Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1282/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş X3 daxil edilməsi öhdəliyinin cavabdehə və maraqlı şəxsə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş X3 daxil edilməsinin Cavabdeh MMC-yə və X6 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh tərəfindən 26 noyabr 2015-ci il tarixdə turların təşkili üzrə operator vəzifəsinə işə qəbul edimişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. 30 noyabr 2015-ci il tarixdə əmək müqaviləsi bildirişi X3 daxil edilmişdir. 01 sentyabr 2016-cı il tarixdə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir və bu barədə məlumat əmək kitabçasına işlənmişdir - əmr 04, 01 sentyabr 2016. X3 baxan zaman iddiaçıya məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş X3 daxil edilməmişdir və əmək müqaviləsi aktivdir. Halbuki iddiaçı işdən çıxdığı gündən bir gün də olsun bu Cavabdeh MMC-də işləməmiş və ona heç bir əmək haqqı verilməmişdir. Buna görə də iddiaçı başqa işəgötürənlə əsas iş yeri olaraq əmək müqaviləsi bağlaya bilmir. Göründüyü kimi səbəb iddiaçının əmək müqaviləsi bildirişinin sistemdə aktiv olmasıdır. Elektron informasiya sistemi işəgötürənin məlumatları əsasında prosesləri tənzimləyən proqram təminatıdır. İddiaçı işəgötürən tərəfindən bildirişin ləğvetmə prosesinin elektron informasiya sistemində həyata keçirilməsinə nail ola bilməmişdir, çünki iddiaçı işəgötürəni tapa bilmir, bu səbəbdən də elektron informasiya sistemində məlumatın əlavə edilməsi mümkün olmamışdır, bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində aktiv görsənir. Bu səbəbdən də iddiaçı işə qəbul edilə bilmir, əmək müqaviləsinin aktiv olması onun işsiz qalmağına səbəb olur. Bununla bağlı iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmiş, ona verilmiş cavabda əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X3 daxil edilməsi hüququnun X6 Xidmətinə həvalə edilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi bağlanmış əmək müqaviləsinə başqa qaydada xitam verilməsi mümkün deyildir və həmin əmək müqaviləsinə xitam verilməsi iddiaçının hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Əmək hüquqlarının həyata keçirilməsi üçün iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş informasiya sisteminə yerləşdirilməlidir. Göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən 01 sentyabr 2016-cı il tarixdə 04 nömrəli əmrlə işdən azad olunsa da əmək müqaviləsi bildirişi elektron informasiya sistemində ləğv edilməmişdir. Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı X3 gücləndirilmiş elektron imza və asan imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə elektron qaydada məlumat göndərilməsi üçündür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7032/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizə geri qaytarılmış və qərardadda bildirilmişdir ki, mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iddia tələbini təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə təqdim etdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 26 noyabr 2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh MMC-də operator vəzifəsinə qəbul edilmişdir. İddiaçının əmək müqaviləsinə 01 sentyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş işəgötürən tərəfindən mərkəzləşdirilmiş X3 daxil edilməmişdir. İddiaçı məsələ ilə bağlı X6 Xidmətinə müraciət etmiş, 4 saylı region üzrə X5 14 oktyabr 2019-cu il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, elektron informasiya sistemində işçilərin qeydiyyatı və işdən çıxarılması işəgötürənin səlahiyyətlərinə daxildir və məsələ ilə bağlı iddiaçı məhkəməyə müraciət edə bilər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin X3 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini X3 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. 49-cu maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı X3 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərar) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun X3 daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”: 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin X3 daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmiş, lakin işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişi mərkəzləşdirilmiş X3 daxil etməmişdir. İddiaçı sonradan öz adına aktiv əmək müqaviləsinin olduğunu bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin X3 yerləşdirilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş X3 daxil edilməsi Cavabdeh MMC-yə həvalə edilməlidir. Məhkəmə iddia tələbinin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilməsi ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, hazırkı tələb qətnamənin icrasından irəli gələn məsələdir. Nə qədər ki, cavabdehin fəaliyyəti ilə bağlı hər hansı mötəbər dəlillər aşkar etmək mümkün olmamışdır qətnamənin icrası zamanı hər hansı çətinliklər yaranmaması üçün əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş X3 daxil edilməsi Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1282/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1282/2024
25.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver