Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1487/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə ½ hissədə pay hüququnun tanınması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus ünvan 3, mənzil 74-də yaşamaq hüququ və həmin mənzilə dair onun ½ hissədə pay hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahları dövlət qeydiyyatına xx.xx.2001-ci ildə alınmışdır. Birgə nikahlarından xx.xx.2002-ci ildə oğlu X6, xx.xx.2004-cü ildə oğlu X7 və xx.xx.2012-ci ildə oğlu - X5 doğulmuşlar. İddiaçı ailə qurarkən cavabdehin evi, işi, maşını olduğu üçün təminatlı gələcəyinə ümid edirdi. Lakin ona 3 oğul övladı bəxş etməsinmə baxmayaraq Cavabdeh ona və övladlarına qarşı çox diqqətsizdir. O, ailə qayğısı çəkmir, uşaqların saxlanmasına maddi yardım göstərmir. Ailənin qorunması, maddi təminatının ağır olduğu barədə iddiaçının iradlarına baxmayaraq heç bir yerdə işləmir və istədiyi kimi yaşayır. Cavabdeh ali təhsillidir, ixtisasca mühəndisdir. Lakin son 10 ildir heç bir yerdə işləmək istəmir. Fiziki cəhətdən sağlamdır. O, bu cür davranışı daha çox 2018-ci ildən sonra göstərməyə başlamışdır. Həmin vaxtdan evdən çıxmışdır. Elə o vaxtlardan da evi sataraq biznes qurmaq istədiyini bildirir. Cavabdehlə ailə quran vaxtdan isə birlikdə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzildə birgə yaşayırdılar. Sonra cavabdeh həmin 4 otaqlı mənzili 2009-cu ildə əsaslı şəkildə təmir etdirərək, 65.000 ABŞ dollarına onun razılığı ilə sataraq əldə etdikləri pula hal-hazırda yaşadıqları ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 143 kv.metr olan 3 otaqlı 74 nömrəli (pod mayak) mənzili əsaslı şəkildə təmir etdirərək oraya köçmüşlər. Lakin qayınanası xx.xx.2020-ci ildə vəfat edəndən sonra ailə daxilində münasibətlər gərginləşmişdir. Əri 10 ildir ki, heç bir yerdə işləmək istəmədiyi üçün ailənin maddi durumu ağırlaşmışdır. O, atasının pensiyası ilə dolanır. Onun işləməyinin də əleyhinə olduğuna görə, bütün ailə qayınatasının pensiyası hesabına yaşayırdı. Ərinin anası və atası ilə münasibətləri yaxşı olsa da, onlar onu müxtəlif bəhanələrlə yaşadıqları mənzilə qeydiyyata almayıblar. Övladlarını isə ərinin qeydiyyatda olduğu Buzovna qəsəbəsindəki ünvana qeydiyyata saldırmışdır. Əri onlara baxmasa da, üç oğlan övladı var deyə ondan ayrılmaq istəmir. Lakin o, uşaqlara baxılmasında köməklik etmir. Övladlara iddiaçı özü baxır. Cavabdeh onların ac və ya tox olduğu ilə maraqlanmır. Cavabdeh 14 ildir yaşadıqları mənzildən onları ümumiyyətlə çölə atmaq və evsiz-eşiksiz qoymaq istəyir. Bu barədə dəfələrlə onu və uşaqları hədələmişdir. Lakin iddiaçı ona ərə gələndə o, belə deyildi. Onun evi, işi var idi deyə ona ərə gəlmişdir. Lakin o, sonradan pozuldu. Yaşadığı evi o, 2020-ci ildə anası vəfat edəndən əvvəl də satmaq istəyib, lakin anası biləndə icazə verməyib. Çünki anası deyirdi ki, o, heç bir ciddi işlə məşğul ola bilmir. 4 dənə maşını var idi. Hamısını satıb pulunu dağıdıb. İddiaçı cavabdehin bu evi də satmaqla əldə edəcəyi pulu xərcləmək niyyətini o zaman anlamışdır. Çünki ərinin davranışları və oturub-durduğu adamlar şübhəli idi. Bu səbəbdən iddiaçı evin satılmasına etiraz etmişdir və ilk dəfə 2020-ci ildə Azərbyacan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə ərizə ilə müraciət etmişdir ki, evinin alqısatqısı barədə müraciət olarsa, onun bu ərizəsini nəzərə alaraq razılığı olmadan alqı-satqı etməsinlər, çünki əri ilə aralarında əmlak mübahisəsi vardır. Əri deyir ki, evi satmaq və biznes qurmaq istəyir ki, daha yaxşı yaşasınlar. Onların isə özünün də qeydiyyatda olduğu atasının bağ evinə köçmələrini təklif edir. Həmin bağ evi Buzovna qəsəbəsində yerləşir və qayınatasının adınadır. Qayınatasının cavabdehdən də başqa övladı var. Yəni həmin bağ evi gələcəkdə vərəsələr arasında mübahisə predmeti olacaqdır. Bundan başqa, əri Rövşən övladlarını düşünmüş olsa idi, 10 il işsiz duraraq divanda yatmazdı, övladları acdırmı-toxdurmu deyə maraqlanardı. Cavabdehlə danışanda isə ona deyirdi ki, “ondan aliment istəməsin, istəyirsə ev də sizin olsun, gedin aboylarını yeyin”. Hal-hazırda yaşadıqları mənzil şəhərin mərkəzinə yaxındır. Övladlarından Mikayıl bu ərazidə məktəbə gedir. Oğlu Kənan isə DİM-də 600-dən yuxarı bal toplamaqla Azərbaycan-Fransız Universitetinin və ADNSU-nun geofizika mühəndisliyi fakültəsinə əyani təhsilə qəbul olmuşdur və 2-ci kursda əyani təhsil alır. Həmin universitet də evinə yaxındır. Onlar demək olar ki, nəqliyyatdan istifadə etmir, məktəbə, işə və universitetə piyada gedirlər. Böyük oğlu Fərhad isə Rusiya Federasiyasının Tomsk şəhərində Politexnik universitetində əyani əsaslarla Ali təhsil alır. Maddi durumu çox ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim tərbiyəsində və təhsilində cavabdeh iştirak etmir. Halbuki, böyük oğlu Fərhad və ortancıl oğlu Kənan universitetə qəbul imtahanlarına hazırlaşarkən, cavabdeh onları müəllim yanına hazırlıqlara qoymaqdan belə imtina etmişdir. Ona görə iddiaçı kiçik oğlu Mikayılı dayənin yanında saxlayaraq, aptekdə gecə növbəsində əczaçı kimi çalışırdı ki, övladları layiqli təhsil ala bilsinlər. Yaşadıqları evi vaxtilə Bakı şəhər İHBnın xx.xx.2009-cu il tarixli orderi və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci ildə 37.500 manata qayınanası Gözəl Allahverdiyeva öz adına almışdır. xx.xx.2011-ci ildə isə ünvan 1 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzili əri 65.000 ABŞ dollarına sataraq əldə etdiyi pulu hal-hazırda övladları ilə yaşadıqları mübahisəli evin təmirinə xərcləmişdir. Bakıxanov qəsəbəsində satdıqları mənzilin və indi yaşadıqları mənzilin təmirində onun da əziyyəti çox olub. Belə ki, anası ona təmir vaxtı pul yardımları da edirdi, özü də təmir vaxtı və ondan sonra təmizlik işləri və ustalarla, fəhlələrə yemək verməklə, onlara qulluq etməklə təmirdə iştirak etmişdir. Bir il sonra, yəni xx.xx.2012-ci ildə isə qaynanası yaşadığı mənzili cavabdehin adına bağışlama ilə keçirmişdir. Beş il bundan öncə isə cavabdeh evdən gedərkən ondan aliment tələb etməməyinin əvəzində o, yaşadığı mənzili onun və övladlarının istifadəsinə verdiyini iddiaçıya bildirmişdir. Bu barədə sübut kimi iddiaçı 2020ci ilin sentyabr ayında Ədliyyə Nazirliyinin Qeydiyat və Notariat Baş idarəsinə ünvanladığı məktubu və ona cavabı, həmçinin yaşadıqları mənzili tikən İslam MTK-nın cavab məktubunu təqdim edir. Hal-hazırda isə cavabdeh həmin öhdəliyini pozduğu üçün mənzildə yaşamaq hüququnun və həmin əmlakda ½ hissədə pay hüququnun məhkəmə qaydasında tanınmasını dair iddia ilə məhkəməyə müraciət edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianı müdafiə etdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 74 saylı mənzilə yaşamaq hüququnun və mənzilə ½ hissədə pay hüququnun tanınmasını tələb etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının öz iddia ərizəsində də etiraf etdiyi kimi, cavabdehin iddiaçı ilə nikaha daxil olana qədər mülkiyyətində mənzil olmuşdur. Həmin mənzil 4 otaqlı olmuşdur və ünvan 4 ünvanında yerləşmişdir. Hazırda yaşadıqları ünvan 3 ünvanında yerləşən 74 saylı mənzil isə Bakı şəhər İHB-nin xx.xx.2009-cu il tarixli orderi və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli maliyyə arayışı ilə mərhum anası Gözəl Allahverdiyeva tərəfindən alınmış və anasının da adına rəsmiləşdirilmişdir. Cavabdeh nikaha daxil olana qədər əldə etdiyi ünvan 4 ünvanındakı mənzilini sataraq onun pulu ilə anasına məxsus olan mənzili təmir etmişdir. Bu faktı iddiaçı özü də öz ərizəsində etiraf edir. Mənzili təmir etdikdən sonra köçüb həmin mənzildə yaşamışlar. Cavabdehin anası öz adına olan həmin mənzili xx.xx.2012-ci ildə bağışlama yolu ilə cavabdehin adına keçirmişdir. Göründüyü kimi, hazırda cavabdehin mülkiyyətində olan və iddiaçının da ½ pay haqqı tələb etdiyi mənzil əvəzsiz qaydada onun mülkiyyətinə keçmişdir. Odur ki, həmin mənzilin ½ hissəsinə pay hüququnun tanınması barədə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X8 bildirmişdir ki, Cavabdeh ailəsi və valideynləri ilə birgə ünvan 1 ünvanında yaşayanda onlar qonşu idi. Cavabdeh onun üst qonşusu olublar. O, Cavabdeh yaşadığı mənzildə təmir işlərinin aparıldığının şahidi olmuşdur. Məlumatı var ki həmin dövrdə evin dam örtüyü dəyişilmişdir, tikinti materialları gətirilmişdir. Həmin təmir işlərinin dəqiq məzmunu və kim tərəfindən ödənilməsi barədə tam məlumatı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2001-ci il tarixdə 732 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdurlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 10 ünvanında yerləşən 25 saylı mənzil Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli, 3MA-81 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhər notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 4Ə1/24 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X4 özgəninkiləşdirilmişdir. Sözügedən müqavilədə mənzilin satış qiyməti 52.909 manat olaraq qeyd edilmişdir. Həmin mənzil üzərində X3 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin məktubdan görünür ki, X2 adına ünvan 3 ünvanında yerləşən 74 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 032577 nömrəli orderinə və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli, 163 nömrəli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən maliyyə arayışında mənzilin satış qiyməti 37.500 manat olaraq qeyd edilmişdir. Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/486 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin mənzil Cavabdeh bağışlanmışdır. Həmin mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2012-ci ildə qeydiyyata lınmışdır və hazırda mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-nin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-nin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AM-nin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. AM-nin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. AM-nin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payındəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. AM-nin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. AM-nin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. MM-nin 222.2-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2001-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki yetkinlik yaşına çatan və bir yetkinlik yaşına çatmayan övladları anadan olmuşdur. Tərəflər arasında bağlanılmış nikah pozulmamışdur. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 74 nömrəli mənzil Cavabdeh adına mülkiyyət hüququ əsasında 2012-ci ildə qeydiyyata alınmışdır. Cavabdehin mərhum anası həmin ildə mübahisəli mənzili ona bağışlamışdır. İşin mübahisəsiz halıdır ki, tərəflər nikaha daxil olandan sonra nikahadək, yəni 1998ci ildən cavabdehə məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 10 ünvanında yerləşən 25 saylı mənzildə yaşayıblar. 2011-ci ildə cavabdeh həmin mənzili üçüncü şəxsə özgəninkiləşdirmişdir. Daha sonra tərəflər ilk əvvəl cavabdehin mərhum anasının adına rəsmiləşdirilmiş, daha sonra isə bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmiş mübahisəli mənzilə köçmüşlər. Belə ki, məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 10 ünvanında yerləşən 25 saylı mənzil nikahadək cavabdehə məxsus olmuşdur, mübahisəli ünvan 3 ünvanında yerləşən 74 saylı mənzil isə cavabdehə nikah dövründə anası tərəfindən bağışlanılmışdır. Sonuncu mənzilin tərəflərin nikahı dövründə onların birgə vəsaiti və ya iddiaçının şəxsi vəsaiti hesabına əsaslı təmir olunması iş materialları ilə təsdiqini tapmadığından iddia tələbləri təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, bağışlanmış mübahisəli mənzilin şəxsən cavabdehə deyil, ailəyə bağışlanması da iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, mübahisəli mənzil nikah dövründə hədiyyə şəklində cavabdehə verilməklə ona məxsus şəxsi əmlak olduğundan və həmin əmlakın ümumi birgə əmlak hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbləri təmin edilmədiyindən dövlər rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə ½ hissədə pay hüququnun tanınması” barədə iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1487/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1487/2024
07.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver