Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1433/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 7 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə valideynlərinin məsləhəti ilə 2024-cü ilin mart ayında nişanlanmışdır. Nişanlı olduğu müddətdə cavabdehin ailəsində və özünün getdikcə daha çox büruzə verdiyi passiv hərəkətlərində gördükləri onda bu ailəyə qarşı ikrah hissi yaratmışdır. Gələcəkdə onun təhsilinə xərcləri çıxmasın deyə onu atasının xəbəri olmadan magistraturadan çıxarmışlar. Toy gününə 2 gün qalmış isə onlardan elə eybəcərliklər görmüşdür ki, artıq buna dözə bilməzdi. Cavabdeh bu ailədə heç bir hüququ olmayan əşya kimi bir varlıqdır. Demək olar ki, bütün hüquqları atanın əlindədir. Atanın razılığı olmadan 1 manat belə xərcləyə bilməz və o, bu ailəyə daxil olardısa ata evində gördüyü ən sadə, ən səmimi həyat tərzini dəyişib qaynatasının diktəsi ilə oturub-durmalı idi. Belə bir evliliyin ömrü isə ən uzağı 1-2 ay çəkə bilərdi. Bunları nəzərə alaraq o, ailə qurulmadan bu evliliyin baş tutmaması üçün valideynlərinə müraciət etmişdir. Valideynləri onu başa düşərək nişan üzüyünü cavabdehin valideynlərinə qaytarmışdır. Qısa bir vaxt ərzində bu ailə tərəfindən elə anlaşılmaz hallara rast gəlmişdir ki, gələcək həyatını bu ailə ilə davam edə bilməzdi. Gələcək peşmançılıqlara bəri başdan son qoyulması üçün bunu etmiş və valideynləri onu dəstəkləmişdir. Onların nikahı adətənənəyə uyğun olaraq toydan 1 ay 10 gün əvvəl qeydə alınmışdır. Belə ki nikah 7 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, qızı ilə cavabdehin məqsədi ailə qurmaq olmuşdur, onlar arasında rəsmi nikah bağlansa da, el adəti ilə toy olmamış və gənclər bir-birindən ayrılmışdır. Ona görə də, hesab edir ki, bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia ərizəsini qəbul edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin o, da bildirmişdir ki, iddiaçı ilə ailə qurmaq məqsədi ilə nikaha daxil olsalar da, onların toy mərasimi olmamış və bir-birlərindən uzaqlaşmışlar. Ona görə də məhkəmədən nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2024-cü il tarixdə 7 saylı Bakı “ASAN Xidmət” X3 2342 №-li akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.) 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.) 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında izahat verərkən, tərəflər arasında nikah bağlanarkən onların məqsədinin məhz ailə qurmaq olduğunu bildirmiş və qeyd etmişlər ki, Ailə Məcəlləsində nikahın etibarsız hesab edilməsi üçün əsas olmuş halların heç biri mövcud olmamışdır. Lakin gənclər arasında nikahın rəsmiləşdirilməsinə baxmayaraq, sonradan aralarında münasibət pozulmuş və el adəti ilə toy mərasimi olmamışdır. Ona görə, hesab edirlər ki, nikah etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, nikahın etibarsız hesab edilməsi üçün əsaslar Ailə Məcəlləsində dəqiq göstərilmişdir. İş materialları və tərəflərin izahatı ilə sübut olunur ki, tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün həmin əsaslardan heç biri mövcud deyil. İddia ərizəsindən və tərəflərin izahatlarından aydın olur ki, iddiaçı ilə cavabdeh ailə qurmaq məqsədi ilə nikaha daxil olmuşlar. Lakin sonradan onlar arasında münasibətlər pozulmuşdur. Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq bağlanmış nikah etibarlıdır və həmin nikaha daxil olan şəxslər ailə münasibətlərini davam etdirmək istəmədikləri halda nikahın etibarsız hesab edilməsi üçün deyil, nikahın pozulması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara müraciət etməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi cavabdeh tərəfindən etiraf edilsə belə, bu etiraf məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, iddiaçı tərəfindən iddianın əsaslandırılmaması, cavabdeh tərəfindən isə iddianın etiraf edilməsi halında, yalnız cavabdehin etirafına görə iddianın təmin edilməsi Ailə Məcəlləsinə uyğun olaraq bağlanmış etibarlı nikahın heç bir əsas olmadan etibarsız sayılmasına və ailə qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olar. Odur ki, məhkəmə MPM-nin 52.5-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsini qəbul etmir və işə mahiyyəti üzrə baxır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-1433/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1433/2025
16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver