Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1119/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının iradəsindən kənar olaraq onun mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi, bina 22A, 244 saylı mənzilin üçüncü şəxslərin adına keçməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayeva küçəsi bina 22A, 244 saylı mənzil olmuşdur. Mənzil üzrə MTK sənədləri hamısı iddiaçının adına rəsmiləşmişdir. İddiaçı əvvəlki həyat yoldaşı Cavabdeh2 ayrıldıqdan sonra həyat yoldaşı və 2 uşağı həmin evdə yaşamışdır. Yaxın vaxtlarda iddiaçı həmin evin həyat yoldaşı Cavabdeh2 tərəfindən satıldığını eşitmiş, lakin bütün sənədlər onun adına olduğu halda, onun qanuni mülkiyyətinin onun iradəsinə zidd olaraq necə satılması ona məlum olmamışdır. İddiaçı qeyd edilən halların aydınlaşdırılması üçün Nərmin MTK-ya evin necə satılması barədə şifahi müraciətlər etməsinə baxmayaraq ona qeyri müəyyən cavablar verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Nərmin MTK-ya “İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A mənzil 244 saylı mənzilə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” barədə vəkil sorğusu ünvanlamalarına baxmayaraq, hələ də müraciətləri cavabsız qalmışdır. Eyni zamanda bildirirlər ki, iddiaçı əvvəlki həyat yoldaşının qardaşı – X1 mülki etibarnamə vermişdir. Lakin qətiyyən etibarnaməni evin satılması məqsədilə verməmişdir. Evin başqa şəxsin mülkiyyətinə keçməsi ola bilər həmin etibarnamə vasitəsilə olsun, lakin iddiaçı etibarnaməni qaynına evin satılması üçün verməmişdir. Yoldaşı ilə aralarında münasibətlər pis olan zaman qaynı onları barışdırmaq üçün evə dair ondan etibarnamə verməyini demiş ki, etibarnaməni gedib anası və bacısına göstərsin ki, Sahət evə dair etibarnamə verib, barışmaq istəyir. Lakin qaynı onun vədinə əməl etmədikdən sonra etibarnaməni ləğv etdirmiş, etibarnamə qüvvədə olan zaman qaynının onun iradəsindən kənar olaraq hansı əməliyyatları aparması ona məlum olmamış, evin başqa şəxsin mülkiyyətinə etibarnamə əsasında keçib keçməməsi isə ona naməlum vəziyyətdə qalmışdır. İddiaçı hesab edir ki, iradəsindən kənar olaraq onun mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A, 244 saylı mənzilin üçüncü şəxslərin adına keçməsinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmənin hazırlıq iclaslarında iştirak edərək iddia tələbini müdafiə etmiş, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq baxış iclasında iştirak etməmişlər. Məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddiaya etiraz edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı X2 verdiyi 7E-16647 reyestr nömrəli etibarnamənin qüvvəsinə xitam vermişdir. xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən balanslarında olan "xxxx" MTK və Cavabdeh1 MTK ilə İddiaçı arasında halhazırkı dövrə qədər heç bir müqavilə bağlanmadığı bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi, bina 22A, 244 saylı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: ...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. ... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi, bina 22A, 244 saylı mənzilin onun mülkiyyətində olmasını, mənzilə dair Mənzil Tikinti Kooperativi ilə sənədləşmənin onun adına rəsmiləşdirildiyini bildirsə də, iş materiallarında İddiaçı mübahisəli mənzilə mülkiyyət və ya Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqavilə əsasında pay hüququnu müəyyən edən sənədlər aşkar olunmamışdır. Odur ki, iddiaçının mübahisəli mənzilə dair hüquqları təsdiq edilmədiyindən onun həmin mənzilin alqısatqısına dair müqaviləni mübahisələndirməyə subyektiv hüququ mövcud deyil. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi dair iddia tələbi təmin edilməməlidir. Eyni zamanda iddiaçıya izah olunur ki, o, ilk öncə mübahisəli mənzilə dair hüquqlarının tanınması üçün məhkəmədə iddia qaldırmalıdır. Yalnız, bu hüquq müəyyən edildikdən sonra iddiaçının həmin mənzilin alqı-satqısına dair əqdi mübahisələndirməsi mümkün ola bilər. Hazırki qətnamə yalnız mövcud vəziyyətə uyğun olaraq iddianın təmin edilməməsinə əsaslanır və iddiaçının mübahisələndirilən mənzilə hüququ gələcəkdə təsdiq olunduğu təqdirdə, onun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə yenidən məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. . Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-1119/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1119/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver