Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə1 və X2, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun əsassız varlanması nəticəsində yaranmış və "xxxx" Bank ASC–yə olan 6184.93 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 82.25 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Azər-Türk“ Bank ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvaqif bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə, digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh Bankın hesabına 6184.93 manat məbləğində əsassız varlanmışdır. xx.xx.2023cü il tarixində tərəflər arasında borcu hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Sonda iddiaçının nümayəndəsi Yusif Cavadov iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nicat İbrəhimov iddia izahat verərək bildirdi ki, “chargeback etiraz sorğusudur. Yəni online məhkəmədir. Bank müştərisi iddia edir ki, o aldadılıb və kartından pul çıxılıb ya da oğurlanıb. Mastercart və visa ilə etiraz edir və bildriri və bank sorğu ilə müraciət edir və deyir ki necə sübut edə bilərsən ki bu məbləğ sənin müştərinin kartına çatmalıdır. Cavabdeh də bizim müştəridir. Biz ona bildirdik ki 25 oktyabrda sizin karta 9 min pul daxil olub. Biz ondan sübut istədik ki, bu pulun ona daxil olması ilə bağlı sübut versin. O isə bunu edə bilmədi və Mastercart və Visa bizi məğlub hesab etdi və pulu bizdən çəkdi. Sonra da bizdən pulu çəkdi və həmin müştəriyə göndərdi. Bizimlə onlar arasında müqavilə yoxdur, lakin Mastercart və Visa belə bir tələb qoyur banka ki belə bir hesab olsun. Vətəndaş chargeback sorğusu olmadan birbaşa əlaqə saxlasa idi. Desə idi öz müştərinlə əlaqə saxla biz birbaşa hesaba göndərəcəkdik. əgər pul göndərən tərəf program vasitəsi ilə pul göndərilibsə və ya milliön aparatından gönədrilsə idi chargeback sorğusu açıla bilməzdi. Xaricdən gələn pul da mobil programla göndərsə idi chargeback sorğusu açıla bilməzdi. Hazırki halda isə belə deyil. Ekspert rəyi də iddia tələbinin əsaslı olduğunu göstərir.” Sonda iddiaçının nümayəndəsi Nicat İbrəhimov iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 təqdim etmiş olduğu ərizə və etirazlara uyğun izahat verərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında həyat yoldaşı Nümayəndə2 uzun illər tanıdığı X3 xahişi ilə ona məxsus olan "xxxx" ASC(ATB) kartlarından istifadə etməyi xahiş edib, səbəb ATB kartında limitin az olması olmuşdur və Yaşar Bəylərovun xahişi ilə həmin kartlara xərçəng xəstəsi üçün yardım toplanıb və yığılan vəsaitin 100%-i Yaşar Bəylərova verilib. 6-7 ay sonra ATB bankdan sms alıblar ki, debet kartı mənfi göstərir. ATB Bankla əlaqə saxlayıblar ki, kart hesabı necə mənfi ola bilər?! Deyiblər ki, narahat olmayın, bank anlaşılmazlığı həll edəcək. 2023-cü ilin sentyabrında (iki il sonra) onlara məhkəməyə çağırış sms-ləri gəldi (ATB iddia tələbinə dair). Banka gedib səbəbini soruşub, bankdan bildiriblər ki, banka ziyan dəyib. Yenə bildirmişdir ki, Yaşar Bəylərova verilib vəsaitlər, məqsəq xərçəng xəstəsinə yardım etmək olub. Banka Yaşarın əlaqə telefonlarını verdim. Bank məhkəmə iddiasını təzyiq kimi istifadə edərək formal olaraq onlara ATB bankla overdraft borc razılaşmasını imzalatdırmış və bütün müqavilələr Yaşar Bəylərova təqdim edilmişdir, eləcə Yaşar Bəylərov banka olan borcların ödənişini öz üzərinə götürmüşdür. Yaşar Bəylərov qismən ödənişlər edərəkən, ödənişi təstiq edən smslər telefonlarına gəlirdi. Təxminən 2 ay əvvəl ATB bankdan məktub gəldi ki, ödəniş etməsəniz hüquq mühafizə orqanlarına müraciyyət ediləcək, həmin məktubu Yaşara göndəriblər ki, yoluna qoysun, dəfələrlə ATB banka müraciət ediblər ki, ATB banka dəymiş ziyanın subutlarını əldə etsin, lakin əfsuslar olsun ki, ATB bank subutları onlara təqdim etmir. Nəhayət xx.xx.2024 -cü il tarixində Yaşarın vəkili Kərimxan Əsədov bu mövzuda (bank tərəfindən, ziyana uğramağa aid subutların təqdim olunması üçün) Azər-Türk Bank” ASC-nin rəhbərliyinə rəsmi sorğu məktubu göndərdi. Bu günədək sorğuya cavab alınmadığı bildirilir. İddia ərizəsi tam əsassızdır, belə ki, iddianın əsasını təşkil edəcək əsas subut sənədi “REFUND” vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir! xx.xx.2023 tarixli razılaşmanın bağlanması prosesində o, aldadılmışdır, hədə təsiri altında əqdi bağlamağa məcbur edilmişdir. Odur ki, etibarsız əqd əsasında məndən hansısa bir məbləğin tələb edilməsi əsassızdır. Bundan başqa, bank məhrum olduğunu subut edə bilmir. Bu subut Cavabdeh kartına mədaxil edən xarici banka 9037,20 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çixarışdır. Bu sənədin adı “REFUND”-dır-yəni vəsaitin geri qaytarılması. AR MM-nin 14.2.7, 1091.1, 1092.1 maddələrinin tələblərinə görə İddiaçı məhrum olmayıbsa, cavabdeh də onun hesabına varlanmamışdır. xx.xx.2024 tarixində e-mehkeme portalına iddiaçı tərəfindən yerləşdirilən Dispute sənədi mübahisə sənədidir. Bu sənədi bankın məhrum olma sənədi kimi təqdim etmək, məhkəməni aldatmaq məqsədi daşıyir! Hətta bu sənədin özündə belə göstərilir ki, “REFUND” sıfırdır, yəni vəsait geri qaytarılmayıb. Bu sənəddə Cavabdeh kartına gələn pulun əməliyyat təfərrüatları əks olunub: əməliyyat 3D güvənlik sistemini keçərək, uğurlu olmuş, fraud yükü sıfır. Təccüblidir ki, İddiaçı ASC bu mübahisəni necə uduzub (təqdim olunan sənəddə əksini tapmayıb)?! Məni maraqlandıran və tələb etdiyim əsas sual: bəs Cavabdeh gələn pulun geri qaytarılması “REFUND” ilə bağlı əməliyyat təfərrüatları haradadır və niyə məhkəməyə təqdim edilməyib?! Hesab edirəm iddia ərizəsi tam əsasızdır, belə ki, iddianın əsasını təşkil edən sübut “REFUND” (vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların (Mülki Məcəllənin 1090-1094-cü maddələri) təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin eyni vaxta olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur Əgər bu şərtlərdən hər hansı biri yoxdursa, tələb keçərli hesab edilmir. Bu səbəbdən, məhkəmədə əsassız varlanma tələbi irəli sürülərkən hər bir şərtin sübut olunması vacibdir. İddiaçı ASC-nin iddiasında yuxarıda göstərilən şərtlərin heç biri mövcud deyil: 1)xaricdən gələn pul qanuni əsasla bankın saytından və ya bank linki vasitəsi ilə mənim kartıma mədaxil edilmişdir. Sonradan, gələn pulun bir qisminə etiraz gəlibsə, bu mübahisə mövzusudur. Bankın təqdim etdiyi “Dispute” sənədindən görünür ki, əməliyyat 3D güvənlik sistemini keçərək, uğurlu əməliyyat olmuş, fraud yükü sıfır. Təccüblüdir ki, İddiaçı ASC bu mübahisəni necə uduzub (təqdim olunan sənəddə əksini tapmayıb)? Uduzubsa da bankın nöqsanıdır. 2) Bank ziyana uğrayaraq, məhrum olduğunu subut edə bilmir! Bu subut cavabdehin kartına mədaxil edən xarici banka 9037,20 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çixarış, ödənişin təfərrüatı və ödəmə qəbzidir. Bu sənədin adı “REFUND”-dır-yəni vəsaitin geri qaytarılması. “REFUND”-cavabdehə, Məhkəməyə bu günədək təqdim edilməmişdir. xx.xx.2024 tarixində e-mehkeme portalına iddiaçı tərəfindən yerləşdirilən Chargeback sənədi (ingilis dilində məhkəməyə?) mübahisə sənədidir. Bu sənədi bankın məhrum olma sənədi kimi təqdim etmək, Məhkəməni aldatmaq məqsədi daşıyir! Güman etmir ki, İddiaçı ASC-in ziyana uğramasının yeganə sübutu olan “REFUND” (vəsaitin geri qaytarılması) sənədi haqqında məlumatı yoxdur. Xatırladıram: "REFUND"(pulun geri qaytarılması haqqında)sənədi bank əməliyyatlarının bir hissəsi olaraq tərtib olunur və hüquqi sənəd hesab edilir. Bu sənəddə aşağıdakı təfərrüatlar və təsdiqlər yer almalıdır: Sənədin Tələbləri: Sənəd Başlığı: "REFUND" və ya ekvivalent başlıq aydın şəkildə yazılmalıdır. Tərəflər: Pulu qaytaran tərəfin (bank) və pulun alıcısının tam məlumatları (ad, soyad, ünvan, və s.) göstərilməlidir. Qaytarılan Məbləğ: Qaytarılan məbləğ dəqiq və valyuta ilə göstərilməlidir. Səbəb: Səhvən alınmış məbləğin hansı səbəblə qaytarıldığı aydın şəkildə izah edilməlidir. Tarix: Sənədin tərtib edildiyi tarix və əməliyyatın baş verdiyi tarix yazılmalıdır. Əməliyyat İD: Bankın Möhürü və Müdirin İmzası: Möhür: Bank tərəfindən verilmiş hər hansı sənədin hüquqi qüvvəyə malik olması üçün möhür vacibdir. X8: Bu, bankın məsul şəxsi tərəfindən sənədin təsdiqləndiyini göstərir. Lakin bəzi hallarda bankın digər səlahiyyətli şəxsi də imza ata bilər. Qəbz və ya Sübut Sənədi: Pulun qaytarıldığını təsdiqləyən ayrıca sənəd və ya bank sistemində müvafiq əməliyyatın təsdiqi əlavə edilməlidir. Hüquqi Əsas: Möhür və müdirin imzası olmadan sənəd tam hüquqi qüvvəyə malik sayılmır. Əgər bank bu sənədi möhürsüz və ya imzasız təqdim edibsə, rəsmi qaydada onlardan tam təsdiqlənmiş versiya tələb edilməlidir. 3) Bank məhrum olmayıbsa, cavabdeh də onun hesabına varlanmamışdır. Göründiyi kimi, xx.xx.2023 tarixli razılaşmanın bağlanması prosesində mən aldadılmışam,hədə təsiri altında əqdi bağlamağa məcbur edilmişdir. Sonda Nümayəndə2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" Bank ASC arasında xx.xx.2021-ci il tarixli, ********************saylı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə, Cavabdeh “Azər-Türk“ Bank ASC-ya məxsus “MC WORLD” kart növü istifadəçisidir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, tərəflər arasında münasibətlər bu Xidmət Müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət müqavilələrinin Standart Şərtləri“ (bundan sonra “Standart Şərtlər“) ilə tənzimlənir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən, müştəri bu Xidmət Müqaviləsini, Bankın cari tariflərini, “Standart Şərtlər“i oxuduğunu, başa düşdüyünü və tüm bəndlər ilə razı olduğunu təsdiq edir. İş materiallarında olan “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi” müqaviləsinin Standart Şərtlərinin 3.1.8 və 3.1.9-cu bəndlərindən görünür ki, kart hesabına artıq səhvən mədaxil olmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinəsinə etiraz etməmək (Bənd 3.1.8), əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “OFFLİNE” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. İş materiallarında olan “Bank” qismində “Azər-Türk Bank“ ASC ilə “Borclu” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Borcun hissə-hissə ödənilməsi barədə“ Razılaşmanın surətindən görünür ki, razılaşmaya əsasən, “Borclu” tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı Müqaviləyə əsasən, ona verilmiş kartın istifadəsi nəticəsində “Bank” qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür (Bənd 1). Tərəflər razılaşırlar ki, “Borclu“nun “Bank”a olan borcunun məbləği 9037.20 manat təşkil edir (Bənd 2). “Borclu” 9037.20 manat borc məbləğini təşkil edən pul vəsaitini 12 (on iki) ay müddətinə, aylıq 753.10 manat məbləğindən az olmayaraq, ödəməyi öz öhdəsinə götürür (Bənd 3). “Borclu“ ödənişləri hər ayı son iş günündən gec olmayaraq həyata keçirməlidir (Bənd 4). “Borclu“ tərəfindən ödənişlər iki dəfədən çox gecikdirildiyi halda, “Bank” bu Razılaşmanı birtərəfli qaydada ləğv edə və borcun tam məbləğdə ödənilməsini “Borclu”dan tələb edə bilər (Bənd 5). “Borclu” bu Razılaşmanın 4-cü bəndinə uyğun olaraq, ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün borcun ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu ödəməlidir (Bənd 6). İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, |”Azər-Türk Bank” ASC-nin müştərisi olan Cavabdeh məxsus debet karta xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Bununla əlaqədar olaraq Banka 6184.93 (altı min yüz səksən dörd) manat 93 (doxsan üç) qəpik məbləğində ziyan dəymişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet,kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi“-nə dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Bunun nəticəsində Cavabdeh əsassız olaraq varlanmışdır və banka 9037.20 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilənlərin aradan qaldırılması məqsədilə xx.xx.2023-cü il tarixində “Bank” ilə “Borclu “ arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma bağlanmış, lakin Cavabdeh tərəfindən Razılaşmanın tələbləri kobud şəkildə pozularaq, ödənişlərin vaxtında aparılmaması təmin olunmamışdır. Hazırda Cavabdeh “Bank”a 1213 (min iki yüz on üç) manat 20 (iyirmi) qəpik məbləğində gecikdirilmiş borcu vardır. “Azər-Türk Bank“ ASC 5 (beş) iş günü ərzində gecikdirilmiş 1213.20 manat məbləğini təşkil edən vəsaitin ödənişini təmin etməyini Cavabdeh xahiş etmişdir. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi Cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə “Bank” hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara mraciət edəcəyini cavabdehə bilirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 81.85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9322 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hesabdan çıxarışa əsasən "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanan ******************** nömrəli "Fiziki şəxslərə ödəniş kartının(debet kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər həmin müqavilə əsasında cavabdehin istifadəsində olan kart üzrə Əməliyyatlar yerinə yetirilmiş, həmin əməliyyatlar üzrə 11.864,27 manat məbləğində mədaxil əməliyyatları, 18.049,20 manat məbləğində məxaric əməliyyatları nəticədə ödənilməmiş qalan məbləğ 6184,93 manat müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixində müqavilə bağlanmışdır, müqaviləyə əsasən, Bank ödəniş kartının verilməsi iə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur, xx.xx.2021-ci il tarixdə bağlanan ******************** nömrəli "Fiziki şəxslərə ödəniş kartının(debet kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi" müqaviləsi üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər həmin müqavilə əsasında cavabdehin istifadəsində olan kart üzrə Əməliyyatlar yerinə yetirilmiş, həmin əməliyyatlar üzrə 11.864,27 manat məbləğində mədaxil əməliyyatları, 18.049,20 manat məbləğində məxaric əməliyyatları həyata keçirilmiş, nəticədə ödənilməmiş 6184,93 manat məbləğ qalmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində tərəflər arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə Razılaşmaya əsasən, “Borclu” tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı Müqaviləyə əsasən, ona verilmiş kartın istifadəsi nəticəsində “Bank” qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Cavabdeh iddia tələbini qəbul etmir və pulu X4 verdiyini, əsl cavabdehin o olduğunu bildirir. Məhkəmə qeyd edir ki, bank hesabı müqaviləsinə müvafiq surətdə pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 6184,93 manat məbləğində pul vəsaiti əldə etdiyindən, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 6184.93 manat alınaraq “Azər-Türk Bank“ ASC-ə verilməlidir. Məhkəmə, cavabdehin xx.xx.2023-cü il tarixli razılşamanın etibarsız olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı bunu sübut edə bilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə cavabdehin hazırkı tələb üzrə cavabdehlik daşımaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, “Azər-Türk Bank“ ASC ilə müqavilə münasibəti məhz onun arasında yarandığından və o, bağlanılmış müqavilə üzrə tərəf olduğundan, bank kartına köçürülmüş pul vəsaitinin kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq yaranmış öhdəliyə görə məsuliyyət məhz müqavilə tərəfin üzərinə düşdüyündən, cavabdehin bu dəlilləri əsaslı hesab edilə builməz və məhkəmə qeyd edir ki, cavabdeh hazırkı tələbə dair cavabdehlik daşıyan şəxsdir. Azərbaycan Respublikası Müıki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. Həmin Məcəllənin 954.3-ci maddəsinə görə bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Həmin Məcəllənin 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 960.2-ci maddəsinə tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Həmin Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2 -ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 6184.93 manat məbləğində borc Cavabdeh alınaraq "xxxx" Bank ASC -yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi (6184.93 manat) nəzərə alınmaqla, cavabdehdən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 82.25 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatı xərcinin ödənilməsinə münasibətdə isə qeyd edir ki, ekspertiza tədqiqatı xərci tam cavabdehə aid edilməli, ekspertiza xərci kimi ödənilmiş 100 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəainə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azər-Türk Bank“ ASC-nin xeyrinə əsassız varlanma nəticəsində yaranmış və banka vurulmuş ziyanın əvəzi kimi 6184 (altı min yüz səksən dörd) manat 93 (doxsan üç) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat 25 (iyirmi beş) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizalarının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver