Məhkəmə qərarları › İş №e-2(010)-906/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-906/2024

12.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-906/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və 3-cü şəxs Maraqlı şəxs qarşı “azyaşlı övladı ilə birikdə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Cavabdeh və 3-cü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və xx.xx.2021-ci il təvəllüdlü övladı X7 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə istifadə hüquqlarının tanınması və o cümlədən onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı) Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Həmin birgə nikahdan xx.xx.2021-ci il tarixdə X7 adlı övladı anadan olmuşdur. Onlar ailə həyatı quranda cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilində yaşamışlar. Hazlrda o və xx.xx.2021-ci təvəllüdlü azyaşlı qızı da həmin mənzildə pasport qeydiyyatındadırlar. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ona bildirmişdir ki, mənzili satıb əvəzində başqa mənzil almaq niyyətindədir. O, da həyat yoldaşına inanıb 50 saylı notariat kontorunda mənzilin satılmasına razılıq ərizəsi vermişdir. Lakin Maraqlı şəxs yeni-şəhərin Məhəmməd Hadi küçəsi 9 ünvanındakı mənzili öz bacısı X2 adına almışdır. O,bununla da onun mənzilə olan hüquqlarını pozmuş və indi də onunla nikahm pozulması üçün Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. O, da 50 saylı notariat kontorunda mənzilin satılmasına dair razılıq ərizəsini xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir. Hazırda o və azyaşlı qızı qeyd olunan mənzildə pasport qeydiyyatındadırlar. Hazırda anası evindədir və pasport qeydiyyatında olduğu mənzilə istifadə hüququnun tanınmasını və ora köçürülməsini istəyir. Ona görə də mediasiya prosesindən keçməklə onun mənzilə köçürülməsi ilə bağlı tələb irəli sürsə də, qarşı tərəf mediasiya prosesinə gəlməkdən imtina etmişdir. Həmin mənzildən onun və qızının istifadə etmək hüquqları vardır və o bu hüquqlarının tanınmasını və həmin mənzilə köçürülmələri, iki otaqlı mənzilin otaqlarından birinin onların istifadəsinə verilməsini zəruri hesab edir. Belə ki, qarşı tərəf onu və qızını həmin mənzildə yaşamağa qoymur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, (İddiaçı) Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X7 adlı bir övladları vardır. Onlar ailə həyatı quranda cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilində yaşamışlar. Maraqlı şəxs o hamilə olan zaman onu həmin evdə qoyub getmişdir və onunla maraqlanmamışdır. Azyaşlı uşağın bir yaşı tamam olduqdan sonra Maraqlı şəxs həmin mənzili satmaq və yeni mənzil almaq niyyətində olduğunu ona bildirmişdir. O, da Fəridə inanaraq 50 saylı notariat kontorunda mənzilin satılmasına razılıq ərizəsi vermişdir. Həmin mənzil satılan zaman ona məxsus olan cehiz əmlaklarının bir hissəsi də evlə birlikdə satılmışdır. Sonradan ona məlum olmuşdur ki, Maraqlı şəxs yeni mənzili öz bacısı X2 adına almışdır. 2023-cü ilin fevral ayında onlar yeni alınmış mənzilə köçmüşlər və həmin mənzildə isə cəmi bir ay yaşamışdır. Onu həmin mənzildən qovmuşlar və o xx.xx.2023-cü il tarixdə öz verdiyi razılıq ərizəsini ləğv etdirmiş və bu barədə Fəridə məlumat vermişdir. Hazırda o və azyaşlı qızı qeyd olunan mənzildə pasport qeydiyyatındadırlar. Həmin ev onun və övladlarının yeganə yaşayış yeri olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, bu gün həmin mənzil Maraqlı şəxs mülkiyyətindədir. İddiaçı razılıq ərizəsini həmin mənzilin tam satılması üçün vermişdir, lakin sonradan ona məlum olmuşdur ki, o aldadılıb. Buna görə də öz verdiyi ərizəni ləğv etdirmişdir. Hazırda həmin evin mülkiyyətçisi iddiaçının həyat yoldaşı Maraqlı şəxsdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırkı iddia tələbi əsassızdır. Belə ki, o mənzil almaq niyyətində olub və makler vasitəsilə həmin mənzili tapmış və həyat yoldaşı ilə birlikdə həmin mənzildə olaraq mənzili bəyənmişlər. Evə baxış keçirən zaman iddiaçı da həmin mənzildə olmuş və evin satılmasına dair etirazının olmasını bildirməmişdir. O, mənzili iddiaçının həyat yoldaşından rəsmi alqı-satqı müqaviləsinə əsasən satın almış və iddiaçı tərəfindən bununla bağlı notarial qaydada yazılı razılıq ərizəsi verilmişdir. Mənzili aldıqdan sonra o Maraqlı şəxs 1 ay ərzində mənzildən köçməsi üçün vaxt vermiş, lakin Fərid ev tapa bilmədiyini bildirmişdir. Mübahisəli mənzil Fərid tərəfindən 2023-cü ilin fevral ayında ona təhvil verilmiş və o ailəsi ilə birlikdə həmin evə köçmüşdür. O həmin evi alan zaman aralarında olan razılaşmaya əsasən bəzi avadanlıqlar çıxmaq şərtilə, mebelləri də almışdır. Hazırda iddiaçı öz həyat yoldaşı ilə aralarında olan mübahisəli məsələlərə onu qarışdırmaqla onun dinc yaşayış hüquqlarını pozmuşdur. İddiaçının və onun azyaşlı övladının həmin mənzildə qeydiyyatda qalması isə onun mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

7. xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında xx.xx.2023-cü il tarixdə 14:30 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

8. Daşınmaz Əmlakın alqı-satqına dair xx.xx.2022-ci il tarixli ilkin müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu D yaşayış Sahəsində yerləşən 19 saylı evin 54 saylı mənzilinin ipoteka yüklülüyündən azad edildikdən sonra 71,290 manata alıcı Cavabdeh satması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqaviləni bağlamışlar. Müqavilənin şərtinə əsasən daşınmaz əmlak 71290 manata qiymətləndirilmiş və alıcı Cavabdeh satış məbləğindən 37500 manatın depozit hesabı vasitəsilə satıcı Maraqlı şəxs ödəmiş və satış qiymətinin qalanı 33790 manat pulu isə kredit müqaviləsi üzrə borcun əvəzinə ödəniş cədvəlinə uyğun olaraq "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

10. Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış ərizənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeydiyyatda olduğu və əri Maraqlı şəxs məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və bununla əlaqədar olaraq ilkin və əsas alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etməməsinə dair razılıq vermişdir.

11. xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor "xxxx" ASC ilə borcalan Maraqlı şəxs arasında müqavilə bağlanmış və "xxxx" ASC tərəfindən 35000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verilmişdir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3019/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Maraqlı şəxs qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

13. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.

İşin faktiki halları.

14. İddiaçı ilə Maraqlı şəxs xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuşlar və İddiaçı Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə gəlin köçmüşdür. İddiaçının öz izahatına görə 2021-ci il fevral ayından Maraqlı şəxs onunla birlikdə yaşamamış və başqa ünvanda yaşamışdır. Onların birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X7 adlı bir övladları anadan olmuşdur. İddiaçı azyaşlı övladı ilə birlikdə uşağın bir yaşı olanadək həmin evdə yaşamışdır və sonradan Maraqlı şəxs gələrək evi satmaq və yeni ev almaq niyyətində olduğunu ona bildirmişdir. İddiaçı Maraqlı şəxs təklifi ilə razılaşaraq 50 saylı notariat kontorunda mənzilin satılmasına razılıq ərizəsi vermişdir. xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın alqı-satqına dair ilkin müqavilə bağlanmış və daşınmaz əmlak 71290 manata qiymətləndirilmiş və alıcı Cavabdeh satış məbləğindən 37500 manatın depozit hesabı vasitəsilə satıcı Maraqlı şəxs ödəmiş və satış qiymətinin qalanı 33790 manat pulu isə kredit müqaviləsi üzrə borcun əvəzinə ödəniş cədvəlinə uyğun olaraq "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mübahisəli mənzil əşyaların bir hissəsi ilə birlikdə 2023-cü ilin fevral ayında Cavabdeh təhvil verilmişdir. İddiaçı ilə Maraqlı şəxs öz azyaşlı övladları ilə birlikdə Xətai rayon ərazisində yerləşən başqa bir mənzilə köçmüşlər və iddiaçı öz azyaşlı övladı ilə orada yaşamışdır. Sonradan tərəflər arasında münasibətlər gərginləşmiş və iddiaçı öz azyaşlı övladı ilə həmin mənzildən çıxmışdır. Daha sonra iddiaçı 50 saylı notariat kontorunda mənzilin satılmasına dair razılıq ərizəsini xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir. İddiaçı azyaşlı qızı ilə birlikdə qeyd olunan mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

19. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan bir övladları xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur.

20. Hazırkı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzil üçüncü şəxs Maraqlı şəxs adına nikahdan əvvəl xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

21. xx.xx.2022-ci il tarixdə satıcı Maraqlı şəxs ilə alıcı Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqına dair ilkin müqavilə bağlanmış və daşınmaz əmlak 71290 manata qiymətləndirilmiş və alıcı Cavabdeh satış məbləğindən 37500 manatın notariusun depozit hesabı vasitəsilə satıcı Maraqlı şəxs ödəmiş və satış qiymətinin qalanı 33790 manat pulu isə kredit müqaviləsi üzrə borcun əvəzinə ödəniş cədvəlinə uyğun olaraq "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür.

22. İddiaçı Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə ərizə verərək qeydiyyatda olduğu və əri Maraqlı şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilin satılmasına və bununla əlaqədar olaraq ilkin və əsas alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etməməsinə dair razılıq vermişdir.

23. Məhkəmə hesab edir ki, iddiaçı öz ərinə məxsus olan həmin mənzilin satılmasına etiraz etməmiş və bununla bağlı olaraq öz razılıq ərizəsini vermişdir. Daha sonra həmin mənzili alıcıya təhvil verərək həmin mənzildən Xətai rayon ərazisində yerləşən digər bir mənzilə köçmüşlər. Orada bir müddət yaşadıqdan sonra iddiaçı azyaşlı övladı ilə birlikdə həmin mənzildən də çıxmışdır.

24. Məhkəmə hesab edir ki, cavabdehlə üçüncü şəxs arasında daşınmaz əmlakın alqı-satqına dair ilkin müqavilə bağlanmış və hər bir tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyı vaxtında və lazımınca icra edərək bu müqaviləni mübahisələndirməmişlər. Müqavilə bağlandığı andan üçüncü şəxs mənzil üzərində mövcud olan sahiblik və istifadə hüquqlarını cavabdehə ötürmüş və cavabdeh mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququnu əldə etmişdir.

25. Məhkəmə hesab edir ki, Cavabdeh həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir.

26. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

27. Hazırda həmin mübahisəli mənzildə 2023-cü ilin fevral ayından cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşayır və iddiaçının həmin evdə formal olaraq qeydiyyatda qalması onun həmin evə yenidən köçürülməsi üçün əsas ola bilməz.

Məhkəmə xərcləri.

28. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 50 manat mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh və 3-cü şəxs Maraqlı şəxs qarşı “azyaşlı övladı ilə birikdə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunmamalıdır.

30. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ : İddiaçı Cavabdeh və 3-cü şəxs Maraqlı şəxs qarşı “azyaşlı övladı ilə birikdə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunmasın. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar