Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1292/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-370/2020 saylı 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə cəmi 17.430,11 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə olunan pul hesabına 26.968,36 ABŞ dolları məbləğində borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-514/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2-2(102)- 497/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 87 saylı mənzil satılması üçün ilkin satış qiyməti 75.000 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. Mənzil 07 may 2021-ci il tarixli 40/02 saylı protokola və alğı-satqı müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən 63.750 manata əldə edilmişdir. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildədir. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 açıq hərraca çıxarılmış, İddiaçı BOKT ASC tərəfindən alınmışdır. Həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-yə məxsusdur. Bununla bağlı 16 iyun 2021-ci il tarixdə Çıxarış verilmişdir. Lakin Cavabdeh məxsus əşyalar həmin mənzildə qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisi olmuşdur, mübahisəli mənzil hərrac vasitəsi ilə İddiaçı BOKT ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 78, 87 saylı mənzil qətnamənin icrası ilə əlaqədar hərraca çıxarılmış və iddiaçıya təklif əsasında satılmışdır və hazırda həmin mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh isə mənzilin özgəninkiləşdirilməsindən sonra həmin mənzildən əşyalarını çıxarmamışdır, hazırkı mülkiyyətçi ilə arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma yoxdur. İddiaçı həmin mənzilin hazırkı mülkiyyətçisi olduğundan hazırkı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilindən cavabdehə məxsus əşyalar çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən cavabdeh 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus əşyalar İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 78, 87 saylı mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın. Cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1292/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1292/2022
14.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver