Məhkəmə qərarları › İş №e-2(011)-1461/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1461/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1461/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edərək, 3.780 (üç min yeddi yüz səksən) manat məbləğində borcun, ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun, hüquqi yardımla bağlı çəkdiyi 300 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dostudur. O, müxtəlif vaxtlarda fərqli səbəblər üçün iddiaçıdan borc pul istəmişdir. O isə cavabdehlə dostluq, yoldaşlıq münasibətlərində olduğundan ona istədiyi məbləğlərdə pul vermişdir. Belə ki, ilk dəfə 15 dekabr 2022-ci ildə 1+199 manat (200 manat) onun kartına göndərmişdir, ehtiyacı olduğunu maaşda qaytaracağını dedi və qaytarmadı. İkinci dəfə 4 aprel 2023cü ildə 700 manat onun kartına göndərmişdir, köhnə borcunu qaytara bilmirdi və bu borcdan sonra ikisini bir yerdə qaytaracağınıa söz vermişdir. Üçüncü dəfə eyni səbəblə 12 aprel 2023-cü ildə 300 manat onun kartına göndərmişdir. Dördüncü dəfə işi üçün ona vacib pul lazim olması səbəbilə 13 may 2023-cü ildə 10+990 manat (1.000 manat) onun kartına göndərmişdir. Beşinci dəfə bibisinin əməliyyatı üçün 1.000 manat nağd pul vermişdir. Altıncı dəfə cib xərcliyi kimi çətin vəziyyətdə qaldığına görə 13 iyul 2023-cü ildə 80 manat onun kartına göndərmişdir. Yeddinci dəfə 15 avqust 2023-cü il onun ad günündə 100 manat nağd pul vermişdir Səkkizinci dəfə işində ciddi problem yaranması səbəbilə 16 avqust 2023-cü ildə 1+499+500 manat (1.000 manat) onun kartına göndərmişdir, işini həll edib kredit götürüb bütün borcunu bağlayacağını deyirdi. Sonuncu dəfə 5 noyabr 2023-cü ildə onun kartına 500 manat göndərmişdir, işlərinin yekunlaşdığını kredit götürüb bütün borcunu bağlayacağını deyirdi. Sonuncu borcu verdikdə ertəsi günü bütün məbləğin onda olacağını dedi. Lakin vədinə yenə əməl etmədi. O, cavabdehə ümumilikdə 4.880 manat borcun 1.100 manat nağd və 3.780 manat kartla göndərmişdir. Vəsait “M10” tətbiqi ilə onun kartına göndərilmişdir. Cavabdehdən dəfələrlə həmin borcu ödəməsini xahiş etsə də, o ödəniş etməmişdir. Daha sonra borcun bir hissəsinin hissə-hissə olmaqla, cəmi 1.100 manat ödəmiş, qalan məbləği isə bu günə kimi ödəməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçı borc pulları cavabdehə bank vasitəsilə və nağd qaydada vermişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə bank vasitəsilə cavabdehə 200 manat, xx.xx.2023-cü il tarixdə bank vasitəsilə 700 manat, xx.xx.2023-cü il tarixdə bank vasitəsilə 300 manat, xx.xx.2023-cü il tarixdə bank vasitəsilə 990 manat və 10 manat; tarixini xatırlamadığı növbəti tarixdə nağd qaydada 1.000 manat, xx.xx.2023-cü il tarixdə bank vasitəsilə 80 manat, xx.xx.2023-cü il tarixdə nağd qaydada 100 manat, xx.xx.2023-cü il tarixdə bank vasitəsilə 1 manat və 499 manat; sonuncu dəfə xx.xx.2023-cü il tarixdə bank vasitəsilə 500 manat borc vermişdir. Bununla da iddiaçı cavabdehə bank vasitəsilə 3.780 manat, nağd qaydada 1.100 manat vermişdir. 1.100 manatı cavabdeh qaytarmışdır, həmin pulun 300 manatını iddiaçının kartına göndərmişdir, qalan 800 manatını nağd vermişdir. İddiaçıya verdiyi 3.780 manat borcun və məhkəməyə müraciət ilə əlaqədar çəkdiyi xərclərin cavabdehdən tutulmasını tələb edir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, cavabdehin qaytardığı 1.100 manat pul məbləği məhkəməyə müraciət olunanadək qaytarılmış pul məbləğidir. Həmin məbləğin qaytarılmasından sonra cavabdehə hər hansı borc məbləği verilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx"ın “Birbank” tədbiqi vasitəsilə karta köçürmə qəbzlərindən görünür ki, 4169 73** **** 6368 nömrəli karta 15 dekabr 2022-ci il tarixdə 200 manat və 1 manat, 04 aprel 2023-cü il tarixdə 700 manat, 12 aprel 2023-cü il tarixdə 300 manat, 13 may 2023-cü il tarixdə 1000 manat və 10 manat, 13 iyul 2023-cü il tarixdə 80 manat, 16 avqust 2023-cü il tarixdə 499 manat; 1 manat, 500 manat olmaqla, cəmi 1.000 manat, 05 noyabr 2023-cü il tarixdə 500 manat köçürülmüşdür. İş materiallarında olan əlavə xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin ******************** nömrəli hesabına 300 manat məbləğində vəsait cari hesabın artırılması xidməti vasitəsilə nağd şəkildə köçürülmüşdür İş materiallarında olan PashaPay ödəniş sistemindən İddiaçı adlı müştərinə məxsus olan hesabdan çırxarışdan görünür ki, həmin hesabdan 4169 73** **** 6368 nömrəli karta 15 dekabr 2022-ci il tarixdə 200 manat, 04 aprel 2023-cü il tarixdə 700 manat, 13 may 2023-cü il tarixdə 1000 manat, 12 aprel 2023-cü il tarixdə 300 manat, 13 iyul 2023-cü il tarixdə 80 manat, 16 avqust 2023-cü il tarixdə cəmi 1.000 manat, 05 noyabr 2023-cü il tarixdə 500 manat pul köçürülməsi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 4169 73** **** 6368 nömrəli plastik kartı Cavabdeh məxsusdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, yaranmış borc münasibətlərinin şərtləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən tənzimlənmişdir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda 3.780 manat məbləğində pulu bank vasitəsilə köçürmüşdür. İddiaçının cavabdehə bundan əlavə nağd qaydada da pul borcu verməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdehin iddiaçıdan 3.780 manat məbləğində pulu alması və 1.100 manat pulu qaytarması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbləri qismən təmin edilərək 2.680 (iki min altı yüz səksən) manat pul ödənilməmiş borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə tərəflərin arasında aparılmış bütün nağdsız hesablaşmaların həcmini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğinin cavabdehdən tutulması ilə bağlı iddia tələbinə qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, göstərilən hissədə də iddia qismən təmin edilməli və hüquqi yardım üçün ödənilmiş 134 manat xərc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2.680 (iki min altı yüz səksən) manat ödənilməmiş borc məbləği və 134 (bir yüz otuz dörd) manat hüquqi yardımla bağlı çəkilmiş xərclər olmaqla, cəmi 2.814 (iki min səkkiz yüz on dörd) manat pul məbləği və 59 (əlli dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar