Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1190/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.818 manat, bir il altı ay müddəti üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla, 22.818 x 5:100=1.140,90 x 1 il 6 ay=1.711,35 manat pul və ödənilmiş 164 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 01 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən cavabdeh, İddiaçı MMC-də satıcı (satış təmsilçisi) kimi işə götürülmüşdür. 01 yanvar 2022ci il tarixində isə iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh vəzifəsi və öhdəliyi bazarlarda satış məntəqələrindən qəbul edilmiş sifarişlər əsasında iddiaçıya məxsus anbardan malları götürüb yerlərdə satış məntəqələrinə çatdırmaq və müqabilində ödənilmiş pul vasitələrini isə iddiaçının (şirkətin) xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində son zamanlarda pulun mütənasibliyində və satış məntəqələrində pul vəsaitlərinin ödənilməsi hissəsində əsaslı şübhələr yaranmış və bununla bağlı cavabdehin də iştirakı ilə satış məntəqələrində araşdırmalar aparılmışdır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh satış məntəqələrindən iddiaçının kassasına ödənilməsi üçün verilmiş pul vəsaitlərini mənimsəmiş və verilmiş pul vəsaitlərini iddiaçının kassasına mədaxil etməmişdir. Bununla da cavabdehin əmək müqaviləsinə 07 iyun 2022-ci il tarixində xitam verilmişdir. Bundan sonra cavabdehin də iştirakı ilə aparılmış yoxlamanın nəticəsi olaraq 18 iyun 2022-ci il tarixdə borcun qarşılıqlı üzləşdirilməsi aparılmış, cavabdeh əlyazma ilə satış məntəqələrindən aldığı pul vəsaitini ailə üçün xərclədiyinə dair ərizə tərtib edərək imzalanmışdır. Bundan əlavə olaraq cavabdeh özü iddiaçıya 28 iyun 2022-ci il tarixində ərizə yazaraq bildirmişdir ki, müştərilərdən iddiaçının kassasına ödənilməsi üçün götürdüyü 20.344 manat pulu mənimsəmişdir. Bunun əsas səbəbini isə ailə durumu və səhhətində yaranan çətinliklər kimi əsaslandırır. Eyni zamanda da cavabdeh iddiaçıya dəymiş ziyanla bağlı ərizə yazaraq 10 may 2022 – 01 iyul 2022-ci il tarixləri ərzində İddiaçı MMC-yə 21.161 manat vurduğu ziyanı 3 ay müddətinə ödəməyi öhdəsinə götürür. Bundan əlavə olaraq araşdırılmalı olan və özü də qeyd etdiyi əlavə olaraq Əhməd adlı müştəridən aldığı 1.657 manat pul vəsaitini də mənimsədiyi aşkar edilmişdir. Cavabdeh bugünədək iddiaçının kassasına ödəməyərək mənimsədiyi 22.818 manat pul vəsaitini iddiaçıya ödəməmişdir. Bununla da cavabdeh iddiaçıya 22.818 manat ziyan vurmuşdur. Vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Cavabdeh hər dəfəsində də vaxt istəyərək yalan vədlər vermişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 22.818 manat, bir il dörd ay müddəti üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla, 22.818 x 5:100=1.140,90 x 1 il 4 ay=1.521,20 manat pul və ödənilmiş 164 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəməyə gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qismən qəbul etdiyini, iddiaçı ilə onun arasında olan pul fərqinin 7.000 manat olduğunu və iddianın həmin məbləğə münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 01 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh iddiaçı MMC-də satıcı vəzifəsində işə qəbul edilmişdir. Cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Cavabdehin iddiaçı şirkətdə işlədiyi müddətdə - 01 yanvar 2022-ci il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, malların satışı məqsədilə satış yerlərinə paylanması, malların satış dövriyyəsində nisyə və nağd əməliyyatların mütənasibliyini gözləmək və satışdan əldə olunan pul vəsaitinin vaxtında şirkətin xəzinəsinə mədaxil etmək üzrə işçinin öhdəliyi və məsuliyyəti, həmçinin işçinin təqsirindən gələcəkdə işəgötürənə dəyəcək və ya dəyə biləcək maddi və mənəvi ziyanın işçi tərəfindən tam şəkildə ödənilməsi müəyyən edilmiş. İddiaçı cavabdehin şirkətdə işlədiyi müddət ərzində pulun mütənasibliyində və satış məntəqələrində pul vəsaitlərinin ödənilməsi hissəsində əsaslı şübhələr yarandığını qeyd edərək araşdırma aparmış, məlum olmuşdur ki, cavabdeh, satış məntəqələrindən iddiaçının kassasına ödənilməsi üçün verilmiş pul vəsaitlərini mənimsəmiş və verilmiş pul vəsaitlərini iddiaçının kassasına mədaxil etməmişdir. İş materiallarından görünür ki, məsələ ilə bağlı cavabdeh 28 iyun 2022-ci il tarixdə yazılı izahat verərək 01 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək “Menecerin vəzifə təlimatları” qaydalarını pozaraq müştərilər tərəfindən 20.344 manat vəsaiti mənimsədiyini bildirmişdir. Daha sonra cavabdeh yenidən yazılı izahat verərək 01 may 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan dövr üzrə malların satışından əldə edilmiş pul vəsaitlərini mənimsədiyini və şirkətin kassasına mədaxil etmədiyini, şirkətə olan borcunun 21.161 manat olduğunu, həmçinin Əhməd adlı müştəridən 1.657 manat pul vəsaitini də mənimsədiyini, pul vəsaitini 3 ay ərzində qaytaracağını qeyd etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qismən qəbul edərək, sadəcə ondan tələb edilən məbləği mübahisələndirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.3-cü maddəsinə görə Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı şirkətdə satıcı vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış, müqavilədə tərəflərin məsuliyyəti təsbit edilmişdir. Cavabdeh iddiaçı şirkətdə işlədiyi dövrdə şirkət mallarının satışından əldə edilən vəsaitin şirkətin kassasına mədaxil edilməsi ilə bağlı öhdəliklərini pozmuş, əldə edilmiş vəsaiti mənimsəmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçı ilə onun arasında olan pul fərqinin 7.000 manat olduğunu bildirmiş, lakin buna dəlalət edən hər hansı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, iddiaçının cavabdehdən tələb etdiyi 22.818 manat məbləğində pula münasibətdə iddia tələbini əsaslı hesab edir. Məhkəmə 1 il 4 ay müddəti üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla, 1.711,35 manat (22.818 x 5:100=1.140,90 x 1 il 4 ay = 1.521.20 manat) pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh 01 may 2022-ci il tarixdə borclu olduğu məbləği 3 ay ərzində qaytarmağı öhdəsinə götürsə də, götürdüyü öhdəliyi icra etməmiş və pulu qaytarmamışdır. Odur ki, iddiaçı qanunvericiliyə əsasən əldən çıxmış fayda olaraq illik 5% məbləği tələb etməkdə haqlıdır. Hesablama 01 iyul 2022-ci il tarixdən iddianın verildiyi 28 noyabr 2023-cü il tarixədək aparılmış, həmin dövrü əhatə edən 16 ay üçün 1.521,20 manat müəyyən edilmişdir. Beləliklə, yuxarıda istinad olunanalra əsaəsn, Cavabdeh 22.818 manat pul vəsaiti, əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 1.521,20 manat pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 164 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 164 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 22.818 (iyirmi iki min səkkiz yüz on səkkiz) manat, əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 1.521,20 (bir min beş yüz iyirmi bir manat iyirmi qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 164 (bir yüz altmış dörd) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1190/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1190/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver