. Buna görə aralarında dava-dalaş düşmüş, Fidan da polisə müraciət etmişdir.
11. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X12 bildirdi ki, İddiaçı onun qızının baldızıdır. Mühahisəli evdə onun qızı, Fidan və Fidanının qardaşı yaşamışdır. Belə ki, onun qızı Fidanın qardaşı arvadıdır. Onlar birlikdə mübahisəli evdə yaşamışlar. Lakin cavabdeh onları yola verməmiş, bu səbəbdən qızı və kürəkəni oranı tərk etmişdir. Cavabdeh sonradan Fidanı da mübahisəli evə buraxmamışdır. Halbuki Fidan atasına ölənədək qulluq etmiş, ona baxmışdır. Həmçinin həmin ev Fidana məxsus mənzilin satışından əldə olunmuş pul hesabına alınmışdır. Fidan ərindən boşanandan sonra həmin evdə yaşamağa başlamışdır.
12. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X16 bildirdi ki, İddiaçı bibisinin əridir. Fidanın “Qara şəhər”də mənzili olmuş, həmin mənzil plana düşmüşdür. Mənzilə görə ödənilən pulun hesabına Fidan mübahisəli evi almışdır. Qardaşı, onun ailəsi və Fidan atası ölənədək mübahisəli evdə yaşamışlar.
13. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X13 bildirdi ki, Cavabdeh onun qonşusudur. O, X24-zadənin yoldaşı olmuşdur. Onlar 2012-ci ildən qonşuluqda yaşayırlar və evləri arasında 4-5 metr məsafə olar. Nə cavabdehin mərhum əri xəstə olan vaxt, nə də əvvəllər mübahisəli evdə olmamışdır. Lakin iddiaçının orada yaşamadığını bilir. Belə ki, o, X24-zadənin sağlığında hər dəfə küçədə görəndə onunla görüşmüşdür. İddiaçını isə Namiq müəllimin yas mərasimində görmüş, həmin vaxta qədər onu tanımamışdır. X24zadə çox az müddət xəstə yatmış, həmin ərəfədə də iddiaçını orada görməmişdir.
14. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X14 bildirdi ki, Cavabdeh ilə 7-8 ildir ki qonşudurlar və evlərinin arasında 200 metr məsafə var. Heç vaxt onların evində olmamasına baxmayaraq həmin evdə Cavabdeh və mərhum ərinin yaşadığını bilmişdir. Belə ki, mərhum Namiq müəllimlə həmişə məhəllədə nərd, domino oynamışdır. Namiq müəllim heç vaxt ailəsi barədə danışmazdı. Amma bir dəfə onların evinin həyətində olmuşdur. Belə ki, Namiq müəllim ondan xahiş etmişdir ki, həyətdə olan su kranını təmir etsin. O, həmin vaxt Namiq müəllimdən evdə neçə nəfərin yaşadığını soruşmuş, Namiq müəllim də evdə iki nəfərin, özünün və arvadı Qaragöz xanımın yaşadığını bildirmişdir.
15. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 bildirdi ki, Cavabdeh onun qonşusudur. Cavabdehin mərhum əri Namiqlə isə dost olmuşdur. Lakin bir-birlərinin evlərinə gediş-gəlişləri olmamış, ancaq küçədə hal-əhval tutmuşlar. Həmin vaxtlarda o, Namiqdən uşaqları barədə soruşduqda Namiq ona ancaq oğlunun olduğunu demiş, qızı barədə heç nə deməmişdir. Cavabdeh Qaragöz xanım isə ona demişdir ki, mərhum ərinin qızı ondan ev istəyir. Bu səbəbdən ondan gəlib şahid kimi məhkəmədə ifadə verməsini xahiş etmiş, o da buna razılıq vermişdir. Mübahisəli evdə cavabdeh və mərhum ərindən başqa heç kim yaşamamışdır.
İşin faktiki halları.
16. Cavabdeh İddiaçı mərhum atası Baba-zadə Namiq Ələsgər oğlu ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. Namiq Baba-zadə xx.xx.2021-ci il tarixdə ölmüşdür.
17. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuşdur.
18. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllə ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev özbaşına tikilidir.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 43. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
22. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, İddiaçı iddia edir ki, hazırda cavabdehin yaşadığı özbaşına tikili olan fərdi yaşayış evi onun ünvan 3 ünvanında yerləşən mənzilinin plana düşməsinə görə verilmiş kompensasiyanın bir hissəsi hesabına alınmış, əri ilə ailə münasibətləri pozulduqdan sonra atası ölənə qədər atası və cavabdehlə birlikdə həmin ünvanda yaşamış, lakin atasının ölümündən sonra cavabdeh onu evdən çıxarmışdır. Cavabdeh isə iddia edir ki, hazırda yaşadığı özbaşına tikili olan fərdi yaşayış evi Xətai rayonunda yerləşən mənzilə görə dövlət tərəfindən verilmiş pul hesabına alınmış, həmin pul onun mərhum əri Namiq Baba-zadəyə məxsus olmuş, dolayısı ilə evi də mərhum əri almışdır. Həmçinin əlavə etmişdir ki, iddiaçı həmin evdə davamlı yaşamamış, yalnız xəstə atasına baxdığı altı aylıq müddətdə həmin evdə qalmış, atasının ölümündən sonra isə yola getmədiklərindən evdən çıxmışdır.
23. Göründüyü kimi, tərəflərin hər ikisi mübahisələndirmədən qəbul edir ki, hazırda Cavabdeh yaşadığı və özbaşına tikili olan fərdi yaşayış evi Xətai rayonunda yerləşən, iddiaçıya məxsus olan yuxarıda qeyd edilmiş mənzilə görə ödənilmiş kompensasiya hesabına alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bunu qəbul etməsi (video-audio yazısı qeydə alınmış xx.xx.2023-cü il tarixli məhkəmə iclası, dəqiqə: 03:18-03:30) xüsusi əhəmiyyət daşıyır. Çünki bununla iddiaçının tələbini əsaslandırarkən istinad etdiyi fakt – həmin evin iddiaçıya məxsus mənzilə görə ödənilmiş kompensasiya hesabına əldə edilməsi – cavabdeh tərəfindən etiraf edilmiş sayılır. Cavabdeh hər nə qədər Xətaidəki mənzilə görə ödənilmiş kompensasiyanın bir hissəsinin mərhum ərinə məxsus olduğunu, dolayısı ilə hazırda qaldığı evin də əri tərəfindən alınmış olduğunu iddia etsə də, o, əsaslandıra bilməmişdir ki, İddiaçı mülkiyyətində olan mənzilə görə ödənilmiş kompensasiyanın bir hissəsi nəyə görə onun ərinin vəsaiti hesab olunur. Hər bir halda Cavabdeh hazırda yaşadığı evin hansı vəsait hesabına alınmış olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən həmin evin iddiaçının vəsaiti hesabına (ona məxsus mənzilə görə ödənilmiş kompensasiya ilə) alınmış olması sübut edilmiş hesab edilməlidir.
24. Məhkəmə hesab edir ki, həmin evdə nə qədər müddət yaşayıb-yaşamamasından asılı olmayaraq iddiaçı öz vəsaiti hesabına alınmış özbaşına tikilidən istifadə etmək, orada yaşamaq hüququna malikdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik də özbaşına tikilidən istifadəni yox, ona dair sərəncam verməni qadağan etmişdir.
25. İddiaçının həmin ünvanda yaşayıb-yaşamamasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin bu hissədə izahatları üst-üstə düşməmişdir. Belə ki, İddiaçı əri ilə olan ailə münasibətləri pozulduqdan sonra atasının ölümünə qədər həmin ünvanda yaşadığını bildirmişdir. Cavabdeh isə iddiaçının həmin evdə daimi yaşamadığını, yalnız atasının xəstəliyi ilə əlaqədar son altı ayda həmin evdə qalıb ona baxdığını bildirmişdir. Cavabdeh sonrakı məhkəmə iclasında iddiaçının həmin evdə heç vaxt qalmadığını, mərhum ərinə xəstə vaxtında özü baxdığını iddia etsə də, məhkəmə cavabdehin sonrakı izahatını səmimi hesab etmir. Xüsusən, ona görə ki, cavabdeh özü də bu iki izahatı arasındakı ziddiyyətin səbəbini izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh sonradan iddiaçının həmin evdə heç vaxt yaşamaması barədə verdiyi izahatla işin hallarını öz xeyrinə dəyişmək istəmişdir.
26. Hər bir halda hər iki mübahisə tərəfi iddiaçının həmin evdə yaşayıb-yaşaması barədə mövqeyini təsdiq etmək üçün məhkəməyə şahid ifadələri təqdim etmişdir. İddiaçının vəsatəti üzrə ifadəsi dinlənilmiş şahidlər iddiaçının həmin evdə yaşadığını, cavabdehin vəsatəti üzrə dinlənilmiş şahidlər isə iddiaçının həmin evdə yaşamadığını bildirmişlər. Məhkəmə hər iki tərəfin vəsatəti üzrə dinlənilmiş şahidlərin ifadələrini qarşılıqlı müqayisə edərək qeyd edir ki, cavabdehin qonşulardan ibarət şahidlərindən heç biri şahid kimi ifadə verdikləri hadisənin (iddiaçının həmin evdə yaşamamasının) birbaşa şahidi olmamışlar. Çünki onların heç biri həmin evdə olmamış, yalnız X24-zadənin evdə yaşayan qızı İddiaçı bəhs etməməsinə, İddiaçı küçədə, evin ətrafında görməmələrinə, şahidlərdən biri isə mərhumun evdə özü və arvadının yaşadığını deməsinə görə iddiaçının həmin evdə yaşamamasına “şahid olmuşlar”. Məhkəmə hesab edir ki, bir neçə qonşunun İddiaçı küçədə, yaxud evin ətrafında görməməsi mütləq şəkildə o mənaya gəlmir ki, iddiaçı həmin evdə yaşamamışdır. Həmçinin X24-zadənin evdə yalnız özü və arvadının yaşadığını deməsi əsasında da iddiaçının həmin evdə heç vaxt yaşamaması barədə nəticəyə gəlmək mümkün deyil. Belə ki, X24-zadə əri ilə ailə münasibətləri pozulduqdan sonra yanına qayıtmış qızının evdə yaşamasını məqsədli şəkildə gizlədə də bilərdi. Hər bir halda məhkəmə hesab edir ki, mübahisəli evə bir dəfə belə girmədiklərini qəbul etmiş şahidlərin evin sakinləri barədə verdiyi izahatlar qeyri-mötəbərdir.
27. Digər şahidlərə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dindirilmiş şahidlər həmin evdə olmuş qohumlar olduqlarından həmin şahidlərin ifadələri cavabdehin şahidlərinə münasibətdə daha mötəbərdir. Xüsusən nəzərə alınmalıdır ki, bu şahidlərdən biri iddiaçının atası, cavabdehin əri olmuş X24-zadənin bacısı, biri isə mərhumun bacısının əridir. Yəni bu şahidlər tək iddiaçının yox, cavabdehin evi öz vəsaiti hesabına aldığını iddia etdiyi mərhum ərinin də qohumlarıdır. Bu baxımdan məhkəmə həmin şahidlərin ifadələrini daha mötəbər hesab etmişdir.
28. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdeh sonradan izahatını dəyişsə də, əvvəlcə o özü də iddiaçının həmin evdə yaşamasını atasının ölümünə qədər olan son altı aylıq dövrə münasibətdə qəbul etmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatlarda dəfələrlə bildirmişdir ki, onun hazırda yaşadığı evin satılmasına və pulunun bölünməsinə etirazı yoxdur, bir şərtlə ki, evin satışından ona qalan pulla istədiyi şəraitli ev alıb orada yaşaya bilsin. Yəni cavabdeh özü iddiaçının bu evdə yaşamaq hüququnu mübahisələndirmir, onun əsas etirazı iddiaçı ilə yola getmədiklərindən birlikdə yaşamalarının mümkün olmaması ilə bağlıdır.
29. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının həmin evdə konkret olaraq hansı müddətə yaşadığını müəyyən etmək mümkün olmasa da, iddiaçının həmin evdə müəyyən müddət yaşadığı, onun həmin evdə heç vaxt yaşamamasına dair cavabdehin sonradan dəyişdirdiyi mövqeyinin isə həqiqətə uyğun olmadığı müəyyən edilmişdir.
30. İddiaçının həmin evdə yaşadığını müəyyən etdikdən sonra məhkəmə cavabdehin iddiaçını bu evdə yaşamaqdan məhrum etməsi (onu evdən çıxarması, evə girməsinə mane olması) halının olub-olmamasına münasibətdə qeyd edir ki, cavabdeh qəbul etmişdir ki, o, iddiaçının həmin evə girməsinə icazə vermir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, iddiaçı ilə yola getmirlər, hətta iddiaçı ilə aralarında baş vermiş mübahisəyə görə barəsində cinayət işi qaldırılmış, məhkəmənin hökmü ilə cəzaya məhkum olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin evdə yaşamaqdan məhz cavabdeh tərəfindən məhrum edildiyi mübahisəsizdir.
31. Üstəlik, məhkəmə hesab edir ki, bu məhrumetmə qanuni olmamışdır. Belə ki, cavabdehin həmin evin əldə edilməsində heç bir maddi payı yoxdur. O, bu evin ərinin vəsaiti hesabına əldə edildiyini iddia etsə də, evin məhz iddiaçıya məxsus mənzilə görə ödənilmiş kompensasiya hesabına alındığını qəbul etmiş, bu kompensasiyanı nəyə görə mərhum ərinə məxsus hesab etdiyini əsaslandıra bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin evin mərhum əri tərəfindən alındığını iddia etdiyi ildə (2012) o, X24-zadə ilə nikahda olmamışdır. Belə ki, onlar arasındakı nikah 2017-ci ildə qeydiyyata alınmışdır. Bu baxımdan həmin evin həqiqətən X24-zadənin vəsaiti hesabına alındığı sübut edilsə idi belə, cavabdeh həmin evin mərhum əri ilə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına alındığını iddia edə, bu əsasla iddiaçını evdən çıxara bilməzdi. Odur ki, cavabdehin iddiaçını həmin evdə yaşamaqdan məhrum etməsi istənilən halda qanunsuz olmuşdur.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırda Cavabdeh yaşadığı, özbaşına tikili olan fərdi yaşayış evi iddiaçıya məxsus olmuş mənzilə görə ödənilmiş kompensasiya hesabına alınmışdır. İddiaçı özü də müəyyən müddət həmin evdə yaşamış, lakin atasının ölümündən sonra cavabdeh onun həmin evə daxil olmasına icazə verməyərək onu evdən çıxarmışdır. Halbuki cavabdehin həmin fərdi yaşayış evinin əldə edilməsində heç bir maddi payı olmadığından onun iddiaçının evdə yaşamasına mane olması qanunsuz olmuşdur. Odur ki, iddiaçının həmin evə köçürülməsinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri.
33. İş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dağüstü məhəllədə yerləşən bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva