Məhkəmə qərarları › İş №e-2(011)-1454/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1454/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1454/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1284 (bir min iki yüz səksən dörd) manat 50 (əlli) qəpik məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli “Borcun etirafı və X3” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçıMMC-yə 1284 (bir min iki yüz səksən dörd) manat 50 (əlli) qəpik borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2021-ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 1284 (bir min iki yüz səksən dörd) manat 50 (əlli) qəpik borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Cavabdeh ilə İddiaçıMMC arasında imzalanmış xx.xx.2021il tarixli “Borcun etirafı və X3” müqavilənin 3.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır İddiaçının nümayəndəsi ərizə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Borcun Etirafı və X3 Müqavilə”-nə əsasən Cavabdeh OBA Radiozavod mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış invertarizasiya nəticısində vurduğu zərərə görə İddiaçı MMC-yə 1284.50 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanmış “Borcun Etirafı və X3 Müqavilə” bağlanmış və cavabdeh 1284 (bir min iki yüz səksən dörd) manat 50 (əlli) qəpik borcunun olduğunu etiraf etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Borcun Etirafı və X3 Müqavilə” bağlanılmışdır. Lakin Cavabdeh İddiaçı MMC-yə 1284.5 manat məbləğində pulun ödənilməsinə dair üzərinə öhdəlik götürdüyünə baxmayaraq öhdəliyini icra etməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir iddiaçı tərəfindən İddiaçı MMC-də çalışan maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürdüyü halda aparılmış inventarizasiya yoxlamaları nəticəsində 1284,50 manat məbləğində müvafiq malların çatışmadığı aşkar olunmuş və Cavabdeh iddiaçı qarşısında dəymiş zərərə görə maddi məsuliyyəti yaranmış və o, öz məsuliyyətini qəbul etmişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 1284.50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1284 (bir min iki yüz səksən dörd) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar