Məhkəmə qərarları › İş №e-2(010)-817/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-817/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-817/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qzının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı mənzilə istifadə hüququnun itirilməsi və qətnamənin mənzildən passport qeydiyyatından çıxarılmasına əsas hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev-5, mən-37 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi və qətnamənin mənzildən passport qeydiyyatından çıxanlmasına əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 12 iyun 2019-cu il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri. Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev-5, mən.-37 ünvanında yerləşən mənzili 63 000 manat müqabilində satın almışdır. Hal-hazırda, AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27.06.2019-cu il tarixik “**********” qeydiyyat nömrəli “Çıxarış”a əsasən, həmin mənzilin mülkiyyət hüquqları ona məxsusdur. Qeyd edilən müqavilənin 11-ci bəndinə əsasən, Cavabdeh həmin mənzili 11.07.2019-cu il tarixinədək onun faktiki sahibliyinə və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən, cavabdeh ona satdığı mənzildən 11.09.2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Hal-hazırda cavabdeh ona məxsus mənzildə passport qeydiyyatında olsa da, artıq uzun müddətdir ki, həmin mənzildə yaşamır. Lakin, dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh ona məxsus mənzildən passport qeydiyyatından çıxmır, həmçinin onun həmin mənzilə istifadə hüquqlarının mövcudluğu hələdə saxlanılır, Cavabdeh ona məxsus mənzildə passport qeydiyyatında qalması, onun mülkiyyət hüquqlarını sərbəst həyata keçirməsinə mane olur. Buna görə də hesab edir ki, cavabdehin ona məxsus mənzildən istifadə hüququnun itirilmiş hesab edilməklə passport qeydiyyatından çıxarılması zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələbini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AN-İ№ ******* saylı, 12 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev-5, mən-37 ünvanında yerləşən ümumi sahəsi 48.14 kv m olan 2 otaqlı mənzili 63.000 (altmış üç min) manata İddiaçı satmışdır. - qeydiyyat tarixi 27.06.2019-cu il qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev-5, mən-37 ünvanında yerləşən 48.14 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, qeyd edilən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya aiddir. Cavabdehin həmin mənzilə istifadə hüququnun olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, daşınmaz əmlakla bağlı sahiblik hüququnun yaranması üçün qanunvericilik bir sıra imperativ əsaslar qoymuşdur ki, bu əsaslar da qanuni və ya müqavilə ilə yaranan hallarla bağlıdır. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehin iddiaçıya məxsus evə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə istifadə hüququnun itirilməsi tələbi də təmin edilə bilməz. Belə ki, müəyyən edilməyən hüquq itirilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehin mənzildən passport qeydiyyatından çıxarılma məsələsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, tələbi təmin olunmadığı halda isə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən hallar öz təsdiqini tapmadığına görə, yəni cavabdehin iddiaçıya məxsus evə istifadə hüququnun mövcudluğu müəyyən edilmədiyinə görə istifadə hüququnun itirilməsinə dair tələb təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hüseynlı̇ Məhbubə Maarı̇ f qızının cavabdeh Əlı̇ məmmədova Elmı̇ ra Əkbər qızına qarşı ünvan 3 ünvanında yerləşən mənzilə cavabdeh Əlı̇ məmmədova Elmı̇ ra Əkbər qızının mənzilə istifadə hüququnun itirilməsi və qətnamənin mənzildən passport qeydiyyatından çıxarılmasına əsas hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar