Məhkəmə qərarları › İş №e-2(010)-89/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-89/2024

14.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-89/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "AB" y/S, ev 135A, 30 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.600 (on iki min atlı yüz) manat məbləğində kompensasiya ödənilməklə onun iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. Cavabdeh (bundan sonra cavabdeh) onun doğma oğludur. Qeydiyyat vəsiqəsinə əsasən, xx.xx.1993-cü il tarixdən o, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "AB" Y/S, ev 135A, mənzil 30-un mülkiyyətçisidir. Mənzil alınan gündən orada o, oğlu və qızı ilə birlikdə yaşamışdır. Həyat yoldaşı 1991-ci ildə vəfat etmişdir. Qızı da ailə qurmuş, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Cavabdeh 2009-cu il tarixdə ailə həyat qurmuş və həmin tarixdən onlarla əlaqələrini demək olar ki, kəsmişdir. Buna baxmayaraq, ona məxsus mənzildə qeydiyyatda qalmağa davam edir. 13 il müddətində cavabdeh bir dəfə belə olsun ona zəng etməmiş, maraqlanmamışdır. Təəssüflər olsun ki, oğlu ilə ailə bağları demək olar ki yoxdur. O isə yaşlı qadındır, tək yaşayır. Buna görə də, mənzili satib qızının yaşadığı evə yaxın yerdə ev almaq istəyir ki, ehtiyac olduqda qızı ona vaxtında çata bilsin. Qeyd edir ki, cavabdeh 2009-cu ildə ailə həyati qurduqdan sonra ona məxsus mənzildən köçmüş, daimi yaşamaq üçün başqa ünvana getmişdir. Bu müddət ərzində oğlu bir dəfə belə olsun onunla maraqlanmamış, ölməyi və ya yaşamağı haqqında maraqlanmamışdır. Üstəlik, bütün qonşular şahiddir ki, birlikdə yaşadıqları dövrdə oğlu mütəmadi olaraq onu döymüş, təhqir etmişdir. Bütün bu hallar bir ana kimi onu çox məyus edir. Cavabdeh iddiaya yazılı etiraz göndərmişdir. Cavabdeh tərəf etirazını onunla əsaslandırır ki, 3 ildə dəfələrlə istifadə hüququ olan və atasından miras qalan, mübahisə predmeti olan evə köçmək istəkləri anasına yaxın qohumların (bacısı və xalası) təsiri nəticəsində anasının maneələri ilə cavablandırılmışdır. Çox az məvacib aldığını, kirayə haqqı ödəməyə maddi imkanlarının müsbət cavab vermədiyini, bu səbəbdən mübahisəli mənzilə köçüülməyinin mütləq və zəruri olduğu bildirilmişdir. Cavabdeh etirazının maddi əsaslandırması kimi AR Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27 və 228.2-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrinə əsaslanmışdır. Etirazda, eyni zamanda qeyd edilmişdir ki, mənzildən istifadə hüququna xitam verilməsi tələbi aidiyyatı üzrə mülki deyil, inzibati məhkəmə predmetidir. Bu səbəbdən, məhkəmə AR MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq işin icraatına xitam verilməli və aidiyyatı üzrə Bakı İzibati Məhkəməyə müraciət hüququ ona izah edilməlidir.

Tərəflərin izahatları.

3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə məhkəmə baxış iclasında iştirakı ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirakının qeyri-mümkün olduğunu, hazırki məhkəmə baxış iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh tərəfin vəkili vəsatətinə Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixinə, saat 10.45-ə təyin edilmiş məhkəmə iclası barədə 30 yanvar 2024-cü il tarixli məhkəmə bildirişini əlavə etmişdir. Lakin, həmin bildirişə nəzər saldıqda Vəkil qeyd edilən iclasa çağırıldığı müəyyən edilmir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsi Vəkil vəsatətini əsassız hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ekspertiza rəyini nəzərə alaraq, cavabdehə 12600 manat kompensasiya ödənilməsinə razıdır.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qeyd olunan mənzilin alınmasında, təmir edilməsində və saxlanılmasında cavabdeh iştirak etməmişdir. Hazırda iddiaçı mənzili satıb qızının evinə yaxın ərazidə ev almaq istəyir. Eyni zamanda cavabehin formal da olsa mənzildə qeydiyyatda qalmasını istəmir. Bundan əlavə, ekspertiza rəyini nəzərə alaraq, onlar cavabdehə 12600 manat kompensasiya verilməsinə razıdırlar. İddiaçı tərəf bununla bağlı ərizə təqdim edərək, cavabdehə 12600 manat kompensasiya ödənilməsi müqabilində mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsini xahiş etdi.

İş materialları.

7. AR Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1993-cü il tarixli, 30/5937 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "AB" y/S, ev 135A, 30 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2226/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, ilk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilmiş, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmüş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddianı qismən əsaslı hesab edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qarşılıqlı iddiaçının mübahisəli mənzildən istifadə hüququ var.Bu hüququ o, yuxarıda istinad edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvü kimi əldə etmiş və bu hüququnu hələ itirməmişdir. Belə olanda o, mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. (29-cu bənd) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı və Cavabdeh özlərinə aid edilmişdir.

9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "AB" y/S, ev 135A, 30 saylı mənzilin hazırki orta bazar qiyməti təqribən 93000 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "AB" y/S, ev 135A, 30 saylı, ümumi sahəsi 62.9 kv.m olan 3 otaqlı mənzilin və həmin mənzilin yerləşdiyi ərazidə analoji mənzillərin aylıq icarə haqqının orta bazar qiyməti təqribən 350 manat müəyyən edilir. Məhkəmə ekspertiza rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılması üçün hər hansı əsas görmür.

İşin faktiki halları.

10. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bu mənzil İddiaçı mülkiyyətinə 1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında keçmişdir. Cavabdeh isə İddiaçı oğludur və mənzil onun mülkiyyətinə keçdiyi vaxtdan onunla birlikdə bu mənzildə müəyyən dövr ərzində yaşamışdır. Hazırki iddia tələbində iddiaçı övladının artıq uzun müddətdir ki qeyd olunan mənzildə yaşamadığını bildirərək ona müvafiq məbləğdə - təqdim edilmiş ekspert rəyinə uyğun olaraq 12600 manat məbləğində kompensasiya məbləği ödənilməklə istifadə hüququna xitam verilməsini xahiş edir. Tərəflər arasında mübahisə obyekti olan mənzillə bağlı əvvəl də məhkəmə mübahisəsi olmuş, iddiaçı cavabdehin onu uzun müddət atıb getdiyinə əsaslanaraq istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbini irəli sürmüş, cavabdeh isə həmin mənzilə köçürülməsi tələbini irəli sürmüş, işə baxan məhkəmələr iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiasını əsassız, cavabdehin evə köçürülməsi barədə qarşılıqlı iddiasını əsaslı hesab etmişlər. Həmin qətnamələrlə, eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildən 10 ildən çoxdur ki, çıxıb getmişdir. Cavabdeh hazırkı tələblə razı deyil və etirazını onunla əsaslandırır ki, onun kirayə qalmağa maddi imkanı yoxdur, o həmin mənzilə köçüb yaşamalıdır və ümumiyyətlə iddiaçının bu tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

13. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: X1 Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə ilk öncə cavabdehin iddianın obyekti olan mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Məsələn, əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Hazırkı işdə Cavabdeh iddiaçının oğludur və onun Suraxanı Rayon Məhkəməsinin qüvvədə olan 2(010)-4337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun mövcud olması artıq müəyyən edilmişdir. Deməli, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Məhkəmə kompensasiya müqabilində Cavabdeh iddiaçıya məxsus mənzilə olan istifadə hüququna xitam verilməsi məsələsinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından aydın olduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni, istifadə hüququnun yaranması səbəbindən asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə cavabdeh tərəfin iddiaya etirazını əsaslı saymır. Ona görə ki, cavabdehin etirazında irəli sürdüyüyü, onun kirayə qalmağa maddi imkanının olmaması, onun həmin mənzilə köçüb yaşamalı olması barədə dəlilləri tələbə tətbiq edilmiş maddi hüquq normalarının göstərişləri baxımından əsaslı deyildir. Məhkəmə, eyni zamanda, cavabdeh tərəfin mənzildən istifadə hüququna xitam verilməsi tələbinin aidiyyatı üzrə mülki deyil, inzibati məhkəmə predmeti olması barədə etirazı ilə də razılaşmır və qeyd edir ki, hazırkı tələb mülki mühakimə icraatının predmetidir. Bununla belə, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Hazırkı iş üzrə ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilmiş və yuxarıda qeyd edilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya ekspert rəyində qeyd edilən məbləğin mübahisə obyekti olan mənzillə oxşar olan mənzillərin aylıq kirayə dəyəri kimi götürülməsi və həmin məbləğin ortalama üç illik müddət üçün hesablanmaqla kompensasiya məbləğinin verilməsi təklif edilmişdir. İddiaçı ərizə təqdim edərək ekspert rəyində qeyd olunduğu kimi aylıq 350 manat olmaqla, üç il müddəti üçün cəmi 12600 manat kompensasiya məbləği ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə ekspert rəyində göstərilmiş oxşar şəraitli mənzilə görə kirayə qiymətini hazırkı işin halları baxımından ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, 12600 manat (36 ay x 350 manat) məbləğində kompensasiya ilə cavabdeh tərəf təqribən 3 (üç) il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Bu isə ağlabatan müddət kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Eyni zamanda, mənzilin ümumi dəyərinə münasibətdə də, qət edilmiş kompensasiya məbləği ağılabatandır. Bu baxımdan məhkəmə qanunvericiliyin qeyd olunun tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırda təklif olunan üç illik müddət üçün analoji mənzilə görə kirayə ödənişi kimi nəzərdə tutulan aylıq 350 manatdan hesablanan 12600 (on iki min altı yüz) manat kompensasiya məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Qalı̇ b oğluna 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135A, 30 saylı mənzilə istifadə hüququna xitam verilməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh Qalı̇ b oğluna 12600 (on iki min altı yüz) manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135A, 30 saylı mənzilə istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh Qalı̇ b oğlundan tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh Qalı̇ b oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar