Məhkəmə qərarları › İş №e-2(011)-1333/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1333/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1333/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi (qardaşı) X8, Cavabdeh X3, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X6 və X7 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə - bundan sonra üçüncü şəxs) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin təhvil verilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh Vilayət Cəfərovla ilə Cavabdeh MMC arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanmış və Cəmiyyət ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili (Bundan sonra – Mənzil) Vilayət Cəfərovun mülkiyyətinə verməyi, Vilayət Cəfərov isə Mənzilin dəyərini tam olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 60 900 manat pulun Vilayət Cəfətov tərəfindən ödənilməsi və Vilayət Cəfərovun cavabdehə borcunun olmaması barədə Maliyə arayışı verilmişdir. Mənzilə dair Vilayət Cəfərovun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir.

2. Vilayət Cəfərovla ilə digər cavabdeh Tahir Hüseynov arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Mənzil Tahir Hüseynova satılmış və sonuncunun da Mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir. Mənzil hazırda Tahir Hüseynovun mülkiyyətindədir.

3. Həmçinin, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixdə 212 nömrəli müqavilə bağlanmış, cavabdeh Mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə Mənzilin dəyərini tam olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə Mənzilin dəyəri razılaşdırılmış 81 200 manat pulun iddiaçı tərəfindən ödənilməsi və iddiaçının cavabdehə borcunun olmaması barədə xx.xx.2008-ci il tarixdə Maliyə arayışı verilmişdir. Mənzilə dair iddiaçının mülkiyyəti hüquqları dövlət qeydiyyatına alınmamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış 8 aprel 2008-ci il tarixli 212 saylı müqaviləyə əsan Mənzilə sahiblik və istifadə etmək hüququnun əldə edilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı son olaraq iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış Mənzilin alqısatqısına dair 12 sentyabr 2007-ci il tarixli nömrəsiz müqavilənin etibarsız sayılması, həmin müqavilə əsasında Vilayət Cəfərovun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması, X11 arasında bağlanmış Mənzilə dair AN-1 № ******* saylı, 30 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, Tahir Hüseynovun adına Mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, Mənzilin boşaldılaraq iddiaçəya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onunla Cavabdeh MMC arasında (təsisçi X4 şəxsində) bağlanmış 8 aprel 2008-ci il tarixli müqaviləyə əsasən Mənzilin hər kv.m üçün 800 manat olmaqla, cəmi 81.200 manata iddiaçıya satılmışdır. Göstərilən məbləğ iddiaçı tərəfindən həmin tarixdə nağd şəkildə MMC-yə ödənilmiş və bu barədə müvafiq maliyyə arayışı verilmişdir. İddiaçı uzun müddətdir Kanadada yaşayır. 2008-ci ildə Bakı şəhərində tikinti işləri aparan "xxxx" Şirkətinə məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində 101.5 kv.m-dən ibarət 2 otaqlı mənzil alınması üçün müraciət etmiş və "xxxx" Şirkətinin sahibi kimi özünü təqdim edən İlham Qasımovla mənzilin hər kv.m-i üçün 1.000 ABŞ dolları ödəməyə razılaşıb, tam ödəniş edərək müqavilə bağlanmışdır. Bir müddət sonra binanın tikintisinin hansı mərhələdə olduğu ilə maraqlandıqda İlham Qasımov digər şəriki ilə ayrıldığını, bu səbəbdən binanın tikintisinin hələlik dayandığını bildirmişdir. 2012-ci ildə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımov onda olan mənzil-alqı satqısına dair "xxxx" şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair 08 aprel 2008-ci il tarixli 211 saylı müqaviləni tərtib edərək ona vermişdir. Əlavə olaraq 2012-ci ildə qaraj sahəsinin alınması üçün Cavabdeh MMC-nin təsisçisi İlham Qasımovla qiymət razılaşdırılımış və müqavilə bağlanmışdır. 2015-ci ildə növbəti dəfə Bakıya gəlib mənzillə maraqlandıqda İlham Qasımov şəxsən mənzilin giriş qapısının qoyulmasına icazə vermiş və mənzilin giriş qapısı iddiaçı tərəfindən qoyularaq qıfılla bağlanmışdır. Bir müddətdən sonra Cavabdeh MMC tərəfindən mənzilə qaz xətti çəkilməsi üçün icazə istənilmiş, lakin iddiaçı ölkə xaricində olduğu, mənzilin qapısının aşılmasında heç kimin iştirak edə bilməyəcəyi üçün iddiaçının şifahi razılığı ilə mənzilin qıfılı sındırılaraq qaz xətti çəkmişlər. Hər dəfə mənzillə maraqlandıqda və mənzilə baxış keçirilən zaman Cavabdeh MMC şirkətindən icazə alınmış, bu səbəbdən 2016-cı ildə İlham Qasımov ilə görüşüb mənzilin təmiri üçün müraciət edilmişdir. İddiaçını mənzilin sahibi kimi tanıdıqları üçün mənzilə daxil olmağa icazə vermişlər. Bundan əlavə mənzilin qapısının qıfılı qaz xətti çəkildiyi zaman sındırıldığı üçün 2016-ci ildə qapının qıfılı iddiaçı tərəfindən yenisi ilə əvəz olunmuşdur. İddiaçı ölkə xaricində yaşadığı üçün mənzilin tikintisinin hansı mərhələdə olduğu ilə mütamadi olaraq maraqlana bilməmiş, 2021-ci il sentyabr ayında mənzil ilə maraqlandıqda mənzildə artıq başqa şəxs tərəfindən təmir işləri aparıldığını, mənzilə guya çıxarış da alındığını öyrənmişdir. İlham Qasımov iddiaçı ilə şəxsən danışıqlar aparıb və onu mənzil sahibi kimi tanıyıb, lakin uzun müddət və dəfələrlə müraciətlər edilməsinə baxmayaraq Cavabdeh MMC-nin məsul şəxsləri müqavilədə nəzərdə tutulmuş qanuni, etibarlı və məcburi öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, bu günə qədər müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, qarşı tərəflə söhbət zamanı hər dəfə mənzil veriləcəyini bildirilsə də, heç bir nəticə əldə olunmamış, müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməsindən boyun qaçırılmışdir. Eyni iddia ilə Xətai rayon məhkəməsinə müraciət olunmuş, lakin cavabdehlə əldə olunmuş razılığa əsasən iddia baxılmamış saxlanılmış, lakin hazırda iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qalxdığı üçün yenidən iddia ərizəsiylə məhkəməyə müraciət olunmalıdır. Hazırki müqavilə 08 aprel 2008-ci ilə bağlandığı üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15 dekabr 2017-ci ilə qədər qüvvədə olmuş 178.8-ci maddəsində göstərilir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj, və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh Vilayət Cəfərovun vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, "xxxx" Şirkəti Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə hər hansı bir tikinti aparmamış, "xxxx" şirkətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ünvanda bina tikməyə razılıq sərəncamı verilməmişdir. "xxxx" şirkətinin Cavabdeh MMC-nin tikdiyi binada mənzil satmaq səlahiyyəti olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə İSR Holdinq Şirkətlər qrupunun xx.xx.2005-ci il tarixli 05 saylı məktubu nəzərə alınmaqla Xətai rayon F.Bayramov küçəsi 1156-cı məhəllədə həmin şirkətlər qrupunun Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsi İSR holdinq şirkətlər qurupunun istifadəsinə verilmişdir. İSR holdinq MMC ilə Cavabdeh MMC arasında 2007-ci ilin fevral ayında bağlanmış birgə fəaliyyət barədə müqavilədən müəyyən olunur ki, Xətai rayonu F.Bayramov küçəsindəki 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncamı ilə Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi məqsədi ilə İSR holdinq şirkətlər qrupunun istifadəsinə verilmiş və ayrılmmış ərazidə yaşayış binasının layihələndirilməsi və inşası "xxxx" MMCnin vəsaitləri hesabına həyata keçirilir. Göründüyü kimi, 2007-ci ilin fevral ayından etibarən qeyd olunan ərazidə yaşayış binası Cavabdeh MMC tərəfindən və onun vəsaiti hesabına layihələndirilmiş, tikilmiş və vətəndaşlara satılmışdır. Birgə fəaliyyət haqqında müqavilədən və BŞİH-nin sərəncamından da müəyyən olur ki, həmin binanın ərazisi “İSR” Holdinqə məxsusdur və orada binaların tikilməsi və mənzillərin satılması hüququ yalnız "xxxx" MMC-yə məxsusdur. iddiaçı Audit yoxlamasına dair aktda sözügedən mənzilin xx.xx.2008ci ildə İddiaçı Kamil qızına satıldığına istinad etsə də, əslində 2012-ci ildə sözügedən mənzilə dair müqavilənin 2008-ci ilə arxa tarixlə yazıldığını iddiaçı özü öz iddia ərizəsində etiraf etmişdir. Buradan da görünür ki, həmin Audit yoxlamasına dair aktın mötəbərliyindən söhbət belə gedə bilməz. Bundan əlavə, nə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daşınmaz əmlaka dair mülkiyyətin reyestrini aparan orqan deyil, nə də ki Audit yoxlamasına dair akt daşınmaz əmlaka dair mülkiyyəti təsdiq edən sənəd deyildir. Bununla belə, Cavabdeh MMC-yə qarşı olan oxşar işlər üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən götürülmüş 30 yanvar 2013-cü il tarixli Cavabdeh MMC-də aparılmış Audit yoxlamasına dair akt mötəbər sübut kimi qəbul edilməmiş, mülkiyyətçinin mülkiyyət hüququnu təsdiq edən çıxarış əsas götürülmüşdür. xx.xx.2007-ci il tarixli müqavilə üzrə Vilayət Cəfərov Cavabdeh MMC-dən Mənzili almışdır. Pay dəyərinin tam ödənilməsinə dair Vilayət Cəfərova maliyyə arayışı da verilmiş, xx.xx.2020-ci il tarixdə isə ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Vilayət Cəfərov Mənzili alıcı X1. Mübahisəli mənzilə dair Vilayət Cəfərovun və Tahir Hüseynov arasında alqı-satqı müqaviləsi bağlandığı vaxt mənzil üzərində sonuncunun xeyrinə reyestrdəki qeyd həqiqi olmuş, üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Tahir Hüseynova AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmiş və Texniki pasport tərtib edilmişdir. X9 hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin mənzil alındığı vaxtdan bu günədək iddiaçı və ya hər hansı başqa şəxslər mənzillə bağlı onu və ailə üzvlərini narahat etməmiş, mənzilə iddia etməmişlər. Göründüyü kimi, Cəfərov Vilayət vicdanlı alıcıdır. V.Cəfərov sözügedən mənzili alarkən müqavilənin legitimsizliyi barədə onda şübhə yarana bilməzdi. V.Cəfərov vicdanlı alıcı olduğundan, onun əmlak hüquqları qorunmalıdır.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ölkədə olmadığına görə Korrupsiyaya qarşı mübarizə idarəsində zərərçəkmiş şəxs qismində onun adı yox, Vilayət Cəfərovun adı qeyd olunub.

9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, mübahisəli Mənzilə görə pulu “Avesta” şirkətinin ofisində sayaraq İlham Qasımovun göstərişi ilə mühasibatlığa vermişdir. 2012-ci ildə tikinti maraqlandıqda İlham Qasimov "xxxx" Şirkətinin təsisçiliyindən çıxdığını bildirmiş və həmin vaxt "xxxx" Şirkəti ilə bağlanmış müqavilə Cavabdeh MMC ilə bağlanmış müqavilə ilə əvəzləşdirilmiş, hətta sonuncu müqavilədəki tarix də əvvəlki - "xxxx" Şirkəti ilə bağlanmış müqavilənin tarixinə uyğunlaşdırılaraq xx.xx.2008-ci il yazılmışdır. Buna görə də, Cavabdeh MMC iddiaçıya Maliyyə arayışı vermişdir. Hətta onlara bildirmişlər ki, sizi yaxından tanıyırıq, üzrxahlıq olaraqda həmin binadan bir qarajda verərlər.

10. Cavabdeh Vilayət Cəfərov, onun vəkili və nümayəndəsi yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər.

11. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən MMC-yə heç bir vəsait daxil olmayıb. Həmçinin iddiaçı tərəfindn İlham Qasımova pul vəsaitinin verilməsi də öz təsdiqini tapmadı. Vilayət Cəfərov tərəfindən ödəniş edilərkən orada olmasa da, onun tərəfindən ödənişlərin edilməsi barədə qəbzlər mövcuddur. İddaiçı müqaviləni "xxxx" Şirkəti ilə bağlamış və pulu da həmin şirkətə ödəmişdir.

12. Cavabdeh Tahir Hüseynov məhkəmə baxışı zamanı ona aid hissədə iddia ərizəsinə etiraz edərək bildirdi ki, qanuni əsaslarla mənzil alıb, odur ki, iddia tələbini ona aid hissədə təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

14. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

16. Maddə 337.1 və 337.2-ci bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

17. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

23. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Tərəflər arasındakı mübahisə Mənzilə dair həm Vilayət Cəfərov Cavabdeh MMC arasında bağlanmış, həm də Vilayət X11 arasında bağlanmış alqı-satqı müqavilənin etibarsızlığı, həmçinin sonuncuların Mənzilə dair çıxarışlarının ləğvi ilə bağlıdır. Odur ki, mübahisələndirilən hər iki müqavilənin etibarlı olub-olamaması ilə bağlı hüquqi əsasların araşdırılaraq qiymət verilməsinə zərurət vardır.

25. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

26. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2007-ci tarixli müqavilədən görünür ki, Mənzilin tikilib Vilayət Cəfərova təhvil verilməsi barədə podrat müqaviləsi bağlanmışdır. İddiaçı istinad edilən müqaviləyə əsaslanaraq hazırkı iş üzrə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Etibarsızlığın əsas səbəbi olaraq iddiaçı ona istinad etmişdir ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş bina üzrə dələduzluq edilmə faktları mövcud olmuş və bu faktların üzə çıxarılması üçün Azərbaycan Repsublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılmışdır. Hazırkı məsələlərin araşdırması zamanı istintaq orqanında ünvan 4 ünvanında inşa edilən binada yerləşən mənzillərin kimə məxsus olması ilə bağlı siyahı tərtib edilmişdir. 30 yanvar 2013-cü il tarixli akta əlavə edilmiş siyahıda 1 saylı yaşayış binasının 101,5 kv.m olan 21 saylı mənzilin Cəfərov Vilayətin adına rəsmiləşdirilməsi qeyd olunmuşdur. İddiaçı hazırkı siyahının 2013-cü il tarixdə tərtib olunmasına və bu siyahıda mübahisəsi gedən mənzilin V.Cəfərovun adına deyil, onun adına olmasını əsas gətirərək Vilayət Cəfərovla müqavilənin sonradan geri tarixlə bağlanmış müqavilə olmasına istinad etmişdir.

27. Mülki Məcəllənin tələblərinə əsasən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Məhkəmə Məcəllənin etibarsızlıqla bağlı təsbit etdiyi dispozitiv şərtləri hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

28. İddiaçı Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında bağlanmış müqavilənin sonradan əvvəlki tarixlə bağlanmasına, yəni müqavilənin saxtalaşdırılmaqla onun məzmunua dair tələblərin pozulmasına istinad edərək etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf də həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış müqavilədən əvvəl iddiaçı ilə "xxxx" Şirkəti arasında mübahisəli Mənzilə dair müqavilə bağlanmış və iş materiallarına əlavə edilmiş "xxxx" Şirkəti tərəfindən xx.xx.2008-ci il tarixli arayışda da qeyd edilmişdir ki, iddiaçının ünvan 4 ünvanında yerləşən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində 101,5 kv.m.-dən ibarət 2 otaqlı yaşayış sahəsinə görə borcu yoxdur. İşin bu halı iddiaçının nümayəndəsi (qardaşı) İlqar Əliyev tərəfindən də məhkəmə baxışında təsdiq edilmiş, həmçinin nümayəndə bildirmişdir ki, mübahisəli Mənzilə görə pulu “Avesta” şirkətinin ofisində sayaraq İlham Qasımova (onun göstərişi ilə kassaya) vermiş, sonradan İlham Qasimov "xxxx" Şirkətinin təsisçiliyindən çıxdığından həmin şirkətlə bağlanmış müqavilə Cavabdeh MMC ilə bağlanmış müqavilə ilə əvəzləşdirilmiş, hətta sonuncu müqavilədəki tarix də əvvəlki - "xxxx" Şirkəti ilə bağlanmış müqavilənin tarixinə uyğunlaşdırılaraq xx.xx.2008-ci il yazılmışdır. Buna görə də, Cavabdeh MMC iddiaçıya Maliyyə arayışı vermişdir.

30. Eləcə də, iddia ərizəsinin həcminin artırılması barədə ərizədə iddiaçının nümayəndəsi göstərmişdir ki, iddiaçı uzun müddətdir ki, Kanadada yaşayır. 2012-ci il tarixdə yenidən tikintinin gedişi ilə maraqlandıqda İlham Qasımov onda olan mənzil alqısatqısına dair "xxxx" Şirkəti ilə bağlanmış müqaviləni götürərək Cavabdeh MMC-dən mənzil alınmasına dair xx.xx.2008-ci il tarixli, 211 saylı müqaviləni tərtib edərək ona vermişdir.

31. Digər bir tərəfdən, işin fatiki hallarından da bəlli olur ki, iddiaçı ilə bağlanmış müqavilədən daha əvvəl Vilayət Cəfərovla Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, istər Vilayət Cəfərovla, istərsə də iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə mahiyyətcə podrat müqavilələridir. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da (podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür) görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin həcmi və buna uyğun muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır. İş materialları ilə də müəyyən edilir ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə üzrə Vilayət Cəfərov öhdəliyini icra edərək Mənzilin dəyərini ödəmiş, Cavabdeh MMC isə öhdəliyini yerinə yetirirək 2018-ci il tarixdə Mənzili ona təhvil vermiş, Vilayət Cəfərov isə xx.xx.2020ci il tarixdə Mənzilə dair Çıxarış əldə etmişdir. İddiaçı isə Mənzilin 2015-ci il tarixdə Mənzilə giriş qapısı qoyduğunu, həmçinin 2016-cı il tarixdə qaz xəttinin çəkilişi üçün icazə verdiyini iddia etsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

32. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC ilə iddiaçı və Vilayət Cəfərov arasında bağlanmış həm podrat müqaviləsi olduğundan, həm də Mənzil fərdi-müəyyən edilən əşya olduğundan onun daha əvvəl kimə təhvil verilməsinin xüsusi önəmi vardır. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə kreditorun fərdimüəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın. İşin mübahisəsiz halları ilə isə müəyyən edilir ki, Mənzil Vilayət Cəfərovla bağlanmış müqavilə əsasında hazırda digər cavabdeh Tahir Hüseynovun mülkiyyətindədir.

33. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında müqavilə daha əvvəl bağlanməş və Mənzil ona daha əvvəl təhvil verilmişdir. İddiaçı ilə Mənzilə dair müqavilə əvvəl "xxxx" Şirkəti ilə bağlansa da, habelə tarixi xx.xx.2008-ci il göstərilsə də, onunla Cavabdeh MMC arasında Mənzilə dair müqavilənin, əslində 2012-ci ildə bağlanması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Bu halda, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC ilə Vilayət Cəfərov arasında Mənzilə dair xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia həmin hissədə, yəni xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və V.Cəfərova Mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir.

34. Məhkəmə iddia tələbinin Vilayət Cəfərovla və Tahir Hüseynov arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə qiymət verərək hesab edir ki, iddiaçı məhz Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış olan müqavilənin etibarsız olduğu üçün sonradan Vilayət X11 arasında bağlanmış müqavilənin də etibarsız hesab olunmasını xahiş etmişdir. Nə qədər ki, Vilayət Cəfərovla Cavabdeh MMC arasında bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir, iddia tələbi Vilayət X11 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, Tahir Hüseynov vicdanlı alıcı olmaqla mənzili reyestrin həqiqiliyi prezumpsiyasına istinadən əldə etmiş, və bugün də mənzildə yaşamaqdadır.

35. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar).

36. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı).

37. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.

38. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

39. Məhkəmə iddia tələbinin Mənzilin iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, nə qədər ki, iddia tələbinin birinci və ikinci hissəsində iddia təmin olunmayıb, bu hissədə də iddia tələbi rədd edilməlidir.

40. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar