Məhkəmə qərarları › İş №e-2(010)-994/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-994/2024

08.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-994/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Əlı̇ qulu oğlunun cavabdeh İskəndərova Xatı̇ rə Nı̇ zami qızına qarşı üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX X4maqla mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Əlı̇ qulu oğlu cavabdeh İskəndərova Xatı̇ rə Nı̇ zami qızına qarşı üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX X6maqla mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1-ci döngə, 13 ünvanında yerləşən sahəsi 0.5 sot olan torpaq sahəsinin İddiaçı Əlı̇ qulu oğlunun mülkiyyəti olmasının müəyyən edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1-ci döngə, 13 ünvanında yerləşən sahəsi 0.5 sot olan torpaq sahəsinə onun adına reyestrdən çıxarışın verilməsinin AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX PHŞ-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-994/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı Əlı̇ qulu oğlunun cavabdeh İskəndərova Xatı̇ rə Nı̇ zami qızına qarşı üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX X6maqla mülkiyyət hüququnun tanınması tələbinə “çıxarış verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti X5 həvalə edilməsi” hissəsində xitam verilmişdir.

İddia tələbinin dəlilləri

3. Bakı şəhəri, 37 saylı Dövlət Notariat kantoru tərəfindən təsdiq olunmuş 23 sentyabr 2005-ci il tarixi alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1 -ci döngə, 13 yerləşən 0.5 , torpaq sahəsini almışdır. Həmin dövrdə ev növbəsində dayandığı üçün belə qərara gəlmişdir ki, mübahisəli torpaq sahəsini qaynı Vüqar İsgəndərovun arvadı, hazır ki, iş üzrə cavabdeh X1 adına rəsmiləşdirsinlər. Ona görə də, onun adından etibarnamə götürərək mübahisəli torpaq sahəsini onun adına rəsmiləşdirmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrden çıxarış almışdır. Qaynı və onun ailəsi bu illər ərzində həmişə mehriban yaşamış və mübahisəli torpağın onun adına rəsmiləşdirilməsinə zərurət yaranmamışdır. Çox təəsüflər olsun ki, qaynı Vüqar İsgəndərovla cavabdeh Xatirə İsgəndərova arasında rəsmiləşdirilmiş nikah 2023-cü ildə pozulmuş və ona görə də cavabdeh Vüqar İsgəndərovdan ayrı yaşayır. Təbiidir ki, onlar arasında nikah münasibətləri pozulduğunu eşitdiyi andan cavabdehə müraciət edərək xahiş etmişdir ki, onun torpağını öz adına rəsmiləşdirsinlər. O, hər dəfə ona razılığını bildirmiş və hər dəfə demişdir ki, məhkəmədə nikahın pozulması məsələsinə baxılıb qurtardıqdan sonra torpağını onun adına keçirtmək üçün onunla notariat orqanına gedəcəkdir. Onlar arasında nikah məhkəmə qaydasında pozulduqdan sonra o, yenə də cavabdehə müraciət etmiş, o isə ona cavabında bildirmişdir ki, onun torpaq sahəsində gözü yoxdur və onun adıma rəsmiləşdiriləcək. Amma bir şərtlə ki, Vüqar ona ayrı ev almalıdır. Vüqar ona ev aldıqdan sonra o onunla notariat orqanına gedəcək. Qeyd edir ki, 2005 ci ildən hazıra kimi o, mübahisəli torpaq sahəsində iki otaqlı ev tikərək yaşamış və bu gündə yaşayaraq istifadə edir. Bundan başqa onun heç bir yerdə evi yoxdur. Torpaq sahəsinə və yaşadığı evə görə bütün kommunal xərclər bu illər ərzində onun tərəfindən ödənilmişdir. Hətta cavabdeh mübahisəli torpaq sahəsinin harada yerləşməsini bugünə qədər bilmir və bir dəfə də olsa orada olmamışdır.

Tərəflərin izahatları.

4. Üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçının vəkili və nümayəndəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan torpaq sahəsi cavabdehin öz yoldaşı ilə nikahda olduqları dövrdə əldə edilmişdir.

İş materialları.

8. AN-İ № ******* saylı, xx.xx.2005-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X2 özünə məxsus olan Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən ümumi sahəsi 0.007 ha olan torpaq sahəsini 63.000.000 (altmış üç milyon) manata alıcı Cavabdeh satmışdır.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7nin xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Yeni qaydalarla : AZ 1042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1-ci döngə, 13 ünvanında yerləşən sahəsi 0.0062 ha olan torpaq sahəsi Cavabdeh mükiyyətindədir.

İşin faktiki halları.

10. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iddia tələbində İddiaçı Əlı̇ qulu oğlu əslində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1-ci döngə, 13 ünvanında yerləşən sahəsi 0.5 sot olan torpaq sahəsinin onun mülkiyyəti olduğunu, lakin onun razılığı ilə cavabdehin adına rəsmiləşdirildiyini bildirir və bu səbəbdən hazırki tələbdə özün aid olduğunu qeyd etdiyi torpaq sahəsi üzrə mülkiyyət hüququnun tanınmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir və etirazında ona istinad edir ki, qeyd olunan torpaq sahəsi cavabdehin həyat yoldaşı ilə birgə nikahda olduqları dövrdə əldə edilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 139. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan mülki qanunvericilik normasından göründüyü kimi, Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur və mahiyyəti isə ondan ibarətdir ki, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı mübahisəli torpaq sahəsinin - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1-ci döngə, 13 ünvanında yerləşən sahəsi 0.5 sot olan torpaq sahəsinin onun mülkiyyəti olduğunu, lakin cavabdehlə aralarında olan qohumluq münasibəti əsasında ona güvənərək həmin torpaq sahəsini onun razılığı ilə cavabdehin adına rəsmiləşdirildiyini bildirsə də, işin halları ilə bu təsdiq edilmir. Belə ki, hazırki iş materiallarından və işin araşdırılan hallarından aydın olur ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlaka dair xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən əldə edilmiş və daha sonra isə xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsi üzərində Cavabdeh hüququ müvafiq dövlət qeydiyyatına alınmaqla mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Beləliklə, hazırkı işdə iddia tələbinin əsaslılığına dəlalət edən hər hansı hal müəyyən edilmir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1-ci döngə, 13 ünvanında yerləşən sahəsi 0.5 sot olan torpaq sahəsinin İddiaçı Əlı̇ qulu oğlunun mülkiyyəti olmasının müəyyən edilməsi hissəsində təmin edilməməlidir.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 18-ci Əmircan, 1-ci döngə, 13 ünvanında yerləşən sahəsi 0.5 sot olan torpaq sahəsinin İddiaçı Əlı̇ qulu oğlunun mülkiyyəti olmasının müəyyən edilməsi hissəsində təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar