Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-83/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırdığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, ünvan 1 ünvanında yerləşən mənzil mənə məxsusdur. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mənim xüsusi mülkiyyətimdədir. Mən və həyat yoldaşım X2 həmin mənzildə qeydiyyatdayıq. Mülkiyyətimdə olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, ev 3, 1 saylı mənzil cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehlərdən Cavabdeh3 mənim bacım, digərləri isə onun uşaqlarıdır. Onların ünvan 2 ünvanında özlərinə məxsus mənzilləri var. Rəsmi olaraq həmin ünvanda pasport qeydiyyatındadırlar. Onlar mənə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, ev 3, 1 saylı mənzilin qapısını sındıraraq daxil olmuşlar və orada qanunsuz olaraq yaşayırlar. Mən dəfələrlə onlara zəbt etdikləri mənzilin boşaldılması, qanunsuz hərəkətlərinin dayandırılması barədə xəbərdarlıq etsəm də, onlar mənim haqlı tələblərimə əhəmiyyət verməyərək mənzildən çıxmırlar. Onlar mənzilə daxil olan zaman mənə məxsus şəxsi əşyaları qanunsuz olaraq ələ keçirmişlər. Mən onların qanunsuz hərəkətləri barədə 31-ci Polis Bölməsinə şikayət etmişəm. Polis Bölməsində hal-hazırda araşdırma aparılır. Cavabdehlər mənzilimdən könüllü şəkildə çıxmadığına görə mən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Cavabdehlərin qanunsuz hərəkətləri bir mülkiyyətçi kimi mənim hüquqlarımı pozur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı və X2 ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh2 və Əliyev X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 8, mənzil 129 ünvanında qeydiyyatdadırlar".
Tərəflərin izahatı.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2022-ci ilin aprel ayının 14-də cavabdehlər ona məxsus mənzilin qapısını sındıraraq mənzilə qanunsuz daxil olmuşlar. Hadisə ilə bağlı o, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət etmişdir. Lakin cavabdehlər barəsində onların əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O isə həmin qərarın ləğv edilməsi üçün Suraxanı rayon prokurorluğuna müraciət etmiş, onun şikayəti əsasında cinayət işinin rədd edilməsi barədə qərar ləğv edilərək materiallar yenidən araşdırılması üçün Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilmişdir. Cavabdehlərin zəbt etdikləri mənzil order əsasında onun atasına məxsus olmuş, o isə öz növbəsində mənzili özəlləşdirmişdir. Hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Lakin cavabdehlər öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüququnu pozur. Cavabdehlərdən Cavabdeh3 onun doğma bacısı, digər iki cavabdeh isə bacısının övladlarıdır. Hadisədən bir müddət əvvəl ona məlum olmuşdur ki, Cavabdeh1 ondan gizli mənzilin yerləşdiyi torpaq sahəsindən 0.02 ha hissəni Gürcüstan Respublikasının vətəndaşına satmışdır. Hansı ki, satılan torpağa dair mülkiyyət sənədi olmasa da, onun atasına məxsus mənzilin həyəti olmuş və həmin həyət hasara alınmışdır. Torpağın satıldığını biləndə Suraxanı rayon İcra Hakimiyyətinə şikayət etmiş, icra hakimiyyətinin nümayəndələrinin müdaxiləsindən sonra həmin şəxslər torpaq sahəsində tikintini dayandırmışlar. Bundan sonra Cavabdeh1 ona müraciət edərək torpağa görə 25000 manat pul aldığını bildirmişdir. Pulu cavabdehə verən şəxslər daha sonra ona da müraciət etmiş, o da məcbur olub 25000 manatı həmin şəxslərə qaytarmaq üçün Elnura borc vermişdir. Hal-hazıradək həmin pul ona qaytarılmamışdır. Əlavə olaraq, cavabdehlərin özünə məxsus biri Abşeron rayonunda, biri isə Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Bünyadov küçəsində poçtun arxasında yerləşən iki evləri var. Cavabdeh3 Yeni Ramana qəsəbəsində yerləşən evə gəlin köçmüş, orada yaşamış, onun uşaqları olan digər cavabdehlər isə həmin evdə doğulub və yaşamışlar. Cavabdehlər hazırda özlərinə məxsus Abşeron rayonunda yerləşən evdə pasport qeydiyyatındadırlar. Lakin onlar qanunsuz olaraq onun mənzilini qanunsuz olaraq zəbt etmişlər. Artıq iki ilə yaxındır ki, onlar işi uzatmaq üçün məhkəmələrdə iddialar qaldırsalar da, məhkəmə proseslərini uduzurlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil onun atasına məxsus olmuş, o, həmin mənzildə doğulandan indiyədək yaşamışdır.
5. Məhkəmənin baxış iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mənzil onun mərhum qayınatasının puluna alınmış, lakin mənzilə dair sənədləşmə qeydiyyata almaq daha rahat olduğu üçün atasının adına aparılmışdır. O, 1990-cı ildən həmin mənzildə yaşamışdır. Xırdalanda yerləşən və onların qeydiyyatda olduğu mənzil onun oğlu olan digər Cavabdeh1 məxsusdur. Gəlin köçdüyü evdə isə qaynı yaşayır. İddiaçının məhkəməyə təqdim etdiyi mülkiyyət hüququnu təsdiq edən çıxarış saxta sənəddir. Həmin çıxarışın alınmasına səbəb olan sərəncamı inzibati qaydada mübahisələdirmişlər və mübahisə ilə bağlı iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun dayısıdır. Bir müddət əvvəl aralarında mənzillə bağlı yaranmış mübahisədən əvvəl o, həmin mənzilin həyətində yerləşən torpaq sahəsindən 0.02 ha hissəni Gürcüstan Respublikasının vətəndaşına təxminən 22-25000 manata satmışdır. Bundan xəbər tutan İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə şikayət etmiş, icra hakimiyyətinin nümayəndələrinin müdaxiləsindən sonra torpağı ondan alan şəxslər torpaq sahəsində tikintini dayandırmağa məcbur olmuşlar. Daha sonra onlar torpaq sahəsi üçün ödədikləri pulu tələb edəndə dayısı ona təklif etmişdir ki, həmin pulu ona borc verə bilər, bir şərtlə ki, cavadehlər hamısı həmin mənzildən pasport qeydiyyatından çıxsınlar, çünki mənzili satacaq. Onlar da mənzildən qeydiyyatdan çıxmışlar. Sonradan o, iddiaçıya təklif etmişdir ki, borc verdiyi 25000 manatı ona qaytarsın, iddiaçı da onları yenidən mənzilə pasport qeydiyyatına aldırsın. Lakin iddiaçı buna razı olmamışdır. İddiaçı mənzilə mülkiyyət hüququnun olmasına dair çıxarışı da saxta yolla əldə etmişdir. Bununla bağlı anası Cavabdeh3 Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır və inzibati iş baxılması üçün xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mənzili onun ata babası almışdır. O özü doğulandan 2007-ci ilədək mübahisəli mənzildə yaşamış, 2007-ci ildə ailə quraraq oradan köçmüş, 2012-ci ildə isə ailəsindən ayrılaraq yenidən həmin mənzilə qayıtmışdır. Hazırda da həmin mənzildə yaşayır və çıxmaq istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.7 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3451/2022 nömrəli qətnaməsidən görünür ki, iddia təmin edilmiş, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-703/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(010)-3451/2022 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmasına dair iddia rədd edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1997/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-703/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İşin faktiki halları.
13. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
14. İddiaçı və Cavabdeh3 bacı-qardaşdır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Cavabdeh3 uşaqlarıdır.
15. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. Lakin onlar həmin mənzildə yox, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
16. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzil üzərində istifadə hüquqlarının tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddiaları təmin edilməmiş, mənzildən istifadə hüquqları tanınmamışdır.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçının qohumları (bacısı və bacısı uşaqları) olan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 isə həmin mənzildə yaşayırlar.
23. İddiaçı iddia edir ki, cavabdehlər onun mənzilində onun razılığı olmadan yaşamaqla onun mənzil üzərində mülkiyyət hüququnu pozurlar. Cavabdehlər isə iddia edirlər ki, iddiaçı onların uzun illərdir yaşadığı mənzil üzərində “saxta” yolla mülkiyyət hüququ əldə etmiş, onları aldadıb mənzildən qeydiyyatdan çıxartmaqla mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. Bu səbəbdən onlar mübahisəli mənzildən çıxarılmamalıdır.
24. Məhkəmə cavabdehlərin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (§ 19). Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət adından qeydiyyata alınmış olduğundan bu qeydiyyatın etibarsızlığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmədiyi müddətcə həmin sənəd tam etibarlıdır və bu etibarlılıq iddiaçının müvafiq mənzil üzərində mülkiyyət hüququna istənilən şübhəni istisna edir. Bu baxımdan məhkəmə iddiaçının mənzil üzərindəki mülkiyyət hüququnun etibarsızlığı ilə bağlı cavabdehlərin mövqeyini əsassız hesab edir.
25. Cavabdehlərin uzun illər həmin mənzildə yaşaması və həm də bu əsasla iddianı qəbul etməmələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal cavabdehlərin mənzil üzərində istifadə hüquqlarının tanınması üçün əsas ola bilərdi. Lakin iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, cavabdehlərin mübahisəli mənzil üzərində istifadə hüquqları tanınmamışdır. Bu səbəbdən cavabdehlərin mübahisəli mənzil üzərində istifadə hüquqlarının olub-olmaması məsələsi bu iş üzrə məhkəmə araşdırması gedişində təkrar araşdırıla bilməz. Belə ki, cavabdehlərin mənzil üzərində istifadə hüquqlarının olmadığı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu fakt artıq preyudisial əhəmiyyətə malikdir və hazırkı işə baxan məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilməlidir.
26. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə iddiaçının razılığı olmadan yaşamaqla iddiaçının mənzil üzərində mülkiyyət hüququna müdaxilə etmişlər. Həmçinin məhkəmə cavabdehlərin bu müdaxiləyə haqq qazandırmaq üçün gətirdikləri dəlillərlə yuxarıda qeyd edilmiş səbəblərdən razılaşmamışdır. Odur ki, iddiaçı öz mülkiyyətində olan mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
27. Son olaraq, məhkəmə cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları ilə onların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə (Hər kəs öz ... mənzilinə ... hörmət hüququna malikdir) təminat altına alınan mənzilə hörmət hüququna müdaxilə edilib-edilməməsi, əgər edilmişdirsə, bu müdaxilənin qanuniliyi və qorunan maraqlara mütənasibliyi ilə bağlı qeyd edir ki, cavabdehlərin uzun müddət orada yaşaması, həmin mənzillə uzun müddət davamlı bağları olması baxımından mübahisəli mənzil Konvensiyanın 8-ci maddəsi baxımından “mənzil” kimi qəbul edilə bilər. Lakin məhkəmə hesab edir ki, onların mənzildən çıxarılmaları ilə mənzilə hörmət hüquqlarına müdaxilə edilmiş olsa belə, bu müdaxilə həm qanunidir (iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpasına yönəlmişdir), həm də qarşıya qoyulmuş qanuni məqsədə mütənasibdir. Ona görə ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmaqla yeganə yaşayış yerlərindən məhrum olmurlar. Belə ki, onların hazırda qeydiyyatda olduqları mənzil Cavabdeh1 mülkiyyətindədir və yaxın ailə üzvləri olan cavabdehlər mübahisəli mənzildən çıxdıqdan sonra həmin mənzildə yaşaya bilərlər. Beləliklə, məhkəmə bir-birinə zidd maraqları ölçərək hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən çıxarılması iddiaçının mülkiyyət hüququnun qorunması qanuni məqsədinə mütənasibdir.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva