Məhkəmə qərarları › İş №e-2(010)-85/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-85/2025

24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-85/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı “X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı “X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 40.407424; 50.008517 koordinatları üzrə yerləşən daş hasarın sökülməsi, zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X9 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən, ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən, qeyd olunan saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən, saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X9 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən, ARDNŞ saziş müddəti ərzində neftqaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən, ARDNŞ “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdeh haqlı tələblərə əhəmiyyət verməyərək tikintini davam etdirir. “X9 Kompani S.A.”Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 40.407424; 50.008517 koordinatlar üzrə yerləşən torpaq sahəsində X4 tərəfindən torpaq sahəsinin hasarlanaraq zəbt edilməsi aşkarlanmışdır. Araşdırma nəticəsində torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. Cavabdehə işlərin dayandırılması barədə xəbərdarlıq edilsə də (168 nömrəli xx.xx.2024-cü il tarixli və 169 nömrəli xx.xx.2024-cü il tarixli aktların surətləri əlavə edilir), o, məhəl qoymadan tikinti işlərini davam etdirir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin, yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklər yaranır. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Beləliklə, cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni sahibliyindədir. Əvvəlki məhkəmə iclası zamanı cavabdehin vəkili mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərinin olduğunu və həmin sənədləri təqdim edəcəklərini bildirsə də, vəkil tərəfindən bu barədə hər hansı sənəd elektron sistemə əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyində də iş üçün əhəmiyyətli olan bütün hallar tam şəkildə göstərilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) məhkəmə baxış iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçının əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 168 nömrəli aktdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 2 saylı NQÇS-nin ərazisində olan, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında vətəndaş Cavabdeh tərəfindən daş konstruksiyalı hasarlama işləri aparılaraq torpaq sahəsinin zəbt edilməsi aşkar edilmiş, tikinti işlərinin dayandırılması və mövcud tikintinin sökülməsi işləri vətəndaşın və kənar şəxslərin kobud şəkildə müdaxiləsi səbəbindən baş tutmamış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının nəzarətinə baxmayaraq, vətəndaşlar tərəfindən texnikanın hərəkətinə qeyri-qanuni və kobud şəkildə müdaxilə edərək maneə yaradılmış, nümayəndəliyin komissiya üzvlərinin iştirakı ilə tikinti barədə akt tərtib edilmiş və rəhbərliyə məruzə edilmiş, vətəndaşın təqdim etdiyi sənədlərin mövcud hasar tikintisi aparılaraq zəbt olunmuş tikiliyə heç bir aidiyyəti olmadığı üçün sənəddə qeyd olunan torpaq sahəsinin planı və sərhədlərinin ölçüləri ilə uyğunluq təşkil etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, **********16-10301 reyestr nömrəli, ümumi sahəsi 379.60 m2 olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında (Yeni qaydalarla – ünvan 18) yerləşən 111 nömrəli fərdi yaşayış evi X2 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncun xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 10/3889 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi Quliyev Elnurun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 2050.0 m2 təşkil edir. Torpaq sahəsinə dair sənəd təqdim edilməmiş və sahənin üzərində bir mərtəbəli bina inşa olunmuşdur. Vahid elektron kadastr məlumat bazasında tikilinin və ya sahənin qeydiyyatı barədə məlumat yoxdur. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən qeyd aparmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Suraxanı Oil). Sahə “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X9 Kompani S.A.” Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında xx.xx.2005-ci il tarixdə “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalanmışdır. Həmin sazişin 2.1-ci maddəsinə əsasən, ARDNŞ “X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin (Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə nəzərdə tutulur) hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq vermişdir. İddiaçı hazırda iddia tələbində qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsinin öz qanuni sahibliyində olduğunu iddia etmiş, həmin sahə daxilində cavabdeh tərəfindən özbaşına aparılmış tikilinin sökülməsini və müvafiq sahənin yenidən qanuni sahibliyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması və həmin sahədə inşa edilmiş tikilinin sökülərək torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) və 180-ci (özbaşına tikinti və onun nəticələri) maddələrinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşyalar iddiaçının (mübahisə edən tərəfin) iradəsindən kənar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşdiyi koordinatlardakı ərazinin iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olub-olmaması, bu tikili üzərində qeydə alınmış mülkiyyət hüququnun olub-olmaması, bir sözlə tikilinin özbaşına tikili olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 10/3889 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 2050.0 m2 təşkil edir. Torpaq sahəsinə dair sənəd təqdim edilməmiş və sahənin üzərində bir mərtəbəli bina inşa olunmuşdur. Vahid elektron kadastr məlumat bazasında tikilinin və ya sahənin qeydiyyatı barədə məlumat yoxdur. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən qeyd aparmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Suraxanı Oil). Sahə “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Həmin ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyinə əsasən tərtib edilmişdir. İş materiallarına əlavə edilən sənədlərin məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş müvafiq ekspert rəyi ilə əlaqəli şəkildə qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla iddiaçının qanuni sahibliyinə verilmiş, cavabdeh tərəfindən həmin torpaq sahəsi daxilində aparılmış müvafiq tikinti işləri buna hər hansı icazə olmadan və heç bir hüquqi əsas verilmədən aparılmış, nəticə etibarı ilə özbaşına tikili statusu əldə etmişdir. Həmin tikilinin cavabdeh tərəfindən müvafiq dövlət orqanları ilə razılaşdırılaraq tikildiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Belə olan halda, hazırkı halda cavabdeh tərəfindən özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasların mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir. Belə ki, strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olan, işlək və istifadəsi gələcəkdə nəzərdə tutulan neft quyuları mühafizə zonası boyunca yerləşdiyindən, burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda da fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş çıxarışlara münasibətdə qeyd edir ki, ümumi sahəsi 379.60 m2 olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi ünvanında (Yeni qaydalarla – ünvan 18) yerləşən 111 nömrəli fərdi yaşayış evi X2 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncun xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Lakin, çıxarışda göstərilən torpaq sahəsi ilə iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinin faktiki koordinatlarının bir-birinə uyğun olmaması artıq qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş rəy əsasında öz təsdiqini tapmışdır. Həmçinin, ekspert tədqiqatının aparılması zamanı cavabdeh tərəfindən özbaşına tikilinin inşa edildiyi torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması barədə müvafiq sənədlər təqdim edilməmiş, vahid elektron kadastr məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyət torpağı olmaqla iddiaçının qanuni sahibliyinə verilməsi təsdiq olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili dövlətin mülkiyyətində, iddiaçının isə qanuni istifadəsində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin həmin tikili üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, tikintinin cavabdehin vəsaiti hesabına baş tutması, yaxud müəyyən bir müddət buna dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə həmin tikili üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh həmin tikilini inşa edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq özbaşına tikili sökülməli və bu tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarında qeyd edilmişdir ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 40.407424; 50.008517 koordinatlar üzrə yerləşən tikili (daş hasar) özbaşına tikili hesab edilərək sökülsün. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 40.407424; 50.008517 koordinatlar üzrə mövcudluğu müəyyən edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hesabına (AZ02AİİB********************) ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar